MÜSAHİBƏLƏR
Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır
-Musa müəllim, məlum olduğu kimi ölkəmizdə davamlı olaraq islahatlar həyata keçirilir. Bu islahatların əhəmiyyəti nədən ibarətdir?
-Məlumdur ki, Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ölkədə genişməzmunlu islahatların həyata keçirilməsi ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev son 15 ildə ölkəmizdə islahatlar kursunu daha da dərinləşdirib. 2003-cü ildən bəri Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkənin inkişafının ardıcıllığını təmin etmək, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyini gücləndirmək məqsədilə yeni nəsil iqtisadi islahatlar həyata keçirilir. Aparılan islahatlar indiki şəraitdə Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açan fundamental faktorlar qismində çıxış edir.
Bilirsiniz ki, hazırda Azərbaycan dünyada dinamik inkişaf edən və yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyata malikdir. Son 15 ildə həyata keçirilən müxtəlif təşviq tədbirləri, islahatlar və maliyyə təminatının gücləndirilməsi sayəsində milli iqtisadiyyatımız 3,3 dəfədən çox artıb ki, bu da dünya üzrə rekord göstəricidir. Əlamətdar haldır ki, son illərdə milli iqtisadiyyatımızda neftdənkənar sektorun xüsusi çəkisi getdikcə artır. Hazırda ölkəmizdə ÜDM istehsalında qeyri-neft sektorunun xüsusi çəkisi 70 faizi ötüb.
Respublikamızda reallaşdırılan islahatların mühüm bir bloku institusional sferanı əhatə edir. 2019-cu ilin əvvəlindən ölkəmizdə struktur islahatları Prezident İlham Əliyevin siyasi iradəsi əsasında daha aktiv fazaya daxil olub. Dövlət başçısı tərəfindən 14 yanvar 2019-cu il tarixində və ondan sonrakı günlərdə struktur islahatları istiqamətində mühüm qərarlar qəbul edilib. Reallaşdırılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Bu islahatlar artıq müsbət nəticələrini göstərməkdədir.
-Son vaxtlar sosial sahədə də mühüm addımlar atılmaqdadır. Bu fakt Azərbaycanı sosial dövlət kimi necə səciyyələndirir?
- Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər keçirilir. Bilirsiniz ki, 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil olub. 2019-cu ilin ilk iki ayında sosial sahədə atılan addımlar heç də təsadüfi, hər hansı impulsiv qərar deyil. Bu addımlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Son imzalanan sərəncamlar da bir və ya iki ayın işi deyil, onların üzərində aylardır ki, iş gedib.
Sərəncamlar imzalanmamışdan öncə onların maliyyə tutumluluğu, əhatə edəcək əhalinin sayı, inflasiyaya dayanıqlığı hesablanıb. Bütün bunlar sadə məsələlər deyil, uzun illər görülən, hesablanan işləri məntiqi nəticəsidir. Prezident İlham Əliyev də bəyan edib ki, 2019-cu il əhalinin sosial müdafiəsi sahəsində xüsusi bir il olacaq. Yəni 2017-ci il iqtisadiyyatımızın sabitləşməsi, 2018-ci il iqtisadi inkişaf, 2019-cu il isə sosial inkişaf və rifah ili kimi xalqımızın tarixinə düşəcək.
Azərbaycan Prezidentinin əhalinin sosial müdafiəsi istiqamətində atdığı addımlar, xalqın lideri kimi xalqın qayğısına qalmasının əyani nümunəsi və ifadəsidir. Son zamanlar həm sosial müavinətlərin, pensiyaların, təqaüdlərin, minimum əmək haqlarının və digər əhalinin rifahına təsir edən qərarların verilməsi də bu baxımdan böyük önəm kəsb edir. Bütün bunlar konkret olaraq dövlətin inkişafı, əhaliyə yönəlik siyasətin nümunəsidir.
Ölkə başçısı tərəfindən imzalanan sərəncamlar təxminən 3 milyona yaxın insanı əhatə edir. Bununla da, dövlət büdcəsinin üçdə birindən çoxu sosial xərclərə yönəlmiş olur ki, bu da büdcəmizin sosial yönümlü olduğunun əlamətidir. Ölkə başçısının da söylədiyi kimi bu sərəncamlar davamlı olacaq. Minimum, orta aylıq əmək haqları, pensiyalar artacaq, yeni iş yerləri açılacaq, bütün bunlar əhalinin sosial rifah halının güclənməsinə, ölkəmizi sosial rifah dövlətinə gətirib çıxaracaq. Bu bir daha göstərir ki, Azərbaycan dövlətinin mahiyyəti sosial müdafiə, sosial rifah və vətəndaşa yönəlik siyasət istiqamətində qurulub. Beləliklə, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır.