MÜSAHİBƏLƏR
Azərbaycan dövləti həmişə vətəndaşlarının yanındadır
- Hikmət müəllim, Azərbaycanda dərin iqtisadi və institusional islahatların davamı kimi hüquqi islahatlar həyata keçirilir. Bu baxımdan, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi istiqamətində müvafiq tədbirlərin reallaşdırılması və “Mediasiya haqqında”qanunun tətbiqi mühüm əhəmiyyətə malikdir. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycanda son 15 il ərzində bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, ölkə iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Eyni zamanda, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılması üçün mühüm institusional islahatlar həyata keçirilib, mühüm nəticələr əldə olunub. Şübhəsiz ki, çoxşaxəli islahatların reallaşdırılması davamlı xarakter daşıyır. Dərin iqtisadi və institusional islahatların davamı kimi hüquqi islahatların aparılması da bu kontekstdə mühüm əhəmiyyətə malikdir. Bu baxımdan, Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanını xüsusi vurğulamaq lazımdır. Fərmanda ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, Konstitusiya və qanunlarda təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsi mühüm şərt kimi öz əksini tapıb. “Mediasiya haqqında”qanunun tətbiqi də hüquq sistemində mühüm əhəmiyyətli islahat kimi qiymətləndirilməlidir. Çünki bu vaxta qədər Azərbaycanda tətbiq edilməyən və mübahisələrin alternativ üsulla həllinə şərait yaradan yeni bir institut yaradılıb. Prezident İlham Əliyevin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı fərmanı məhkəmələrdə şəffaflığın daha da artırılmasına gətirib çıxaracaq. Ümumiyyətlə, Konstitusiyanın 94-cü maddəsinin I hissəsi, 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili nəzərdə tutuldu ki, hazırda “Mediasiya haqqında” qanunun tətbiq edilməsi ilə məhkəmə sistemində yeni mərhələ başlayacaq. Mediasiya Şurası əsas etibarilə iqtisadi, mülki və ailə mənşəli mübahisələri həll edəcək. Bu institutun məhkəmələrdən əsas fərqi isə mübahisələri iddiaçı tərəflərin qarşılıqlı razılığı əsasında məhkəməyə çatmadan həll etməsi olacaq. Bunun üçün mediatorlar fəaliyyət göstərəcək. Beləliklə, bu addım həm şəffaflığın təmin olunmasına, həm də ictimai etimad mühitinin dərinləşməsinə səbəb olacaq. Mediasiya İnstitutu yeni ifadə forması olsa da, bu şuranın funksiyası, əslində, hər birimizə tanışdır. Çünki nüfuzlu vasitəçilərin köməkliyi ilə mübahisələrin həlli mentalitetimizə uyğundur.
- Martın 29-da Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Vyanada keçirilən görüşün Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi kontekstində əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Vyanada keçirilən görüş bir sıra mühüm aspektləri ilə diqqətçəkən oldu. Hər şeydən əvvəl, işğalçı Ermənistanın “format” siyasi manipulyasiyasına son qoyuldu, təqribən birillik fasilədən sonra məsələnin mahiyyəti üzrə danışıqların aparılmasına start verildi. Hər iki tərəf danışıqları konstruktiv adlandırdı və danışıqların davam etdirilməsi ilə bağlı xarici siyasət idarələrinə tapşırıq verildi. Bu, faktiki olaraq ənənəvi “3+2” formatında danışıqların bərpası kimi də qiymətləndirilə bilər. Önə çıxan məsələlərdən biri də həmsədrlər tərəfindən verilən bəyanatda sülh prosesinin irəli aparılması istiqamətində mühitin yaradılması, münaqişənin həlli üçün konkret və nəticəyönümlü addımların atılmasının vacibliyinin vurğulanması oldu. Görüşdən dərhal sonra BMT Baş katibinin xüsusi bəyanatla çıxış edərək problemin həll edilməsi ilə bağlı aparılan danışıqları dəstəklədiyini bildirməsi də, əslində, sülh danışıqlarına BMT səviyyəsində dəstək kimi qiymətləndirilə bilər.
Vyana görüşündən sonra Prezident İlham Əliyev bir daha Azərbaycanın danışıqlar masasındakı mövqeyini açıq şəkildə bəyan edərək bildirdi ki, bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur. Bu, o deməkdir ki, Azərbaycan heç bir halda öz qəti və haqlı mövqeyindən geri çəkilməyəcək. İşğalçı Ermənistan bunu bilməlidir və əgər danışıqlara gəlirsə, bunun fərqində olaraq gəlməlidir.
Faktiki vəziyyət ondan ibarətdir ki, Paşinyan Azərbaycanın mövqeyini bilir və artıq daxili auditoriya üçün çıxış edəndə deyə bilməyəcək ki, danışıqların gündəmi yoxdur. Başqa bir yenilik isə ondan ibarətdir ki, danışıqlar prosesinin, həm də humanitar aksiyalarla dəstəklənməsi ilə bağlı tərəflər arasında fikir mübadiləsi aparılıb və bu da həmsədrlərin tez–tez bəyan etdikləri kimi, etimad mühitinin əldə olunmasına yardım məqsədi daşıyır. Nəticə etibarilə, Azərbaycan işğalçı Ermənistanı danışıqlar masasına qaytara bildi, öz mövqeyindən geri çəkilmədi, beynəlxalq dəstəyini daha da artırdı və problemin sülh yolu ilə həll olunması üçün Ermənistana növbəti şans verdi. Bu şansdan Yerevanın necə istifadə edəcəyini isə onun bundan sonra atacağı addımlarda görəcəyik.
- Yeri gəlmişkən, üçüncü ildönümünü qeyd etdiyimiz aprel döyüşləri müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biri olmaqla yanaşı, Ermənistanın yaratdığı mifi tamamilə darmadağın etdi…
- Aprel döyüşləri təkcə son Qarabağ savaşının deyil, bütövlükdə Ermənistanın Azərbaycan torpaqlarının işğalına başladığı dövrdən, yəni 1918-ci ildən bu günədək ciddi tarixi dönüş nöqtəsidir. Bu hadisə, əslində, Azərbaycanın növbəti qələbələrinin başlanğıcıdır. Çünki Azərbaycan Ordusu nəzərdə tutduğumuz son 100 illik tarixdə yalnız 1993-cü ilin dekabrında Horadiz əməliyyatı zamanı nailiyyətlər əldə edib. Ondan sonrakı mərhələdə bu miqyasda qalibiyyətlə nəticələnən döyüşlər olmayıb.
Hazırkı mürəkkəb hərbi-siyasi vəziyyətdə Azərbaycan Ordusunun bu cür qələbələr əldə etməsi, heç şübhəsiz, bundan sonrakı mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həllində yeni şərtlər formalaşdırdı, yeni şərait yaratdı. Eyni zamanda, bu prosesdə hərbi-psixoloji üstünlük Azərbaycan tərəfinə keçmiş oldu. Ötən üç il ərzində hər bir Azərbaycan vətəndaşı bu hadisənin Ermənistan cəmiyyətində nə qədər pessimist əhval-ruhiyyə, nə qədər mənəvi, hərbi, psixoloji məğlubiyyət yaratdığının şahidi oldu. Ermənistanda 2018-ci ildən başlayaraq bu günə qədər davam edən daxili “zəlzələ” də məhz Aprel döyüşlərinin yaratdığı yeni reallığın nəticəsidir. Göründüyü kimi, bu, təkcə hərbi məsələ deyil, eyni zamanda, ciddi mənəvi-psixoloji və siyasi məsələdir. Ancaq məsələ təkcə bununla da məhdudlaşmır. Biz bilirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həm də beynəlxalq tərəfləri var. Bilirik ki, bu münaqişədə iştirak edən təkcə işğalçı Ermənistan deyil, Azərbaycan torpaqlarını işğal edən Ermənistanın tərəfində olan, onu gizli və ya açıq şəkildə himayə edən imperialist güc mərkəzləridir. Aprel döyüşlərindən sonra onlar da lazımi mesajlar aldılar və bir daha başa düşdülər ki, status-kvonun saxlanılması cəhdləri bu problemin həllində heç də yaxşı perspektivlər vəd etmir. Bəzi imperialist mərkəzlər onu da anladılar ki, belə davam edərsə, bir gün Azərbaycan artıq nə BMT-nin mandatı ilə fəaliyyət göstərən ATƏT-in Minsk qrupuna, nə də onun həmsədrlərinə ehtiyacı olmadan özü bu problemi həll edə bilər. Bütün bunlar 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun əldə etdiyi qələbədən sonra mümkün olub.
Başqa mühüm bir məsələ də var ki, Aprel döyüşləri mühüm bir taktiki qələbə kimi özündən cəmi iki il sonra yeni bir qələbənin - Günnüt qələbəsinin əsasını qoydu. Azərbaycan Ordusu Naxçıvan ərazisində 90-cı illərin əvvəllərində işğalçı Ermənistan tərəfindən nəzarətə götürülən torpaqlarımızı qaytarmaqla strateji yüksəkliklərdə möhkəmləndi və Yerevan-Qafan strateji yolunu nəzarətə götürdü. Artıq ermənilər bilir ki, bənzər hadisə yenə təkrarlana bilər və Azərbaycanın torpaqları işğaldan tam azad edilənə qədər bu, davam də bilər. Aprel döyüşlərinin yaratdığı başqa bir reallıq isə azad edilmiş torpaqlarımıza “Böyük qayıdış”ın başlanmasının əsasının qoyulması oldu. Bu hadisə problemin həllində yeni mərhələ yaratmaqla status-kvonun legitimləşdirilməsi cəhdlərinin mümkün olmadığını hər kəsə göstərdi.
- Hikmət müəllim, aprelin 5-də Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verildi. Bu, heç şübhəsiz, Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı həyata keçirdiyi kompleks tədbirlər sırasında mühüm yer tutur. Bununla bağlı nə söyləmək olar?
- Dövlət başçısı ilə vətəndaşlar arasında inam, etimad və etibar olduqda cəmiyyət, eyni zamanda, dövlət də inkişaf edir. Biz bunu Azərbaycanın nümunəsində bariz şəkildə müşahidə edirik. Bunun başlıca səbəbi, heç şübhəsiz ki, Prezident tərəfindən həyata keçirilən siyasət və onun xalq tərəfindən dəstəklənməsidir. Hakimiyyət-xalq vəhdəti buradan ortaya çıxır. Bunu zəruri edən şərtlər çoxdur və həmin şərtlər Azərbaycanda təmin olunub. Bunun hüquqi, sosial, iqtisadi əsasları var. Ancaq bu planda önə çıxan, ilk növbədə, Azərbaycan vətəndaşının rifahıdır, onun həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır ki, bu siyasət daim Azərbaycan Prezidenti tərəfindən həyata keçirilib və bu gün də davam etdirilir.
Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin aprelin 5-də istifadəyə verilməsi dövlətin qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğısının daha bir nümunəsidir. Təkcə 2018-ci ildə 5903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Ümumilikdə, bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. Açılan yeni iş yerləri nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.
Bütövlükdə, reallaşdırılan kompleks xarakterli tədbirlər göstərir ki, Azərbaycan dövləti həmişə vətəndaşlarının yanındadır. Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi və rifahı dayanır. Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara, o cümlədən qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilməsi də bu baxımdan xüsusi əhəmiyyətə malikdir.