YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Xalqımız Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyir və öz gələcəyinə inamla baxır

Müsahibimiz Milli Məclisin deputatı Nəsib Məhəməliyev

-Nəsib müəllim, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biridir. Ölkəmizin keçdiyi uğurlu inkişaf yolu haqqında nə deyə bilərsiniz?

- Həqiqətən də, Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələr sırasındadır. Bu, artıq dünya birliyi, beynəlxalq maliyyə institutları tərəfindən təsdiq olunmuş faktdır. Bu inkişafın kökündə Ulu Öndər Heydər Əliyevin hərtərəfli düşünülmüş və əsasını qoyduğu dövlətçilik strategiyası dayanır. Ümummilli liderin 1990-cı illərdə müəyyənləşdirdiyi bütün strateji hədəflər, cənab Prezidentin zamana uyğun olaraq atdığı taktiki addımlar nəticəsində bir çox ölkələrin yüzilliklər ərzində keçdiyi inkişaf yolunu Azərbaycan qısa bir zaman kəsiyində nail oldu. Gəlin faktlara müraciət edək.

İlk növbədə qeyd etmək yerinə düşər ki, həyata keçirilən BTC, Bakı-Ərzurum, Bakı-Supsa, TAP, TANAP kimi neft-qaz kəmərləri, Şərqlə Qərbi birləşdirən Bakı-Tibilisi-Qars dəmir yolu, tarixi İpək Yolunun bərpası, Ələt ticarət və hava limanlarının tikintisi, şimal-cənub dəmiryolunun birləşdirilməsi təbii olaraq Azərbaycan iqtisadiyyatının əsasını təşkil etməklə yanaşı ölkəmizi beynəlxalq nəqliyyat qovşağına çevirmişdir.

Son 15 ildə ÜMD 3,3 dəfə artmışdır, ölkəyə 250 milyard dollar sərmayə qoyulmuşdur, valyuta ehtiyatları artaraq 45 milyard dollara çatmışdır, sənaye istehsalı 2,6 dəfə, maaşlar 7 dəfə, pensiyalar 9 dəfə artmışdır. 2 milyon yeni iş yeri yaradılmışdır. Azərbaycan bir çox ölkələrə, ələlxüsus da qardaş Türkiyəyə sərmayələr qoymuşdur. Bu da gələcəkdə Azərbaycana iqtisadi dividentlər gətirəcəkdir.

Hər bir azərbaycanlının qürur hissinə çevrilmiş, dünyanın ən güclü orduları siyahısına düşmüş ordumuz formalaşmışdır. Ordumuzun saxlanılmasına, texniki təchizatına, yeni silahların alınmasına ayrılan vəsait bütövlükdə düşmən ölkənin dövlət büdcəsindən çoxdur. Bu da təbii olaraq zərurətdən doğur.

Son illər Azərbaycanda, paytaxt Bakıda elə bir gün yoxdur ki, beynəlxalq tədbirlər, simpoziumlar, forumlar, idman yarışları keçirilməsin. Cənab Prezidentin apardığı aktiv xarici siyasət nəticəsində Bakı bir çox dövlətlərin, beynəlxalq təşkilatların dialoq apardığı məkana çevrilmişdir. Hətta dünya supergüclərinin danışıqlar aparmaq üçün Bakını seçməsi də ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Təsadüfü deyil ki, Azərbaycan keçmiş SSRİ respublikaları arasında Rusiyadan sonra BMT TŞ-nın qeyri daimi üzvü seçilmiş və sədrlik etmişdir.

2011-ci ildən üzvü olduğumuz Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə ölkəmiz sədrlik edəcəkdir. Bu təşkilat özündə 120 dövləti birləşdirərək BMT-dən sonra dünyanın ən böyük təşkilatı hesab olunur. İƏT, AŞ, Aİ-Şərq Tərəfdaşlığı proqramında MDB, GUAM və digər təşkilatlarla aparılan fəal siyasət Azərbaycanı nəinki regionda, eyni zamanda bütün dünyada etibarlı tərəfdaş kimi tanıtmışdır.

Bütövlükdə cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, orada güclü inkişaf olmasın. Bütün bunların kökündə yalnız bir amil durur: Respublika Prezidenti cənab İlham Əliyevin yaratdığı sabitlik və Onun apardığı hərtərəfli düşünülmüş dövlətçilik siyasəti.

-Məlum olduğu kimi, ölkəmizdə bütün sahələr üzrə mühüm islahatlar həyata keçirilir. Həmçinin, dövlət başçısı tərəfindən əhalinin sosial rifahının daha da yüksəldilməsi istiqamətində önəmli qərarlar qəbul edilir. Bütün bunların əhəmiyyəti nədən ibarətdir?

-Mən artıq qeyd etdim ki, ölkəmizdə bütün sahələr üzrə islahatlar aparılır. Bu islahatlar daima aparılır və aparılacaqdır. Ötən il aprel ayında keçirilən prezident seçkilərindən sonra islahatlar daha da intensiv xarakter almışdır. Dövlət başçısı islahatların hansı istiqamətdə aparılacağı barədə sistemli şəkildə keçirdiyi Nazirlər Kabinetinin geniş iclaslarında bəyan edir və onların icrasına nail olur. Özünün də dəfələrlə qeyd etdiyi kimi islahatlar islahat xatirinə deyil, ancaq və ancaq Azərbaycan vətəndaşının rifah halının yaxşılaşmasına xidmət etməlidir. Buna görə də cənab Prezidentin apardığı sosial siyasətin kökündə insan amili durur.

Qeyd etmək istərdim ki, SSRİ dağıldıqdan sonra Azərbaycan bir çox çətinliklərlə üzləşdi. Ərazilərimizin itirilməsi, 8 milyon əhalinin 1 milyonunun qaçqın, məcburi köçkün vəziyyətinə düşməsi, müharibə, çoxlu şəhid ailələrinin, əlillərin mövcudluğu, daxili hərc-mərclik, pensiyaların, təqaüdlərin verilməməsi, bütün bunlar AXC-Müsavat cütlüyündən qalmış xoşagəlməz miras idi.

Ölkəmizin iqtisadiyyatı möhkəmləndikcə bir çox sosial layihələr icra olundu. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçiləndə ilk növbədə sosial siyasət proqramını elan etdi. O zamanlar mövcud olmuş çadır düşərgələrinin ləğvi, qaçqınların və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması, yeni məktəblərin, səhiyyə ocaqlarının, mədəniyyət müəssisələrinin tikilməsi və yaxud əsaslı təmir olunması, enerji, qaz, içməli və texniki su təminatı, əmək haqlarının, pensiya və təqaüdlərin artırılması, əlillərin müalicəsinin həm ölkə xaricində və daxilində təşkil olunması, dövlət başçısının apardığı sosial siyasətin nəticəsidir.

Burada xüsusi olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini qeyd etmək istərdim. Artıq iki ildir ki, birinci xanım ölkədə aparılan sosial siyasətdə çox böyük uğurlar əldə etmişdir. Təkcə keçən il 5800 məcburi köçkün, 600-ə yaxın Qarabağ əlili, şəhid ailəsi yeni mənzillərlə təmin olunmuşlar. Təhsil, səhiyyə, mədəniyyət sahəsində aparılan işlər son vaxtlar pensiyaların, təqaüdlərin artması ilə bağlı verilən qərarlar dövlətin sosial siyasətə verdiyi önəmin nə qədər əhəmiyyətli olduğunu göstərir və bu da əhali tərəfindən çox yüksək qiymətləndirilir. Tam səmimi demək istəyirəm ki, cənab Prezidentin Mehriban xanımla birlikdə şəhid ailələri ilə, regionlarda əhali ilə görüşləri xalq tərəfindən necə də böyük sevinclə qarşılanır və bunu xalqa xidmətin ən böyük nümunəsi kimi qiymətləndirir. Əhəmiyyəti isə ondan ibarətdir ki, cəmiyyətdə sosial gərginlik yaranmır, xalq cənab Prezidentin apardığı siyasəti dəstəkləyir və öz gələcəyinə ümidlə baxır.

-Məlumdur ki, 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 Dövlət Proqramı uğurla icra edilib. Artıq dördüncü Dövlət Proqramı da qəbul olunub. Bir millət vəkili olaraq,  Dövlət proqramlarının icrasını necə dəyərləndirərdiniz?

- Hər bir işi nəticəsinə görə qiymətləndirmək lazımdır. 2004-cü ildən sonra regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3, eyni zamanda Bakı şəhəri və qəsəbələrlə bağlı 2 dövlət proqramı artıq icra olunmuşdur. Proqramlarda əks olunan müddəaları saymaq saatlarla vaxt aparar. Çalışacağam konkretləşdirim və əsas məsələləri diqqətinizə çatdirim. İlk növbədə Azərbaycanın siyası xəritəsində minimum 70 şəhər meydana gəlmişdir desəm yəqin ki, yanılmaram. Rayon mərkəzləri ilə yanaşı kəndlər də abadlaşdırılmışdır. Respublika ərazisində bütün magistral və yerli əhəmiyyətli yollar müasir dünya standartlarına uyğun yenidən qurulmuşdur. Fantastik görünə bilən bir rəqəm olaraq son 15 ildə 15 min km-dən çox yol, 3272 məktəb, 640 səhiyyə müəssisəsi, 44 olimpiya komitəsi, 31 elektrik stansiyası, xeyli sayda mədəniyyət müəssisəsi tikilib və yaxud yenidən qurulmuşdur. Qazlaşdırma 95%, elektrik enerjisi 100%, içməli su 70%-ə çatdırılmışdır.

Kənd təsərrüfatının inkişafı üçün meliorasiya tədbirləri həyata keçirilmişdir. Kənd təsərrüfatı ilə məşğul olan fermerlərə subsidiya, texnika verilmişdir.

Nəticədə Davos İqtisadi Forumunun hesablamalarına əsasən avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yer tutmuşdur. UDM artmışdır, qeyri-neft sektoru inkişaf etmiş, qoyulan sərmayələr artmışdır, turizm inkişaf etmış, qeyri-neft sektoru üzrə ixrac potensialı artmışdır.

Əhalinin pul gəlirləri artmış, təhsilin, səhiyyənin keyfiyyəti yaxşılaşmışdır. Taxıl, tərəvəz, pambıq, tütün, baramaçılıq, ət, süd məhsullarının istehsalı xeyli artmışdır. Əhalinin məşğulluq səviyyəsi artmışdır. İdman, bədən tərbiyəsi inkişaf etmişdir. Xeyli sayda infrastuktur layihələri icra olunmuşdur. 

Artıq 34 rayon özünü maliyyələşdirmə sisteminə keçərək mərkəzdən maliyyə asılılığını azaltmışdır. Cənab Prezident tərəfindən 4-cü proqram təsdiq olunub və hesab edirəm ki, bu proqram da əvvəlkilər kimi tam şəkildə icra olunacaq və xalqımız onun bəhrəsini görəcəkdir. Budur dövlət proqramlarının icrasının nəticələri və mən bunu çox yüksək qiymətləndirirəm.

-Regionların sosial-iqtisadi inkişafından söz düşmüşkən, bu baxımdan, təmsil etdiyiniz bölgədə əldə edilən nailiyyətlər haqqında da fikirləriniz bilmək istərdik...

- Təmsil etdiyim Balakən rayonu respublikamizin ən ucqar rayonlarından olsa da icra olunmuş dövlət proqramlarının nəticəsində 34 yeni məktəb, 5 uşaq bağçası, Heydər Əliyev Mərkəzi, Olimpiya kompleksi, rayon mərkəzi xəstəxanası, mədəniyyət mərkəzi, gənclər evi, incəsənət gimnaziyası, bayraq muzeyi, avtovağzal kompleksi, bir çox inzibati binalar, parklar, fərdi sahibkarlığın inkişafı ilə “ABAD” mərkəz, “Aqrolizinq” ASC rayon filialı, emal müəssisələri, soyuducu anbarlar, yeni mehmanxanalar, kanat yolu, elektrik stasiyası, 2011-ci ildə regionda baş vermiş zəlzələdən sonra minlərlə fərdi ev, əlil və şəhid ailələri üçün 2 çoxmənzilli bina, fərdi evlər, məcburi köçkünlər üçün 45 mənzilli yaşayış binası tikilmişdir. Balakən-Qazma-Darvazbinə, Balakən-Sarıbulaq-Qabaxçöl-Xalatala yolları istifadəyə verilmiş, Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun inşası aparılır. Rayon ərazisində qazlaşma 100% aparılmışdır, elektrik enerjisi üzrə çox böyük işlər aparılır, dağ çaylarının daşmasının qarşısının alınması üçün minlərlə paqonometr bənd işləri aparılmış, meliorasiya işləri və əhalinin içməli su ilə təmin olunması üçün xeyli sayda subartezian quyuları qazılmışdır və proses davam edir.

 Bütün bu göstərilən dövlət qayğısına görə balakənlilər cənab Prezidentə oz minnətdarlığını bildirir və hər zaman Onun apardığı siyasəti dəstəklədiklərini ifadə edirlər.

- Nəsib müəllim, ölkəmizin hərtərəfli inkişafına rəğmən Azərbaycana qarşı müəyyən qərəzli dairələr tərəfindən qarayaxma kampaniyası aparılır. Buna münasibətiniz necədir?

- Təbii ki, münasibətim çox mənfidir. Mən bunu qətiyyətlə pisləyirəm və  hesab edirəm ki, bu barmaqla sayılacaq qədər bir neçə adamın apardığı çirkin kampaniya heç bir məntiqə, sağlam düşüncəyə sığmır və Azərbaycanın bugünkü inkişafını gözü götürməyən, sabitliyi pozmaq istəyən hansısa şər qüvvələr tərəfindən idarə olunur. Heç kimə sirr deyil ki, hal-hazırda dünyada geosiyasi təsirlər uğrunda, ayrı-ayrı ölkələrə məxsus təbii sərvətlərin ələ keçirilməsi, sivilizasiyalararası artıq gizlədilməyən müharibə və bir çox neqativ proseslər gedir. Buna misal olaraq Yaxın Şərqdə,Tunis, Liviya, İraq, Suriya, Yəmən, Fələstin eyni zamanda bizə çox yaxın olan Ukraynada, Latın Amerikası ölkəsi olan Venesuelada gedən proseslərə nəzər salmaq kifayətdir.

Bütün bu dağıdıcı proseslərin kökündə sadaladığım məsələlər durur. Demokratiya adı altında həmin dövlətlərdə 3-cü bir qüvvələri ələ alaraq həmin dövlətlərin siyasi hakimiyyətinə qarşı itaətsizliyə çağırırlar, onları silahlandırırlar və nəticədə milyonlarla insan həlak olur, öz yurd yuvalarından didərgin düşür, şəhərlər, kəndlər dağıdılır, infrastruktur məhv olur. Qədim tarixi olan ölkələr parçalanır, hətta parçalanmasa belə onların bərpasına yüzillər lazımdır ki, bu da bütöv xalqların faciəsinə səbəb olur. Bax budur reallıq. Azərbaycanın sərvətlərində maraqları olan ayrı –ayrı qüvvələr istədiklərini ala bilmədikləri zaman dərhal şər böhtan maşınını işə salır, xalqı aldatmağa çalışırlar. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan xalqının mənafeyinə uyğun olmayan hər hansı bir layihəyə razılıq verməyəcəkdir. Məsələnin kökündə bu dayanır. Ancaq xalqımız müdrik xalqdır. 1990-cı illərin əvvəllərində bu hərc-mərcliyi, xaotik prosesləri yaşamışdır.

Artıq güclü lider ətrafında sıx birləşmiş güclü dövlət, güclü xalq vardır. Xalq artıq müxalifət adına populizm xatirinə, hətta bir birini qəbul etməyən dırnaqarası “liderlərin” sözlərinə inanmır, onları dəstəkləmir.

Hər bir dövlətdə problemlər mövcuddur, ən inkişaf  etmiş ölkələrdə belə. Problemsiz ölkə yoxdur. Azərbaycanın fərqi ondadır ki, burada Azərbaycan xalqının rifahını düşünən və ölkəni inkişaf etdirən siyasi rəhbərlik vardır. Mövcud problemlər sistemli şəkildə zaman-zaman öz həllini tapır.

Xalqımızın isə əsas vəzifəsi odur ki, xalq-Prezident vəhdəti əsasında  mövcud sabitliyi qorusun və Azərbaycanın xoşbəxt gələcəyinə öz töhvəsini versin.