YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir

Müsahibimiz Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov

-Eldar müəllim, məlum olduğu kimi ölkəmiz sosial-iqtisadi baxımdan dinamik inkişaf edir. Bu inkişaf aqrar sektorda necə əksini tapır?

- Son 15 ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət və islahatlar dövrün çağırışlarına uyğun inkişaf modelinin tətbiqinə, biznes və investisiya mühitinin yaxşılaşdırılmasına, iqtisadiyyatın modernləşdirilməsi və şaxələndirilməsinə, makroiqtisadi sabitliyin və maliyyə dayanaqlığının təmin edilməsinə möhkəm zəmin yaradıb. Bu siyasət sayəsində ölkəmizin əldə etdiyi inkişaf dinamikası dünyada çox nadir hallarda baş verir. Təkcə onu demək kifayətdir ki, 2004-2018-ci illərdə ÜDM real olaraq 3,3 dəfə, sənaye məhsulu 2,6 dəfə, kənd təsərrüfatı məhsulu 1,7 dəfə, əsas kapitala yönəlmiş vəsaitlər 3 dəfə, orta aylıq real əmək haqqı 2,4 dəfə, real pensiyalar 3,2 dəfə artıb, işsizlik 1,6 dəfə azalıb, yoxsulluq səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2018-ci ilin sonunda 5,1 faiz səviyyəsinə düşüb.

Məlumdur ki, hər bir ölkənin iqtisadi, sosial və siyasi həyatında kənd təsərrüfatı çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, kənd təsərrüfatının inkişafı ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas bazadır. Hansı ölkə öz əhalisini yerli kənd təsərrüfatı məhsulları ilə təmin edə bilmirsə, o, həmin məhsulları maliyyə ehtiyatları imkan verdiyi səviyyədə xarici ölkələrdən idxal etməklə bu məsələni həll etmək məcburiyyətində qalır. Bu da öz növbəsində həmin ölkəni məhsullarını idxal etdiyi ölkələrin iradəsinə tabe etməklə, həm iqtisadi və həm də siyasi cəhətdən onlardan asılı vəziyyətə salır. Belə ölkələr heç vaxt müstəqil siyasət yeridə bilmirlər. Digər tərəfdən kənd təsərrüfatının inkişafı ölkədə kənd təsərrüfatı ilə yanaşı həm də yeyinti, emal, yüngül, maşınqayırma və kimya sənayesinin, habelə ticarət, nəqliyyat və anbar təsərrüfatının və digər sahələrin inkişafını təmin edir.

Qeyd etmək lazımdır ki, kənd təsərrüfatının ölkənin sosial-iqtisadi və siyasi həyatındakı əhəmiyyəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən hakimiyyətinin ilk dövründən başlayaraq düzgün qiymətləndirilmiş və dövlət başçısı aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan etmişdir. Prezident İlham Əliyev Nazirlər Kabinetində keçirdiyi bütün iclaslarda, digər görüş və müsahibələrində dəfələrlə vurğulamışdır ki, ölkənin aqrar siyasətinin əsas məqsədi Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin tamamilə yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara Azərbaycan brendi ilə ixracının təmin edilməsidir. Qarşıya qoyulan bu vəzifənin uğurla həyata keçirilməsi üçün keçən 15 il ərzində ölkəmizdə çox böyük əhəmiyyəti olan geniş miqyaslı tədbirlər görülmüşdür. Bu düşünülmüş siyasətin nəticəsidir ki, 2018-ci ildə ilk dəfə olaraq respublikamızda dəyəri 7010 milyon manat olan kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. Keçən il əldə edilmiş ümumi daxili məhsulun(79797 milyon manat) 5,3 faizi və ya 4190 milyon manatı kənd təsərrüfatının payına düşmüşdür. Əldə edilən bu rekord göstəricilər heç də asan başa gəlməmiş, ölkəmizdə elmi əsaslara əsaslanan aqrar siyaəsətin formalaşması və uğurla həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi həmin dövr ərzində 37 faiz artaraq 1 milyon 666 min hektara çatmışdır. Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir.

- Ötən həftə Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildəki fəlaiyyəti haqqında hesabat təqdim olundu. Bu hesabata münasibətiniz necədir?

-Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun geniş və əhatəli məruzəsi, təqdim edilmiş materialların təhlili onu deməyə əsas verir ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi və sosial siyasət nəticəsində ölkəmiz əvvəlki illərdə olduğu kimi keçən ildə də öz dinamik inkişafını davam etdirmişdir. Ona görə də biz böyük əminliklə 2018-ci ili hesabatda qeyd edildiyi kimi makroiqtisadi dayanıqlıq, maliyyə sabitliyi, geniş islahatlar, iqtisadi yüksəliş, qeyri-neft sənayesinin yüksək artımı, sosial siyasətin və sosial təminatın möhkəmlənməsi, əhalinin gəlirlərinin artımı ili kimi qiymətləniririk. Heç də təsadüfi deyildir ki, bir çox beynəlxalq təşkilatların iqtisadi və sosial inkişafın çoxsaylı göstəricilərinə əsasən apardıqları hesablamalara görə Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilmiş və dünya ölkələri arasında öncül yer tutmaqla əvvəlki mövqeyini xeyli yaxşılaşdırmışdır. Bütün bunlar isə əlbəttə ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının təklifi ilə formalaşmış yeni hökumətin əzmkar fəaliyyəti nəticəsində əldə edilmişdir.

Aqrar sahəyə gəlincə, ötən il Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı stimullaşdırıcı tədbirlər davam etdirilmiş və bu məqsədlə dövlət büdcəsindən 297 milyon manat vəsait ayrılmışdır ki, bu da 2017-ci ilə nisbətən 107 milyon manat və ya 56 faiz çoxdur. Bu da şübhəsiz ki, bütövlükdə hökumətin və o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi şəffaflıq və fermerlərlə sıx əlaqə yaratmaq istiqamətində fəaliyyəti nəticəsində əldə edilmişdir. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə arıçılığın inkişafını stimullaşdırmaq üçün keçən il hər arı ailəsinə  görə fermerlərə 10 manat məbləğində subsudiya müəyyən edilmiş, habelə gübrələrin və biohumusun satış qiymətinə tətbiq edilən güzəştlərin ümumi məbləğinin yuxarı həddi 50 faiz, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəşt məbləğinin yuxarı həddi isə 5 dəfə artırılmışdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkəmizdə kənd təsərrüfatının innovativ inkişafını təmin etmək, rəqabət qabiliyyətli məhsul istehsal edib Azərbaycan brendi ilə xarici bazarlara çıxarmaq istiqamətində əsaslı işlər görmüşdür. Belə ki, keçən il 31 rayonun ərazisində 193 min hektar torpaq sahəsində dəyəri 1,4 milyard manat olan 46 aqroparkın yaradılması üzrə işlər davam etdirilmiş və onlardan 17-si artıq fəaliyyətə başlamışdır. Bu aqroparkları və iri təsərrüfatları torpaq sahəsi ilə təmin etmək üçün Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə 189 min otlaq sahəsi əkin dövriyyəsinə cəlb edilmiş, bu ərazilər mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkəsi ilə təmin edilmişdir. İri təsərrüfatların yaradılması son vaxtlar həm də “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanuna və bu məsələ ilə bağlı qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq Sabirabad və digər rayonlarda fermerlərin kənd təsərrüfatı kooperativlərində könüllü birləşməsi yolu ilə də təşkil edilir. Həyata keçirilən bu və digər tədbirlər isə öz növbəsində kənd təsərrüfatının ümumi istehsalının və ixrac olunan kənd təsərrüfatı məhsullarının həcminin artımına müsbət təsir etmişdir.

-Görülən bu işlər nəticəsində kənd təsərrüfatı istehsalında artım hansı səviyyədədir?

- 2018-ci ildə 2017-ci ilə nisbətən 4,6 faiz çox, yəni ölkəmizdə ilk dəfə olaraq 7 milyard manatdan artıq dəyəri olan kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Kənd təsərrüfatı məhsullarının ixracında da uğurlu nəticələr əldə edilmişdir. 2017-ci illə müqayisədə kənd təsərrüfatı məhsullarının ixracı 23,9 faiz artaraq 590 milyon dollar təşkil etmişdir. Ümumiyyətlə isə kənd təsərrüfatı məhsulları ixracının 95 faizi meyvə-tərəvəz məhsullarının payına düşmüşdür. Keçən il pambıqçılığın inkişafı ilə bağlı hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində pambıq istehsalı kəskin surətdə artmaqla yanaşı ilk dəfə olaraq 104 milyon dollar dəyərində pambıq lifi və ipliyi ixrac olunmuşdur ki, bu da 2017-ci ilə nisbətən 2,2 dəfə çoxdur.

Ərzaq təhlükəsizliyinin əsas bazasını təşkil edən kənd təsərrüfatının müasir çağrışlara uyğun təşkili və idarə olunması məhsul istehsalını artırmaqla yanaşı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına da öz müsbət təsirini göstərmiş və əsas ərzaq məhsulları ilə (buğda istisna olmaqla) yerli istehsal hesabına özünütəminat səviyyəsi 83 faizdən çox olmuşdur. Bütün bunlar isə onu göstərir ki, Nazirlər Kabineti 2018-ci ildə səmərəli fəaliyyət göstərmiş və qarşıda duran vəzifələrin öhdəsində uğurla gəlmişdir.

Bununla yanaşı bəzi məsələləri də qeyd etməyi  özümə borc bilirəm. Bildiyiniz kimi, toxumçuluğu və damazlıq heyvandarlığı yüksək səviyyədə olmayan ölkələrdə kənd təsərrüfatının inkişafı həmişə başqa ölkələrdən asılı vəziyyətdə olur. Ona görə də son illər ölkəmizdə Toxum Fondunun yaradılması, yüksək reproduksiyalı toxum və ting satışının stimullaşdırılması, xarici ölkələrdən yüksək məhsuldar damazlıq heyvanların idxalı və digər tədbirlərin həyata keçirilməsi öz təsirini göstərir. Bununla yanaşı apardığımız təxmini hesablamalar göstərir ki, bu ilin məhsulu üçün 668 min hektar buğda səpini sahəsinin 193 min hektarı və ya 28 faizi heç bir reproduksiyaya aid olmayan adi buğda dəni ilə aparılmışdır. İnkişaf etmiş ölkələrin təcrübəsi isə göstərir ki, buğda səpininin ümumi sahəsinin 12-15 faizini elit toxumlarla apardıqda məhsuldarlıq 50-60 faiz artır. Lakin Super elit və Elit toxumların qiyməti baha olduğundan başqa ölkələrdə olduğu kimi bizim fermerlər də bu toxumları almağa çox da meyilli olmurlar. Bu səbəbdən də çox böyük zəhmət hesabına istehsal olunmuş bu toxumlar alınmır və anbarlarda qalıb xarab olur. Bununla əlaqədar təklif edirik ki, Super elit və Elit toxumların satış qiymətinin müəyyən hissəsi dövlət vəsaiti hesabına ödənilsin. Belə olan halda həmin toxumların istehsalı artar, anbarlarda qalmaz və həm də onların əkin sahəsi genişlənər. Bu təcrübədən Rusiya, Qazaxstan və digər ölkələrdə istifadə olunur.

Qeyd etmək lazımdır ki, 2009-cu ildən indiyə kimi ölkəmizə xarici ölkələrdən 31,6 min baş iribuynuzlu damazlıq heyvanlar gətirilməsinə, bir neçə dövlət damazlıq müəssisələrində damazlıq heyvanlar saxlanmasına baxmayaraq 2019-cu il yanvarın 1-i vəziyyətinə respublikamızda cəmi 18726 baş damazlıq iribuynuzlu malın olduğu göstərilir. Bu da hazırda mövcud olan iribuynuzlu malın (2,6 miyon baş) 0,7 faizi deməkdir. Əslində isə damazlıq malın xüsusi çəkisi azı 10-12 faiz olmalıdır ki, yüksək məhsuldarlıqdan danışmaq olsun. Ona görə də damazlıq heyvanların uçotu dəqiqləşdirilməli, bu sahədə elmi-tədqiqatlar və seleksiya işləri gücləndirilməlidir.