YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ötən dövr ərzində Azərbaycan mühüm nailiyyətlər əldə edib

Müsahibimiz Milli Məclisin deputatı Pərvin Kərimzadə

- Pərvin xanım, Azərbaycan son 15 ildə bütün sahələrdə möhtəşəm uğurlar qazanıb, respublikamızın beynəlxalq nüfuzu daha da artıb. Ölkəmizdə ötən müddət ərzində həyata keçirilən uğurlu siyasət sayəsində əldə edilən nəticələr və nailiyyətlər barədə nə deyə bilərsiniz?

- Son 15 ildə müstəqil Azərbaycanın həyatı bütün istiqamətlərdə müsbət reallıqların artması ilə səciyyələnib. Ardıcıllıqla həyata keçirilən məqsədyönlü siyasət respublikamızı güclü dayaqlara malik olan və milli maraqları qətiyyətlə qoruyan  dövlətə çevirib. Hazırda Azərbaycan Cənubi Qafqaz coğrafiyasının bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyır. Eyni zamanda, respublikamızın ölkənin güclü potensialına əsaslanan və qlobal miqyasda meydana çıxan yeni çağırışlarla uzlaşan nümunəvi inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir.

Sözsüz ki, müasir geosiyasi vəziyyətdə, siyasi çağırışların və xarici risklərin mövcud olduğu dövrdə müəyyən edilmiş siyasi hədəflərə çatmaq o qədər də asan olmayıb. Şübhəsiz, son illərdə əldə edilən bütün bu nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu praqmatik daxili və xarici siyasət kursu dayanır. Bu bir həqiqətdir ki, Ulu öndərin daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezidentimiz cənab İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.

 Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində Azərbaycan olduqca mühüm nailiyyətlər əldə edib. İstər daxili, istərsə də xarici arenada strateji uğurlar qazanılıb. Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev dövlət başçısı kimi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirərək uğurla həyata keçirir. Bu illər ərzində ölkəmiz həm iqtisadi, həm siyasi, həm də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Möhtərəm Prezidentimizin diplomatiyada və dövlət idarəçiliyindəki zəngin təcrübəsinin, eləcə də şəxsi nüfuzu və xarizmasının nəticəsidir ki, ölkəmizə beynəlxalq ictimaiyyət tərəfindən çox böyük hörmət var. Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri ilə bir sırada dayanır. Bunun nəticəsidir ki, Azərbaycan müstəqilliyinin 20-ci ilində- 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi. Tarixdə hələ belə bir fakta rast gəlinməyib. Həqiqətən də, gənc ölkə üçün müstəsna əhəmiyyətli uğur idi. 

Azərbaycan həm də kosmos ölkələri sırasındadır ki, bu uğura da hər bir dövlət nail ola bilməyib.

Əlbəttə ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin uğurlarını xalqımız daim görür və yüksək qiymətləndirir. Bu gün  sarsılmaz xalq-iqtidar birliyi Azərbaycanın daxili mənzərəsini səciyyələndirən çox əlamətdar bir amildir. Ölkəmizin təcrübəsi identik və heyrətamizdir. Son 15 ildə keçilən yola nəzər saldıqda biz  Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin, milli maraqlara əsaslanan siyasət apardığının şahidi oluruq.

2018-ci il aprelin 11-də keçirilən son prezident seçkilərinin nəticələri isə Azərbaycanda dövlət başçısı İlham əliyevin nüfuzunun kifayət qədər yüksək olduğunu bir daha təsdiqlədi. Seçkilərində xalq öz iradəsini növbəti dəfə ortaya qoyaraq, son 15 ildə Azərbaycanı inamla idarə edən, ölkəmizin ünvanına çoxsaylı uğurlar qazandıran İlham Əliyevə səs verdi və Onu növbəti 7 il üçün Azərbaycanın dövlət başçısı seçdi. Bu seçim xalqın  öz liderinə sonsuz inamının ifadəsidir.

Yeri gəlmişkən, qeyd edim ki, sona çatmaqda olan 2018-ci il də Azərbaycan üçün uğurludur. Əldə edilən naliyyətlər ölkəmizin beynəlxalq imicinin artması ilə yadda qalıb. Bu il ərzində Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında aparıcı mövqeyini qoruyub saxlayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq,sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır.

- Azərbaycan həmçinin nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan, ölkəmizin humanitar əməkdaşlıq mərkəzinə çevrilməsinin əhəmiyyəti nədən ibarətdir?

- Məlumdur ki, Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir. Yüksək beynəlxalq nüfuza malik olan Azərbaycanın daxili və xarici siyasət kursunu, dünya siyasi arenasında yeri və rolunu xarakterizə edərkən ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etməsini də qeyd etmək lazımdır. Ümumiyyətlə, regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən respublikamız sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır.

Başqa sözlə, respublikamiz beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi çıxış edir. Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizmin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir. Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Təsadüfi deyil ki, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Bu fakt Azərbaycanın beynəlxalq humanitar əməkdaşlığa önəm verməsinin bariz nümunəsidir. Azərbaycan dövlətinin apardığı və xalq tərəfindən birmənalı dəstəklənən düzgün və ardıcıl siyasət nəticəsində Azərbaycan dünya birliyi tərəfindən etibarlı tərəfdaş və dost ölkə kimi qəbul edilir.

- Azərbaycan bu gün dünyada tolerantlıq və multikulturalizm ənənələrinə görə də başqa ölkələr üçün nümunədir...

- Ümumiyyətlə, Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Dünyada sivilizasiyalararası qarşıdurmaların, müxtəlif humanitar böhranların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir dövrdə Azərbaycan həm sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir, həm də sabitliyi, sülhpərvər və tərəqqipərvər mövqeyi ilə nümunə kimi çıxış edir. Buna paralel olaraq, ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun, xalqlararası əlaqələrin inkişafına özünəməxsus töhfələr verir. Bütövlükdə, sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib. Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda multikulturalizm dövlət siyasətidir: “Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Deyə bilərəm ki, müasir Azərbaycan dövləti çox dərin milli dəyərlər, milli-mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, biz dünyaya açığıq”.

Ölkəmizdə multikulturalizmin həm dövlət siyasəti, həm də cəmiyyətdə həyat tərzi olması beynəlxalq miqyasda da olduqca yüksək qiymətləndirilir. Ümumiyyətlə, Azərbaycan elə bir ölkədir ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycanda xalqların, milli və dini icmaların heç bir fərq qoyulmadan bərabər yaşamasına, sıx inteqrasiya etməsinə həm dövlət güclü siyasi iradə nümayiş etdirir, həm də cəmiyyətdə buna böyük istək var. Təsadüfi deyil ki, bu gün ölkəmizdə mövcud olan milli həmrəylik, sabitlik və tolerantlıq mühiti məhz bu dəyərlərə əsaslanır. 

Tolerantlıq mərkəzi və multikulturalizm diyarı kimi tanınan Azərbaycan həm də İslam həmrəyliyinə əvəzsiz töhfələr verir. Şərq və Qərb sivilizasiyalarının harmonik şəkildə qovuşduğu Azərbaycanda müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur. Eyni zamanda, Azərbaycan müsəlman ölkələri arasında - İslam aləmində nüfuzlu dövlət kimi tanınır. Məhz bunun qanunauyğun nəticəsidir ki, respublikamız müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli praqmatik əlaqələrə malikdir və münasibətlərin inkişafı, bütövlükdə, İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına xidmət edir. Mədəniyyət, humanitar sahələrdə də Azərbaycan İslam ölkələri arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İSESCO kimi aparıcı təşkilatların fəal üzvüdür, onların nüfuzunun yüksəldilməsinə, İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir.

- Pərvin xanım, ölkəmizdə humanitar siyasətin tərkib hissəsi olaraq təhsil sahəsinəd görülən işləri necə dəyərləndirisiniz?

- Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycanda son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər bu sahəyə dövlətin böyük önəm verdiyini göstərir. Azərbaycanın təhsil sahəsindəki göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir. Müasir qloballaşma əsrində Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, yeni biliklərin, intellektual əməyin inkişafından, habelə kompyuter və informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçib. Bu reallıq nəzərə alınaraq dövlətin uğurlu elm və təhsil siyasəti, bu sahədə özünü göstərən bir sıra problemlərin həlli mühüm əhəmiyyət kəsb edir.

Təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun müstəsna xidmətlərini xüsusi ilə qeyd etmək lazımdır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri ölkənin təhsil sahəsinin inkişafında mühüm rol oynayıb.

Bu gün Azərbaycanda milli maarifçilik ənənələri saxlanılmaqla, dünya təhsil sisteminə inteqrasiya prosesi gedir. Ölkəmizdə təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli, müəllim kadrların hazırlığı, inkişaf etmiş dövlətlərin bu sahədəki təcrübəsinin mənimsənilməsi, ümumtəhsil məktəblərində kompüter və informasiya texnologiyalarının geniş tətbiqi məsələləri də dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Dövlət büdcəsində təhsilə ayrılan xərclərin ildən-ilə artırılması bu sahənin keyfiyyətcə yeniləşməsi üçün ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsinə imkan vermişdir.

Bu gün davamlı olaraq təhsil sahəsində islahatlar həyata keçirilməkdədir. Bundan sonra da Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir.