YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb

Müsahibimiz YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva

- Sevinc xanım, müasir Azərbaycan dövlətinin davamlı inkişafını təmin edən çoxsaylı amillər mövcuddur. Həyata keçirilən davamlı islahatlarla yanaşı, xalqın və dövlətin maraqlarını müdafiə edən addımlar da milli tərəqqiyə əhəmiyyətli töhfələr verir. Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ali məramlı fəaliyyəti ayrı-ayrı sahələrin inkişafında və ölkəmizin beynəlxalq nüfuzunun artmasında müstəsna rol oynayır. Bu barədə nə düşünürsünüz?

- Bu gün Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu, özünəməxsus inkişaf modelinə malik olan və demokratik ölkə kimi tanınır. Heç şübhəsiz, ötən müddət ərzində Azərbaycanın müxtəlif sahələrdə möhtəşəm və tarixi nailiyyətlər əldə etməsini təmin edən fundamental amillər mövcuddur. Bu amillərin başında, əlbəttə ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətinin Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gəlir. Ümumiyyətlə, dövlətimizin milli maraqlarına, müasir dünyanın reallıqlarına, çağırışlarına uyğun mövqe və siyasət Azərbaycanın müstəqil dövlət kimi davamlı – dayanıqlı inkişafını təmin edən əsas amildir. Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dövlətimizin milli maraqlarına və xalqın mənafeyinə xidmət edən çoxşaxəli fəaliyyəti xüsusilə qeyd edilməlidir.

Hər şeydən əvvəl, Mehriban xanım Əliyeva öz xalqına və dövlətinə qırılmaz mənəvi tellərlə bağlıdır. Mehriban xanım Əliyeva qeyd etmişdir: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır”. Bu fikirlər Mehriban xanım Əliyevanın həyat kredosunu tamamilə əks etdirir. Mehriban xanım Əliyevanın müxtəlif vəzifə və statuslarda bu zamana qədərki fəaliyyəti - Azərbaycan naminə gördüyü genişmiqyaslı işlər cəmiyyətdə ona böyük inam və rəğbət yaradıb. Bu gün hər bir Azərbaycan vətəndaşı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini olduqca yüksək qiymətləndirir.

- Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ümummilli liderimizin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fondun ötən müddət ərzində həyata keçirdiyi çoxşaxəli fəaliyyətin nəticələrini necə qiymətləndirirsiniz?

- Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bu zamana qədər müxtəlif sahələri əhatə edən və böyük əhəmiyyətə malik olan çoxsaylı layihələr reallaşdırılıb. Bu layihələrin hamısı müasir müstəqil Azərbaycanın inkişafına mühüm töhfələr verməklə yanaşı, xalqa və dövlətə xidmət prinsipinə söykənib. İstər Azərbaycan mədəniyyətinin və xalqımızın milli-mənəvi dəyərlərinin dünyaya daha yaxından tanıdılması, istər Xocalı faciəsi kimi ümummilli məsələlər barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, istərsə xeyriyyəçilik və digər istiqamətləri əhatə edən layihələrin müsbət nəticələri göz önündədir.

Fondun çoxşaxəli fəaliyyətindən bəhs edən Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun öz fəaliyyətini humanizm prinsipləri əsasında qurduğunu bildirərək deyib ki,  “biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Biz Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik. Biz infrastruktur layihələri icra edirik”. Fondun ayrı-ayrı insanların problemlərinə heç zaman biganə qalmadığını deyən Mehriban xanım Əliyeva vurğulayıb ki, insanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir.

Heydər Əliyev Fondu bir çox sahələrdə səmərəli layihələr həyata keçirməklə yanaşı, təhsilin inkişafı istiqamətində də mühüm təşəbbüslərlə çıxış etmiş, bu sahədə genişmiqyaslı işlərin altına imzasını atmışdır. Bu baxımdan, "Yeniləşən Azərbaycana yeni məktəb" proqramını xüsusi olaraq qeyd etmək lazımdır. Bu proqramda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəkdilməsi kimi məsələlər öz əksini tapıb və qarşıya qoyulan məqsədlərə müvafiq olaraq həyata keçirilən tədbirlər səmərəli nəticələr verib.

Bununla yanaşı, Fondun dəstəyi ilə paytaxt Bakıda və respublikanın bölgələrində çoxlu sayda körpələr evinin, uşaq bağçasının, xüsusi təyinatlı uşaq müəssisəsinin yüksək səviyyədə təmir olunması və hər cür avadanlıqla təchiz edilməsi də xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun təkcə “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində çoxsaylı internat və uşaq evi yenidən qurulub. Ümumiyyətlə, Mehriban xanım Əliyeva daim uşaqları diqqətdə saxlayır, xüsusən də valideyn qayğısından məhrum olan, kimsəsiz uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir. Heydər Əliyev Fondu tərəfindən uşaq və yeniyetmələrin sağlamlığı, təhsili, hərtərəfli inkişafı üçün mühüm layihələr həyata keçirilir.

Göründüyü kimi, Heydər Əliyev ideyalarını böyük ruh yüksəkliyi ilə və ardıcıl şəkildə həyata keçirən Fondun fəaliyyəti sırf dövlətin milli maraqlarına, milli-mənəvi dəyərlərə söykənir.

- Azərbaycanın birinci xanımı milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində də genişmiqyaslı fəaliyyət göstərir. Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin çox vacib istiqamətlərindən biri məhz Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə tanıdılmasıdır. Bununla bağlı düşüncələriniz nədən ibarətdir?

- Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində genişmiqyaslı fəaliyyət göstərir. Bu fəaliyyətin məntiqi nəticəsi kimi, Azərbaycanın zəngin tarixi və mədəni irsi dünyaya çatdırılır, ölkəmizin müsbət reallıqları beynəlxalq ictimaiyyətin diqqət mərkəzində yer alır. Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə mühüm əlaqələrə malik olması da Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində xüsusi əhəmiyyətə malikdir. Muğam və aşıq sənətinin, tar ifaçılıq sənətinin və Azərbaycan xalçasının UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Mehriban xanım Əliyevanın fəaliyyəti və xidmətlərinin nəticəsidir. “Hər bir xalqın, hər bir millətin ən böyük sərvəti onun mədəni irsidir. Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə malik olan bir ölkədir. Əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan mədəni irsimiz, dilimiz, ədəbiyyatımız, poeziyamız, musiqimiz olub. Muğam isə əsl sənət incisidir. Təsadüfi deyil ki, Azərbaycan muğamı UNESCO-nun bəşəriyyətin mədəni irsinin şah əsərləri siyahısına salınıb və çox sevindirici haldır ki, artıq bu siyahıda Azərbaycan tarı və tar ifaçılığı da vardır. Bu, bizim mədəni irsimizə, mədəni irsimizin qorunmasına dünya miqyasında göstərilən diqqətin və qayğının göstəricisidir”,-deyən Mehriban xanım Əliyeva, sözün əsl mənasında, Azərbaycan mədəniyyəti və incəsənətinə xüsusi diqqət və qayğı ilə yanaşır.  Azərbaycanın musiqisinin dünyada təbliği və ölkəmizin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Həqiqətən də, Azərbaycan muğamının, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun, İçərişəhərin, Qız qalasının, Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun dünya mədəni irs siyahısına, aşıq, xalçaçılıq, tar ifaçılığı sənətlərinin, Novruz bayramının, dolma, lavaş və kəlağayının, Lahıc misgərlik sənətinin, Çövkən oyununun UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilməsi məhz Mehriban xanım Əliyevanın çoxşaxəli və məqsədyönlü fəaliyyətinin nəticəsidir.

- Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd edib ki, xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti olduqca yüksək qiymətləndirilməklə yanaşı, gələcək nəsillər üçün çox mühüm örnəkdir...

- Ümumiyyətlə, Mehriban xanım Əliyevanın genişməzmunlu və çoxşaxəli fəaliyyəti humanizm prinsipinə əsaslanır. Bu baxımdan, xeyriyyəçilik Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını təşkil edən mühüm amillərdən biridir və özündə ali dəyərləri əks etdirir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə müasir, müstəqil Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərir. Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd etmişdir: "...Xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir. Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir. Mənəviyyatın ali qanunlarına görə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividendlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır”.

İnsanların ümidlərini doğrultmaq və xeyirxahlıq etmək Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində aparıcı istiqamətlərdəndir. Təsadüfi deyil ki, qarşıya qoyduğu bütün layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondu insanlara qayğı və təmənnasız xidməti ilə cəmiyyətdə böyük rəğbət qazanıb, xeyirxahlığın ali ünvanı kimi tanınıb. Fondun vətəndaşların hər bir müraciətinə həssas yanaşması insanlara yüksək səviyyəli diqqət və qayğının bariz nümunəsidir.

-Yeri gəlmişkən, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində ölkəmizdə uğurla keçirilən mötəbər tədbirlərin Azərbaycanın beynəlxalq nüfuzunun artmasında əhəmiyyəti və rolu nədən ibarətdir?

- Bu gün Azərbaycan dünya miqyasında tolerantlıq məkanı kimi tanınır, sivilizasiyalararası dialoqa əhəmiyyətli töhfələr verir. Azərbaycan müsbət beynəlxalq imicə və yüksək nüfuza malikdir. Bunun nəticəsidir ki, mötəbər beynəlxalq tədbirlərin keçirilməsi sabitlik mühiti və dinamik inkişafı ilə fərqlənən Azərbaycana həvalə edilir. Sevindirici haldır ki, Azərbaycan bu zamana qədər bütün nüfuzlu, mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib.

Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi etməsindən bəhs edərkən Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Əvvəla qeyd edək ki, Mehriban xanım Əliyevanın nüfuzlu yüksək təşkilatçılıq bacarığı sayəsində “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi Azərbaycanda uğurla keçirildi və bütün dünyanın diqqət mərkəzində oldu. “Bakı-2015” ilk Avropa Oyunlarının, eyni zamanda, ötən il baş tutmuş IV İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə keçirilməsi - beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilməsi məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitələrinin uğurlu fəaliyyətinin nəticəsidir.

Bir məqama da xüsusi olaraq nəzər salmaq lazımdır. Belə ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycan ilə məhdudlaşmır, daha geniş coğrafiyanı əhatə edir və sözün əsl mənasında, xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına dəyərli töhfə verir. Bunun da nəticəsidir ki, Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilir O, həm də xalqlararası münasibətlərin və sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr verir ki, bu da beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Ötən il Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif etməsi bu nümunələr sırasında yer alır. Bununla yanaşı, digər çoxsaylı təltiflər Mehriban xanım Əliyevanın beynəlxalq əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.

- Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti də ölkəmizin inkişafı və beynəlxalq miqyasda nüfuzunun artması – imicinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu barədə nə deyə bilərsiniz?

- Məlumdur ki, Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Şübhəsiz ki, bu, xalqımız və dövlətimiz üçün çox əlamətdar hadisədir. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edərək deyib: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.

Mehriban xanım həm Milli Məclisin deputatı, həm də Heydər Əliyev Fondunun prezidenti kimi milli maraqlara əsaslanan uğurlu fəaliyyət göstərib. O, Milli Məclisin deputatı olarkən mühüm qanunvericilik təşəbbüsləri ilə çıxış edib və bu təşəbbüslərin hamısı xalqın mənafeyinə xidmət edib. Mehriban Əliyeva Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi də səmərəli fəaliyyəti ilə yadda qalıb. Buna paralel olaraq Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Fransada ölkəmizlə bağlı mühüm mədəniyyət tədbirləri keçirib, Azərbaycan reallıqları uğurla təbliğ olunub. Mehriban Əliyevanın Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” ali  dövlət ordeni ilə təltif olunması da bu baxımdan xüsusi vurğulanmalıdır.

Mehriban xanım Əliyeva, eyni zamanda, sıralarında 700 mindən çox insanı birləşdirən Yeni Azərbaycan Partiyasının Sədr müavinidir və partiyanın nüfuzunun daha da artmasına, ölkəmizin inkişafına öz layiqli töhfəsini verməkdədir. Bir sözlə, o, öz fəaliyyəti ilə Azərbaycan xalqının sevgisi və rəğbətini qazana bilib. Bütün bu amillər Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsini şərtləndirib. Reallıq budur ki, Mehriban xanım Əliyeva hazırda Birinci vitse-prezident kimi uğurla fəaliyyət göstərir, öz fəaliyyətində xalqımızın mənafeyini, dövlətimizin maraqlarını əsas götürür. Azərbaycanın Birinci vitse-prezidenti öz fəaliyyəti ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir, respublikamızı beynəlxalq miqyasda uğurla təmsil edir.