YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Qlobal internet şəbəkəsinin inkişafı bu istiqamətdə bir sıra məsələlərin qanunvericiliklə tənzimlənməsini zəruri edir

Müsahibimiz Milli Məclisin deputatı Sona Əliyeva

- Sona xanım, bildiyimiz kimi, müasir dövr internet əsri kimi səciyyəvidir. Azərbaycanda da əhalinin böyük hissəsi internet istifadəçisidir. Sizcə, virtual aləmin üstünlükləri ilə yanaşı, nə kimi zərərli cəhətləri var?

- Qlobal internet şəbəkəsinin inkişafı virtual aləmdə bizi çox təhlükəsiz vəziyyətə gətirir. Düşünürəm ki, gələcəkdə virtual aləm də müəyyən qanunvericiliklə ciddi şəkildə tənzimlənməlidir, bu sahədə mövcud qanunvericilik isə təkmilləşdirilməlidir. Virtual aləmdə fiziki olmasa da, insanların elektron formada müəyyən bir ad, loqin və niklə düşüncə mövcudluğu vardır. Biz kütləvi şəkildə internetdən müxtəlif növ informasiya alırıq və hətta deyərdim ki, bu informasiya axınının altında qalırıq. İnsan adətən, şüuraltı olaraq mühitdə sərhədlər qoymayan hər bir şeyi təhlükə olaraq qavrayır. Bizim evimiz, cəmiyyətdəki münasibətləri tənzimləyən müəyyən qayda-qanunlar, ümumiyyətlə mühitlə aramızda sərhəd qoyan hər bir şey bizim üçün nisbi də olsa təhlükəsizlik, qorunduğumuz hissini yaradır. Virtual aləmdə isə biz fiziki olaraq deyil, yalnız düşüncəmizlə virtual mövcudluğumuz sayəsində bu daxili immunitetdən məhrumuq, həmçinin bizim “təhlükəsizliyimizi” təmin edəcək heç bir baryer və sərhəd yoxdur. Dəfələrlə olub ki, sosial şəbəkələrdə profilimiz sıındırılıb, mənim aləmimdə bu yad adamın mənim evimə soxulması kimi bir haldır. Nəzərə alsaq ki, sosial şəbəkələrdəki profilimiz, elektron poçtumuz və digər elektron qeydiyyatlarımız bizim şəxsi və iş həyatımız haqqında bütün məlumatları özündə saxlayır; buna müdaxilə hər an baş verə bilirsə deməli biz təhlükədəyik.

Çox qarşılaşdığımız adi bir halı misal gətirmək istəyirəm, fikir vermisinizsə kompyuterinizdə və ya telefonunuzda hər hansı axtarış sistemində hər hansı bir mövzunu axtarırsınızsa, sonradan elektron poçtunuza və ya sosial şəbəkədəki profilinizə həmin mövzu ilə bağlı reklamlar və ya tövsiyələr gəlir. Bu halın özü göstərir ki, internetdə bizim konfidensionallığımız tamlığı ilə təmin olunmur və hardasa bizim məlumatlara çıxış var, baxmayaraq ki, kompyuterimizdə və digər istifadə etdiyimiz elektron əşyalarda internetdə təhlükəsizlik ilə bağlı müxtəlif proqramlardan istifadə edirik.

- Xüsusilə uşaq və yeniyetmələrin nəzarətsiz şəkildə virtual məkanda mövcudluğu hansı problemlər yarada bilər?

- Günümüzün reallıqlarından biri də odur ki, televizor, kompyuter və digər texnoloji avadanlıqlar uşaqlarımızın ilk tərbiyəçisidir... Valideyinlərə və özümüzə sual verək, gün ərzində uşaqlarımıza nə qədər vaxt ayırırıq, dünya və virtual aləmdə necə vaxt keçirməsindən tam olaraq məlumatlıyıqmı? Sirr deyil ki, sosial şəbəkələr vasitəsilə övladlarımız müxtəlif dini radikal qruplara meyllənir, bəzən bilərəkdən və ya biməyərəkdən şantaja, təhqirə, təhdidə məruz qalır, hər gün cinayətkarlığı təbliğ edən informasiya ilə rastlaşır, bəzən intihara və evdən qaçmaya təhrik olunur, bura qorxu və həyəcan məzmunlu müxtəlif informasiyanı da daxil etsək, mənzərə tam olur... Burda internetin və sosial şəbəkələrin pis və təhlükə dolu olduğu fikrini yaratmağa çalışmıram, lakin, təsəvvür etsək ki, övladlarımız bu sərhədsiz, demək olar ki, nəzarətsiz virtual dünyanın tam ortasındadırlar, bu məkanda baş verə biləcək mümkün təhlükə və hadisələr haqqında düşünməyə dəyər…. Reallıqda isə bununla bağlı bir çox hadisələrin də şahidi olmuşuq….Yəqin ki, uşaqlarımızın virtual aləmdə təhlükəsizliyinin necə təmin olunmasını, baş verə biləcək xoşagəlməz hallardan necə qorunmasının mümkünlüyünü tamlığı ilə anlamırıq və bununla bağlı bir qeyri müəyyənlik hökm sürür. Adətən, küçədə özümüz və uşaqlarımız yad adamlarla danışmır, bu cür münasibətlərdən ehtiyat edirik.

- Bu məsələlərin qanunvericiliklə tənzimlənməsi nə dərəcədə realdır?

- Dünyanın istənilən nöqtəsindən istənilən adama çıxış mövcuddur və fiziki olaraq bu aləmdə olmadığımız üçün şüuraltı olaraq yad insanla təmasdan qorxu hissini keçirmirik, bununla da istənilən tanımadığımız adamla əlaqə qurur, yazışır, bəzən isə dostlaşırıq. Bəs gözümüzdən kənara qoymadığımız uşaqlarımızı necə bu nəzarətsiz dünyada olmasına imkan veririk? Normal həyatda uşaqların məhdudlaşıdırılmış və ya qadağan olunmuş qeyri etik, qeyri qanuni və bu kimi digər çap vasitələrinə əl çatanlığı çox azdır, internetdə isə istənilən informasiya açıq bufetdə olduğu kimidir, seç və götür…

Bəlkə mənim baxışlarım yetərincə sərt və mühafizəkardır, lakin mən düşünürəm ki, uşaqların internetdə müəyyən saytlara və əsasən də sosial şəbəkələrə girişinə müəyyən məhdudiyyətlər qoyulmalıdır və buna ciddi nəzarət olmalıdır.

Üzvü olduğum parlamentin İnsan hüquqları komitəsində bu yaxınlarda çox əhəmiyyətli və vacib olan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunu müzakirəyə çıxarıldı və həqiqətən də çox dəyərli, maraqlı təkliflər irəli sürüldü.

- “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin əhəmiyyəti nədən ibarətdir?

- Qeyd etdiyim kimi, bu sənəd çox vacibdir. Və mən də qanunla bağlı müəyyən təkliflərlə çıxış etmişəm. İlk növbədə, qeyri-qanuni və qeyri-etik hərəkətlərə məruz qalmış yetkinlik yaşına çatmayanların şəxsiyyətini müəyyən olunmasına və ya açıqlanmasına bilavasitə imkan yaradan məlumatların: ad, soyad və atasının adının, ünvanının, fotoşəkil, video və səs yazılarının, təhsil aldığı və ya işlədiyi müəssisənin adının elektron və çap mediasında yayılmasının qadağan olunması bu layihədə nəzərdən keçirilməlidir.

İkincisi, milli mentalitetimizə və dəyərlərimizə zidd olan, insanlar arasında qeyri-ənənəvi münasibətləri təbliğ edən informasiyanın qadağan olunması da bu layihədə nəzərə alınsın. Həmçinin, qanun layihəsinə əsasən uşaqların zərərli informasiyadan qorunması məqsədilə ekspertiza qaydaları müəyyən olunacaq və müəyyən hüquqi aktlarla tənzimlənəcək. Arzu edərdik ki, qanun qüvvəyə mindikdən sonra bu sahədə qanunvericiliyə riayət olunmasına dövlət və ictimai nəzarət səmərə verəcək şəkildə təmin edilsin.

Eyni zamanda, məqsədə müvafiq olarsa, qlobal internet şəbəkəsinin və texnologiyanın sürətli inkişafını nəzərə alaraq, uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət proqramı hazırlansın və reallaşdırılsın. Bununla yanaşı, fikrimcə, ümumtəhsil məktəblərində valideyin və şagirdlər arasında uşaqların internet təhlükəsizliyi və zərərli informasiyadan qorunması ilə bağlı maarifləndirmənin aparılması ilə bağlı davamlı mexanizmlərin hazırlanması və həyata keçirilməsi təmin olunmalıdır.