MÜSAHİBƏLƏR
Jurnalistlər hər zaman ulu öndər Heydər Əliyevdən atalıq qayğısı, doğmalıq hiss ediblər
- Bəhruz müəllim, xalqımız, Ulu öndər Heydər Əliyevin anım gününü qeyd edir. Siz, bir mətbuat nümayəndəsi olaraq, xalqımızın Ümummilli lideri barədə hansı fikirlənizi bölüşərdiniz?
- İlk öncə, qeyd etmək istərdim ki, Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev bu gün cismən aramızda olmasa da, Onun əbədiyaşar ideyaları daim həyata keçirilməkdə, reallaşdırılmaqdadır. Biz, Heydər Əliyev deyərkən, müasir, müstəqil Azərbaycanı, onun tərəqqisinin, inkişafının mənzərəsinin şahidlərinə çevrilirik. Məhz Onun sayəsində bu günün Azərbaycanı dünya miqyasında layiqli mövqeyini tutub, lider ölkələr sırasındakı yerini möhkəmləndirərək, söz sahibinə çevrilib. Ölkəmizin bütün sahələrdə əldə etdiyi inkişafı və tərəqqisi mətbuatımızdan da yan keçməyib. Demokratik medianın və azad sözün bu günkü reallığı bütün mənalarda həmin faktorların bariz göstəricisi olaraq qiymətləndirilməkdədir. Azərbaycan mətbuatı heç vaxt indiki qədər dövlət və ictimai qayğı ilə əhatə olunmayıb. Eləcə də dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər mətbuata xüsusi diqqət və qayğı mövcud deyil. Məhz bu baxımdan, Azərbaycan mətbuatının bugünkü inkişaf səviyyəsi haqqında danışarkən, sözün həqiqi mənasında, keçilmiş uzun və mürəkkəb yol göz önündə canlanır. Bu mənada, insan beynində mediamızın inkişafı ilə bağlı çoxsaylı suallar da meydana çıxır. Düşünürük ki, necə oldu Azərbaycan mətbuatı qısa müddət ərzində bu qədər inkişaf etdi, maddi-texniki vəziyyəti yüksəldi, demokratikləşdi.
Məhz səslənən suala cavab axtararkən, ilk olaraq lider faktoru və mətbuatın inkişafı istiqamətində həyata keçirilən islahatların əhəmiyyəti önə çıxır. Elə reallaşdırılan fəaliyyətin və islahatların nəticəsində ötən zaman ərzində söz, fikir və özünüifadə azadlığının təmin və müdafiə olunması yönündə fundamental nailiyyətlər əldə edilib.
-Bu fikirlərinizi hansı aspektlərlə şərh edərdiniz?
- Bilirsiniz, bu aspektlər bir sıra tarixi faktlara əsaslanır. Bu baxımdan, qeyd etmək yerinə düşər ki, 1991-ci ildə müstəqilliyimizin ikinci dəfə əldə olunmasının ardından mətbuat sahəsindəki vəziyyət də, digər sahələrdə olduğu kimi, ürəkaçan deyildi. Təsadüfi şəxslərin ölkə rəhbərliyinə gəlməsi, ölkənin silahlı qruplaşmaların mübarizə meydanına çevrilməsi və ölkədə qeyri-sabit vəziyyətin yaranması təbii olaraq mətbuatın da inkişafına maneələr törədirdi. Həmin vaxtlarda çətinliklə nəşr edilən qəzetlərə yaradılan bürokratik əngəllər əsl həqiqətin xalqa çatdırılmasına mane olurdu. AXC-Müsavat hakimiyyətinin jurnalistikaya, jurnalistlərə münasibəti hakimiyyətdə təmsil olunma səviyyələri ilə adekvat idi. Məmurlar istənilən jurnalist haqqında istədiyi qərarı verirdi və söz azadlığı, fikir plüralizmi kimi məfhumlar Azərbaycana yad meyarlara çevrilmişdi. İstər Həsən bəy Zərdabi dövründən miras qalan, istərsə də ümummilli liderimiz Heydər Əliyev tərəfindən formalaşdırılan milli mətbuat ənənələri kobud şəkildə dağıdılırdı. Millətin gərgin psixoloji durumundan istifadə edərək şantaj, hədə-qorxu yolu ilə pul qazanmaq hərisliyi bəzi məqamlarda jurnalist adına ləkə vurulması ilə də nəticələnirdi. Hətta bu gün belə mübarizə aparılan, jurnalistikanın ən ağrılı yeri sayılan “reket jurnalistikası” da məhz o günlərdən bizə qalan “yadigardır”. Mətbuatın inkişafına mane olmaq, azad sözü boğmaq üçün 1992-ci ildə yaradılan hərbi senzura yazılı mətbuatın vəziyyətini daha da ağırlaşdırdı. Milli maraqları maddiyyata satanlar qorxurdular ki, onların əleyhinə hər hansı bir informasiyanın, əslində isə, həqiqətin xalqa çatdırılması onların siyasi iflasına gətirib çıxaracaq. 1993-cü ilin aprel ayında senzuranın tətbiqinin miqyasının genişləndirilməsi və bütün informasiya yayımını əhatə etməsi haqqında verilən sərəncam məlumat azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı.
Amma mətbuatın inkişafının qarşısını alan, onu dar çərçivədə məhdudlaşdıran antidemokratik siyasətə ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə son verildi. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı.
- Belə demək mümkündürsə, mətbuatın inkişafı üçün hüquqi baza yaradıldı və islahatlara başlanıldı...`
- Tamamilə doğrudur. Belə ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra həyata keçirilən demokratik transformasiya və milli inkişaf strategiyasının fonunda media təsisatının təşəkkülü və inkişafına xüsusi diqqət göstərildi və bu sahədə strateji səciyyəli fundamental işlər görüldü. İlk növbədə, kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyəti üçün qanunvericilik bazası formalaşdırıldı və müvafiq hüquqi substratlar təsbit edildi. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə yol açdı. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın Konstitusiyasında da mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi ərəfəsində onun memarı, yaradıcısı ulu öndər Heydər Əliyevin səyləri ilə insan və vətəndaş hüquq və azadlıqlarının-sərbəst düşüncə və özünüifadə, dini etiqad və məslək azadlığının təmin olunması istiqamətində xüsusi maddələr Ana Qanuna salındı. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə media sektorunun inkişafına, söz, fikir və özünüifadə azadlığının təmin və müdafiə olunmasına fundamental töhfələr bəxş edən çox ciddi addımlar atıldı. 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmana müvafiq surətdə həyata keçirilən işlər kütləvi informasiya vasitələrinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına fundamental şərait yaratdı. Həmin Fərmanla Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab olundu.
Əlbəttə ki, Azərbaycanda senzuranın ləğv olunması haqqında Fərmanın imzalanması həmin dövr üçün inanılmaz addım idi. Bu, çox böyük siyasi iradə tələb edirdi. Belə bir missiyanı məhz ulu öndər Heydər Əliyev həyata keçirdi. Ulu öndər Heydər Əliyev bu qərarı verməklə böyük siyasi iradə nümayiş etdirdi. Bununla da Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu. Məhz senzuranın ləğvindən sonra jurnalistlərin öz peşələrinə münasibətdə məsuliyyəti də artdı. Çünki senzura yaradıcı insanlar üçün bir buxov idi. 6 avqust Fərmanı həm də o dövrdə postsovet məkanında ilk olaraq Azərbaycan mətbuatının dövlət nəzarətindən çıxmasına şərait yaratmışdı. Yəni bu məzmunlu Fərman yeganə olaraq Azərbaycanda verilmişdi.
1999-cu ilin sonunda isə “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Bir sıra qəzetlərin Azərbaycan nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.
Təbii ki, bu cür islahatların həyata keçirilməsi üçün qərarların verilməsi və reallaşdırılması liderin mənəvi baxışlarından da irəli gəlir. Yəni nə qədər lider mətbuata və onun nümayəndələrinə qarşı diqqətli olsa, diqqət və qayğı göstərsə, bir o qədər də nəticələr müsbət olar. Məhz ümummilli lider Heydər Əliyevin mətbuata xüsusi diqqət və qayğısı, mənəvi dəstəyi, həmçinin jurnalistlərlə mütəmadi olaraq, ünsiyyətdə olması bu sektorun sürətlə inkişaf etməsinə, stereotiplərin sındırılmasına səbəb olub. Dəfələrlə xarici ölkələrə və ya ölkə regionlarına səfərləri zamanı jurnalistlərə siyasi-iqtisadi məsələlərlə bağlı daha aydın reportajlar hazırlamaq üçün əlavə məlumatlar verərdi və əhəmiyyətli söhbətlər edərdi. Onlardan bəziləri həqiqətən insanın yaddaşında silinməz izlər qoyub...
- Ulu öndər Heydər Əliyevin jurnalistlərlə səmimi söhbətləri və onlara xüsusi qayğı göstərməsi faktlarını necə xatırlayırsınız?
- Çox yaxşı sualdır. Məsələn, Ulu öndər Heydər Əliyevin mətbuat qarşısına çıxmamışdan öncə jurnalistlərə alça təklif eləməsi orada olan heç bir media təmsilçisinin yadından çıxmaz. Həmin gün qabda jurnalistlərə alça verən ümummilli liderimizin özünün də onlardan birini yeməsi və mətbuat işçilərinə “ağzınızın suyu tökülməsin” deməsi hər kəsdə böyük sevinc hissilə müşayiət olunan gülüş doğurmaqla yanaşı, cəsarət yaratdı. Bu, həm də bir atalıq qayğısı idi. Ulu öndərimizin jurnalistlərlə bu cür qeyri-rəsmi münasibət saxlaması, eyni zamanda, mətbuat işçilərində bu peşəyə sevgi, hörmət, həmçinin daha həvəslə işləməyə cəsarət formalaşdırırdı.
Daha bir qeyri-rəsmi söhbət mənim də iştirak etdiyim tədbir zamanı baş vermişdi. Həmin vaxt Heydər Əliyev çay süfrəsində dişləmə çayla bağlı ətrafdakı insanlara məlumat verirdi. “Bilirsiniz dişləmə çay nədir? Dişləmə çay odur ki, bir tikə qənd qoyursan ağzına və bir stəkan çay içirsən. Mənə elə gəlir ki, indi çay içənlər çaydan çox qənd yeyirlər... Vaxtilə kəlləqənd olurdu. Yadınızdadır da, arşın mal alan...”. Bu cür epizodik söhbətlər həqiqətən insanlarla dövlət rəhbəri arasında olan səmimi münasibəti ortaya qoyurdu. Həmin məclisdə ümummilli liderimiz kəklikotu məsələsinə də aydınlıq gətirirdi və bu əsnada yaranmış söhbət, düşünürəm ki, hələ uzun müddət yaddaşlardan çıxmayacaq. “Vaxtilə ruslar buna kəkotu adını qoyublar. Amma bu kəklik otudur. Elə çay da kəklik otu çayıdır. Amma yenə də buna kəkotu deyirlər”. Bu məqamda ətrafda əyləşən şəxslərdən biri “bu kəkliyin yediyi otdur” deməsinə cavab olaraq, ümummilli lider Heydər Əliyevin “bəli, kəklik yeyən otdur. Amma bundan sonra belə siyasi səhvlərə yol vermə” deməsi bir daha insanlarda xoş ovqat yaradan gülüş yaratdı.
Bununla yanaşı, Heydər Əliyevin Naxçıvandakı hərbi hissənin yeməkxanasında əsgərlərlə naharı zamanı ordakı insanlara “Bu suyu içirəm və fikirləşirəm ki, deyə bilərsiniz ki, Siz də bu sudan içirsiniz?” - deməsi də növbəti səmimiyyətin əlaməti idi. Ümumiytyyətlə, jurnalistlər hər zaman ulu öndər Heydər Əliyevdən atalıq qayğısı, doğmalıq hiss ediblər.
Ulu öndər Heydər Əliyevin müxtəlif konsert və tədbirlərdən sonra qeyri-rəsmi görüşlər keçirməsi, gözlənilmədən şəhərdə insanlarla görüşlərə çıxması, toylarda iştirak edərək, əl qaldırıb rəqs etməsi və digər bu cür hərəkətləri cəmiyyət tərəfindən çox səmimi olaraq qəbul edilirdi və bu gün də xoş hadisələr kimi xatırlanır...
- Ulu öndər Heydər Əliyevin mətbuata qayğısından bəhs edərkən, bu qayğının Prezident İlham Əliyev cənabları tərəfindən də davam etdirlməsi barədə nə deyərdiniz?
- Söz yox ki, bu gün isə ulu öndər Heydər Əliyevin siyasi kursunu Onun layiqli siyasi varisi Prezident İlham Əliyev uğurla davam etdirir. Davamlı dövlət qayğısı, Prezident İlham Əliyevin diqqəti mətbuatın problemlərinin həllində mühüm yer tutur. Bu məsələyə toxunan dövlət başçısı “Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər” - deyib.
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də media sektorunun inkişafı yönündə fundamental addımlar atıldı, söz, fikir və özünüifadə azadlığının təmin və müdafiə olunması yönündə fundamental nailiyyətlər əldə edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasət kursu nəticəsində iqtisadi qüdrətimiz artdıqca mətbuatın maddi probleminin həlli ilə bağlı çox ciddi addımlar atıldı və müvafiq tədbirlər görüldü. İlk növbədə, öz peşəsini dürüst və obyektiv surətdə yerinə yetirən, Azərbaycan mətbuatının inkişafına xüsusi xidmət edən ayrı-ayrı jurnalistlərin müxtəlif problemlərinin həlli ilə bağlı fundamental addımlar atılmağa başlandı. Bununla yanaşı, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması ilə bağlı qərarın qəbul olunması, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, jurnalistlərə fəxri adların verilməsi, onların orden və medallarla təltif olunması, qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının edilməsi və s. kimi tədbirlər media sektorunun inkişafını sürətləndirən fundamental mexanizm qismində çıxış etdi.
Bütövlükdə, KİV-in fəaliyyətini stimullaşdırmaq məqsədilə, həmçinin jurnalist əməyinə verilən yüksək qiymətin göstəricisi olaraq Prezident İlham Əliyev 2005-ci il iyul ayının 21-də “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habelə, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalayıb. Dövlət başçısının Azərbaycan mətbuatının 130 illik yubileyinin qeyd edilməsi haqqında 2005-ci ildə imzaladığı Sərəncamda müstəqil milli mətbuatımızın üzərinə düşən məsuliyyət ifadə olunur. Prezident İlham Əliyevin 2006-cı il 8 fevral tarixli “Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının ödənilməsi barədə” Sərəncamını isə ulu öndərin mətbuatın maddi-texniki imkanlarının yaxşılaşdırılması yönündə həyata keçirdiyi siyasətin davamı kimi qiymətləndirmək olar. Sərəncama əsasən, qəzetlərin nəşriyyata olan 450 min ABŞ dolları həcmində borcu dövlət büdcəsindən ödənildi. Xatırladaq ki, qəzetlərin borclarının dondurulması haqqında mütərəqqi qərar hələ 2001-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən verilmişdi. Dövlət büdcəsinin gəlirlərinin artması və respublikamızın maliyyə imkanlarının yaxşılaşması borcların büdcə hesabına birdəfəlik ödənilməsinə şərait yaratdı. Qeyd edək ki, borcları ödənilən qəzetlər içərisində müstəqil və müxalifyönlü qəzetlər üstünlük təşkil edib. Bu isə bir daha təsdiq edir ki, siyasi mövqeyindən asılı olmayaraq, ölkədə bütün mətbuat orqanlarına dövlətin münasibəti, diqqət və qayğısı eynidir, onların azad fəaliyyətinə heç bir maneə yoxdur. Bundan başqa, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi də bu reallığın bariz göstəricisidir. Ümumiyyətlə, bu bir həqiqətdir ki, Prezident İlham Əliyevin mətbuat sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı bu sahənin sürətlə inkişaf etməsinə, mətbu orqanların fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub. Prezident İlham Əliyev də ümummilli lider kimi jurnalistlərə səmimi münasibət bəsləyir, onların sosial və iş şəraitilə tanış olur, ən əsası mətbuat nümayəndələrinin xeyrinə qərarlar verir. Belə bir mühit, əlbəttə ki, media nümayəndələri arasında perspektivlə bağlı böyük ümidlər yaradır.
Düşünürük ki, ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi Prezident İlham Əliyevin səyləri nəticəsində media sektoru daha da inkişaf edəcək və cəmiyyətimizin inkişafına təkan verən əhəmiyyətli sahə kimi formalaşacaq. Bu reallıqlar isə əbədiyaşar liderimizin ideyalarının yaşadılması, həyata keçirilməsi üçün həm də mətbuatımızın inkişafı üçün önəmli bir stimuldur.