YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin müasir dünyanın qlobal tələblərinə uyğun siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib

Müsahibimiz Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov

- Fuad müəllim, qarşıdan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Hazırda beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi bir şəraitdə dünyada yaşayan azərbaycanlıların həmrəyliyinin daha da gücləndirilməsi aktual məsələlərdən biridir. Bu mənada, dövlətimizin diaspor siyasətinin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...

- 1993-cü ildə Ümummillli lider Heydər Əliyevin, xalqın təkidi ilə, yenidən hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılması, diaspor quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi bu sahədə xüsusi dövlət qurumunun yaradılması ilə nəticələndi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 2002-ci ilin 5 iyulunda «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman imzalandı. 2008-ci ildə isə ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bu illər ərzində azərbaycanlıların təşkilatlanması istiqamətində müəyyən işlər görüldü, türkdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələr quruldu və birgə fəaliyyət strategiyası qəbul olundu.Dünyada gedən qloballaşma prosesi, xalqlar arasında sürətli inteqrasiya meyillərinin güclənməsi bu gün diaspor quruculuğu sahəsində daha effektiv işlər görməyi qaçılmaz edir. Əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu diaspor siyasətinin mahiyyəti azərbaycanlıların tarixi vətənləri ilə əlaqələrini inkişaf etdirməkdən, xaricdə yaşayan azərbaycanlıların mədəni-siyasi hüquqlarını müdafiə etmək və eyni zamanda diasporun poten­sia­lından faydalanaraq dövlətlərarası münasibətlərin inkişafına töhfə verməkdən, ölkəmizin milli maraqlarının təbliğinə və siyasi arenada təsir gücünün artmasına şərait yaratmaqdan ibarət idi. Mövcud vəziyyət belə deməyə əsas verir ki, Azərbaycan  bu məqsədlərə çatmaq üçün  xeyli yol qət edib.

Müasir dövrdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementlərindən birinə çevrilib. Yeni dünya düzəni və qloballaşma prosesləri diaspor siyasətinin  tarixi məzmununu dəyişməkdədir. İndi diasporlar yalnız müəyyən bir dövlətin ərazisində məskunlaşmış eyni milli mənsubiyyətli insanların yaratdıqları ictimai hərəkat və ya birlik kimi nəzərdən keçirilmir, onlar həm də təmsil etdikləri xalqın milli maraqlarının fəal müdafiəçisi kimi tanınır. Diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatının vacib komponentinə çevrilir, xarici siyasətə təsir imkanları əldə edir, dövlətlər arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Diasporların dövlətlər arasındakı münasibətlərə təsiri onların daxili mahiyyəti, özünəməxsus xarakteri, konkret bir mədəniyyətin daşıyıcısı olması, təmsil etdiyi millətin, xalqın, yaxud etnosun tarixi mənafelərini ifadə etməsi ilə bilavasitə bağlıdır. Çünki dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir xalqın diasporu yalnız özünün hüquq və azadlıqlarının qorunmasına çalışmır, həm də milli mədəni irsini təbliğ etməyə, tarixi Vətəni haqqında rəy formalaşdırmağa, onun rifahı və inkişafına dəstək olmağa səy göstərir. Bu, icma və birliklərin əhatəsində olduğu xarici mühitin təsiri altında formalaşmır, diasporun özünəməxsus keyfiyyəti olub onun mentalitetinin, tarixi yaddaşının, milli şüurunun, “milli mənlik” qürurunun təzahürü kimi özünü göstərir. Lakin dünyanın movcud diaspor ənənələri göstərir ki, bu birliklərin fəaliyyəti yalnız milli-mənəvi və mədəni dəyərlərin qorunması və milli varlığın təsdiqi dairəsi ilə məhdudlaşmır. Ölkəsindən kənarda yaşayan milli icmaların siyasi-iqtisadi mənafelər baxımından öz dövlətinin və xalqının maraqlarına xidmət etməsi, dövlətlərarası münasibətlərə təsir göstərməsi də vacib faktor kimi beynəlxalq siyasətdə aktiv şəkildə tətbiq edilməkdədir.Diasporların dövlətlər arasındakı münasibətlərin inkişafı haqqında danışarkən, Azərbaycanın bu sahədəki təcrübəsinə diqqət yetirmək yerinə düşür. XX yüzilliyin sonlarında dünyada baş vermiş mürəkkəb ictimai-siyasi proseslər, Sovet İttifaqının süqutu, birqütblü dünyanın yaranması, yeni müstəqil dövlətlərin meydana çıxmasından sonra diaspor quruculuğu işinin əhəmiyyəti daha da artmağa başladı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Dövlət müstəqilliyini əldə etdikdən sonra,Azərbaycan qısa vaxtda milli dövlət quruculuğu, iqtisadi, demokratik inkişaf, beynəlxalq aləmdə tutduğu mövqeyinə görə regionun lider dövlətinə çevrildi. Bu inkişaf həm də Azərbaycan diasporunun yaranması, onun formalaşması, təşkilatlanması, mütəşəkkil qüvvəyə çevrilməsinə şərait yaratdı. Əldə edilmiş nailiyyətlər, eyni zamanda dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsi, ölkəmizin milli maraqları ətrafında sıx birləşməsi üçün güclü zəmin formalaşdırdı. Soydaşlarımızın tarixi Vətənlə əlaqələrini daha da gücləndirmək istiqamətində Ümummilli liderin atdığı mühüm addımlar tədricən nəticəsini verməyə başladı və 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi kimi tarixi hadisə baş verdi. Dünya azərbaycanlıları ilk dəfə olaraq Bakıda bir araya gəldi, qarşıda duran vəzifələri, problemləri, onların aradan qaldırılması yolları müzakirə edildi. Ümummilli liderin diaspor quruculuğu sahəsində ardıcıl olaraq həyata keçirdiyi uzaqgörən siyasəti nəticəsində Azərbaycan diasporunun tarixində yeni bir mərhələ başladı.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin müasir dünyanın qlobal tələblərinə uyğun siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr  möhkəmlənib, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi, həmçinin ölkələr daxilində siyasi proseslərə, az da olsa təsir göstərilməsi istiqamətində bir sıra nailiyyətlərə imza atılıb. Bəzi ölkələrin diaspor təcrübəsinə baxdıqda görünən odur ki, diaspor ilə sarsılmaz bağlar qura bilən ölkələr, beynəlxalq arenada daha güclü tərəfə çevrilirlər. Ölkəmiz də, məhz  bu hədəfə doğru irəliləyir.Qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirərək diaspor quruculuğu işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində önəmli addımlar atmaqdadır.

Bu istiqamətdə Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda ictimai-siyasi xadim kimi böyük işlər görən birinci xanım, Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna rolu xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılan internet portalı (http://www.justiceforkhojaly.org), müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb.

Daha dəqiq desək, Fondun dəstəyi ilə 2007-ci ildən başla­yaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşə­kil­lər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur.Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.

Bu gün Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində daha bir yeni mərhələ başlayıb. Müasir dünyanın çağırışları yeni diaspor strategiyasının hazırlanmasını zəruri etdiyindən Diasporla İş üzrə Dövlət Komitəsinin yeni “Strateji Yol Xəritəsi” işlənib hazırlanıb və icrası istiqamətində addımlar atılır.

- Fuad müəllim, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunduqdan sonra Szin ilk işlərinizdən biri xaricdəki diaspor nümayəndələri ilə görüşlərin keçirilməsi oldu.  Bu görüşlərdən çıxan nəticələr nədən ibarətdir?

- Dövlət Komitəsi tərəfindən ölkə başçısının tapşırıqlarına, Komitənin Əsasnaməsinə və digər norma­tiv-hüquqi sənədlərə uyğun olaraq dünya azərbaycanlılarının birləşdirilməsi, soy­daş­­ları­mızın fəaliyyətinin koordinasiya edilməsi, diaspor hərəkatının gücləndi­rilməsi, milli-mədəni irsin təbliği, işğal edilmiş ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyə­tinə çatdırılması və həmvətənlərimizin xarici ölkələrin ictimasi-siyasi həyatında fəal mövqe tutması, siyasi-iqtisadi təsir imkanlarına malik olması  istiqamətində ardıcıl tədbirlər həyata keçi­rilir.Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün dövrün tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyinatımdan sonra strateji hədəflərə yönələn yenilənmiş fəaliyyət proqramı çərçivəsində artıq intensiv tədbirlərin həyata keçirilməsinə başlanılıb. Türkiyə, Fransa, Almaniya, Rumıniya, Ukrayna, Rusiya, Gürcüstan, İsveçrə, İsveç, Hollandiya, Çin və Amerika Birləşmiş Şatatlarına səfərlər edilib, soydaşlarımız və diaspor fəalları ilə görüşlər keçirilib, onların problemləri öyrənilib və həlli istiqamətində əməli tədbirlər görülür. Diaspor təşkilatları arasında birliyin təmin edilməsi, soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətinə nail olunması məqsədilə Almaniya, Fransa, İsveçrə, İsveç, Hollan­diya, Skandinaviya və Amerika Birləşmiş Ştatlarında Azərbaycanlıların Koor­dinasiya Şuraları təsis edilib.Eyni zamanda, bu ölkələrdə Azərbaycanın diaspor fəaliyyətinin səmərəliliyinin artırılması və tədricən güclü lobbiçilik ənənələrinə keçid istiqamətlərinin müəyyənləşdirilməsi üçün Komitə rəsmilərinin həmin ölkələrdə tarixi əhəmiyyət kəsb edən bir sıra görüşləri keçirilib. Bu gün dünyanın təqribən 50 ölkəsində 556 diaspor təşkilatı mövcuddur. Ümumiyyətlə isə son 8 ayda Dövlət Komitəsinin nümayəndə heyəti 11 ölkədə diasporumuz ilə görüşlər keçirib, onların vəziyyəti ilə yerindəcə tanış olunub və fikir mübadiləsi aparılıb.

Dünyada yaşayan azərbaycanlı gənclərin birliyinin daha da möhkəmləndirilməsi yolunda atılmış növbəti  addımlardan biri bu ilin avqust ayında 37 ölkədən 140 gəncin iştirakı ilə“Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsinin keçirilməsi və burada “Azərbaycan Diaspor Gəncləri” şəbəkəsinin təsis edilməsidir. Bir sözlə, soydaşlarımızın yaşadıqları dövlətlərin cəmiyyətinə dərindən inteqrasiya olunması, həmin ölkələrin ictimai-siyasi, iqtisadi və mədəni həyatında getdikcə daha fəal rol oynaması zəruridir. Bunlar respublikamızın beynəlxalq əlaqələrinin genişlənməsinə, Azərbay­can reallıqlarının dünyaya daha yaxşı təqdim olunmasına, zəngin və çoxşaxəli mədəni irsimizin təbliğinə əlverişli şərait yaradır. Eyni zamanda, dünyanın müxtəlif şəhərlərində artıq fəaliyyətə başlayan, gələ­cəkdə digər ölkələrdə də açılması nəzərdə tutulan Azərbaycan mədəniyyət mərkəz­ləri və Azərbaycan dili məktəbləri diasporumuzun imkanlarını daha da artırır. Azərbaycan dövlətinin dəstəyi, ölkə başçısı cənab İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısı və bu istiqamətdə verdiyi tapşırıqlar diaspor təşkilatlarımızin bundan sonra da öz səylərini daha da gücləndirəcəyinə böyük ümidlər yaradır. Bir məsələni də xüsusi qeyd etmək istərdim ki, müxtəli ölkələrdə keçirdiyimiz görüşlərdə azərbaycanlıların birliyinə təkan verildi, Azərbaycan dövlətinin xaricdəki azərbaycanlıara diqqət və qayğısıbir daha təsdiqləndi, Azərbaycana dost diaspor təşkilatları ilə Azərbaycan diaspor təşkilatları, eyni zamanda DİDK arasında əməkdaşlığın əsası qoyuldu, diaspor təşkilatları ilə təcrübə mübadiləsi sahəsində tarixi razılaşmalar əldə olundu, yerli rəsmilərlə görüşlərdə həmin ölkələrdəki azərbaycanlıların problemləri qaldırıldı və onların həllinə mümkün təkan verildi, Azərbaycan adı bir daha təbliğ olundu, azərbaycanlıların bu ölkələrdəki mövqeyinə əhəmiyyətli müsbət təsir göstərildi, Dövlət səviyyəsində diaspora dəstəyin artdığı sübut olundu,Amerikadakı Azərbaycan diasporunun fəaliyyətinin güclənməsinə stimul verildi.

- Dövlət Komitəsi tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində hansı addımlar atılır?

-Xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması ilə əlaqədar dünyadakı beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin miqrasiya və bilavasitə diaspora məsul dövlət orqanları, qeyri-hökumət qurumları,Azərbaycandakı beynəlxalq təşkilatlar və səfirliklər ilə birbaşa əməkdaşlıq yaradılıb. Səfərdə olduğumuz hər bir ölkədə müvafiq qurumlarla da görüşlər keçirir, soydaşlarımızınproblemlərini onların diqqətinə çatdırır, problemlərin həlli  yolları ilə bağlı müzakirələr aparır və dəstək olmağa çalışırıq. Almaniya və Fransa DİN, ABŞ Dövlət departamenti,dünyanın bir çox elm və təhsil ocaqları ilə əməkdaşlıq qurulub.Diasporla iş üzrə Dövlət Komitəsi xaricdəki azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı daha bir vacib təşəbbüsə qoşulub.Azərbaycanlıların Xarici ölkələrdə insan alverinin qurbanına çevrilməsinin qarşısının alınması və eyni zamanda, qurban olmuş şəxslərin xilas edilməsi işinə Dövlət Komitəsi, eləcə də xaricdəki Azərbaycan diaspor təşkilatlarının cəlb edilməsi üçün Beynəlxalq Miqrasiya Təşkilatı ilə müzakirələr aparılır.       Bununla birgə, soydaşlarımız və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləş­dirilməsi məqsədi ilə Komitədə Milli Məclisin nümayəndələrinin iştirakı ilə müvafiq işçi qrupu yaradılıb. Bu istiqamətdə xarici təcrübə öyrənilərək, qanunun ilkin variantı hazırlanıb.Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Türkiyə Res­pub­likasında şəxsiyyəti təsdiq edən sənədləri olmadan məskunlaşmış azərbaycanlıların problemlərinin həlli, soydaşlarımızın müvafiq sənədlər əldə etməsi istiqamətində davamlı işlər görülür. Bu məsələ ilə bağlıXarici İşlər Nazirliyi, Daxili İşlər Nazir­liyi və s. digər  əlaqədar qurumların əməkdaşlarından ibarət işçi qrup yaradılıb. İşçi qrupu Türkiyəyə ezam edilərək müvafiq görüşlər keçirib. Səfər zamanı işçi qrupu tərəfindən soydaşlarımızın sənədləri toplanaraq onların hazırlanması üçün müvafiq dövlət qurumlarına təqdim edilib.Bu istiqamətdə digər ölkələrdə də iş aparılır. Bizə daxil olan müraciətlərə görə, bir neçə ölkədə həmvətənlərimizlə bağlı analoji problemlər var və bu istiqamətdə yaxın gələcəkdə digər dövlət qurumları ilə birgə fəaliyyətə başlanılacaq.

Soydaşlarımızın hüquq və azadlıqlarından danışarkən Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini də unuda bilmərik. Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məsələ hər zaman ölkə rəhbərliyinin və komitənin diqqətindədir. Gürcüstan hökuməti də bu problemlərin həlli istiqamətində addımlar atıb. Bu ilin iyun ayında Dövlət Komitəsinin nümayəndə heyəti ilə Gürcüstanda səfərdə olduq, azərbaycanlılar yaşayan bölgələrdə yerli sakinlərlə görüşüb onların problemləri, qayğıları ilə tanış olduq, icra orqanlarının nümayəndələri və bir sıra rəsmi qurumlarda görüşlər keçirdik. Həmvətənlərimizin burada təhsil, səhiyyə və sosial problemlərini öyrəndik. Lakin diqqət yetirdiyimiz ən önəmli məsələ Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətinə inteqrasiyasına nail olmaqdır. Çünki, yalnız cəmiyyətə inteqrasiya etmiş, vətəndaşı olduğu dövlətin dilini, qanunlarını bilən bir toplum öz hüquqlarını qoruya, normal yaşam şərtlərini təmin edə bilər. Eyni zamanda, bildirim ki, səfər çərçivəsində Heydər Əliyev Fondu adından Bolnisi və Qardabani rayonunlarına yüksək tibbi imkanlara malik təcili tibbi yardım avtomobili hədiyyə edilib.

Təbii ki, Gürcüstan azərbaycanlılarının problemlər uzun illər ərzində yığılıb qalmış, SSRİ-nin süqutundan sonra yaranmış situasiyanın doğurduğu fəsadlardır və soydaşlarımızın orada torpaqla təmin olunmasından tutmuş, təhsil sahəsinə qədər çox problemləri var. Bunlar qısa zamanda həll olunası məsələlər deyil və inanırıq ki, Azərbaycan hökumətinin Gürcüstan hökuməti ilə sıx əməkdaşlıq şəraitində bu problemlər tədricən həllini tapacaq.         

Regionla bağlı problemlərlə yanaşı, ümumi problemlər də mövcuddur. əslində buna problem deməzdim, sadəcə görüləsi işlərdir. Yəni, dilimizin qorunması və yaşadılması, soydaşlarımızın assimlyasiya deyil, inteqrasiya etməsi hər zaman aktualdır və Dövlət Komitəsi olaraq da bu məsələlər qarşımızda qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə də davamlı işlər görülür, məsələn, bu yaxınlarda İsveçrədə “Qarabağ” adlı Azərbaycan dili və mədəniyyəti məktəbi açılaraq, soydaşlarımızın istifadəsinə verilib, Fransanın Nant şəhərində də belə bir tədris ocağının açılması planlaşdırılır.                                  

Hazırda Komitə xaricdə Azərbaycan məktəblərinin sayının artırılması, soydaşlarımızın dilimiz, tariximiz, mədəniyyətimiz və ümumilikdə ölkəmiz haqqında daha geniş informasiyalar əldə etməsi üçün ardıcıl addımlar atır. Amma görülən işlər, yalnız məktəblərlə tamamlanmır. Bir sıra ölkələrdə müvafiq kurslar fəaliyyət göstərir. Davamlı olaraq fəaliyyət göstərən kurslarda Azərbaycan dilinin, mədəniyyətinin incəlikləri nəinki soydaşlarımıza, onların övladlarına, eyni zamanda xarici ölkə vətəndaşlarına da öyrədilir. Görülən bu işlərdə məqsəd miqrasiya etmiş soydaşlarımızın adaptasiyasına dəstək olmaq, uşaqların inkişafını təmin etmək, onlara Azərbaycan adətlərini aşılamaq, dilimizi yaşatmaq, mədəniyyətimizi və tariximizi öyrətmək, həmçinin gənc nəsil arasında istedadların aşkar olunaraq inkişafına kömək etməkdir. Bütün bunlar, həm də azərbaycanlı ailələrin bir-biri ilə ünsiyyəti baxımından faydalıdır.

Beləliklə də, Azərbaycan dili və mədəniyyətinin təbliği ilə yanaşı, həm də Azərbaycanın zəngin tarixi-mədəni irsə malik olduğu, azərbaycanlıların tolerant və sülhpərvər bir xalq olduğu bir daha dünyaya bəyan edilir. Eyni vaxtda, istər məktəb­lərin, istərsə də kursların fəaliyyətində Azərbaycan həqiqətlərinin təbliği, torpaqlarımızın işğalı, Qarabağ problemi ilə bağlı informasiyaların dünya ictimaiyyətinə çatdırılması əsas hədəflərdən biri kimi saxlanılır. 

- Xarici ölkələrin diaspor siyasətinə cavabdeh dövlət qurumları və müxtəlif xalqların diaspor təşkilatları ilə qarşılıqlı əməkdaşlığa dair hansı addımlar atılıb və bu istiqamətdə gələcək planlarınız nədir?

- Dövlət Komitəsi ilk dəfə olaraq xarici ölkələrin diaspor siyasətinə cavabdeh dövlət qurumları ilə qarşlıqlı əməkdaşlıq haqqında Memorandum imzalayıb. Bu anlaşma ilk olaraq bizimlə Rumıniyanın Xa­ric­də Ya­şa­yan Ru­mınlar­la İş üz­rə Nazirliyi arasında baş tutub. Sənəd iki strateji tərəfdaş ölkənin di­as­porunun bir­gə əmək­daş­lı­ğı­nı və təc­rü­bə mü­ba­di­lə­si­ni nəzərdə tutur. Me­mo­ran­dum iki öl­kə di­as­por­la­rı­nın ya­xın­laş­ma­sı, bir­gə fəa­liy­yət gös­tər­mə­si, la­yi­hə­lə­rin ye­ri­nə ye­ti­ril­mə­si, bir-bi­ri­nin təc­rü­bə­sin­dən bəh­rə­lən­mə­si is­ti­qa­mə­tin­də mü­hüm əhə­miy­yət kəsb edir.Rumıniya səfər çərçivəsində eyni zamanda, Xa­ric­də Ya­şa­yan Ru­mın­lar­la İş Ko­mis­si­ya­sı­nın səd­ri se­na­tor Vio­rel Ri­çard Ba­dea, Ru­mı­ni­ya­nın Baş na­zi­ri Vio­ri­ka Dan­çi­la­nın iş apa­ra­tın­da döv­lət mü­şa­vi­ri And­reea Pas­tar­nak və Baş na­zi­rin stra­te­ji tə­rəf­daş­lıq­la­rın tət­bi­qi üz­rə müa­vi­ni Ana Bir­çal ilə gö­rüş­lər ke­çi­ri­lib. Gö­rüş­lər­də iki öl­kə di­as­por­la­rı ara­sın­da əmək­daş­lı­ğın is­ti­qa­mət­lə­ri mü­za­ki­rə olu­nub. 2009-cu il­də im­za­lan­mış Stra­te­ji tə­rəf­daş­lı­ğın ya­ra­dıl­ma­sı haq­da Bir­gə Bə­yan­na­mə və Stra­te­ji tə­rəf­daş­lı­ğın hə­ya­ta ke­çi­ril­mə­si üz­rə Bir­gə Fəa­liy­yət Pla­nı­nın va­cib­li­yi­nə to­xu­nulub, iq­ti­sa­di əla­qə­lə­rin, qar­şı­lıq­lı sər­ma­yə qo­yu­luş­la­rı­nın ge­niş­lən­di­ril­mə­si­nin önə­mi­ qeyd edilib.İmzalanmış Memorandumla əlaqədar xüsusi işçi qrup yaradılıb və artıq sənəd üzərindən əməli işə keçilib. Belə ki, bu ayın əvvəlindəDiasporla İş üzrə Dövlət Komitəsi ilə Rumıniyanın Xaricdəki Rumınlarla İş üzrə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrup Buxarestdə görüşüb, gələcək əməkdaşlığın istiqamətlərini müzakirə edib.

Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Toplulukları İdarəsi ilə Komitə arasında da “Diasporla iş sahəsində əməkdaşlığa dair anlaşma Memorandomu” imzalanıb. Bu sənəd qardaş ölkənin analoji qurumu ilə daha sıx və səmərəli əməkdaşlığa şərait yaradacaq. Hazırda İsveçrə, Meksika, Misir və İsrailin diaspor üzrə məsul dövlət qurumları ilə  də memorandumun imzalanması üçün danışıqlar aparılır.         Xüsusi qeyd olunmalıdır ki, son dövrdə digər xalqların diasporları ilə, konkret olaraq dünyanın müxtəlif yerlərində yaşayan yəhudi, rusdilli diasporlar və pakistan, meksika, koreya diasporları ilə də əlaqələr yaradılıb,sıx əməkdaşlıqların qurulması istiqamətində əməli iş aparılır.

- Məlumdur ki, hər bir yeni dövrün yeni çağırışları mövcuddur. Rəhbərlik etdiyiniz Dövlət Komitəsi bu çağırışlara cavab vermək üçün nə kimi işlər görməyi nəzərdə tutur?Bu istiqamətdə innovativ addımlar nədən ibarət olacaq?

- Bu gün ölkəmizdə innovativ inkişaf üçün ciddi addımlar atılır və ildən-ilə genişlənir. Bu prosesdə informasiya texnologiyaları sahəsi mühüm rola malikdir. Dövlət Komitəsi də informasiya-kommunikasiya texnologiyalarının imkanlarından yararlanaraq müxtəlif innovativ layihələr həyata keçirməkdədir.

Dövlət Komitəsinin rəsmi internet saytı yeni tərtibatda, üç dildə istifadəyə verilib;

Saytın təhlükəsizliyi maksimum səviyyədə təmin edilib;

Statistik göstəricilər nəzərə alınmaqla saytın mobil və digər qurğuları dəstəkləməsi təmin edilib;

Sayt sosial şəbəkələr ilə tamamilə inteqrasiya edilib və həm vebsayt üzrə, həm də ayrıca sosial şəbəkələr üzrə əhatəli analitik hesabatların qeydiyyatı aparılır;

Diasporamap.com inforqrafik xəritə patformasını istifadəyə verdik, müxtəlif ölkələrdəki diaspor təşkilatlarını və tanınmış azərbaycanlıları ölkələr üzrə topladıq. Qeyd edim ki, bu istiqamətdə işlərimiz davam edir, təşkilatların vahid bazası təkmilləşdirilir;

Dövlət Komitəsinin loqo və üslubunu çoxsaylı təkliflər nəzərə almaqla yenidən tərtib etdik;

Multimedia məhsullarının sayını artırmaqla Dövlət Komitəsi haqqında informasiya boşluğunu doldurmağa nail olduq. Video və inforqrafik çarxlar, slayd və təqdimat xarakterli informasiyalar saytımızın və sosial şəbəkələrin köməyi ilə geniş ictimaiyyətə çatdırılır;

Komitənin internet televiziyası Diaspor TV yaradılaraq aktiv fəaliyyəti təmin edilmişdir.Diaspor TV-də“Dünyada yaşayan azırbaycanlıları tanıyaq-tanıdaq” layihəsi həyata keçirilir. Layihə çərçivəsində, uğur əldə etmiş soydaşlarımız haqqında videorolik­lər hazırlanaraq yayımlanır. Onlayn Azərbaycan dili dərsləri təşkil edilir, “Azər­bay­can dilində danışan xaricilər” və “Qarabağ” rubrikası da fəaliyyət göstərir. Burada Qarabağ haqqında 5 cümlə 5 dildə yayımlanır. “Sabahın xeyir, Azərbaycan” rubrikası var, xaricdə yaşayan soydaşlarımız, əsasən gənclər ölkəmizi salamlayır, sabahın xeyir Vətən söyləyirlər.

Paralel olaraq, Komitənin İctimai Televiziya ilə birgə layihəsi çərçivəsində ayda bir dəfə  “Vətən uzaqda deyil” adlı veriliş yayımlanır. Verilişdə xaricdə yaşayan soydaşlarımızla müsahibələr, həyata keçirilən layihələr barədə videoreportajlar və s. yer alır.

Müasir dövrün tələbinə uyğun olaraq sosial şəbəkələrə – əsasən facebook, twitter, youtube-a diqqət artırılıb. Xüsusilə, sosial şəbəkələr üçün müxtəlif rubrikalar üzrə hazırlanmış multimedia materialları və rəsmi vebsaytın informasiya paylaşımları hesabına izləyicilərin sayında böyük artım oldu və proses sürətlə davam etməkdədir.Diaspor təşkilatlarına onların elektron və sosial mediada işini gücləndirmək məqsədilə informasiya-kommunikasiya texnologiyaları sahəsində tam ödənişsiz texniki dəstək təklif edirik. Diaspor təşkilatlarının internet saytlarının hazırlanması, e-poçt xidmətlərinin yaradılması və digər innovativ məsələlərdə, eləcə də sosial mediada marketinq işinin təşkilinə dair dəstək göstərəcəyik. Bu məqsədlə, diaspor təşkilatlarının qeydiyyata alınması prosesi davam edir və artıq 85 təşkilat qeydiyyatdan keçib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin radiosu Diaspor.FM test yayıma başladı. Həm veb üzərindən, həm də mobil tətbiq vasitəsi ilə yayım aparılır.

Həyatda olan, dünyadan köçmüş, dünya tarixinə və dünya gündəminə iz salmış azərbaycanlıların bioqrafiyalarının toplandığı bank yaradılır. Bank onlayn rejimdə fəaliyyət göstərəcək və ətraflı axtarış sisteminə malik olacaq.

Bu tip layihələrin həyata keçirilməsində əsas hədəflərimizdən biri də internet məkanında Azərbaycan həqiqətləri ilə bağlı informasiyaların – kontentin üstünlüyünənail olmaqdır.

Xaricdə yaşayan azərbaycanlıların diqqətini cəlb etmək, onları simvolik və virtual formada birləşdirmək, həvəsləndirmək üçün də planlarımız var. Bu planlar innovativ əsaslara söykənir. Bu səbəbdən daha effektiv fəaliyyətin qurulmasına inanırıq.

- Xaricdəki azərbaycanlıların yaşadıqları ölkələrdə ictimai-siyasi proseslərdə aktiv iştirakını təmin etmək də bu gün aktual mövzulardan biridir. Bununla əlaqədar mövcud mənzərə necədir?

   - Diaspor quruculuğu sahəsində dövlətimizin apardığı ardıcıl siyasət, ölkə başçısının tapşırıqlarına uyğun olaraq hər bir müəyyən dövr üçün tətbiq edilən yeni proqramlar öz bəhrəsini verir. Görülən ardıcıl tədbirlər, dövlət tərəfindən işlənib hazırlanan konkret strateji istiqamətlər həm­vətənlərimizin məskunlaşdıqları ölkələrin cəmiyyətlərində mövqelərini genişləndirməyə imkan yaradır. Azərbayca­nın dünyaya tanıdılmasına, zəngin mədəniyyətimizin təbliğinə vəsilə formalaşdırılır, bəzi antimilli qüvvə­lərin dövlətimiz və xalqımız əleyhinə yönəlmiş məkrli planla­rına qarşı təsirli təd­bir­lərin görülməsi nəticələrini verir. Amma hesab edirik ki, diaspor təşkilatlarımız bundan sonra da səylərini artırmalı, Komitənin hazırladığı yeni yol xəritəsinə uyğun Azər­baycanın müvafiq dövlət qurumları və xarici ölkələrdəki diplomatik nümayən­dəlik­ləri ilə əməkdaşlıq şəraitində daha məqsədyönlü və çevik fəaliyyət göstərməlidirlər.Artıq Xarici İşlər Nazirliyi və Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında razılaşmaya uyğun olaraq Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərinə birgə fəaliyyətlə bağlı müvafiq məktub göndərilib. Bu istiqamətdə digər əlaqələndirmə tədbirlərinin həyata keçirilməsi də gündəlikdə duran məsələlər sırasındadır və yeni fəaliyyət proqramları çərçivəsində atılan addımların müvafiq nəticələrinin təhlili göstərir ki, ayrı-ayrı ölkələrdəki Azərbaycan diaspor təşkilatları öz fəaliyyətlərində yeni, effektiv iş mərhələsinin başlandığını etiraf edir.  Təşkilat rəhbərləri Diasporla İş üzrə Dövlət Komitəsinin işindəki sağlam istiqaməti, aparılan islahatları və ən əsası, isti münasibətləri təqdir edir. Artıq bir ölkə daxilində bir-biri ilə çəkişən, umu-küsü saxlayan diaspor təşkilatı demək olar ki, yoxdur. Sağlam idarəçilik, səmimi münasibət demək olar ki, bütün vətənsevər qüvvələrin bir araya gəlməsinə şərait yaradıb.Ölkə başçısı, cənab İlham Əliyev tərəfindən yaradılan Diaspora Dəstək Fondu isə dünyada Azərbaycanın diaspor ənənələrinin daha da inkişaf etməsinə möhkəm təməl formalaşdıracaq. Xarici ölkələrdəki təşkilatlarımız Komitə ilə yaxın münasibətlər qurmaqla dövlətə, xalqa, milli dəyərlərə sahib olmaq yolunda iri addımlarla hərəkət edə biləcəklər.Tərəfimizdən aparılan təhlillərin ilkin nəticələri göstərir ki, diaspor təşkilatlarında səmərəli və effettiv fəaliyyət üçün təməlli motivasiya yaranıb. Yeni yaradılan Koordinasiya Şuralarında əlaqələndirmə sahəsində mühüm addımlar atılır. Təşkilatlar ayrı-ayrılıqda fəaliyyət konsepsiyalarının hazırlanmasına başlamaqla, təmsil olunduqları ölkələrdə yalnız milli-mənəvi dəyərlərin deyil, Azərbaycan həqiqətlərinin də təbliğini, erməni diaspor təşkilatlarının həmlələrinin qarşısını almağı və yaşadıqları cəmiyyətin ictimai-siyasi həyatına nüfuz etməyin perspektivlərini dəqiqləşdirirlər. Möhkəm təşkilatlanma, dayanıqlı fəaliyyət, xarici ölkələrin siyasi-iqtisadi həyatında önəmli yerlərə ucalmaqla təsir imkanlarının genişləndirilməsi yeni mərhələ üçün bir məqsəddir, hədəf isə bütün təşkilatlar üzrə tədricən lobbiçilik ənənələrinə keçidin təmin olunması ilə Azərbaycan dövlətinin və xalqının mənafelərinin, milli maraqlarının qorunmasıdır.  

- Fuad müəllim, artıq 2018-ci il başa çatmaqdadır. Gələn il Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılması istiqamətində hansı işlərin həyata keçirilməsi  nəzərdə tutulur? Xüsusilə, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin beynəlxalq miqyasda ifşa olunması, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönündə Dövlət Komitəsi hansı tədbirləri həyata keçirəcək?

- Müasir dövrdə informasiya müharibəsi, şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri, Azərbaycan diaspor hərəkatında gənclərin rolu, lobbi quruculuğu, cəmiyyətə inteqrasiya və siyasi həyatda fəallığın artırılması kimi mühüm məsələlər, həmçinin təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi diqqət mərkəzində olacaq. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq ictimaiyyətin müəlumatlandırılması, konkret hadisələr üzrə faktların dünya ictimaiyyətinə çatdırılması cənab Prezidentin hər birimizin qarşısında müəyyən etdiyi ən vacib məsələlərədn biridir. Bu istiqamətdə görülən işlərdən danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu sahədə rolunu təkrarən qeyd etmək istərdim. Onun təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniya ən önəmli addımlardandır.

Qeyd etmək yerinə düşər ki, görülən bu işlər yalnız müəyyən vəzifə daşıyıcılarının və ayrı-ayrı ictimai xadimlərin deyil, bütövlükdə hər bir azərbaycan­lının, hər bir vətənsevərin, eləcə də beynəlxalq hüquq normalarına hörmətlə yanaşan hər bir insanın borcudur. Diasporla İş üzrə Dövlət Komitəsi olaraq da soydaşlarımızla bu istiqamətdə söhbətlər aparılır, təşkilatlara həqiqətlərin təbliğində bütün mümkün dəstək göstərilir. Biz təşkilatları bütün zəruri əyani vəsaitlərlə təmin edirik, onlara təbliğat dəstəyi göstəririk. Biz hər hansı diaspor təşkilatının fəaliyyət planına düzəliş və ya hər hansı təsir etmirik. Sadəcə təşkilatlar dövlətimizinməqsəd və hədəflərini, o cümlədən Komitənin qarşısında dayanan vəzifələri bilirlər və öz fəaliyyət planlarını da buna uyğun qururlar.