MÜSAHİBƏLƏR
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib
- Vüsal müəllim, məlum olduğu kimi bu gün Azərbaycan Respublikası uğurlu daxili və xarici siyasət həyata keçirir. Bu mənada, dövlətimizin miqrasiya siyasətinin əsas prioritetləri nədən ibarətdir?
- Şərqlə Qərbin qovşağında yerləşən, Cənubi Qafqazda təkrarsız təbiətə, çoxəsrlik mədəniyyətə, qədim tarixə və müasir sürətli sosial-iqtisadi inkişafa, turizm imkanlarına sahib olan müasir müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir. Bu inkişafın əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Dahi öndərin düşünülmüş və uzaqgörənliklə həyata keçirdiyi siyasət bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar, qlobal enerji layihələrinin uğurlu icrası, qeyri-neft sektorunun sürətli inkişafı respublikamızın dünya siyasi arenasında müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib.
“Əlbəttə ki, bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik” söyləyən Prezident İlham Əliyevin sözlərini Azərbaycanın inkişaf modelini başqalarına nümunə göstərən beynəlxalq təşkilatlar da təsdiqləyir.
Dünya İqtisadi Forumunun açıqladığı "Qlobal Rəqabət Qabiliyyəti 2017-2018" hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə 137 ölkə arasında 35-ci, MDB məkanında isə 2009-cu ildən etibarən 1-ci yerdədir. Qlobal rəqabət indeksinə görə Azərbaycan regionun ən rəqabətqabiliyyətli iqtisadiyyatına malikdir və qonşu ölkələrlə müqayisədə ön sıradadır. Eləcə də Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının dərc etdiyi “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Fərəhli haldır ki, Azərbaycan dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında liderdir.
Azərbaycanın sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə bütün sahələrində əldə edilən dinamik inkişaf əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizə marağını artırıb. Dünyada tolerant və multikultural, təhlükəsiz ölkə kimi tanınan Azərbaycana istirahət etmək, yaşamaq və işləmək üçün gəlmək istəyən əcnəbilərin sayı ildən-ilə artır.Statistik rəqəmlərə nəzər salsaq, görərik ki, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2 milyon 420,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu rəqəmlər Azərbaycanın turizm potensialının inkişafının göstəricisidir.
Son illər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində yaradılan münbit şərait ölkəmizdə iş adamlarına səmərəli fəaliyyəti üçün də mühüm imkanlar yaradıb. Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı tədbirlər, geniş infrastruktur layihələri, Ələt Azad Ticarət Zonasının yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Trans-Anadolu (TANAP) qaz kəmərinin istifadəyə verilməsi, Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Cənub Qaz Dəhlizi layihəsinin reallaşması ölkəmizə xarici investisiyanın cəlb edilməsinə xüsusi təkan verib. Bu da öz növbəsində çevik miqrasiya idarəçiliyini şərtləndirir. Bu baxımdan miqrasiya sahəsində təhlükəsizliyin, şəffaflığın və rahatlığın təmin edilməsi ilə biznes mühitinin inkişafına dəstək olmaq Dövlət Miqrasiya Xidmətinin əsas prioritetlərindəndir. Çünki, turizmin və biznes mühitinin inkişafı miqrasiya məsələləri ilə birbaşa əlaqəlidir.Dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq, Dövlət Miqrasiya Xidməti də bu sahə ilə bağlı mərkəzi icra hakimiyyəti orqanı kimi qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində işəgötürənlərin iş icazəsi ilə bağlı müraciətlərinə tam şəffaf şəkildə baxılmasını təmin edir.Xidmət tərəfindən hər zaman özəl sektora diqqət göstərilir, işəgötürənlərlə mütəmadi görüşlər keçirilir. İş icazələrinin verilməsi prosesini təkmilləşdirmək, şəffaflığı artırmaq və sahibkarların müraciətlərinə operativ baxılmanı təmin etmək məqsədi ilə DMX-də iş icazələrinə baxılma üzrə birbaşa Dövlət Miqrasiya Xidmətinin rəhbərinə müraciət imkanı təmin edən qaynar xətt yaradılıb. İşəgötürən DMX ilə bağlı hər hansı problemlə qarşılaşsa və yaxud iş icazələrinin verilməsi ilə əlaqədar sualı yaranarsa dərhal həmin qaynar xətt vasitəsi ilə Xidmətin rəhbərinə müraciət edə bilər. Xidmətin rəsmi saytında xüsusi pəncərədə qaynar xətt nömrəsi və elektron ünvan yerləşdirilib.
Qeyd edək ki, daxili əmək bazarının qorunması da Xidmətin üzərinə düşən vəzifələrdəndir. Miqrasiya Məcəlləsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir.
Onu da diqqətə çatdırım ki, işəgötürənlər əcnəbi işçi qüvvəsini haqqı ödənilən əmək fəaliyyətinə cəlb etmələri ilə bağlı müəyyənləşdirilmiş prosedurlara əməl etməlidirlər. Qanunsuzluğa yol verməməlidirlər. Onlardan sadəcə ölkə qanunlarına hörmətlə yanaşmaları tələb olunur.
İş icazəsi bir il müddətinə, əmək müqaviləsinin bir ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir. Qeyd edək ki, iş icazəsi ilə bağlı daxil olmuş müraciətlərə 20 iş günü ərzində baxılır. İş icazəsinin müddəti hər dəfə bir ildən çox olmamaq şərti ilə uzadıla bilər.
Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar.
Müddətin uzadılması üçün işəgötürən iş icazəsinin müddətinin bitməsinə azı 30 gün qalmış Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etməlidir.
Ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması üçün islahatların aparılması məqsədilə biznes sektoru nümayəndələri - sahibkarlarla, iş adamlarıilə mütəmadi olaraq görüşlər, biznes forumları keçirilir, səmərəli müzakirələr aparılır, onların təklifləri ətraflı təhlil olunur və nəticəsindən asılı olaraq əsasən nəzərə alınır. Çünki DMX-nin fəaliyyəti ilə bağlı təklif və iradları bilmək, Xidmətin fəaliyyətinin günün tələblərinə uyğun qurulması və ölkəmizə xarici investisiyanın cəlb olunması üçün işgüzar dairələr ilə əməkdaşlıq əlaqələrini genişləndirmək önəmli məsələdir. DMX-nin təşəbbüsü ilə iş icazələri ilə bağlı şəffaflığın təmin edilməsi, işəgötürənlərin rastlaşdıqları çətinliklərin təhlili məqsədilə ölkəmizdə fəaliyyət göstərən yerli və xarici sahibkarlar konfederasiyalarının, iş icazələri üçün müraciət edən iri şirkətlərin nümayəndələrinin təmsilçiliyi ilə Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurası yaradılmışdır.
Bundan başqa ASAN Viza sistemi vasitəsilə elektron əmək vizasının alınması təmin edilib. “ASAN Viza” sistemində viza növlərinin siyahısına əmək vizasının daxil edilməsi, bu prosesin sadələşdirilməsi və asanlaşdırılması Azərbaycan Respublikasına haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, həmçinin Dövlət Miqrasiya Xidmətinə iş icazəsi almaq üçün müraciət edən işəgötürənlərin məmnunluqlarının təmin olunmasına xidmət edir.
- Hazırda Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələri sırasındadır. Sosial-iqtisadi nailiyyətlər ölkəmizi əcnəbilər üçün də əlverişli dövlətə çevirib və bu gün Azərbaycan dünya ölkələrinin vətəndaşları üçün böyük maraq kəsb edir. Bu amil miqrantların ölkəmizə gəlişində əsas rol oynayır. Miqrasiya məsələlərinin tənzimlənməsi ilə əlaqədar qanunvericilik bazası hansı səviyyədədir?
- Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən dövlət orqanıdır. Qurum əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatını, müvəqqəti olma müddətlərinin uzadılmasını, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınmasını, vətəndaşlığa qəbul, bərpa,xitamla bağlı müraciətlərin qəbulunu, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsini, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılmasını və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərini həyata keçirir. Miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılıb, əsaslı tədbirlər həyata keçirilib.
Əcnəbilərin ölkədə olma və yaşamaları, həmçinin iş icazələri ilə bağlı məsələlər qanunvericilik baxımından kifayət qədər sadələşdirilib. Bununla bağlı Miqrasiya Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər edilib.
Məsələn, qanunvericiliyə edilən dəyişikliyə əsasən Azərbaycana daxil olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı müddət artırılıb.Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə edilmiş dəyişikliyə əsasən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədə olduqları yer üzrə qeydiyyatı 10 gündən 15 günədək uzadılıb. Bu da şübhəsiz ki, ölkəmizə turist kimi və yaxud işgüzar qaydada qısamüddətli səfərə gələn şəxslərin məmnunluğunun artırılmasına xidmət edir.
Bundan əlavə, olduğu yer üzrə qeydiyyatla bağlı müraciət imkanları genişləndirilib və “ASAN xidmət” mərkəzlərində də qeydiyyata düşmək imkanı yaradılıb. Bununla bağlı bu ilin may ayında Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Məqsəd olduğu yer üzrə qeydiyyat prosesində şəffaflığı, rahatlığı təmin etməklə mümkün növbələrin qarşısını almaq, xidmətdən istifadə məmnunluğunu artırmaq və şəxslərin müraciət imkanlarını genişlənədirməkdir. Qeyd edim ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.
Qanuna edilən digər dəyişikliklərdən biri də əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkədə olma, yaşama və ya iş icazəsinin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda onların ölkəyə gəlməsinə qoyulmuş məhdudiyyətin götürülməsidir.Əvvəlki qanunvericiliyə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma və ya yaşama, həmçinin iş icazələri qanunvericilikdə nəzərdə tutulan müvafiq əsaslara görə ləğv edilirsə, hər bir halda həmin şəxslər ölkədən çıxarılır və ölkəyə girişlərinə məhdudiyyət qoyulurdu. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəlişinin müəyyən müddətə məhdudlaşdırılması təbii ki, bir çox hallarda biznes sektorunun, sahibkarların işinə müəyyən çətinliklər yaradırdı. Bu kimi maneələri aradan qaldırmaq sahibkarların işini asanlaşdırmağa xidmət edir. Çünki bu gün böyük həcmli və uzunmüddətli xarici investisiyalar daha əlverişli biznes mühiti tələb edir.
Digər məsələ miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisini tərk etməsi və yenidən ölkəyə gəlməsi ilə bağlıdır. Dəyişiklikdən sonra miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati qaydada çıxarılmamaqla inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs cəriməni ödəmədiyi təqdirdə ölkəyə təkrar girişinə hər hansı məhdudiyyət tətbiq edilmədən ölkə ərazisini tərk edə bilməsidir. Bu halda onların ölkəyə girişi cəriməni ödəyənədək məhdudlaşdırılır və cəriməni ödədikdən sonra ölkəyə girişinə qoyulmuş məhdudiyyət dərhal götürülür. Beləliklə də məhdudiyyətin götürülməsi üçün şəxsin əlavə müraciət etməsinə ehtiyac qalmır. Bu yanaşma miqrasiya proseslərinin tənzimlənməsi sahəsində məmnunluğun yüksəldilməsinə xidmət edir.
Ümumiyyətlə, miqrasiya ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklərin məqsədi vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların vəziyyətlərinin yaxşılaşdırılmasına, məmnunluqlarının artırılmasına, rahatlıqlarının təmin edilməsinə, şəffaflığa, ölkə ərazisində ailə bağlılığı və işgüzar əlaqələri olan əcnəbilərin öz hüquqlarından sərbəst istifadəsinə xidmət edir.
- Nəzərə alaq ki, bu gün qeyri-qanuni miqrasiya problemlərinə başqa dövlətlərdə olduğu kimi, Azərbaycanda da rast gəlinir. Bu problemin qarşısının alınması üçün hansı əsaslı addımlar atılır?
- Bu gün təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təmin edilməsi bütün dünyanın qarşısında duran prioritetlərdən biridir. Ölkəmizdə də qeyri-qanuni miqrasiyaya qarşı mübarizə diqqət mərkəzdə saxlanılır. Ölkəmizin bir sıra dövlətlərlə vizasız gediş–gəliş rejiminin mövcud olması respublikamızın ərazisindən tranzit qaydada keçən, qısa müddətə gələn, həmçinin qanuni əsaslar olmadan ölkə ərazisində yaşamaq istəyən əcnəbilərin sayının artmasına səbəb olub.Qeyri-qanuni miqrasiyanın qarşısının alınması Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin edilməsininvə Azərbaycan vətəndaşlarının maraqlarının müdafiəsinin vacib şərtlərindən biridir.
Ölkənin milli təhlükəsizliyini və milli maraqlarını qorumaqla miqrasiya axınlarının tənzimlənməsi, nəzarətsiz miqrasiya proseslərinin neqativ nəticələrinin qarşısının alınması, miqrantların öz hüquqlarını həyata keçirməsi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirir.
Ötən müddət ərzində DMX tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bir sıra qanunsuz miqrasiya kanalı aşkar edilib, əcnəbilərin müxtəlif vədlərlə aldadılaraq Azərbaycan Respublikasına gətirilməsində, qanunsuz miqrasiyanın təşkili və dələduzluqda təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunublar.
Hesab edirəm ki, qeyri-qanuni miqrasiyaya qarşı ən effektli mübarizənin qanuni miqrasiyanın təbliği və təşviqidir. Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə ictimaiyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müxtəlif dillərdə məlumatlandırılması məqsədilə mütəmadi olaraq iş aparılır. Belə ki, olduğu yer üzrə qeydiyyatla bağlı Dövlət Miqrasiya Xidmətinin Azərbaycan, rus və ingilis dillərində yeni dizaynda hazırladığı bildirişlər ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində təqdim edilir. Həmçinin əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədə olduqları yer üzrə qeydiyyatı ilə bağlı məlumatlandırılmaları məqsədilə 3 dildə yeni video çarx hazırlanıb, Xidmətin qəbul şöbələrində, hava limanında və digər müvafiq yerlərdə yerləşdirilib.
Bundan başqa Dövlət Miqrasiya Xidməti sosial şəbəkələrin imkanlarından istifadəyə önəm verir. Xidmətin rəsmi Tvitter, Facebook səhifələri, Yooutube kanalı fəaliyyət göstərir. Məqsəd sosial şəbəkələrin imkanlarından istifadə etməklə DMX-nin fəaliyyəti barədə məlumatlandırma və maarifləndirilmə işini təşkil etmək, hər kəsin miqrasiya orqanlarının fəaliyyəti ilə əlaqədar istədiyi məlumatın sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə qanunla müəyyən edilmiş qaydada əldə olunmasını təmin etmək, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin suallarını operativ, çevik cavablandırmaq və müraciətlərini qəbul etməkdir. Eləcə də Xidmətin rəsmi saytının fəaliyyəti məzmun, texniki, vizual və əlçatanlıq baxımından təkmilləşdirilib. Yeni bölmələr və altbölmələr yaradılıb. İstifadə imkanları rahatlaşdırılıb. Səhifədə Xidmətin fəaliyyəti barədə operativ məlumatlar, yeniliklər, miqrasiya qanunvericiliyi, normativ-hüquqi sənədlər, keçirilən görüşlər, tədbirlər, statistika, təşkil edilən səyyar xidmətlər, foto və video materialların yayımını hər zaman diqqətdə saxlanılır.
Biz marağındayıq ki, miqrasiya xidmətlərindən istifadə edən əcnəbi, eyni zamanda vətəndaşlarımız qanunvericiliklə bağlı tətbiq olunan prosedurlar barədə məlumatlı olsunlar. Çünki bizim təhlillər də göstərir ki, əksər hallarda əcnəbilər sırf məlumatsızlıq səbəbindən miqrasiya qanunvericiliyinin tələblərini pozurlar. Bu səbəbdən müəyyən məsuliyyətə cəlb olunurlar. Bunu aradan qaldırmaq, onların özlərini daha əmin, məlumatlı hiss etmələri üçün maarifləndirmə-məlumatlandırma kompaniyalarının aparılmasının rolu böyükdür. Dövlət Miqrasiya Xidməti tərəfindən paytaxtda, respublikanın şəhər və rayonlarında, kəndlərində maarifləndirmə tədbirləri, səyyar xidmətlər, açıq qapı günləri keçirilir. Təkcə bu ilin yanvar-oktyabr aylarında 45 maarifləndirmə-məlumatlandırma tədbiri, 23 səyyar xidmət təşkil edilib. Biz vətəndaşlarımızın, əcnəbiləri və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi işində bütün imkanlarımızı səfərbər etmişik.
- Vüsal müəllim, beynəlxalq əməkdaşlıq məsələləri haqqında da məlumat verməyinizi xahiş edirik. Dövlət Miqrasiya Xidmətinin beynəlxalq əlaqələri hansı səviyyədədir?
- Miqrasiya proseslərinin daha effektiv tənzimlənməsi üçün miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti qurumları ilə ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlığın genişləndirilməsi, Dövlət Miqrasiya Xidmətinin beynəlxalq əlaqələrinin inkişafı daim diqqət mərkəzində saxlanılır. Dövlət Miqrasiya Xidməti çoxtərəfli əsasda Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Avropa İttifaqı (Aİ), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK), Müstəqil Dövlətlər Birliyi (MDB), Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM), Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), həmçinin ikitərəfli münasibətlər əsasında Türkiyə Respublikası, Rusiya Federasiyası, Niderland Krallığı və digər ölkələrlə qanuni miqrasiya, miqrasiyanın effektiv idarə olunması, readmissiya, könüllü qayıdış, miqrantların sosial müdafiəsi sahəsində əməkdaşlıq əlaqələrini genişləndirir, birgə layihələr həyata keçirir, eyni zamanda miqrasiya sahəsində qabaqcıl və innovativ xarakterli təcrübələri öyrənir. Xidmət tərəfdaş ölkələrin miqrasiya üzrə məsul qurumları, eyni zamanda beynəlxalq təşkilatlarla birgə bir sıra uğurlu layihələri davam etdirir. Hazırda Aİ və Azərbaycan Respublikasının razılığı ilə Birgə Bəyannamədən irəli gələn MOBİLAZE layihəsi uğurla həyata keçirilir. Ümidvarıq ki, MOBİLAZE Layihəsinin uğurlu icrası Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə əməkdaşlığımızın daha da gücləndirilməsinə öz töhfəsini verəcəkdir.
Onu da söyləyim ki, bu günlərdə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 109-cu sessiyasında iştirak etmək məqsədilə İsveçrə Konfederasiyasında rəsmi səfərdə olduq. Sessiya qlobal miqrasiya proseslərinin müxtəlif aspektlərini əhatə edən “Birləşmiş Millətlər Təşkilatının Miqrasiya üzrə Şəbəkəsi: İcmal”, “Miqrasiya ilə əlaqədar səhiyyə üzrə siyasətin uzlaşdırılması: çağırışlar və imkanlar” və “Daxili köçürülmələrə cavab: Dövlətlərlə dialoq” mövzularında yüksək səviyyəli panellərin keçirilməsi ilə yadda qaldı. Sessiya iştirakçılarının diqqətinə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizininişğalı nəticəsində 700 mindən çox həmvətənlimizin öz yurd-yuvalarından didərgin düşərək məcburi köçkünə çevrildiyini, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmadığınıçatdırdıq. Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino Azərbaycanın miqrasiya idarəçiliyi modelinin yaxşı nümunə olduğunu qeyd edərək, Azərbaycanın məcburi köçkünlərlə bağlı narahatlığını bölüşdüyünü diqqətə çatdırdı.Səfər çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı (BMT QAK) Filippo Qrandi ilə görüşlərimizdə mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində atıla biləcək addımlar barədə fikir mübadiləsi apardıq.
Dövlət Miqrasiya Xidməti beynəlxalq təşkilatlarla miqrasiya proseslərinin tənzimlənməsi, miqrasiyanın effektiv idarə olunması, səmərəli readmissiya idarəçiliyinin yaradılması və digər maraq kəsb edən istiqamətlərdə mövcud olan əlaqələrimizi yüksələn xətlə davam və inkişaf etdirməyə maraqlıdır.
- Bu günlərdə Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi geniş ictimaiyyətə təqdim olunub. Bu yeniliyin fayda və üstünkükləri barədə məlumat verərdiniz.
- Ölkəmizdə miqrasiya proseslərinin idarə edilməsi üçün səmərəli mexanizmlər yaradılır və inkişaf etdirilir. Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi MİGAZ vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlayn şəkildə olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, məhdudiyyətin və müraciət statusunun yoxlanması, son qeydiyyat tarixinin öyrənilməsi üçün kalkulyator, onlayn ödəmə, onlayn növbə, ASAN viza və xidmətin digər istiqamətləri üzrə servis xidmətlərinin imkanlarından yararlana bilərlər. Məsələn, bu gün əcnəbilərin ölkəmizdə ən çox istifadə etdiyi DMX-nin xidmətlərindən biri olduğu yer üzrə qeydiyyatdır. Yəni, onlar ölkəmizdə 15 gündən artıq müddətdə qaldıqda ünvan qeydiyyatı aparılmalıdır. Bundan sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mobil tətbiq vasitəsilə elektron xidmətlərdən mobil telefonla onlayn qaydada daha asan şəkildə istifadə edə və təxminən beş dəqiqədə bu qeydiyyatı həyata keçirə biləcəklər.
Azərbaycan, ingilis və rus dillərində hazırlanmış mobil tətbiq üzərindən birbaşa əlaqə vasitəsi ilə zəng və sorğuların cavablandırılması da həyata keçirilə bilər. Yaxın gələcəkdə dil seçimi menyusu zənginləşdiriləcək. Yüksək səviyyəli interaktivliyi ilə seçilən mobil tətbiq vasitəsilə istifadəçilərə istər qeydiyyat, istərsə də digər elektron xidmətlərlə bağlı mütəmadi yeniliklər, bildirişlər göndəriləcək. Mobil tətbiqdə istifadəçilər üçün Azərbaycanın tarixi, ölkəmizdə fəaliyyət göstərən turistik məkanlar, istirahət mərkəzləri və digər görməli yerlər, milli musiqimiz, mətbəximiz barədə geniş məlumat bazası təqdim olunur. Hazırda bu tətbiqi “Playstore”dan yükləyərək quraşdırmaq mümkündür. Tezliklə “AppStore”dan da bu tətbiqi yükləmək olacaq. Gələcəkdə mobil tətbiqin imkanlarının genişləndirilməsi və daha artıq xidmətləri əhatə etməsi nəzərdə tutulur.
Onu da deyim ki, hazırda geniş təbliğat – təşviqat kompaniyasına start verilib. Bayram ərəfəsində ölkəmizə gələn əcnəbilərin sayında əhəmiyyətli artımın olması nəzərə alınaraq dekabrın 15-dən yanvarın 15-dək davam edəcək bir aylıq məlumatlandırma kompaniyası aidiyyətı dövlət qurumları - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Nəqliyyat Agentliyi, Park Cinema və Cinema Plus kinoteatrlar şəbəkəsi, 189 Taksi, Park Bulvar, Dəfnə-Dalida restoranlar şəbəkəsi ilə birgə təşkil olunur. Mən fürsətdən istifadə edərək bütün tərəfdaşlarımıza təşəkkürümü bildirirəm.Kampaniya iki istiqamət - videoçarxlar vasitəsilə ümumi maarifləndirmə və ünvanlı qaydada əcnəbilərin özlərinə məlumatların verilməsi üzrə aparılacaq. Bu,ilk addım olaraq 2019-cu ildə həyata keçiriləcək daha geniş miqyaslı təbliğat-təşviqat tədbirlərinin başlanğıcıdır.
- Dövlət Miqrasiya Xidməti miqrasiya məsələlərinin tənzimlənməsi istiqamətində gələcəkdə nə kimi tədbirlərin həyata keçirilməsini nəzərdə tutur?
- Xidmətdə müasir innovasiyaların tətbiqinə önəm verilir, miqrasiya ilə bağlı elektron xidmətlərin imkanları genişləndirilir. Bu gün DMX tərəfindən 11 elektron xidmətin “Elektron hökumət” portalına inteqrasiyası təmin edilib vəbu da öz növbəsində vətəndaşlara göstərilən xidmətlərin operativliyini, rahatlığını, habelə şəffaflığını təmin edir.
Həmçinin Xidmətin fəaliyyət imkanları genişləndirilir. Bu yaxınlarda “Samur”və “Şıxlı” dövlət sərhəd buraxılış məntəqələrində Dövlət Miqrasiya Xidmətinin24 saat xidmət göstərən xidməti bölmələri fəaliyyətə başlayıb. Miqrasiya bölmələri əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daha rahat giriş-çıxış etmələrinin təmin olunması, onlara operativ və yerində xidmətlərin göstərilməsi, miqrasiya sahəsində göstərilən xidmətlərin regionlara səfər edən və orada yaşayan əcnəbilər, habelə vətəndaşlar üçün daha əlçatan olmasının təmin edilməsi, onların miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılması və məmnunluğunun artırılmasına xidmət edir. Tezliklə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində də Dövlət Miqrasiya Xidmətinin yeni xidmət bölməsinin fəaliyyətə başlaması nəzərdə tutulur.
Bir sözlə deyim ki, ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciət etdiyi ilk dövlət qurumlarından biri də Dövlət Miqrasiya Xidmətidir. Xidmət həm də ölkəmiz haqda əcnəbidə təəssürat yaradan, imic formalaşdıran orqandır. Çalışırıq ki, əcnəbilərə ölkəmizin sahib olduğu milli dəyərlərimiz – yüksək qonaqpərvərliyimiz, humanizm və insapərvərliyimiz, eyni zamnda qanunlarımıza hörmət prinsipi barədə doğru və düzgün məlumatlar verək. Xidmət istifadəçilərinin rahatlığını və məmnunluğunu təmin etmək üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının tələblərini rəhbər tutaraq qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün hər bir miqrasiya əməkdaşının fəaliyyətini ciddi tələbkarlıq şəraitində və günün tələbləri səviyyəsində qurması önəmlidir. Ölkəmizdə miqrasiya ilə bağlı məsələlərin operativ şəkildə həlli işinə, xidmət istifadəçilərinin məmnunluğunun və şəffaflığın təmin edilməsinə, xidmətin keyfiyyətinin yüksəldilməsinə diqqət günbəgün daha da artırılır. Odur ki, hər bir miqrasiya orqanı əməkdaşı üzərinə düşən vəzifə borcunu böyük məsuliyyət hissi ilə yerinə yetirməli, neqativ hallara yol aça biləcək nüanslara fürsət verməməlidir.
DMX-yə müraciət edənlərin məmnunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsi, daxili əmək bazarının qorunması kimi vəzifə və tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün miqrasiya orqanlarında xidmət aparan əməkdaşlar daha böyük səylə çalışmalıdırlar.
Onu da qeyd edim ki, 2017-2018-ci il üzrə “ASAN xidmət indeksi” üzrə mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti (68,98 %) göstərib. Uğurlu bir nəticəyə nail ola bilmişiksə buna görə sevinmək olar. Bu, Miqrasiya Xidmətinin işinə verilən yüksək qiymətdə hər bir əməkdaşın xidməti var. Əməkdaşlarımızın bilik və bacarıqlarını cəmləyərək Xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, müasir tələblər səviyyəsində qurulması məqsədilə səylə, əzmlə çalışmalıyıq. Bizim amalımız dövlətə və dövlətçiliyə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdirik siyasətə sadiq qalaraq yüksək peşəkarlıqla Vətənimizə, xalqımıza, azaərbaycançılıq ideologiyasına xidmət göstərməkdir.