MÜSAHİBƏLƏR
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə hərtərəfli diqqət və qayğı göstərilir
- Musa müəllim, məlumdur ki, ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir. Bu baxımdan, Azərbaycanda şəhid ailələrinə göstərilən dövlət qayğısı haqqında fikirlərinizi bilmək istərdik...
- Ümumiyyətlə, şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir. Bu, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-mənəvi yoldur. Xatırladım ki, Ulu öndərimizin təşəbbüsü ilə “Şəhid adının əbədiləşdirilməsi haqqında” qanun qəbul olunmuşdu və bu qanun məhz Heydər Əliyevin 1993-cü il 3 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdi. Bütövlükdə, Ümummilli liderimiz Heydər Əliyevin siyasətində şəhid ailələrinə dövlət qayğısı xüsusi yer tutmuşdur.
Hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. 2003-cü ildən indiyə qədər bu istiqamətdə görülən işlər bunu sübut edir. Bilirsiniz ki, ötən il keçirilmiş prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyevin imzaladığı ilk Fərman şəhid ailələri ilə bağlı oldu. Yəni, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə hərtərəfli diqqət və qayğı göstərilir. İndiyə qədər 7 minə qədər şəhid ailəsi mənzillə təmin olunub. Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılır, onların əziz xatirəsi daim yad edilir.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər. Sizcə, bu görüşün əhəmiyyəti nədən ibarətdir?
- Bu görüş bir daha göstərdi ki, Prezident İlham Əliyev şəhid ailələrinə nə qədər böyük qayğı, hörmət və ehtiram göstərir. Bu görüşün sosial-siyasi əhəmiyyəti ilə yanaşı milli-mənəvi, vətənpərvərlik baxımından da çox böyük önəmi var. Görüş zamanı dövlət başçısı vətəndaşların sosial məsələlərinin bundan sonra da diqqət mərkəzində olacağını bildirdi. Cənab Prezident xüsusilə vurğuladı ki, Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir, şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır. “Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim”-deyən, ölkə başçısı ölkəmizdə vətəndaşların sosial rifahının daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Görüşdə şəhid ailələrinə dövlət tərəfindən verilən dəstək bir daha vurğulandı. Qeyd olundu ki, bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilib. Yəni, bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür. Bu proses davamlı olacaq. Ümumiyyətlə, cənab Prezidentin fikirləri bütün cəmiyyətimiz üçün mesajdır ki, hər kəs şəhid ailələrinə hörmətlə yanaşmalıdır.
- Dövlətimizin başçısı yanvarın 28-də “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Bu Fərman bütün cəmiyyətimiz tərəfindən yüksək dəyərləndirilir...
- Dövlət başçısının imzaladığı bu Fərmanla çox ciddi məsələ öz həllini tapır. Bilirsiniz ki, 1997-ci ildə “Həqiqi hərbi qulluqçuların icbari sosial sığortası haqqında” qəbul olunub. Və bundan sonra şəhid olan hərbi qulluqçuların ailələri qanuna uyğun olaraq sosial sığorta haqqı alıblar. Amma o vaxta qədər şəhid olanların problemi qalmışdı. Yəni, cənab Prezidentin ötən ilin aprel ayında imzaladığı Fərmanla 1997-ci ilə qədər şəhid olmuş həqiqi hərbi qulluqçuların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulur. Bu Fərmana əsasən 10 minə yaxın şəhid ailəsinin siyasi dəqiqləşdirildi, 11 min manat birdəfəlik ödəmə üçün ötən il 58 milyon manat vəsait ayrıldı və bu il 50 milyon manatın ayrılması nəzərəd tutulur. Artıq həmin qərara uyğun olaraq birdəfəlik ödəmənin verilməsinə başlanıb və bu il də proses davam edəcək.
1997-ci ildə sözgüdən qanun qəbul olunandan sonra şəhid ailələrinə verilən birdəfəlik ödəmənin məbləği isə xeyli az idi. Ona görə də, cəmiyyətimizdə bununla bağlı müxtəlif fikirlər səslənirdi. Görüş zamanı cənab Prezident söylədi ki, bizim siyasətimiz iki mühüm əsasa söykənir. Bu, qanunçuluq və sosial ədalətdir. Dövlət başçısının 28 yanvar tarixində imzaladığı Fərmanla həm qanunçuluq, həm də sosial ədalət təmin olundu. Beləliklə, 1997-ci ildən sonra az məbləğdə sığorta haqqı alan 2725 nəfərə də 11 min manat birdəfəlik ödəmə veriləcək. Eyni zamanda, o dövrdə ərazi bütövlüyünün qorunması zamanı şəhid olmuş 460-dan çox polis ailələri də dövlətin qayğısından yararlanaraq bu vəsaiti alacaq.
Artıq Fərmanın icrası ilə bağlı işlər başlanıb. Dövlət başçısının Fərmanının icrası ilə bağlı müvafiq dövlət qurumlarına tapşırıqlar verilib. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev Azərbaycanda əhalinin sosial rifahının yüksəlməsi məsələsinə böyük həssaslıqla yanaşır, o cümlədən şəhid ailələrinə daim qayğı göstərir.