YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan xalqı Heydər Əliyev ideyalarından, Heydər Əliyev dühasından əbədi bəhrələnəcəkdir

Müsahibimiz Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, YAP Siyasi Şurasının üzvü Süleyman İsmayılov

12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür. Ulu öndər Heydər Əliyev həm SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərliyi zamanı xalqımız və dövlətimiz qarşısında Azərbaycanın yüksəlişi və tərəqqisini təmin edən misilsiz xidmətlər göstərmişdir. Xalqımız müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir.

Ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətləri ilə bağlı sualları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov cavablandırır. Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin etimad göstərdiyi şəxslərdən biri olan Süleyman İsmayılov 1992-1994-cü illərdə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində mütəxəssis, baş mütəxəssis-müavin, eləcə də 1994-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Ümumi şöbəsində Ümumi sektorun müdiri vəzifələrində çalışmış, 1996-cı ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsinin müdiri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov müsahibəsində Ulu öndər Heydər Əliyev ilə bağlı xatirələri və təəssüratlarını bölüşüb, eləcə də Ümummilli liderin ölkəmizə rəhbərliyi dövründə həyata keçirilən siyasətin real nəticələrindən, müasir müstəqil Azərbaycanın inkişafına və tərəqqisinə xidmət edən işlərdən və əldə edilən nailiyyətlərdən bəhs edib.

- Süleyman müəllim, 12 dekabr müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin anım günüdür. Siz Ulu öndərin etimad göstərdiyi, Onunla birlikdə çalışmış şəxslərdənsiniz. Ulu öndərlə görüşləriniz xatirənizdə hansı izlər buraxıb? 

- Bu il unudulmaz rəhbərin dünyasını dəyişməsindən 15 il keçir və  dekabrın 12-də yenə də xalqımız bu böyük şəxsiyyətin 15-ci anım gününü böyük ehtiramla qeyd edəcəkdir.

Heydər Əliyev şəxsiyyətinə bələd olan, onunla ünsiyyətdə olan elə bir insan yoxdur ki, ondan nə isə öyrənməsin, nə isə götürməsin və bu gün də atdığı hər bir addıma onun gözü ilə qiymət verməsin, hər bir fakta onun prizmasından yanaşmasın. Ulu öndərin insanların qəlbində buraxdığı izlər o qədər dərindir ki, onları unutmaq sadəcə olaraq mümkün deyildir.

Taleyin qisməti elə gətirib ki, Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışından sonrakı illərdə onunla ünsiyyətdə olmaq, gündəlik fəaliyyətimdə onun tapşırıqlarını yerinə yetirmək xoşbəxtliyi mənə də nəsib olub. Onunla bütün görüşlərim xatirəmdə silinməz izlər buraxıb və onlar heç vaxt unudula bilməz.

1991-ci ildə ulu öndər Heydər Əliyev respublikaya qayıdıb Naxçıvan Muxtar Respublikasına rəhbərlik etməyə başladıqdan sonra Naxçıvanda yaşayan insanlarda öz taleyinə və sabahına bir inam yarandı, çünki Heydər Əliyev artıq onlarla birlikdə idi. Hamı onun şəxsiyyətinə, təcrübəsinə, bacarığına inanır və onun, nə olur-olsun, bir xilas yolu tapacağını bilirdi.

O dövrdə Naxçıvan həqiqətən son dərəcə ağır duruma salınmışdı. Blokada şəraitində olan Muxtar Respublikanın vəziyyətini həm də ozamankı ölkə rəhbərliyinin soyuq və qərəzli münasibəti mürəkkəbləşdirirdi. Məhz o çətin dövrdə, 1992-ci ilin fevralında ulu öndərin təşəbbüsü ilə Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi yaradıldı. O qədər də isti qarşılanmayan bu təşəbbüs Muxtar Respublikanın həyatında böyük hadisəyə çevrildi və onun informasiya blokadasından qurtulmasında böyük rol oynadı.

Həmin vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevlə görüşərkən mənə Naxçıvan Muxtar Respublikasının Bakıdakı Nümayəndəliyində işləməyi tövsiyə edəndə, təbiidir ki, bu etimada görə çox sevindim. Heydər Əliyev bizə Bakıda Muxtar Respublikanın bir növ informasiya blokadasından qurtulması üçün görüləcək işlərin, bunun üçün müvafiq dövlət qurumları, həmçinin kütləvi informasiya vasitələri ilə əlaqələr qurmağın vacibliyini göstərərək hər bir məsələ barəsində məlumat verməyi tapşırmışdı. O zaman gördüyümüz işlərin  nə dərəcədə vacib olduğunu illər keçdikcə daha yaxından dərk edir və bununla, sözün həqiqi mənasında, qürur duyur, fəxr edir və sevinirəm.

Böyük rəhbər haqqında danışarkən bu gün bir daha onunla ilk görüşlərimi, ilk söhbətlərimi xatırlayır, bu insanın nə qədər böyük bir vətənpərvər olduğunu, Azərbaycan üçün hətta canından keçməyə hazır olduğunu, bu Vətəni qorumaq, onu yaşatmaq, ucaltmaq üçün hər bir fədakarlığa hazır olduğunu, bununla da ətrafındakı hər bir insanı ümumi məqsədlər naminə səfərbər etmək istedadını vurğulamağı özümə borc bilirəm.

Mən burada əvvəlcə o zaman Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvan Muxtar Respublikasının Bakıdakı Nümayəndəliyində işlədiyim günlərdən söz açmaq istərdim.

O vaxt respublika Nazirlər Kabinetinin binasında yerləşən Nümayəndəliyin ştatı 13-14 nəfərdən ibarət idi. Çox təəssüf ki, bu Nümayəndəliyə soyuq münasibət bəsləyən respublika rəhbərliyi onun işinə kömək əvəzinə ancaq maneçilik törədirdi. Nazirlər Kabineti aparatının binasında bir çox otaqların boş olmasına baxmayaraq bizə yuxarı mərtəbədə, ucqar bir guşədə cəmi 2 otaq ayrılmışdı. Onların birində daimi nümayəndənin özü, digər otaqda isə qalan işçilər oturmalı idi və əslində cəmi 5 nəfər işləyə bilirdi. Həmin 5 nəfərin şəraiti dözülməz idi. Balaca kabinetdə cəmi iki masa və iki stul vardı, ona görə, əməkdaşlardan biri stul arxasında əyləşəndə, o birisi məcbur idi dəhlizdə gözləsin, görək nə vaxt yer boşalacaq. Bir sözlə, iş şəraiti o qədər də qibtə doğuracaq halda deyildi. Biz Nazirlər Kabinetinin yeməkxanasında nahar edən vaxt çoxları bizə çəp-çəp baxırdı. Belə vəziyyətdə işləmək çox ağır idi.

Hər şey olurdu. Mənə deyilənə görə, telefonlarımız  dinlənilirdi. Pənah Hüseynov baş nazir olanda bizim daim izlənməyimiz, kimin kimlə danışmasına göz qoyulması haqda  göstəriş vermişdi. Nazirlər Kabinetinin işçiləri yanımızdan keçir, bizimlə salamlaşmırdılar. Mən elə adamlar tanıyırdım ki, vaxtilə Heydər  Əliyevlə işləmiş, onun dəstəyi sayəsində “böyümüşdülər”, amma onlar da qorxurdular, yanımızdan elə keçirdilər, sanki biz canlı insanlar deyil, kölgələr idik. Onlar dəhlizdə və ya liftdə təsadüfən bizimlə qarşılaşanda salamlaşmazdan əvvəl yan-yörələrinə baxırdılar, görsünlər yaxınlıqda kim var. Yəni hökumətdən heç bir köməyimiz yox idi, faktiki olaraq, biz Bakıda da blokadada idik.

İnformasiyanı əldə etmək çox çətin idi. 1993-cü il fevral ya mart ayında mən yenə Naxçıvanda oldum və Heydər Əliyevlə yenidən görüşdüm. Onda o, mənim qarşımda belə bir məsələ qoydu: “Bundan sonra sən Naxçıvanda baş verən hadisələr, mənim keçirdiyim tədbirlər, görüşlər haqqında məlumatlar alacaqsan və onu Bakıdakı  mətbuat orqanlarında yayacaqsan”. Heydər Əliyev Naxçıvan Ali Məclisinin mətbuat xidmətinə tapşırdı ki, özünün bütün görüşləri, danışıqları, Ali Məclisin ən mühüm qərarları haqqında mənə müvafiq məlumatlar və materiallar  göndərilməsini təmin etsin. Mən həmin məlumatları Bakıda, respublika KİV-lərində yaymalı idim. O zaman indiki kimi nə internet şəbəkəsi var idi, nə də digər elektron rabitə vasitələri. Hər şey köhnə və bərbad vəziyyətdə olan sovet rabitə sistemi ilə, necə deyərlər, “dədə-baba qaydası ilə” yerinə yetirilirdi. Hər bir məktub, məlumat təyyarə ilə Naxçıvana gedib-gələn insanlar vasitəsilə çatdırılırdı. Onda mən xüsusi albom ayırmışdım, Bakıda qəzetlərdə dərc etdirməyə müvəffəq olduğum bütün materialları həmin alboma yığırdım.

Bəzən mühüm materiallar olanda Heydər Əliyev özü zəng edir, lazımi tapşırıqlarını verir və bizim işimizlə müntəzəm maraqlanırdı. Onun tapşırıqları mənim üçün həm şərəf, həm də böyük məsuliyyət idi. Mən materialları  bütün qəzetlərə daşıyırdım, sözün həqiqi mənasında KİV-lərin “kandarını dağıdırdım”.

Dövlət mətbuat orqanları çox vaxt mənim onlara təqdim etdiyim  materialları qəbul etmirdilər, bizim xəbərləri dərc etməyə qorxurdular. Mətbuatda Naxçıvan haqqında hansısa bir informasiya çıxması bizim üçün əsl bayrama çevrilirdi.

Yadımdadır, mən Heydər Əliyevin Fransa səfiri ilə görüşü haqqında informasiyanı AZƏRTAC-a apardım, Şamil Şahməmmədovla görüşdüm. O, materialı oxuyub dedi: “Mən bunu dövlət qəzetlərində buraxa bilmərəm”. O məndən min dəfə üzr istədi, dedi ki, Heydər Əliyevə böyük hörməti var, amma bunu edə bilməz,  “mümkünsə, bunları özəl qəzetlərdə dərc etdirin”.

Bizim materiallar əksər hallarda qeyri-hökumət qəzetlərində dərc edilirdi. O vaxtkı “Səs”, “Səhər”, “Aydınlıq” və başqa qəzetlərdən kəsdiyim parçaları indiyə qədər öz şəxsi arxivimdə saxlayıram. Yadımdadır, mən bütün qəzetləri – həm yerli, həm də Moskvada çıxan qəzetləri alır, Heydər Əliyev haqqında yazılanların hamısını, hətta cəmi bir neçə sətirlik materialları da səliqə ilə kəsib qovluğa yığırdım.

Biz daha çox Naxçıvana iqtisadi yardım göstərilməsini təşkil etməyə çalışırdıq. Məsələn, yanacaqla dolu sisternlərin maşınlarla daşınmasını təşkil edir, müxtəlif dövlət təşkilatlarının Naxçıvana kömək göstərmələri üçün bacardığımızı əsirgəmirdik. Naxçıvandan gələn məmurların nazirliklərlə əlaqə yaratmalarına kömək göstərir, nəyəsə nail olurduq. Amma bu, böyük çətinliklə başa gəlirdi. O vaxt Naxçıvana çox qəribə münasibət yaranmışdı, elə bil bu, Azərbaycan ərazisi deyildi və orada baş verən hadisələr Bakıda heç bir maraq doğurmurdu.

O zaman hakimiyyətdə olan adamlar Heydər Əliyevi blokadada saxlamaq, xalqın nəzərində onun nüfuzunu aşağı salmaq üçün göstəriş verirdilər ki, Naxçıvanla bağlı hər hansı məsələ həll edilməsin, qoy insanlar düşünsünlər ki, guya onun əlindən heç nə gəlmir, yalnız respublika rəhbərliyi ilə münaqişə yaradır. Yəni Heydər Əliyevin ətrafında süni narazılıq atmosferi yaratmağa çalışırdılar. Bu adamların səylərinə rəğmən, xalqın öz lideri ətrafında daha sıx  birləşməsi onları əsəbiləşdirirdi.

Ozamankı Azərbaycan rəhbərliyi tərəfindən hamıya  ciddi göstəriş verilmişdi ki, Naxçıvana kömək göstərilməsin. Respublikanın rəhbərləri düşünmürdülər ki, onlar Naxçıvanı ümumiyyətlə itirə bilərlər. O zaman ölkəyə intellektual və siyasi səviyyəsi bu cür aşağı olan insanlar rəhbərlik edirdi.

Sözsüz, onlar bizi hər vasitə ilə təcrid etməyə çalışırdılar. Bir dəfə Pənah Hüseynov bizim otaqlara sözün həqiqi mənasında hücum çəkib qışqırdı: “Bunlar nə üçün burada otururlar? Casusdurlar, məlumat toplayıb, Naxçıvana ötürürlər”. Sonra o, tabeliyində olanlara tərəf çevrilib əmr etdi: “Bunları buradan  çıxartmaq barədə fikirləşin”. Bəli, bizə münasibət çox sərt idi. Əgər “cəbhəçilər” bir az da qalsaydılar, bizim nümayəndəliyi bağlayacaqdılar.

Biz öz daxili istəyimizlə, səmimi-qəlbdən Heydər Əliyevə, Naxçıvana necəsə kömək etmək arzusu ilə işləyirdik. O zaman mən heç fikrimə də gətirməzdim ki, Heydər Əliyev  nə vaxtsa prezident olacaq. İşin mahiyyəti ondan ibarət idi ki, o özü də bunu istəmirdi. Heydər Əliyev yalnız respublika çıxılmaz vəziyyətə düşəndə xalqın tələbi ilə rəhbərliyə qayıtdı.

Bizə yaxşı münasibət bəsləyənlər az da olsa vardı, onlar bizi qəhrəman adlandırırdı. Biz özümüzü qəhrəman saymırdıq, belə hesab edirdik ki, Heydər Əliyevə və blokadada olan Muxtar Respublikaya kömək etmək bizim borcumuzdur.

Bir məsələni qeyd etməliyəm ki, günlər keçdikcə ətrafımızdakı buzlar əriyir, respublikada yaranmış vəziyyət Heydər Əliyevin Bakıya qayıdışını günün, zamanın tələbinə çevirirdi. Bunu hamı dərk edir, Azərbaycanın xilasının yalnız ulu öndərin gəlişində olduğunu başa düşürdü.

Bəli, əlaqələrimiz intensivləşmişdi. Çox adam bizdən onların Heydər Əliyevlə görüşünü təşkil etməyimizi xahiş edirdi. Aralarında tanınmış, hörmətli adamlar çox idi. Bu insanlar vəziyyəti görür, ovaxtkı rəhbərliyin ölkəni haraya sürüklədiyini başa düşürdülər. O dövrdə Naxçıvana getmək çətin idi, buna görə də adamlar Heydər  Əliyevlə hansı yollasa əlaqə yaratmaq üçün bizim yanımıza gəlirdilər. Belə müraciətlərin sayı getdikcə artırdı.

Hökumət nümayəndələrinin də bizə münasibəti dəyişdi. Məmurlar tez-tez bizim otaqlara gəlməyə başladılar, onlar Heydər Əliyevin planları  ilə səmimi maraqlanırdılar. Hətta bu adamların üzləri də dəyişmişdi. Onların hər biri öz xidmətləri barədə nə isə danışmağa, bu xidmətləri Heydər Əliyevə xatırlatmağa çalışırdı.

Sonrasını özünüz bilirsiniz: Heydər Əliyev xalqın tələbi ilə, ovaxtkı rəhbərliyin xahişi ilə gəlib ölkəyə rəhbərlik etdi.

Danışıqlarımıza, söhbətlərimizə əsasən onun təxminən nə vaxt gələcəyini bilirdik. Odur ki, onu aeroportda qarşıladıq, özü də təyyarə trapının yanında. Bu qarşılanma mərasimi bütün təfərrüatı ilə yadımdadır, çox səmimi və yadda qalan bir tədbir alınmışdı.

Heydər Əliyevin gəlişi xalqın ürəyindən idi və bu ümidlər onun böyük iradəsi, yorulmaz fəaliyyəti və qətiyyəti sayəsində tədricən reallığa çevrilməyə başladı.

- Ümummilli liderin vətəndaşlarla ünsiyyət saxlamasına, xüsusilə regionlarda və Bakı şəhərində keçirilən ictimai-siyasi tədbirlərdə Ona şəxsən təqdim edilən müraciətlərə yanaşmasına dair, eləcə də sənədlərlə işə göstərdiyi diqqət barədə nə söyləyə bilərsiniz?

- Mən bu böyük şəxsiyyətin rəhbərliyi altında işlədiyim son 10 ildə isə onun nə qədər həssas, nizam-intizamlı, səliqəli, diqqətli, tələbkar, eyni zamanda, son dərəcə qayğıkeş bir insan olduğuna tam əmin oldum. Mən Prezidentin İcra Aparatının  o zaman Ümumi şöbəsinin, indi isə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri olduğuma görə sənədlərlə işə onun göstərdiyi diqqət və tələbkarlıqdan xüsusilə danışmaq istərdim. Ulu öndərin bir dövlət xadimi və aparat işinin mahir bilicisi kimi bu sahədə o qədər zəngin təcrübəsi vardı ki, ən xırda detalları belə dərhal tutur, sənədin daxil olan kimi ona çatdırılmasından tutmuş onun necə işlənməsinə qədər hər şeyə diqqət yetirir, baxdığı, imzaladığı hər bir sənədin dərhal icraçıya verilməsini tələb edirdi.

Heydər Əliyev Prezidentin İcra Aparatında elə bir qayda qoymuş, elə bir nizam-intizam yaratmış və mənə qəti tapşırmışdı ki, onun imzaladığı sənəd İcra Aparatı daxilində 10 dəqiqə, kənar təşkilatlara isə uzağı yarım saat ərzində çatdırılmalı idi. Həmin vaxt bitən kimi vacib sənədlər barədə  dərhal müvafiq şəxslərə zəng vurar, sənədi alıb-almadığını soruşar, öz tövsiyələrini verər və görüləcək tədbirləri  müəyyənləşdirərdi. Bunu hamımız bilir, hər kəs bu prinsiplərə ciddi riayət etməyi özünün ən vacib vəzifəsi hesab edirdi.

Digər vacib bir məsələni də mütləq qeyd etməliyəm. Bilirsiniz ki, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” sözlərini xüsusi bir qürurla səsləndirən Heydər Əliyev hələ sovet dönəmində, 1978-ci ildə Azərbaycanın yeni Konstitusiyası qəbul edilərkən digər sovet respublikalarından fərqli olaraq Azərbaycan dilini Konstitusiyada dövlət dili kimi təsbit etmişdi. Ulu öndərin Azərbaycan dilinin inkişafı və daha geniş tətbiqi üçün gördüyü tədbirlər müstəqillik illərində daha böyük vüsət aldı. Heydər Əliyevin bu barədə imzaladığı çoxsaylı qanun, fərman və sərəncamlar Azərbaycan dilinin inkişafında bu gün də böyük rol oynayır və onlar öz əhəmiyyətini heç vaxt itirməyəcəkdir. Ancaq ulu öndərin Azərbaycan dilinin bu qədər böyük bilicisi olduğunu onunla təmasda olarkən daha yaxından hiss edirdim. Bir dəfə hansısa fərmanda gedən redaktə və çap xarakterli xəta ilə əlaqədar qəzetə düzəliş verilmişdi. Həmin düzəlişi görüb dərhal məndən bunun səbəbini soruşmuş, belə faktlar barədə daha geniş məlumat istəmiş və operativ surətdə İcra Aparatının struktur bölmələri rəhbərlərinə tapşırmışdı ki, ona imzaya verilən bütün sənədləri mütləq dil və üslub cəhətdən dərindən yoxlasınlar  və nəzərə alsınlar ki,  belə sənədlərdə Ümumi şöbənin də vizasının olması vacibdir.

Heydər Əliyevin vətəndaşlarla ünsiyyət saxlamasını, xüsusilə regionlarda və Bakı şəhərində keçirilən ictimai-siyasi tədbirlərdə ona şəxsən təqdim edilən müraciətlərə xüsusi diqqətlə yanaşmasını da ayrıca qeyd etmək lazımdır. Bunun özü də ümummilli liderin idarəçilik məktəbini öyrənmək baxımından çox əhəmiyyətlidir. Ulu öndər ona yaxınlaşmaq istəyən sadə insanlarla ünsiyyətdən çəkinmir, öz qayğı və problemləri barədə bilavasitə ona müraciət etmələrinə şərait yaradır, bununla da sanki cəmiyyətin nəbzini tutmağa çalışır və yerlərdə real vəziyyəti təkcə məmurların dilindən deyil, həm də sıravi insanların dilindən eşidir, öyrənirdi. Belə müraciətlərə böyük həssaslıqla yanaşan Heydər Əliyev ona çatdırılan ərizələri öz əli ilə nömrələyir, onların siyahısının, baxılması barədə alınmış cavabların nəticələri haqqında məlumatların ona verilməsini tələb edirdi. Əhali ilə görüşlərində onların müraciətlərini bilavasitə özü qəbul edir, onları narahat edən problemləri ətraflı öyrənir, hər birinə mümkün olan köməyi əsirgəmir, lazım olan hər şeyi edirdi.

- Ulu öndərin iş üslubunun əsas xüsusiyyətləri ilə bağlı müşahidələriniz və fikirləriniz nədən ibarətdir?

Ulu öndərin iş üslubu haqqında danışmaq heç də asan deyildir. Bu, böyük müşahidə və qarşılıqlı ünsiyyət şəraitində öyrənilən bir məsələ olduğu üçün mən yalnız zahiri müşahidələrimi bölüşə bilərəm. Onun iş üslubunun əsas cəhətlərindən biri mənim fikrimcə, verdiyi tapşırıqların icrasını axıradək izləməsi və bu sahədə heç bir güzəştə yol verməməsi, başladığı hər bir işi mütləq sona çatdırmağa nail olması idi. Fenomenal yaddaş sahibi olan Heydər Əliyev heç vaxt verdiyi tapşırıqları, ona verilən məlumatları unutmur, keçirdiyi toplantı və müşavirələrin, xüsusilə Təhlükəsizlik Şurasının iclaslarının stenoqramlarını diqqətlə oxuyur, bəzi hallarda öz qeyd və təkliflərini bildirirdi.

Bir qayda olaraq, hər bir müşavirə və iclasdan sonra şöbə tərəfindən müvafiq qurumlara verilmiş tapşırıqlar ümumiləşdirilir, fərdi məktublarla həmin qurumlara göndərilir və konkret müddətlər göstərilməklə cavab tələb olunur, alınmış cavablar barədə ümummilli liderə vaxtaşırı məlumatlar təqdim olunurdu. Bu məlumatları diqqətlə oxumaqla yanaşı, bəzi vacib məsələlər barədə tapşırıq verilən qurumların rəhbərlərindən  və digər kanallardan əlavə məlumatlar da alırdı. Yəni hamı bilirdi ki, Heydər Əliyev verdiyi heç bir tapşırığı unutmur və onun diqqətindən heç nə yayınmır.

- Azərbaycan bu gün Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.  Bu barədə nə deyə bilərsiniz?

Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik ənənələrinə sadiqlik, milli mənafeləri hər şeydən üstün tutmaq prinsipləri bugünkü Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində əsas rol oynamışdır və həmin prinsiplərə bu gün də ciddi  əməl olunur.

İllər, qərinələr, əsrlər ötəcək, Azərbaycan xalqı öz xilaskarını heç vaxt unutmayacaq. Heydər Əliyev ideyalarını uğurla həyata keçirən  hörmətli Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, soydaşlarımız doğma yurdlarına qayıdacaq, Azərbaycan dövləti daim regionun aparıcı dövləti olaraq qalacaq, xalqımız Heydər Əliyev ideyalarından, Heydər Əliyev dühasından əbədi bəhrələnəcəkdir.