YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Qadına, anaya münasibətin ən unikal nümunəsi məhz Azərbaycandır

Müsahibimiz YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva

- Nurlana xanım, söhbətimizə əvvəlcə Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətinin səciyyəvi xüsusiyyətləri barədə fikirlərinizi öyrənərək başlamaq istərdik...

- Azərbaycan dünyada nümunəvi və mütərəqqi inkişaf modeli ilə fərqlənir. Bu inkişafı təmin edən isə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Bunun nəticəsidir ki, cəmiyyət həyatının bütün sahələrində tərəqqi və yüksək vətəndaş fəallığı müşahidə edilir. Bu baxımdan, Azərbaycan qadınları da müxtəlif sahələrdə - elm, təhsil, mədəniyyət, incəsənət və digər sahələrdə uğurla fəaliyyət göstərirlər, dövlət idarəçiliyində, qanunvericlik orqanında müvəffəqiyyətlə təmsil olunurlar. Yəni Azərbaycan qadınları bu gün dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak edərək Vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, milli dəyərlərimizin və mədəniyyətimizin təbliğinə, inkişafına layiqli töhfələrini verirlər. Elə Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının (YAP) sıralarında yer alan intellektual, ləyaqətli və milli maraqların qətiyyətli müdafiəçisi kimi çıxış edən qadınlarımız idarəetmədə, o cümlədən qanunvericilik orqanında səmərəli, məqsədyönlü, milli-mənəvi dəyərlərə əsaslanan fəaliyyətləri ilə fərqlənirlər. Onlar, həmçinin ölkəmizi beynəlxalq müstəvidə ləyaqətlə təmsil edərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırlar.

Azərbaycan qadını Vətənin bugünkü yüksəlişinin müdhiş sınaqlardan keçərək bu əmin-aman günlərimizə necə yetişdiyini heç bir zaman unutmayacaq. Bu bütövlüyü qorumaq üçün özünü səfərbər edərək əməyi, zəhməti, ağlı, elmi, bacarığı, sədaqəti ilə bu yüksəlişə dayaq olacaq. Xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycan qadınının bugünkü fəallığının, cəmiyyət həyatının müxtəlif sahələrdə uğurla və ləyaqətlə təmsil olunmasının təmin olunmasında Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq siyasətinin təsiri misilsizdir.

Azərbaycanda qadın hərəkatının genişlənməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra başlayıb. Bu hərəkat Ulu Öndərin rəhbərlik etdiyi dövlətdə qadınlarımıza yüksək etimadın göstərilməsi, onların daim irəliyə çəkilməsi ilə səciyyələnir. Əminliklə söyləmək olar ki, Azərbaycanın dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevə qədər Azərbaycan qadınını fikrən və ruhən pərvazlandıran, onu böyük cahanşümul işlərə ruhlandıran, onun cəmiyyətdə layiq olduğu yeri təmin edən ikinci bir dövlət rəhbəri olmayıb. Bu, tarixi gerçəklikdir və Azərbaycan qadınına olan yüksək hörmət, diqqət, qayğı və ehtiramın əyani ifadəsidir.

Bilirsiniz ki, Ümummilli Lider Heydər Əliyevin müvafiq qərarı ilə 1995-ci ildə Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası yaradıldı. Bu zərif və eyni zamanda, güclü zümrəni partiyamızın sıralarına dəstə-dəstə gətirən amil qadınlarımızın Heydər  Əliyev zəkasına, Onun müdrik siyasətinə olan böyük inam və etibar idi. Azərbaycan qadınları Ulu Öndərin rəhbərlik etdiyi ölkəmizin tərəqqi yolunda inamla irəliləyərək böyük zirvələr fəth edəcəyinə əmin idilər. Onlar inanırdılar ki, övladları yalnız Heydər Əliyevin ideyaları və siyasəti ilə idarə olunan cəmiyyətdə xoşbəxt ol biləcəklər. Bu sarsılmaz inama malik olan Azərbaycan qadınları YAP-ın sıralarında böyük bir orduya çevrilərək, cəmiyyət həyatının müxtəlif sahələrində daha fəal iştirak edərək ölkəmizin inkişafına layiqli – dəyərli töhfələr verməyə davam etdilər. Beləliklə, Ümummilli Lider Heydər Əliyev bununla partiya sıralarına həm də ana qayğısı və şəfqəti gətirmiş oldu.

Sevindirici haldır ki, bu siyasət Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, cəmiyyətin digər təbəqələrindən olan insanlar kimi, qadınlarımız da yüksək diqqət və qayğı ilə əhatə olunurlar. Bu gün Azərbaycan qadınları dövlətin onlara göstərdiyi yüksək diqqətdən razıdırlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti qətiyyətlə dəstəkləyirlər. Çünki onlar görürlər ki, bu siyasət inkişafa, firavanlığa xidmət edir, Azərbaycanın qüdrətinin daha da artmasını, ölkəmizin əzəmətli və möhtəşəm nailiyyətlər qazanmasını təmin edir. Azərbaycan qadınları həm də ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasətinin əhəmiyyətini və nəticələrini bilirlər, onlar anlayırlar ki, bu siyasət övladlarının xoşbəxtliyinə, səadətinə xidmət edir.

Azərbaycan qadını Vətən üçün milli-mənəvi dəyərlərimizin qoruyucuları, adət-ənənələrimizin yaşadıcıları olan, nəsillər arasında varisliyi ləyaqətlə davam etdirən övladlar tərbiyə edib yetişdirirlər. Onların tərbiyə etdikləri gənclər ölkəmizin inkişafına layiqli töhfələr verir, Azərbaycanı beynəlxalq səviyyədə uğurla təmsil edirlər. Azərbaycan analarının tərbiyə etdiyi övladların Vətən qarşısında bu cür xidmətlər göstərməsi həm də qadınlarımızın hünəri və fərasətinin əyani ifadəsidir. Azərbaycan analarının tərbiyə etdiyi gənclik həm milli-mənəvi dəyərlərə bağlıdır, həm də mütərəqqi dəyərləri özündə ehtiva edir. Onlar möhkəm əqidəyə sahibdirlər. Biz bunun örnəyini bir çox nümunələrin timsalında göstərə bilərik. Heç uzağa getməyək, aprel döyüşləri zamanı Azərbaycan gəncliyinin nümayəndələri böyük cəsarət və rəşadət nümunəsi ortaya qoydular. Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhu mənfur qonşularımıza, həmçinin bütün dünyaya bir daha bəlli oldu. Əlbəttə, bu nümunələrin sayını istənilən qədər artırmaq olar, amma təkcə bu örnək bütün deyilənləri sübuta yetirir.

Azərbaycan gəncliyi müxtəlif istiqamətlərdə uğurla fəaliyyət göstərməklə yanaşı, yüksək təhsilə yiyələnən, milli-mənəvi dəyərlərin daşıyıcı olan fəal təbəqə kimi çıxış edirlər. Bu gün Bakı Slavyan Universitetində (BSU) də yüksək intellektual potensiala malik olan, vətənpərvər gənclər təhsil alırlar, universitet və cəmiyyət həyatında fəallıqları ilə seçilirlər. Ümumiyyətlə, Bakı Slavyan Universiteti Azərbaycan ilə slavyan ölkələri arasında intellektual körpü rolunu oynayır. Universitetimiz ilə slavyan ölkələrinin ali təhsil müəssisələri arasında çox sıx və səmərəli əməkdaşlıq mövcuddur. Cari ilin aprel ayında BSU ilə Moskva Dövlət Linqvistik Universitetinin birgə beynəlxalq konfransı keçiriləcək. Bu yaxınlarda Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti tərəfindən Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsini yad etmək məqsədilə keçirilən “54-cü ulduz yürüşü” adlı beynəlxalq tədbirdə Bakı Slavyan Universitetinin bir qrup fəal tələbəsi də iştirak edib. Milli geyimdə olan tələbələrimizin Azərbaycan mədəniyyətini və tarixini Belarusda layiqli səviyyədə təmsil etmələri rektor, professor Aleksandr Juk tərəfindən müsbət qarşılanıb. Bundan başqa, bu il Bakı Slavyan Universiteti Azərbaycan Slavyan Gənclərinin Birinci Forumuna ev sahibliyi edib.  Forum Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının  birgə təşkilatçılığı ilə keçirilib.

Bütövlükdə, Universitetimiz hər zaman gənclərin fəallığının və intellektual potensialının artırılmasına, cəmiyyət həyatında və beynəlxalq müstəvidə aktiv təmsil olunmalarına xüsusi diqqət yetirir.

- Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına xidmət edən səmərəli fəaliyyəti ilə xalqımızın dərin rəğbətini və sevgisini qazanıb. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm də qadınlar üçün parlaq nümunədir. Bununla bağlı düşüncələriniz nədən ibarətdir?

 - Azərbaycanın Birinci vitse-prezidenti, YAP-ın Sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli maraqlara, ümumbəşəri dəyərlərə əsaslanan səmərəli, məqsədyönlü fəaliyyəti qadınlarımız üçün mütərəqqi və müsbət nümunədir. Mehriban xanım Əliyeva, hər şeydən əvvəl, Azərbaycan qadınları üçün müasir dünyamızda bəşəriyyətə faydalı olmağın yeni meyarlarını müəyyən edən parlaq örnəkdir. Bu gün adı cəmiyyətimizdə xeyirxahlıq, insanlara kömək, nəciblik, alicənablıq məzmunu ilə  assosiasiya olunan Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti xalqımızın və dövlətimizin mənafeyinə əsaslanır. Biz həmçinin həyatının əlamətdar günlərini, milli bayramlarımızı bir qayda olaraq valideyn himayəsindən məhrum qalmış və yaxud fiziki qüsurlu uşaqlarla keçirən Mehriban xanım Əliyevanın timsalında qəlbi məhəbbətlə döyünən qayğıkeş bir ana obrazını görürük.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan reallıqlarının dünyada təbliğinə xidmət edən çoxsaylı unikal və universal layihələr reallaşdırılır. Bu layihələr ümummilli məqsədlərə xidmət edir, müasir müstəqil və qüdrətli Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə müstəsna töhfələr verir. Yəni Mehriban xanım Əliyeva Azərbaycanı, xalqımızın zəngin tarixi köklərə söykənən ənənələrini, qonaqpərvərlik, humanizm, tərəqqipərvərlik, sülhsevərlik və digər ali – yüksək və nəcib keyfiyyətlərini bütün dünyaya təqdim edir, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, o cümlədən mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi edib. Nüfuzlu “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi, 2015-ci ildə paytaxtımızda keçirilən ilk Avropa Oyunları  və 2017-ci ildə paytaxt Bakıda keçirilən IV İslam Həmrəylik Oyunları zamanı Azərbaycan reallıqları dünyaya uğurla təqdim edildi. Ölkəmizin inkişafı, heyrətamiz, möhtəşəm nailiyyətləri qarşısında dünya “içini çəkdi”. “İçini çəkmək” unikal və bənzərsiz reallıqların doğurduğu unikal bir hiss kimi heyrət və təəccübdən daha güclüdür. Bununla yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə gerçəkləşdirən layihələr ölkəmizin hüdudları ilə məhdudlaşmır, daha dəqiq desək, sərhəd tanımır, bir çox ölkələri, qitələri əhatə edir. Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Pakistanda, Gürcüstanda, Misirdə, Rusiyada bir neçə məktəbin yenidən qurulmasına, Vatikanda Müqəddəs Roma katakombalarının və Strasburq Kafedral kilsəsinin bərpasına dəstək nümayiş etdirməsi bunun əyani ifadəsi olan faktlardandır. Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində, Bolqarıstanda silsilə xarakterli humanitar aksiyaların keçirilməsi də xüsusi qeyd edilməlidir. Versal sarayının bir hissəsinin, Luvr muzeyi qalereyasından birinin bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr də Heydər Əliyev Fondunun yüksək zövqlə xeyriyyəçilik işlərini əks etdirən nümunələrdəndir. Tolerantlığın, multikulturalizm ənənələri və dəyərlərinin dünyaya çatdırılması, əslində, dünyanı əmin-amanlığa, barışa, firavanlığa dəvət etmək, xalqları bir-birinin dininə, dilinə, milli dəyərlərinə, ənənələrinə və mədəniyyətinə hörmətlə yanaşmağa çağırmaqdır, Azərbaycanın mütərəqqi simasını dünyaya təqdim etməkdir.  

Ali məramlara söykənən fəaliyyəti ilə Azərbaycan cəmiyyətində novator olan Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyətinin Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artması, qadın fəallığı ənənələrinin güclənməsində rolu danılmazdır. Bu fədakar fəaliyyətin sahibi istər siyasətdə, istər cəmiyyətin taleyində oynadığı rola görə qeyri-adi şəxsiyyət olduğunu təsdiq etmiş olur.

- Nurlana xanım, rəhbərlik etdiyiniz YAP Qadınlar Şurasının cəmiyyət həyatının müxtəlif sahələrində qadın fəallığının artırılmasında rolu nədən ibarətdir?

- Bu gün Azərbaycan dövlətinin rəhbəri möhtərəm İlham Əliyevin yürütdüyü daxili siyasət analara dayaq, gələcək haqqında ülvi arzularına dəstəkdir. Öz ölkəsinin siyasətindən məmnun yaşamaq – vətəndaş üçün bundan daha önəmli, daha vacib heç nə ola bilməz. Bu yaxınlarda minumum əməkhaqqının artırılması, əhalinin kredit borclarının bağışlanması, şəhid ailələrinə xeyli miqdarda birdəfəlik yardımın verilməsi bayramlar ərəfəsində yaşayan qadınlarımıza ən böyük töhfədir, köməkdir. Lakin bu siyasətin daha diqqətəsayan cəhəti həyatımızı ildən-ilə intibaha aparan tərəqqinin qəlbimizdə oyatdığı sarsılmaz inamdır. Ölkə vətəndaşlarının öz rəhbərinə, dövlətinə, onun siyasətinə güvənərək inamla yaşamaları sülhü, əmin-amanlığı qoruyan əsas amildir. Bu inam həm də partiyamızın dövlətimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdə qadınlarımızın da fəal iştirakını təmin edir. Bu baxımdan, YAP Qadınlar Şurasının fəaliyyətini ayrıca vurğulamaq lazımdır. Qadınlar Şurasının yaradılması və fəaliyyəti ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasında qadınların roluna və təmsilçiliyinə verilən önəmdən qaynaqlanır. YAP Qadınlar Şurası dövlətçiliyə xidmət fəlsəfəsi və Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında öz fəaliyyətini davam etdirir. Bu gün YAP-ın sıralarında 730 mindən çox insan birləşib və bu, böyük bir ordudur. Bu ordunun sıralarında qadınlar təxminən 50 faiz təmsil olunurlar. YAP öz ideyalarını həyata keçirərkən qadınlara və gənclərə də istinad edir, onların fəaliyyətinə böyük önəm verir. Partiyamızın Qadınlar Şurasının İdarə Heyətinin üzvləri sırasında elm xadimləri, cəmiyyətin ən fəal insanları yer alır. Bundan başqa, təşkilatımızın sıralarında həkimlər, müəllimlər, digər peşə sahiblərindən olan ziyalılar təmsil olunurlar. Hər il çoxsaylı vətənpərvər və ziyalı qadınlarımız YAP-ın sıralarına daxil olurlar.

Bütövlükdə, YAP Qadınlar Şurası cəmiyyətdə qadın fəallığının artırılmasına öz töhfələrini məsuliyyət və məhəbbətlə təqdim edir, təşkilatımızın sıralarında birləşən qadınların səmərəli fəaliyyəti təşviq olunur. Partiyamızın Qadınlar Şurası müstəqil fəaliyyət göstərdiyi kimi, həm də müxtəlif dövlət qurumları, xüsusilə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə, gənclər təşkilatları ilə birlikdə mühüm layihələr və tədbirlər həyata keçirir. Diqqətə çatdırmaq istəyirəm ki, bir müddət öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası, “Təmiz ürək” İctimai Birliyi və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Cocuq Mərcanlıda bayram tədbiri keçirildi. Cocuq Mərcanlıda gördüklərimiz - dövlətimiz tərəfindən Azərbaycan vətəndaşına yaradılan şərait, həyata keçirilən layihələr və cocuq mərcanlılıların öz doğma kəndlərində firavan həyatı vətənpərvərlik, fədakarlıq nümunəsi, ülvi arzulara yetmək yolunun başlanğıcı kimi bizdə böyük məmnunluq, mənəvi razılıq, dövlətimizin müdrik siyasətinə bir daha böyük məhəbbət yaratdı. Bu məhəbbət həm də Azərbaycan anasının öz övladlarını milli-mənəvi keyfiyyətlərə, vətənpərvərlik, xeyirxahlıq, humanizm, qədirbilənlik, sədaqət hissləri ilə tərbiyə etməyə, elmli, bilikli, bacarıqlı, peşəkar vətəndaş kimi yetişdirməyə sövq edir. Onun XXI əsrin, modern cəmiyyətin ləyaqətli vətəndaşı olaraq yetişməsi üçün çiyinlərimizə vəzifələr qoyur.

Nəticə etibarilə, Azərbaycan qadını, Azərbaycan anası bu gün layiq olduğu dəyərə, hörmətə çataraq yüksək diqqət və qayğı ilə əhatə olunub. Hər bir dövlətin siqləti həm də qadına, anaya münasibətdə ölçülür. Qadına, anaya münasibətin ən unikal nümunəsi isə məhz Azərbaycandır.