MÜSAHİBƏLƏR
Azərbaycanı öz inkişaf yolundan və müstəqil siyasətindən döndərmək mümkün deyil
- Malik müəllim, bu gün öz inamlı inkişafını uğurla davam etdirən və yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan sabitlik adası kimi tanınır. Necə düşünürsünüz, ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyi və dinamik inkişafı şərtləndirən amillər hansılardır?
- Dünyada maliyyə-iqtisadi böhranın, bir çox ölkələrdə isə xaos və tənəzzül kimi mənfi hallar və meyillərin müşahidə edildiyi şəraitdə ölkə daxilində sabitliyi qorumaq, tərəqqiyə nail olmaq çox böyük əhəmiyyətə malikdir. Sevindirici haldır ki, bu gün Azərbaycanı bir çox ölkələrdən fərqləndirən xüsusiyyətlər sırasında məhz möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlik və dinamik inkişaf mühüm yer tutur. Sabitliyi şərtləndirən amil isə Prezident İlham Əliyev tərəfindən uğurlu daxili və xarici siyasət kursunun həyata keçirilməsi, bu siyasətin Azərbaycan xalqı tərəfindən dəstəklənməsidir.
Ümumiyyətlə, Azərbaycan son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli, dinamik inkişaf yolu keçib. Qazanılan nailiyyətlər ölkəmizin Prezident İlham Əliyev tərəfindən innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir. 2004-cü ildən etibarən bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Təqdirəlayiq haldır ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib. Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edib, ölkəmizin iqtisadi potensialı mütəmadi olaraq artır, dünya iqtisadiyyatında mövqeyi möhkəmlənir. Nəticədə ötən dövrün mənzərəsi onu göstərir ki, qazanılan nailiyyətlər müstəqil Azərbaycanın gücü və qüdrətinin daha da artmasını təmin edib. Təsadüfi deyil ki, dünyanın nüfuzlu reytinq agentlikləri Azərbaycanda həyata keçirilən islahatları, bütün sahələri əhatə edən müsbət göstəriciləri və nailiyyətləri yüksək qiymətləndirirlər. Digər tərəfdən, regional və qlobal təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilib. Nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan yüksək hörmət və etimadın bariz ifadəsidir.
- Azərbaycanın müstəqil siyasət həyata keçirməsi və inkişaf yolunda əmin addımlarla irəliləməsi anti-Azərbaycan dairələr tərəfindən böyük narahatlıqla qarşılanır. Bu qərəzli qüvvələr Azərbaycan əleyhinə qarayaxma kampaniyası apararaq ölkəmizin müsbət beynəlxalq imicinin üzərinə kölgə salmağa çalışırlar...
- Doğrudur, müstəqil siyasət həyata keçirən Azərbaycanın böyük uğurlar qazanması, beynəlxalq mövqeyinin davamlı olaraq möhkəmlənməsi anti-Azərbaycan dairələri, ermənipərəst qüvvələri ciddi şəkildə narahat edir. Onlar müxtəlif vasitələrdən istifadə edərək ölkəmizin müsbət beynəlxalq imicinin üzərinə kölgə salmağa cəhd edirlər. Müxtəlif informasiya resurslarında Azərbaycan əleyhinə qərəzli materiallar dərc etdirməklə ictimai rəyi yanıltmağa çalışırlar. Eyni zamanda, bu dairələr bir sıra məsələlərlə bağlı ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür, qərəzli və ikili standartlara söykənən "qətnamə"lər, "hesabat"lar vasitəsilə Azərbaycana təzyiq etməyə çalışırlar. Lakin müxtəlif məkrli planların tərkib hissəsi olan bu cür cəhdlər hər zaman iflasa düçar olur. Məqsəd, qeyd etdiyimiz kimi, Azərbaycanı öz inkişaf yolundan və müstəqil siyasətindən döndərməkdir. Amma bu, mümkün deyil. Çünki əvvəla, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunda inamla irəliləyir, müstəqil və prinsipial siyasət həyata keçirir, öz maraqlarını qətiyyətlə müdafiə edir. Digər tərəfdən, Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir və bu siyasətin ölkəmizin inkişafına, sabitlik və firavanlığa xidmət etdiyini əminliklə ifadə edir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bundan sonra da ölkəmizin uğurlu inkişafını təmin edəcək, qarşıdakı dövrdə də ölkə iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək. Yəni xalqımız inkişaf və sabitliyin davamlı olması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasəti qətiyyətlə dəstəkləyir.
- Yeri gəlmişkən, antimilli mövqe nümayiş etdirərək “beşinci kolon” funksiyasını icra edən radikal ünsürlər də anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirir, ölkəmizdə sabitliyin pozulması üçün təxribatçı hərəkətlərini davam etdirirlər. Bu barədə fikirləriniz nədən ibarətdir?
- Anti-Azərbaycan dairələrin istifadə etdiyi vasitələrdən biri də ölkə daxilindəki anti-milli ünsürlərin "xidmət"lərindən yararlanmaqdır. Bu antimilli ünsürlər, radikal qruplar konkret olaraq "beşinci kolon" funksiyasını yerinə yetirərək ermənipərəst dairələrlə sinxron hərəkət edirlər. Xaricdəki anti-Azərbaycan dairələrdən aldıqları qrantlar qarşılığında onların sifarişlərini yerinə yetirən radikal ünsürlərin istəyi ölkəmizdə sabitliyin pozulması, xaos və anarxiyanın yaranmasıdır. Onlar bu məqsədlə müxtəlif təxribatlara əl atırlar, süni gərginlik və ajiotaj yaratmağa çalışırlar. Elə yanvarın 19-da Azərbaycanda heç bir dəstəyə və nüfuza malik olmayan radikal müxalifətin "mitinq" şousu təşkil etməsi və bir gün sonra Şəhidlər Xiyabanını ziyarət etmək adı ilə süni qarşıdurma yaratmağa cəhd etməklə asayişi pozmağa çalışması bu məkrli planın tərkib hissəsidir. Bir sözlə, radikal müxalifət anti-Azərbaycan dairələrin əlində alətə çevrilməklə, onların sifarişlərini yerinə yetirməklə antimilli mahiyyətini nümayiş etdirir.
- Malik müəllim, Azərbaycanda sabitliyin pozulmasını istəyən anti-milli ünsürlər həm də sosial şəbəkələr vasitəsilə - virtual müstəvidə xalqımızın və dövlətimizin əleyhinə kampaniya aparırlar. Belə neqativ hallara qarşı hansı zəruri tədbirlər həyata keçirilməlidir?
- Əvvəla qeyd edim ki, Azərbaycan xalqının və dövlətinin maraqlarına qarşı çıxış edən, anti-Azərbaycan dairələrin xidmətçisinə çevrilən həmin anti-milli ünsürlər sosial şəbəkələrdən mənəvi terror vasitəsi kimi istifadə edirlər. Onlar Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr səsləndirməklə yanaşı, həm də dağıdıcı çağırışlar ifadə edirlər. Xaricdən idarə olunan bir sıra internet resurslarında Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması və dezinformasiyaların dövriyyəyə buraxılması cəmiyyətdə çaşqınlıq yaratmağa, yanlış ictimai rəy formalaşdırmağa hesablanıb. Amma qeyd etdiyimiz kimi, bütün bu cəhdlər faydasızdır və hər zaman uğursuzluğa düçar olur. Çünki Azərbaycan cəmiyyəti kifayət qədər müdrik və intellektualdır, anti-milli ünsürlərin bu cəhdlərinin arxasında hansı çirkin niyyətlərin dayandığını bilir.
Dağıdıcı təfəkkürə malik olan bu ünsürlərin sosial şəbəkələrdən mənəvi terror vasitəsi kimi istifadə etmələri Azərbaycan cəmiyyətində ciddi narazılıq və etirazla qarşılanır. Ümumiyyətlə, sosial şəbəkələrdə təhqir, böhtan xarakterli məlumatların yayılması, insanların şərəf və ləyaqətinin alçaldılması halları birmənalı şəkildə yolverilməzdir. Bu hallara qarşı qanunvericilik səviyyəsində mübarizə aparılması, belə hallara yol verənlərin konkret məsuliyyət daşıması, qanun qarşısında cavab verməsi zəruridir. Dünyanın bir sıra ölkələrində belə təcrübə mövcuddur və Azərbaycanda da bu yanaşma tətbiq edilməlidir.
Sonda bir daha qeyd etmək istəyirəm ki, ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur və bu faktor sabitliyi şərtləndirən və inkişafa zəmin yaradan əsas amildir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və Azərbaycan xalqı dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətini dəstəkləyir, iqtidara öz yüksək inam və etimadını qətiyyətlə nümayiş etdirir. Ona görə də bu radikal ünsürlərin Azərbaycanda sabitliyi pozmaq, ölkəmizin inkişafına mane olmaq cəhdləri heç bir nəticə verməyəcək.