YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan erməni yalanlarının ifşası istiqamətində sistemli iş aparır

Müsahibimiz YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov

-Siyavuş müəllim, bir müddət öncə Azərbaycan Xocalı soyqırımının ildönümünü ölkə daxilində və dünyada geniş şəkildə qeyd etdi. Sizcə 31 Mart soyqırımının da bu miqyasda beynəlxalq aləmdə qeyd edilməsi erməni vəhşiliyinin ifşa edilməsi baxımından faydalı olardımı?

-Təbii ki, 31 Mart soyqırımının da geniş şəkildə qeyd edilməsinə ehtiyac var. Azərbaycan tarixinə nəzər salsaq görərik ki, demək olar ki, hər ay ermənilər tərəfindən xalqımıza qarşı bu cür qətliamlar, qırğınlar törədilib. Yanvar ayında 20 Yanvar olaylarının ildönümü qeyd edirik. Fevralda Xocalı soyqırımı, martda isə Mart soyqırımının ildönümü yad edilir. Mart soyqırımı zamanı on minlərlə insan qətlə yetirildi. Onların içərisində azərbaycanlılarla yanaşı, digər millətlərin, eləcə də yəhudilərin də nümayəndəsi var idi. 

Mart soyqırımının izlərinə respublikamızın demək olar ki, hər bir guşəsində rast gəlmək mümkündür. Mart soyqırımı zamanı Bakıda, Qubada, Şamaxıda, Naxçıvanda, Lənkəranda insanların kütləvi şəkildə məhvi həyata keçirilib. Qarabağda, dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycanda yaşayan insanlarımıza qarşı da böyük vəhşiliklər törədiblər.

Mart soyqırımı Xocalı soyqırımına bərabər olan, bəlkə ondan da dəhşətli bir soyqırım olub. Mart soyqırımına nəzər salsaq görərk ki, bu soyqırım bütün ölkəni əhatə edib. Qadınlara, uşaqlara, qocalara münasibətdə dəhşətli vəhşilik və amansızlıq törədilib, onlar müxtəlif işgəncələrlə, qəddarlıqla qətlə yetirilib.

Bildiyinzi kimi, Ümummilli Lider Heydər Əliyev həm 20 Yanvar olayları, həm Xocalı soyqırımı, həm də Mart soyqırımı ilə bağlı fərmanlar verib, onların ildönümlərinin keçirilməsi ilə bağlı qərarlar qəbul edib. Təbii ki, biz bu soyqırımlarının, erməni vəhşiliyinin ifşası ilə məşğul olamlıyıq.

Xocalı soyqırımı daha yaxın tarixdir və bununla bağlı kifayət qədər arxiv materialları var. Xocalı hadisəsinin şahidləri var. Video və audio yazılar mövcuddur. Ona görə də Xocalı ilə bağlı faktlar daha çoxdur. Lakin biz Mart soyqıırmına da lazımi diqqət göstərməliyik. Mart soyqırımını dünyaya tanıtmaqla göstərməliyik ki, Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı ilk soyqırımı deyil. Bundan öncə də xalqımıza qarşı bu cür vəhşiliklər törədilib. Biz bu cinayətlərin ifşasına nail olmalıyıq. Çalışmalıyıq ki, bir də bəşəriyyət əleyhinə, insanlıq əleyhinə bu cür cinayətlər törədilməsin.

-Sizcə, erməni yalanlarına qarşı mübarizə çərçivəsində düşmənlə siyasi-ideoloji, eləcə də elmi müstəvidə mübarizə aparan bütün qurumların, o cümlədən də bu sahədə böyük işlər görən AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin fəaliyyətinin də gücləndirilməsinə, maddi-texniki bazasının genişləndirilməsinə ehtiyac varmı?

-Təbii ki, ehtiyac var. Bu, olduqca önəmli bir sahədir. Erməni yalanlarına qarşı mübarizə, onların cinayətlərinin ifşa etməsi olduqca vacibdir. Hesab edirəm ki, bu qurumların həm də paralel işləməsinə ehtiyac var. Düşünürəm ki, bu qurumlar Azərbaycanın hüquq-mühafizə orqanları, Respublika Prokurorluğu, DTX, DİN və s. ilə geniş əməkdaşlıq etməlidir.

-Son aylar ermənilər ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində  Azərbaycanda ermənilərin guya təzyiq və soyqırımına məruz qalması ilə bağlı böhtanlar səsləndirir. Bu böhtanların ifşası istiqamətində də Azərbaycan hansı addımlar atmaqdadır?

-Şübhəsiz ki, bu yöndə gərəkli addımlar atılmalıdır və atılır da. Bu gün Azərbaycan erməni yalanlarının ifşası istiqamətində sistemli iş aparır. Bunun nəticəsində artıq dünya erməni yalanlarına inanmır.    O vaxt Azərbaycanda bəlli miqdarda erməni ailəsi var idi. Hansı ki, onların bir qismi indi də ölkəmizdə yaşayır.

Əgər onlara qarşı burada həqiqətən də bir amansızlıq, bir təzyiq olsaydı,  o zaman onlar bu günə qədər Azərbaycanda yaşamazdılar. Azərbaycanlılar ermənilərə qarşı heç vaxt şiddət və amansızlıq sərgiləməyib. Əksinə, onları qoruyub. Sumqayıt hadisələri ilə bağlı aprılan hüquqi araşdırmalar sübut etdi ki, bu şəhərdə öldürülən ermənilərin hamısı “Krunq”  təşkilatına pul vermək istəməyən ermənilər olub və onların qətlini də məhz ermənilər özü həyata keçirib. Bu cinayətlərin başında ermənilərin özü dayanıb. Onlar bu olaylardan həm Qarabağ hadisələrini başlatmaq, həm də Qərbi Azərbaycandakı soydaşlarımızı didərgin salmaq üçün istifadə etdilər. 200 mindən artıq insan Qərbi Azərbaycandan didərgin salındı.

1989-1990-cı illərdə Bakını tərk edən ermənilərin bir çoxu özlərinə Şimali Qafqaz və digər respublikalarda mənzil axtarmağa gedəndə Bakıdakı evlərinin açarlarını ermənilərə deyil, azərbaycanlılara həvalə edərək gedirdi. Sumqayıt və Bakıda yaşayan ermənilərin əksəriyyəti öz evlərini dəyişdilər. Təsəvvür edin ki, Azərbaycanı tərk edən ermənilərin heç biri Ermənistana getmədi. Əgər onlara burada təzyiq olsaydı, onlar Ermənistana gedər, orada sığınacaq axtarardılar. Lakin onlar Şimali Qafqaza, Avropaya, Amerikaya köçdülər. Amma Ermənistana getmədilər.

- Siyavuş müəllim, qarşıdan aprel döyüşlərinin ildönümü gəlir. Sizcə aprel döyüşlərinin ölkəmiz üçün əhəmiyyəti nədən ibarət oldu?

-Aprel döyüşləri hər şeydən öncə psixoloji baxımdan mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Aprel döyüşlərinin yeganə önəmi bu döyüşlərin nəticəsi olaraq işğaldakı ərazilərin müəyyən hissəsinin azad edilməsi ilə yekunlaşmır. Təbii ki, bunun özü də mühüm əhəmiyyətə malik bir məsələdir. Azərbaycan aprel döyüşləri nəticəsində böyük bir ərazini azad etdi, bir çox kəndin təhlükəsizliyi təmin edildi, starateji yüksəkliklər ələ keçirildi. Lakin aprel döyüşləri həm də bir sıra psixoloji amillər baxımından önəmli oldu.

-Bunlar hansı amillərdir?

-Ermənilər Dağlıq Qarabağ problemininin həllini uzatmaqla düşünürdülər ki, Azərbaycanda yetişən gənc nəsil, ötən əsrin 90-cı illərində qaçqın və məcburi köçkün düşən ailələrdə yeni doğulan insanlar Qarabağ və işğal edilmiş torpaqları yaddan çıxaracaqlar. Onlarda döyüş ruhu aşağı olacaq. Onlar ümid edirdilər ki, problemi uzatmaqla məsələni de-yure həll edəcəklər. Lakin aprel döyüşləri ermənilərin bu düşüncəsini alt-üst etdi. Aprel döyüşləri göstərdi ki, gənc nəsil əvvəlki nəsillərdən öz vətənpərvərliyinə görə heç də geri qalmır. Aprel döyüşləri zamanı müxtəlif institutlardan, məktəblərdən, müəssisələrdən minlərlə insan könüllü şəkildə bu döyüşlərdə iştirak etmək üçün əlaqədar qurumlara müraciət etdi.

Aprel döyüşləri İrəvanın ermənlər arasında apardığı təbliğatı da puça çıxardı. İrəvan bu günə qədər öz əhalisini inandırmağa çalışırdı ki, Azərbaycanda döyüş ruhu yoxdur, ordusu zəifdir, texnikası köhnədir və s. Bu məsələdə sapı özümüzdən olan müəyyən qüvvələrin də ordumuz haqqında səsləndirdiyi böhtanlar az rol oynamırdı. Əslində isə Azərbaycan ordusu Rusiya, Türkiyə, Belarus, İsrail, Ukrayna və s. ölkələrdən müasir silahlar almaq, sovet dönəminə məxsus bəzi silahları yüksək səviyyədə modernləşdirməklə böyük zərbə qüvvəsi əldə etmişdi. Hərbi təchizat baxımından Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılıb. Bütün bunlar aprel döyüşlərində özünü göstərdi. Azərbaycan aprel döyüşlərində öz hərbi potensialının cüzi bir hissəsindən istifadə etməklə erməni ordusunu tamamilə darmadağın elədi.

-Aprel döyüşlərini daha hansı baxımdan əhəmiyyətli hesab edirsiniz?

-Aprel döyüşləri KTMT-nin münaqişəyə baxışı baxımından da önəmlidir. İrəvan həmişə öz əhalisinin başınına altına yastıq qoyaraq onları inandırmağa çalışırdı ki, əgər Azərbaycanla hərbi toqquşma baş versə, o zaman KTMT mütləq bu münaqişəyə qoşulacaq və Ermənistana dəstək verəcək. İrəvan iddia edirdi ki, məhz KTMT-nin köməyi ilə onlar Azərbaycanın digər torpaqlarını də ələ keçirə bilərlər. Lakin aprel döyüşləri bunun əksini göstərdi. KTMT-ə qoşulan dövlətlərin bir çoxu açıq şəkildə bəyanat verərək bildirdi ki, Azərbaycan öz ərazisi daxilində hərbi əməliyyat aparır və odur ki, onlar bu məsələyə hər hansı şəkildə müdaxilə edə bilməzlər. Bu hadisələr göstərdi ki, KTMT-ə daxil olan ölkələr nəinki Ermənistanı dəstəkləmədi, onlar dolayısı ilə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Cənab Prezidentin erməni analarına da müraciəti oldu. Ölkə başçısı bu müraciətdə bidirdi ki, siz öz rəhbərliyinizə sual verin ki, sizin övladlarınız Azərbaycan ərazisində nə gəzir ki, onlar da antiterror əməliyyatı zamanı həyatlarını itirsin?

-Siyaviş müəllim, son vaxtlar ölkə başçısı sosial-iqtisadi sahədə ciddi yeniliklərə imza atdı. Əmək haqları və təqaüdlərin artırılması, problemli kreditlərin həlli, insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və s. bu qəbildən olan addımlar idi. Sizcə, bütün baş verənləri Azərbaycanın iqtisadi-sosial həyatında yeni mərhələ hesab etmək mümkündürmü?

-Ötən il aprelin 11-də Azərbaycada prezident seçkiləri keçirildi. Seçkilər dönəmində YAP-ın namizədinin təbliğat-təşviqat qrupuna daxil olan adamlar yerlərdə çoxsaylı görüşlər keçirdilər. Elə bir rayon, elə bir kənd, elə bir böyük yaşayış massivi olmadı ki, bu cür görüşlər keçirilməsin. Bu görüşlərdə vətəndaşların təkif və arzuları, onları narahat edən məsələlərin hamısı toplanaraq proqram şəklini aldı. Bu proqram seçki plotforması kimi təqdim olundu. Sonrakı dönəmdə Azərbaycanın dövlət büdcəsi müzakirəyə çıxarılanda bu məsələlər də qaldırıldı. Qaldırılan məsələlərin hamısı nəzərə alındı. Büdcədən bu problemlərin həllinə vəsait ayrıldı. Yəni bütün bu məsələlərin həlli hələ bir il öncədən nəzərdə tutulmuşdu və gördüyünüzü kimi, yüksək səviyyədə həyata keçirilməkdədir.