MÜSAHİBƏLƏR
Dövlət, atribut, ölkənin dəyərli insanları haqqında edilən bütün qeyri-etik, cinayət tərkibli çıxışlar anındaca yasaqlanmalıdır
-Elşən müəllim, Azərbaycanın dinamik inkişafı və beynəlxalq nüfuzunun mütəmadi olaraq artması bəzi dairələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Həmin anti-Azərbaycan dairələri ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, ikili standartlara əsaslanan qərəzli yanaşma nümayiş etdirirlər.Bununla bağlı fikirləriniz nədən ibarətdir?
-Əvvəla, hər yerdə söylədiyim fikri sizin saytınız vasitəsilə bir daha bəyan edim: Azərbaycanın uğurları, cənab Prezidentin müdrik siyasiti nəticəsində reallaşan, nəzərəçarpan ikişaf yalnız və yalnız özümüzə, Azərbaycan vətəndaşına sərf edən məsələdir. Yəni, kənardan kimsənin marağında deyil ki, biz bu qədər inkişaf edək, böyük görünək, güclü olaq. Sadəcə, müəyyən qism kənarda durur, seyrçidir, səsini çıxarmır, bəziləri isə açıq qısqanclıq edir. Belə olan halda da anti-Azərbaycan qüvvələri müəyyən məqamlarda və məkanlarda yaranır, formalaşır, bəlli istiqamətlərdən dövriyyəyə buraxılır. İlk dəfədirmi? – Xeyr. Bu qüvvələr hər zaman olub. Ədalətsizlik də olub, qarayaxma da olub, ikili-üçlü standartlar da. Bəzən hətta bu standartlar iyirmili-otuzluya çevrilir.
Xaricdə xüsusi qüvvələr var ki, onlar açıq bir formada haqqı nahaqqa qurban verərək ölkəmizə qarşı müxtəlif üsul-formatlarla hücuma keçirlər. Zaman-zaman. Təbii, həmin hücumlar hər dəfəsində də dəf olunur, belələri heç bir qara niyyəti məhz Azərbaycanda həyata keçirə bilmirlər. Səbəb də sadədir: harada xalq və Prezident birliyi var, həmin münasibətlərin arasına kimsə girə bilmir. Çünki girmək mümkün deyil. Cənab İlham Əliyev ləyaqətli liderdir, O Azərbaycanın bəxtidir, şansıdır. Belə bir şəxsiyyətin rəhbər olduğu ölkədə heç bir məkrli niyyəti, qara ideologiyanı, absurd ssenariləri həyata keçirmək mümkün deyil. Onun prinsipiallığı, yürütdüyü mükəmməl daxili və xarici siyasət bütün məqamlarda Azərbaycanı ancaq işıqlı gələcəyə aparıb, bundan sonra da aparacaq. O, öz vətəndaşının, xalqının qarantı olmaq missiyasını ən mükəmməl şəkildə daşıyan rəhbərdir. Prezident İlham Əliyevin yanında olmaq, Onu dəstəkləmək isə artıq bizlər üçün bir tək seçici missiyası deyil, həm də şərəf məsələsidir.
-Anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən antimilli ünsürlər, yəni ölkəmizdəki “beşinci kolon” nümayəndələri də Azərbaycanda sabitliyin pozulmasına çalışır, mitinq adı altında təxribatçı hərəkətlərə yol verirlər. Buna münasibətiniz necədir?
-Bu fakt onu ifadə edir ki, azərbaycanlı olmağına baxmayaraq özünü bizdən zənn etməyən, xalqı da vətəni də ən xırda fürsətləri olsa hərraca çıxarmağa hazır olan qüvvələr var. Belələri üçün vətən təəssübkeşliyi deyilən anlayış yoxdur. Həmin qism bütün siyasi fəaliyyətləri boyunca kiməsə işləyib, sifarş yerinə yetiriblər. Onlara “5-ci kolon” da deyirik, “anti-milli ünsür” də, “sapı özümüzdən olan baltalar” da. Amma belələrinin əsl adı bilirsinizmi nədir? – Vətən xaini. Bax bu ad onlara daha gözəl yaraşır. Əksəriyyəti xaricdən oturub elə xaricdən də idarə olunanlardır. 5 qəpik qranta görə vicdanlarını, namuslarını, şəxsiyyətlərini qoyublar ortalığa. Bəsirət gözləri qapalı olan bu zavallılar fərqində belə deyillər ki, günbəgün hansı nifrəti qazanırlar, kənardan özlərinə qarşı necə ikrah yaradırlar. Burdakı nümayəndələri, fəaliyyətləri də də həmin ağılda və həmin qəbildə- eyni təfəkkür, eyni mexanizm, eyni xislət. Bekar olan kimi mitinq keçirirlər. Anlamırlar ki, mitinq - insanları cinayətə, qeyri-etik çağırışlara, destruktiv fəaliyyətə yönəltməməlidir. Mitinq - anarxiya, xaos elementi deyil. Mitinq – sivil formada ifadə azadlığının, fikri cəmiyyətə çatdırma mexanizminin bir qoludur. Amma bunlar mitinqlərdən, aksiyalardan da öz təyinatı üzrə istifadə etmirlər, edə bilmirlər. Çünki dediyim kimi: bu zərurətdən deyil, bekarçılıqdan doğan məsələdir.
-Bu gün sosial şəbəkələrdə bəzi qruplar tərəfindən Azərbaycan xalqına və dövlətinə qarşı təhqiramiz, radikal çağırışların səsləndirilməsi cəmiyyətdə böyük narazılıq doğurur. Bu cür hallara qarşı qanunvericilik səviyyəsində hansı addımlar atılmalıdır?
-Mən məhz bu məsələ ilə bağlı Milli Məclisin plenar iclasında da, media üzərindən də konkret təkliflərlə çıxış eləmişəm. Belə ünsürlər hansısa formada islah olunmalıdır. Bir vətəndaş kimi mənim arzum budur. Yolu nədir? Lap əvvəl birəbir hamısına cinayət işi qaldırılmalı, qiyabi də olsa istintaq aparılmalıdır. Daha sonra ektradisiya müqavilələri incələnməlidir ki, kimlə hansı müqavilə şərtlərimiz var və həmin şərtlərdən çıxış edərək neyləmək olar. Bax məsələn, o yaramaz Vidadinin məskunlaşdığı ölkə ilə ekstradisiya müqaviləmiz olmasa da, Konvensiya şərtlərindəki ümumi razılaşmaya əsasən, üstəlik qanunvericilik əsasında həmin cinayətkarı rahatca götürmək olar. Təbii, qarşı tərəf, onu verəcək ölkə burada başqa maraqlar güdməsə.
İkincisi, dəfələrlə qeyd etmişəm, bir daha vurğulayıram: Dövlət, atribut, ölkənin dəyərli insanları haqqında edilən bütün qeyri-etik, cinayət tərkibli çıxışlar anındaca yasaqlanmalıdır. Bunun üçün daha ciddi və fundamental qanunvericilik əsaslar yaratmalıyıq. Çünki zaman bunu tələb edir. Belə ünsürlərin video-bloqlarının, təhrikçi çıxışlarının, sosial şəbəkələrdəki hesablarının Azərbaycana çıxışı əngəllənməlidir. Kimsə internet məkanında bu iyrənc məxluqların iyrənc fikirləri ilə qarşı-qarşıya gəlməməlidir. Bizim bu fikirlərimizi bəzən kontekstdən çıxarıb internetin, sosial şəbəkələrin yasaqlanması ideyası kimi də təqdim edirlər. Xeyr, belə deyil. Əksinə, internetin gücü, resursları bir az da artsın, amma cinayətkarların həmin imkandan bəhrələnə bilməməsi şərti ilə! Tələbimiz və arzumuz məhz budur. Heç şübhəsiz, həmin anti-milli ünsürlər bir gün mütləq hüquqa, qanuna, istintaqa, məhkəmələrə təslim ediləcək. Amma həmin zamanı, müddəti oturub sakitcə gözləməməliyik. İslahın bir çox vasitələri var. Həmin vasitələr təxirəsalınmaz formada düşünülməli, tapılmalı və icra edilməlidir.