YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Cənab İlham Əliyevə xalqın sevgisi tükənməzdir, bu amil 11 aprel seçkilərində bir daha təsdiq olunacaq

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov

- Eldar müəllim, ölkəmiz prezident seçkiləri ərəfəsindədir. Hazırda seçki kampaniyasının təbliğat-təşviqat kampaniyası həyata keçirilir. Bu kampaniya zamanı Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin xalqımız tərəfindən dəstəklənməsinin bir daha şahidi oluruq...

- Bilirsiniz ki, fevral ayında Yeni Azərbaycan Partiyasının  VI Qurultayı keçirildi. Qurultayda partiyamızın Sədri, dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü.  Qurultayın qərarı tarixi bir qərardır. Bu qərarı partiyamızın yüzminlərlə üzvü alqışlayır. YAP-ın VI Qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi bütün xalqımızın arzu və istəyi idi. Çünki cənab İlham Əliyev dövlət başçısı olaraq “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinə sadiq qalıb, Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bütün sferalarda böyük inkişaf yolu keçib.

Azərbaycanda partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevə rəqib ola biləcək siyasi qüvvə yoxdur. Çünki Prezident İlham Əliyev bütün fəaliyyətində Heydər Əliyev ideyalarına sadiqdir və Ümummilli liderimizin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirir, Onun fəaliyyətinin başlıca amalı dövlətə və xalqa xidmət etməkdir. Prezident İlham Əliyev hər zaman vədinə əməl edən liderdir. Dövlət başçısı ilə vətəndaşlar arasında qarşılıqlı inam və etimad var. Bütün bunların nəticəsidir ki, ölkəmizdə sabitlik və vətəndaş həmrəyliyi hökm sürür.

- Son 15 ildə Azərbaycan bütün sahələr üzrə inkişaf edib. Partiyamız prezident seçkilərinə hansı uğurlarla gedir?

- Şübhəsiz ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər bir sahədə böyük uğurlar qazanıb. Ötən 15 il ərzində Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasındadır.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın artan iqtisadi imkanları iqtisadiyyatın bütün sahələrinin paralel inkişafına yönəlib, Azərbaycanda insan kapitalının inkişafına böyük investisiyalar qoyulub. Ölkəmizin hər bir guşəsində böyük fabriklər, zavodlar, səhiyyə müəssisələri, idman və sağlamlıq kompleksləri, müxtəlif müəssisələr istifadəyə verilib. Son illər dünyada təlatümlərin, iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda inkişaf tendensiyası davam edir. Ötən 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb, 1,9 milyon yeni iş yeri açılıb. Bu dövrdə 3 mindən çox məktəb, 600-dən artıq tibb müəssisəsi tikilib istifadəyə verilib və ya yenidən qurulub. Uşaq və gənclərin sağlam həyat sürməsi, ölkəmizdə güclü idmançı nəslinin yetişməsi üçün 43 Olimpiya İdman Kompleksi inşa olunub. 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı işlərin bir hissəsidir.

Son 15 ildə Azərbaycanın təşəbbüsü və dəstəyi ilə böyük, transmilli iqtisadi, enerji və nəqliyyat layihələri bütün dünya üçün böyük əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töfhələr verir. Eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri, Şimal-Cənub nəqliyyat dəhlizi layihələri bütövlükdə dünya üçün əhəmiyyətlidir. Bu faktor Azərbaycana iqtisadi dividendlər gətirməklə yanaşı, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu da əhəmiyyətli dərəcədə artırır. Azərbaycan 2011-ci ildə 155 dövlətin dəstəyi ilə iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və bu dövrdə dünyada sülh və təhlükəsizliyin təmin olunmasına, insan haqlarının müdafiəsinə mühüm töhfələr verib. Eləcə də Azərbaycan kosmos dövlətləri sırasında özünün layiqli yerini turur.

Həmçinin Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edib, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Ölkəmizdə “Eurovision”, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula - 1 yarışları kimi bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəniyyət və idman tədbirləri keçirilib. Təbii ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir.

Onu da qeyd etmək istəyirəm ki, ötən 15 ildə ölkəmiz müdafiə qabiliyyətini də xeyli gücləndirib. Bu gün Azərbaycan Ordusu ən güclü ordular sırasındadır. Ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Bunu 2016-cı ilin aprel döyüşləri bir daha təsdiqlədi.
Bu mənada, düşünürəm ki, biz qarşıdan gələn prezident seçkilərinə böyük nailiyyətlərlə gedirik. Hesab edirəm ki, bu nailiyyətlər partiyamızın namizədinin növbəti parlaq qələbəsini şərtləndirən əsas amildir.

- Bu dövrdə əldə olunan sosial-iqtisadi göstəricilər nədən ibarətdir?

- Qeyd etdiyimiz dövr Azərbaycanın sosial-iqtisadi inkişaf baxımından  yüksəliş dövrü kimi tariximizə yazılıb. Bu dövrdə müstəqil dövlətimiz çox böyük nailiyyətlər qazanıb. Faktlara diqqət yetirək. Belə ki, ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub, valyuta ehtiyatları isə 23 dəfə artaraq  42 milyard dollara çatıb. Maaşlar 5, pensiyalar 8 dəfə artıb. İşsizlik 5 faiz təşkil edir, yoxsulluq 50 faizdən 5,4 faizə enib.

İqtisadiyyat ümumulikdə 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə, qeyri-neft ixracında  isə 4,1 dəfə artım var. Sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib. Ölkəmizin yaşayış məntəqələrinin qazlaşdırılması 51 faizdən 93 faizə çatdırılıb.

Ölkəmizdə gücü 2500 meqavat olan 30 elektrik stansiyası tikilib və hazırda mövcud stansiyaların generasiya gücü 6400 meqavatdır(3900+2500) və 15 il ərzində 64 faiz artıb.

Həmçinin, Oğuz-Qəbələ-Bakı su  xətti çəkilib. Ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faizdən 67 faizə çatdırılb, Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir.

Bu dövrdə dörd su anbarı – Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib istifadəyə verilib. Eləcə də, 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib. 15 il ərzində respublikada 7 aeroport tikilib və ya yenidən qurulub. Yalnız Bakı aeroportu beynəlxalq aeroport idi, hazırda altı beynəlxalq aeroport var – Bakı, Naxçıvan, Gəncə, Ləmkəran, Qəbələ, Zaqatala. Yevlax aeroportu isə yerli əhəmiyyətlidir.

- Eldar müəllim, Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafına da güclü dəstək göstərir. Dövlətin dəstəyi hansı nəticələr verməkdədir?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezidentliyinin ilk illərindən başlayaraq kənd təsərrüfatının inkişafına yüksək diqqət və qayğı ilə yanaşmış, bu sahənin tərəqqisi üçün dövlət dəstəyinin vacibliyini yüksək qiymətləndirib. Hörmətli Prezidentimiz 2004-cü ildən başlayaraq ölkəmizdə kənd təsərrüfatının və onunla bağlı aqrar-sənaye kompleksinin digər sahələrinin müasir tələblər səviyyəsində birgə inkişafının təmin edilməsi üçün elmi əsaslara söykənən  ardıcıl  siyasət yeridir.

Ölkəmizdə aqrar sahənin inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsul istehsalına çəkilən xərcin bir hissəsinin dövlət vəsaiti hesabına ödənilməsi, məhsul istehsalının dinamik artımına nail olunması üçün indiyə kimi  möhtərəm Prezidentimiz tərəfindən onlarla qanun,   fərman və sərəncam imzalanıb. Kənd təsərrüfatı məhsul istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad olunması haqqında 2001-ci ildən tətbiq edilən qanunun qüvvəsinin Prezident  İlham Əliyevin təşəbbüsü ilə  2018-ci ilin sonuna kimi uzadılması fermerlərə 2 milyard manatdan çox  dövlət büdcəsinə ödəniləcək vəsaitin onların sərəncamında qalmasına və istehsalın genişləndirilməsinə sərf etməyə imkan verib.

Kənd təsərrüfatında əldə olunan nəticələri 2017-ci ilin timsalında da görmək mümkündür. Belə ki, 2017-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 6 milyard 580 milyon manat (4 milyard dollar), bu sahədə yaradılan ümumi daxili məhsul 3,9  milyard  manat (2,3 milyard dollar), ümumi daxili məhsulda kənd təsərrüfatının payı 5,6 faiz təşkil edib. 2007- 2016-cı  illərdə yalnız  yanacaq və motor yağlarına, buğda və çəltik əkinlərinə, mineral gübrələrə və reproduksiyalı toxumlara və tinglərə görə  dövlət büdcəsindən hər il 150-180 milyon manat    həcmində subsidiya verilib. 2018-ci ildə büdcədən kənd təsərrüfatına 656 milyon manat vəsait ayrılıb ki, bunun da 288 milyon manatı müxtəlif subsidiyaların ödənilməsi və aqrar sahədə islahatların aparılmasına yönəldiləcək.

Sumqayıt sənaye parkında isə sənaye məhsulları ilə yanaşı kənd təsərrüfatı istehsalı üçün böyük əhəmiyyət kəsb edən bir neçə zavod da tikilib istifadəyə veriləcək. Tikintisinə başlanılan SOCAR karbamid zavodunda ildə 650- 660 min ton azot gübrəsi istehsal  ediləcək. Parkda təməli qoyulan Sumqayıt yunəyirici-boyaq fabrikində ildə 370 ton yun iplik və 195 ton təmiz yun istehsal  ediləcəkdir.

Fermerlərin öz məhsullarını satmaqda üzləşdikləri çətinliklətri aradan qaldırmaq və bu işi asanlaşdırmaq, habelə əhalini sağlam ərzaq məhsulları ilə təmin etmək üçün 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyinin tərkibində  “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC  və ötən il   Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılması barədə Prezident Sərəncam və  Fərman imzalayıb və onlar fəaliyyətə başlayıblar. 

Ölkəmizdə qeyri-ənənəvi sənaye sahələri ilə yanaşı, ənənəvi sənaye sahələrinin bərpası və inkişafına da böyük diqqət yetirilir. Xüsusilə son vaxtlar milli sərvətimiz və xaricə çıxışı olan xalçaçılığın inkişafına diqqət artırılıb. Bu məqsədlə  “Azərxalça” ASC-nin yaradılması, bölgələrdə 10 –na yaxın xalçaçılıq fabrikinin, Sumqayıtda əyirici-boya fabrikinin tikintisi aparılır ki, bu da  yaxın vaxtlarda xalça istehsalında  həm boya və hə də iplikdən xarici asılılığa son qoyacaq və  xalça məhsulları ilə xarici bazarlara   çıxmaq üçün böyük imkan yaradacaq.