MÜSAHİBƏLƏR
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimizin mövqeyi qəti və birmənalıdır
-Sevinc xanım, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcüd durumu necə dəyərləndirirsiniz?
-Bilirsiniz ki, Azərbaycanın xarici siyasətinin prioritetini Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasəti nəticəsində diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib. Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək bu problemin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin qarşıya qoyduğu ən prioritet məsələdir. Ermənistanın hərbi təcavüzü səbəbindən meydana çıxan bu münaqişə nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayon işğal edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi Ermənistan və bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb.
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycan yeni hakimiyyətdən düzgün qərarlar gözləyir. Ötən bir il ərzində yeni hakimiyyət münaqişənin həlli ilə bağlı ziddiyyətli bəyanatlar verib, danişiqların formatının dəyişdirilməsi haqda fikirlər səsləndirib. Azərbaycan tərəfi isə prinsipial mövqeyini Nikol Paşinyan hakimiyyətinin diqqətini çatdırıb. Martın 29-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüşün keçirilməsi bir daha təsdiq edir ki, danışıqların formatı dəyişməz qalır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar yalnız Azərbaycan Respublikası və Ermənistan arasında aparılır. Ermənistan rəhbərliyi bundan öncə danışıqların formatının dəyişdirilməsinə dair məntiqsiz və absurd fikirlər səsləndirərək manipulyasiyaya yol verdi. Amma Azərbaycan buna imkan vermədi, işğalçı ölkə rəhbərliyinin danışıqları pozmaq və məsuliyyətdən yayınmaq cəhdləri baş tutmadı.
Vyanada Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında iki saatdan artıq təkbətək görüş keçirildi, daha sonra görüşə həmsədrlər və ölkələrin xarici işlər nazirləri də qatıldılar, nəticədə üç saatdan artıq müddətdə danışıqlar aparıldı. Bu görüşün keçirilməsi və danışıqların formatının dəyişməz qalması Azərbaycanın növbəti diplomatik uğurudur. Azərbaycanın mövqeyi qəti və birmənalıdır: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, Ermənistan qoşunları ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.
-Aprel döyüşlərindən 3 il ötür. Bu hadisə Azərbaycan Ordusunun gücünü göstərdi. Sizcə, erməni tərəfi hansı nəticələr çıxarmalıdır?
-Ermənistan tərəfi 2016-cı ilin 1-5 aprel tarixində cəbhə xəttində növbəti təxribat törədərək vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışıb. Lakin Azərbaycan Ordusunun düşmənin təxribatlarının qarşısını alması, nəticədə Ermənistan silahlı qüvvələrinin 200-ə yaxın hərbçi, çoxsaylı texnika itirməsi, həmçinin 2000 hektara yaxın ərazinin, o cümlədən Lələtəpə və Talış yüksəkliklərinin geri qaytarılması, silahlı qüvvələrimizin on minlərlə hektar əraziyə nəzarət etmək imkanı qazanması Ermənistanın niyyətlərini puç edib. Aprel döyüşləri həm də onu göstərdi ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil və düşmənə layiqli cavab vermək əzmi və iqtidarındadır.
Bütövlükdə, aprel döyüşləri zamanı Azərbaycan Ordusu Ermənistanın təxribatçı hərəkətlərinin qarşısını layiqincə almaqla yanaşı, həm də qarşıya qoyulan hədəflərə nail oldu. Digər tərəfdən, aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, hər an torpaqları azad etmək iqtidarında olduğunu, habelə Azərbaycan əsgərinin vətənpərvər və qəhrəman olduğunu nümayiş etdirdi. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan Ordusunun şanlı aprel qələbəsi həm də beynəlxalq ictimaiyyət tərəfindən münaqişənin həlli məsələsinə adekvat yanaşmanın ortaya qoyulmasını şərtləndirib. Xüsusi olaraq qeyd etmək lazımdır ki, aprel döyüşlərindən sonra ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər. Bu isə onu deməyə əsas verir ki, dünya ictimaiyyəti Ermənistanın qeyri-konstruktiv mövqeyini kəskin qınayır.
Bundan başqa, ATƏT-in Minsk qrupu da mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətindədir və bu fikir açıq şəkildə ifadə olunub. Ümumiyyətlə, 2016-ci ilin aprelindən sonra beynəlxalq ictimaiyyət bir daha anladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ciddi təhdidlər yaradan destruktiv problemdir. Başqa sözlə, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Ona görə də bu problemin həlli beynəlxalq təhlükəsizliyin diktə etdiyi zəruri amildir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda bütövlükdə sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. Aprel döyüşlərindən sonra yaranmış vəziyyətin fonunda hazırkı şərait belədir ki, artıq Azərbaycan məğlub, Ermənistan isə qalib tərəf kimi qəbul olunmur, ATƏT-in Minsk qrupu isə münaqişənin həll edilməsinin zərurət olduğunu diqqətə çatdırır. Yaranmış yeni hərbi-siyasi şərait Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini zəruri edir.
-Bu yaxınlarda Ermənistanın müdafiə naziri David Tonoyan münaqişə ilə bağlı təxribat xarakterli bəyanat verdi. Buna münasibətiniz necədir?
-Əlbəttə ki, David Tonoyanın fikirləri qəbuledilməzdir və beynəlxalq birlik Ermənistanın müdafiə nazirinin bu mövqeyinə münasibət bildirməlidir. D.Tonoyan açıq şəkildə öz dövlətinin işğalçı olduğunu etiraf etmiş olur. Erməni nazirin "sülh üçün ərazi" formulunun "yeni müharibə - yeni ərazilər" formuluna çevrilə biləcəyi fikrini başqa cür qiymətləndirmək mümkün deyil.
Bilirisiniz ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı mövqeyini ifadə edib. Ermənistan anlamalıdır ki, hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır və beynəlxalq hüququn ona verdiyi özünümüdafiə haqqı ilə Azərbaycan işğal edilmiş torpaqlarını qısa müddətdə azad etmək iqtidarındadır.
Azərbaycan Ermənistan kimi digər dövlətlərin ərazilərinə iddialarla çıxış etmir və ərazilər zəbt etmək fikrində deyil. Azərbaycanın tələbi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, onun beynəlxalq tanınmış ərazilərindən işğalçı Ermənistan qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxmasıdır. Bütün bu illər ərzində beynəlxalq ictimaiyyətin dəstəyi ilə aparılan səylərimiz məhz bu məqsədə yönəlib. Əks təqdirdə, Azərbaycan beynəlxalq hüququn müvafiq norma və prinsipləri, o cümlədən BMT Nizamnaməsini rəhbər tutaraq öz torpaqlarını bütün digər vasitələrlə erməni işğalından azad etməyə hazırdır. Bundan ən yaxşı xəbərdar olan elə məhz Ermənistandır.
Əgər erməni tərəfi yenə torpaqlarımızı işğal etməyə cəhd edərsə, layiqli cavabını alacaq. 2016-cı ilin aprel döyüşləri bu reallığı təsdiqləyir. Məlumdur ki, aprel döyüşləri zamanı ordumuz düşmənin müdafiə xəttini cəmi 18 dəqiqəyə yardılar. Bu isə ordumuzun gücünün əyani sübutu, Ermənistanın isə öz ordusu haqda yaratdığı mifin iflası oldu. Ona görə də, erməni ordusu Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməz.
Digər tərəfdən, Ermənistanın hakimiyyət nümayəndələrinin münaqişənin həlli ilə bağlı fərqli, ziddiyyətli fikirlər səsləndirməsi işğalçı ölkənin yeni iqtidarının qeyri peşakarlığını göstərir. Eyni zamanda, bu fakt hakimiyyət daxilində siyasi qarşıdurmanın da göstəricisi ola bilər.