YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir

Müsahibimiz Milli Məclisin deputatı Kamilə Əliyeva

- Kamilə xanım, cənab Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial rifah halının yüksəldilməsi üçün atdığı addımları, verdiyi qərarları necə dəyərləndirirsiniz?

- Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin davamlı inkişafı təmin edilib, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisi ciddi şəkildə artıb. İqtisadiyyatın modernləşdirilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı irimiqyaslı layihələrin reallaşdırılması nəticəsində yeni iş yerləri açılıb, əhalinin həyat səviyyəsi yüksəlib, məşğulluğu artıb, yoxsulluq azalıb.

Respublikamızda həyata keçirilən sosial siyasət insanların sosial xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yönəldilməklə təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, digər sosial-mədəni tədbirlərin inkişaf etdirilməsi və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədlərinə dövlət büdcəsindən hər il böyük məbləğdə vəsait ayrılır. Elə 2019-cu ilin dövlət büdcəsinin layihəsində büdcənin sosial yönümlülüyünün təmin edilməsi və bütün sosial proqramların icrası ilə bağlı qarşıya qoyulan vəzifələrin həllini tapması təsadüfi deyildir.

Ölkəmizdə insan amili, onun rifahı, məşğulluğun təmin olunması, yoxsulluğun və işsizliyin aradan qaldırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Məhz bu kontekstdə Prezident İlham Əliyevin verdiyi qərarlar bütün dünya üçün nümunədir. Elə 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödənişin edilməsi, şəhid ailələrinin müavinətlərinin 242 manatdan 300 manata artırılması, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinətin 220 manatdan 300 manata qaldırılması, minimum əməkhaqqını 38 faiz artırılması, 130 manatdan 180 manata çatdırılması, həmçinin, minimum pensiyaların məbləğinin də təxminən 38 faiz - 116 manatdan 160 manata qədər artırılması, eləcə də təqribən 100 minə yaxın tələbənin təqaüdünün qaldırılması cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin olduğunu bir daha sübut etmiş olur.

Eyni zamanda, xüsusi olaraq diqqətə çatdırmaq istərdim ki, cənab Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının ümumilikdə 576,8 min nəfərə yönələn sosial müavinətlər və Prezidentin aylıq təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb, eləcə də həmin təqaüdlərin əhatə dairəsi daha da genişləndirilməsi məqsədinə xidmət edib. Təsəvvür edin ki, edilən artımlar üçün cari ilin 9 ayı üçün əlavə olaraq 300 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq.

- Cənab Prezident İlham Əliyevin digər Sərəncamı ilə tələbələrin təqaüdləri də artırıldı. Tələbələrlə daim ünsiyyətdə olan bir professor kimi tələbələr üçün atılmış bu addıma münasibətiniz necədir?

- Doğru qeyd edirsiniz. Cənab Prezident tərəfindən təqaüdlərin artırılması ilə bağlı Sərəncamı tək tələbələrin deyil, valideynlərin də sevincinə səbəb oldu. Amma təbii olaraq dövlət başçısının atdığı bu addımlar təsadüfi xarakter daşımır. Çünki cənab Prezident daim təhsilimizin inkişafı məsələsinə xüsusi önəm verib. Ona görə də, bu gün təhsil sahəsi Azərbaycanda prioritet sahələrdən biridir. Tələbələrə və gənclərə olan bu qayğı, haqqında danışdığımız sənədlərdə öz əksini tapdı. Təqaüdlərin artırılması yalnız bakalavr deyil, magistr, doktorantura təhsili alanlara, həmçinin orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdlərinə də şamil olundu.

Əlbəttə ki, ölkə başçısı tərəfindən imzalanan sənədlər tələbələrin təkcə sosial rifah halının yaxşılaşdırılmasına deyil, eləcə də təhsilin keyfiyyətinin yüksəlməsinə də xidmət edəcək. Atılan addımlar nəticəsində tələbələr arasında sağlam rəqabətin yaranmasına gətirib çıxaracaq. Bildiyiniz kimi təqaüdlər bal kriteriyalarına görə fərqlənəcək. Belə olan halda, artıq tələbələr yüksək təqaüd almaq üçün daha da üzərlərində çalışıb yüksək nəticələr əldə etməyə çalışacaqlar ki, bu da təhsilin keyfiyyətinə müsbət təsirini göstərəcək Bir sözlə ifadə etsək imzalanan sənədlər tələbələrimizin yüksək təhsil alması üçün bir stimul olacaq. Bunun nəticəsində tələbələrimizin həm sosial vəziyyəti daha da yaxşılaşacaq, həm də onlar valideynlərindən asılı olmayacaqlar.

Bütövlükdə, Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqları müasir standartlara uyğun şəkildə qurularaq, lazımi maddi-texniki avadanlıqlarla təchiz olunub. Ölkəmizdə ödənişli ixtisaslarda təhsil alan şəhid ailələrinin ödənişdən azad olunması, Prezident təqaüdünün verilməsi, eləcə də digər addımlar Azərbaycanda təhsilə göstərilən böyük qayğının göstəricisidir .

- Kamilə xanım, Azərbaycan vətəndaşlarının böyük sevincinə səbəb olmuş daha bir hadisə də problemli kreditlərlə bağlı oldu. Ekspertlərin fikrincə, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı tədbirlərin görülməsi üçün dünyada analoqu olmayan bir qərar verən cənab Prezident İlham Əliyev sosial inqilab nümunəsi təqdim etmiş oldu. Sizin bu barədə fikirlərinizi bilmək istərdik...

- Əlbəttə, çox düzgün qeyd edirsiniz ki, 800 mindən çox insanın böyük problemini həll edəcək fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı dünyada analoqu olmayan bir qərardır və sosial inqilab nümunəsidir. Çünki, qlobal iqtisadi və maliyyə böhranı, bununla əlaqədar enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına öz təsirləri göstərmiş, nəticədə əhalinin müəyyən qrupunun ödəmə qabiliyyəti zəifləmiş, xarici valyutada borc almış vətəndaşların banklar qarşısında öhdəlikləri artmış, bu məsələ ilə bağlı məhkəmə müstəvisində baxılma halları çoxalmışdı. Təsadüfi deyil ki, Azərbaycanda manatın məzənnəsinin devalvasiyasından sonra cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də əhalinin xarici valyutada kreditləri ilə bağlı idi. Lakin qısa müddətdə həyata keçirilən sürətli iqtisadi islahatlar, eyni zamanda, enerji resurslarının ixracından asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafının prioritet seçilməsi Azərbaycan iqtisadiyyatını xarici amillərin təsirini azaldıb, iqtisadi artım tempinin bərpa edilməsinə imkan yaradıb. Məsələ burasındadır ki, son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyinin göstərilməsi üçün münbit şərait yaradıb.

Nəticədə problemin optimal həlli yollarını tapmaq, bu məsələnin əhali və dövlət büdcəsi üçün ən əlverişli variantda aradan qaldırmaq məqsədilə 2018-ci ildən ictimai müzakirələr təşkil olunmağa başlamış və Azərbaycan Prezidentinin tapşırığına əsasən, hökumət bu istiqamətdə fəal iş aparmış və təkliflər hazırlamışdı. Paralel olaraq məsələnin Milli Məclisdə müzakirəsi təşkil edilmiş, müxtəlif təkliflər irəli sürülmüşdü. Bununla da Fərmana görə, fiziki şəxslərin banklara 10 000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat, 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,6 manat nəzərdə tutulmaqla dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.

Fərmana əsasən, ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməsi, qalan məbləğin isə həmin fiziki şəxslərin sərəncamına verilməsi nəzərdə tutulub. Lakin bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 ABŞ dollarının manat ekvivalentindən çox olmayacaq. Fərmanda, eyni zamanda, ödəniş müddəti 360 günü keçən, kreditin məbləği dollarla 10 min dollara, manatla isə 17 min manata qədərdirsə, bunun üçün də mexanizm nəzərdə tutulub. Bu mexanizmə görə, banklar əhaliyə 5 ilə qədər, 1 ili güzəştli olmaqla illik 1 faiz olmaqla yeni kredit müqaviləsinin bağlanılmasını təklif edəcəklər. Bu məqsədlə banklara fevralın 28-nə qədər həmin kreditlər üzrə hesablanmış və ödənilməmiş faizlər, dəbbə pulları, cərimələr varsa, onların silinməsi üzrə tədbirlər görüləcək. Eyni zamanda, banklarla borcalanlar arasında hansısa məhkəmə mübahisələri varsa, məhkəmə işləri gedirsə, hətta məhkəmə prosesi tamamlanıb və qərarlar icraya yönəldilibsə, bütün bu işlər geri çağırılacaq, dayandırılacaq. Əhalinin üzərində olan məhkəmə qərarları, icraları aradan götürüləcək. Fərmanla banklara bu barədə tövsiyə verilib.

Bir sözlə, problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədi daşıyır. Məlumdur ki, bəzi ölkələrdə də bu kimi təşəbbüslər irəli sürülmüş, lakin son nəticədə onun həlli dövlətin imkanları üçün ciddi problem yaratdığına görə, onun həlli ya təxirə salınmış, yaxud da bəlli olmayan müddətə uzadılıb.

Gördüyünüz kimi, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır. Bir sözlə, Prezident İlham Əliyevin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir.