YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Xalqımız inkişaf və sabitliyin davamlı olması üçün cənab İlham Əliyevə səs verəcək

Müsahibimiz Azərbaycan Respublikası Milli Məclisinin deputatı Malik Həsənov

- Malik müəllim, Azərbaycan prezident seçkilərinə sabitlik və inkişaf fonunda gedir. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin əhəmiyyəti və nəticələri barədə nə deyə bilərsiniz?

- Aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Əvvəla onu demək istəyirəm ki, seçkiöncəsi mühit, ictimai-siyasi sabitlik və demokratik şərait xüsusi olaraq təqdir edilir. İctimai rəy sorğuları və mövcud reallıqlar isə deməyə əsas verir ki, Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin nəticələrini olduqca yüksək qiymətləndirir. Bu, təsadüfi deyil, çünki müasir müstəqil Azərbaycanın hazırkı mənzərəsini səciyyələndirilən başlıca reallıqlar möhkəm ictimai-siyasi sabitlik və dinamik iqtisadi inkişafla bağlıdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu inkişaf siyasətinin Onun layiqli varisi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan yüksək beynəlxalq reytinqə malik olan ölkəyə çevrilib, bütün sahələrdə əhəmiyyətli uğurlar qazanılıb. Təsadüfi deyil ki, son 14 ildə Azərbaycan dünya miqyasında sürətli inkişaf tempinə malik olan ölkələr sırasında yer alıb. Ötən müddət ərzində milli iqtisadiyyatımız 3 dəfədən çox artıb, qeyri-neft sektoru 2,8 dəfə genişlənib. 2004-cü ildə Azərbaycanın strateji valyuta ehtiyatları cəmi 1,8 milyard dollar həcmində idisə, hazırda bu göstərici 42 milyard dollara çatıb. Yəni respublikanın valyuta ehtiyatları 14 il ərzində 23 dəfə artıb və bu, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə dünya miqyasında çox yüksək göstəricidir. Son 14 iqtisadi göstəricilərimiz ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. Bu müddət ərzində ölkəmizdə 1,9 milyon iş yeri yaradılıb və onlardan 1,4 milyonu daimidir. 2017-ci ildə isə 177 min daimi iş yeri açılıb. Yeni iş yerlərinin açılması regionları da əhatə edir. Daha dəqiq desək, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində bölgələrdə əhalinin məşğulluğunun təmin olunması, yeni iş yerlərinin açılması istiqamətində mühüm nailiyyətlər əldə edilib.

- Yeri gəlmişkən, milli inkişaf siyasətinin mühüm istiqamətlərindən birini ayrı-ayrı sahələrdə müvafiq proqram və layihələrin uğurla icra olunmasıdır...

- Azərbaycanın inkişafını təmin edən başlıca amillərdən biri müxtəlif sahələrdə səmərəli layihə və proqramların  müvəffəqiyyətlə həyata keçirilməsidir. Sosial, iqtisadi, humanitar, təhsil və digər sahələrdə məqsədyönlü layihələr həyata keçirilir, mühüm nəticələr əldə edilir. Xüsusilə də, infrastruktur quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər qazanılıb. Bu istiqamətdə bir neçə nümunəyə nəzər salmaq məqsədəuyğundur. Məsələn, respublika ərazisində qazlaşdırma sahəsində aparılan genişmiqyaslı işlər nəticəsində ölkəmizdə əhalinin qazla təchiz edilməsinin 93 faizə çatdırılmasını xüsusi olaraq qeyd etmək lazımdır. 2010-2017-ci illərdə Azərbaycan ərazisində yaşayış məntəqələrinin genişmiqyaslı yeni qazlaşdırılma tədbirləri nəticəsində respublikanın 1416 yaşayış məntəqəsi təbii qazla təmin edilib. 2009-cu ilin iyul ayına qədər mövcud qaz şəbəkəsinin uzunluğu 10 min 536 kilometr təşkil edirdisə, 8 ilə yaxın vaxt ərzində 48 min 558 kilometr yeni qaz kəmərləri çəkilib, 9 min 101 kilometr müxtəlif diametrli qaz xətləri yenidən qurulub, 29 ədəd qazpaylayıcı stansiya və qaztənzimləyici məntəqə quraşdırılıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin də önəmi xüsusi vurğulanmalıdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Regionlarda da qazlaşdırma və qaz təminatının bərpası istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir.

Əhalinin içməli su ilə fasiləsiz təmin olunması istiqamətində də davamlı tədbirlər həyata keçirilir. Diqqətə çatdırmaq istəyirəm ki, 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz olub. İndi bu göstərici 67 faizə çatıb, Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir. Son 14 il ərzində Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib ki, bu da kənd təsərrüfatının inkişafı üçün mühüm meliorativ tədbirlər sırasında yer alır. Bundan başqa, son 14 ildə respublika üzrə 2500 meqavat gücündə 30 yeni elektrik stansiyası tikilib. Həmçinin 2004-cü ildən etibarən respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə yol-nəqliyyat infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulması Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib, regionlarda daxili yük və sərnişin daşımalarının artmasına, həmçinin rahatlığın təmin olunmasına müsbət təsir göstərib. Yəni son 14 ildə ölkə miqyasında infrastuktur layihələri uğurla həyata keçirilib. Bu isə vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə xidmət edib, ölkəmizin inkişafının daha da sürətlənməsinə təkan verib.

- Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə diqqət mərkəzində olan başlıca məsələlərdən biri regionların sosial-iqtisadi inkişafı olub. Bu sahədə görülən işlər və əldə edilən nəticələri necə qiymətləndirirsiniz?

- Ölkəmizin inkişaf dinamikasında regionların özünəməxsus yeri var. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində həyata keçirilən tədbirlər bu sahədə mühüm uğurların əldə edilməsini şərtləndirib. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır və son 14 il əldə edilən nailiyyətlər bunu təsdiqləyir. Azərbaycanda 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bölgələrin sürətli inkişafını təmin etməklə yanaşı, infrastrukturun yenilənməsində də əsaslı rol oynayır. Son 14 ildə respublikamızın inkişafında regionlarda aparılan yenidənqurma, quruculuq-abadlıq işləri, yeni məktəblərin, səhiyyə ocaqlarının, gənclər mərkəzlərinin və bu qəbildən olan digər sosial təyinatlı obyektlərin qurulması, yenilənməsi mühüm əhəmiyyət daşıyır.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını təmin edib. Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Məlumdur ki, ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı hazırlanıb və 2-si artıq uğurla həyata keçirilib. Hər 2 dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi nəticəsində yerlərdə istehsal və emal potensialı gücləndirilib. Hazırda isə üçüncü Dövlət Proqramı icra edilir. Əvvəlki illərdə yaradılan baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas oldu. Hazırda, qeyd etdiyim kimi, yeni Dövlət Proqramı böyük müvəffəqiyyətlə yerinə yetirilir.

- Malik müəllim, qazanılmış bu möhtəşəm nailiyyətlər seçkilərin nəticələrində özünü necə göstərəcək?

- Sadaladığımız möhtəşəm nailiyyətlər deməyə əsas verir ki, Azərbaycan son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli, dinamik və dayanıqlı inkişaf yolu keçib. Ötən dövrün mənzərəsi onu göstərir ki, Azərbaycan inkişaf edir, qazanılan nailiyyətlər isə ölkəmizin gücü və qüdrətinin daha da artmasını şərtləndirir. Buna görə də Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir və bu siyasətin ölkəmizin inkişafına, sabitlik və firavanlığa xidmət etdiyini əminliklə ifadə edir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bundan sonra da ölkəmizin uğurlu inkişafını təmin edəcək, qarşıdakı dövrdə ölkə iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm nəticələr əldə olunacaq. Nəticə etibarilə, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar ölkəmizin gələcək inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Bu səbəbdən əminliklə demək olar ki, xalqımız inkişaf və sabitliyin davamlı olması üçün cənab İlham Əliyevə səs verəcək.