MÜSAHİBƏLƏR
Cənab İlham Əliyevə səs vermək inkişafı, rifahı, yüksəlişi və tərəqqini seçməkdir
- Səkinə xanım, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Azərbaycan seçkilərə mühüm nailiyyətlərin fonunda gedir. Ölkəmizin ötən müddət ərzində siyasi və iqtisadi müstəvidə əldə etdiyi nailiyyətlər barədə fikirləriniz nədən ibarətdir?
- Müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Azərbaycanın müstəqillik əldə etdikdən sonra tarixin səhnəsində özünəməxsus yer tutmasını, öz müstəqilliyini qoruyub saxlamasını təmin edən amil məhz lider faktoru olmuşdur. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra çoxsaylı siyasi, iqtisadi, humanitar və digər xarakterli problemlərlə üzləşən Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması Ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri, uzaqgörən siyasəti sayəsində mümkün olub. Tarix şəxsiyyətləri xalqı qarşısında xidmətlərinə görə dəyərləndirir. Heydər Əliyevin fəaliyyətinin əsas qayəsini məhz xalq xidmət təşkil edib. Onun Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri məhz ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılması olub. Öz gücünü xalqın dəstəyindən alan və milli siyasi iradəni təmsil edən Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyinin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib. Partiyamız Ulu öndər Heydər Əliyevin ideyaları əsasında irəliləyərək zəngin və şərəfli yol keçib, milli inkişafa xidmət edən bu siyasətini bu gün də uğurla davam etdirir. Partiyamızın Sədri, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və səmərəli siyasi kurs, sistemli və kompleks tədbirlər Azərbaycanın inkişafının təminatçısıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib”.
Hər bir liderin - ölkə başçısının fəaliyyətinin nəticələri xalqın rifahı və ölkənin inkişaf səviyyəsi ilə bağlı qazanılan nailiyyətlər əsasında qiymətləndirilir. Prezident İlham Əliyevin fəaliyyətinin əsasında duran ali məqsəd – prioritet istiqamət vətəndaşların rifah halının yaxşılaşdırılması, iqtisadi inkişafın güclü sosial siyasətlə tamamlanmasıdır. Ölkə başçısının sosial dövlət fəlsəfəsi hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsidir. Sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, bu istiqamətdə ötən müddət ərzində ölkənin inkişafı ilə bağlı Dövlət proqramları uğurla icra olunub, son 14 ildə respublika üzrə təxminən 1,9 milyon yeni iş yeri yaradılıb, yoxsulluq 50 faizdən 5 faizədək azaldılıb, işsizlik isə 5 faizdir. Prezident İlham Əliyev həmçinin qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə böyük diqqət və qayğı göstərir. Son 14 ildə qəbul edilən müvafiq Dövlət proqramları çərçivəsində qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Bütün bunlar cənab İlham Əliyevin rəhbərliyi ilə səmərəli və məqsədyönlü sosial siyasətin həyata keçirildiyini göstərir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Hələ 2003-cü ildə “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev verdiyi bütün vədlərə əməl edərək xalqın rifah halının yaxşılaşmasına, dövlətimizin qüdrətinin artmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına nail oldu, ölkəmizin qarşısında yeni inkişaf üfüqləri açıldı. İndi Azərbaycanın perspektivi parlaq – gələcəyi işıqlıdır, xalqın sabaha inamı güclüdür, ölkəmiz inkişaf yolunda gələcəyə doğru əmin addımlarla irəliləyir.
- Azərbaycanda biznes mühitinin inkişafına və sahibkarların fəaliyyətinə dövlət tərəfindən böyük dəstək verilir. Bunun əsasında duran amil isə dövlət başçısının güclü siyasi iradəsidir. Bununla bağlı nə deyə bilərsiniz?
- Ümummilli liderimiz Heydər Əliyev qeyd edib ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət iqtisadiyyatın dayanıqlı inkişafını təmin edib və bütün sahələrdə qazanılan uğurların təməlində bu amil dayanır. Ötən müddət ərzində strateji valyuta ehtiyatlarının 23 dəfədən çox artaraq 44 milyard dollara çatması həyata keçirilən iqtisadi siyasətin səmərəli nəticələridir.
Azərbaycanda əlverişli biznes mühitinin yaradılması, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, sahibkarlıq mühitinin davamlı şəkildə yaxşılaşdırılması, sahibkarlığın maliyyə təminatının artırılması və digər amillər qeyri-neft sektorunun və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib. Prezident İlham Əliyev şəxsən sahibkarlarla müntəzəm görüşlər keçirir, sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında iştirak edir. Sahibkarlar isə onların fəaliyyətinə dövlət tərəfindən dəstəyin göstərilməsini yüksək qiymətləndirirlər. Bu isə sahibkarların sosial məsuliyyətinin artırılmasına təkan verir.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 34600-dən çox sahibkarın ümumi dəyəri 4,5 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2,1 milyard manatdan artıq güzəştli kredit verilib. Bu, yeni müəssisələrin və iş yerlərinin yaradılması, iqtisadiyyatda özəl sektorun payının artması baxımından böyük əhəmiyyətə malikdir. Hazırda özəl bölmənin ümumi daxili məhsuldakı payı 80 faizdən çoxdur, məşğulluqda isə 75 faizi ötüb. Bundan başqa, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncamına uyğun olaraq görülən işlər özəl sektorun inkişafına təkan verib. Ölkəmizdə sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının müddətinin 2021-ci ilədək uzadılması, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilməsi, lisenziyaların müddətsiz müəyyən edilməsi, dövlət rüsumunun məbləğinın Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılması, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinin təmin olunması bu sahədə reallaşdırılan əhəmiyyətli tədbirlər sırasındadır. Eyni zamanda, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsi ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün strateji əhəmiyyətli addımdır.
Sadalananlarla yanaşı, yerli və xarici iş adamlarının ölkə daxilində uğurla fəaliyyət göstərməsi investisiyaların artmasına da təkan verib. Son 15 ildə daxili və xarici mənbələrdən respublikamıza 231 milyard dollar həcmində investisiyalar yönəldilib. Prezident İlham Əliyev “Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdaşdır” deyib. Həqiqətən də, bu gün Azərbaycan nümunəsi və təcrübəsi bu fikiri təsdiq edir. Dövlətin xüsusi diqqəti və dəstəyi sayəsində sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşıb, bu isə nəticə etibarilə, Azərbaycanın tərəqqisi üçün müstəsna əhəmiyyətə malikdir.
- Səkinə xanım, Azərbaycanda qadın sahibkarlar əsasən hansı sahələrdə fəaliyyət göstərirlər, qeyri-neft sektorunun inkişafına istiqamətində hansı işlər görür və bu prosesə nə kimi töhfələr verirlər?
- Azərbaycanda qadın sahibkarlar, əsas etibarilə, müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Bu, daha çox qeyri-neft sektorunu əhatə edir. Son illərin tendensiyaları göstərir ki, sahibkarlıqla məşğul olan qadınların sayı əhəmiyyətli dərəcədə artıb. Azərbaycan qadınları səmərəli fəaliyyətləri, o cümlədən sahibkarlıq fəaliyyəti ilə ölkənin iqtisadi həyatına öz töhfələrini verirlər.
Bir məqamı xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm. Dövlət başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş kiçik və orta sahibkarlıq üzrə Strateji Yol Xəritəsinin icrası çərçivəsində Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının yaradılması qadın sahibkarlığının inkişafında, qadın sahibkarların fəaliyyətinin əlaqələndirilməsində və əməkdaşlığının genişləndirilməsində mühüm əhəmiyyətə malikdir. Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ölkənin ixrac imkanlarının genişləndirilməsi, qadınların sahibkarlıq sahəsində fəallığının artırılması baxımından xüsusi önəm daşıyır. İqtisadiyyatın bütün sahələrində qadınlarımızın böyük əməyi var. Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası regionlarda pambıqçılığın inkişaf etdirilməsi, yeni zavod və fabriklərin yaradılması, onların məhsullarının xaricə ixrac olunması, qadınlar arasında savadlı və təcrübəli mütəxəssislərin hazırlanması istiqamətində konkret vəzifələrin yerinə yetirilməsi üçün öz fəaliyyətini uğurla davam etdirir.
- Sizcə, seçkilərdə Azərbaycan sahibkarlarının seçimi necə olacaq?
- Prezident İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının yox, bütövlükdə xalqın namizədidir. Çünki cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz lideridir və cəmiyyət yekdilliklə Onun siyasətini dəstəkləyir. İctimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da göstərir ki, Prezident İlham Əliyevin fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı gələcək tərəqqinin əsası kimi dəyərləndirir. Bu isə Azərbaycanda vətəndaşların dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiyini göstərir.
Əminliklə söyləmək olar ki, cənab İlham Əliyevin yenidən prezident seçilməsi ölkədə həyata keçirilən genişmiqyaslı islahatların və inkişaf siyasətinin uğurla davam etdirilməsinə imkan yaradacaq. Nəzərə alsaq ki, Azərbaycan bu günə qədər Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli və uğurlu inkişaf yolu keçib, bu siyasətin davam etdirilməsi ölkəmizin yeni nailiyyətlər əldə etməsinə, insanların rifah halının daha da yaxşılaşmasına, beynəlxalq nüfuzunun artmasına səbəb olacaq. Bu səbəbdən Azərbaycan cəmiyyətinin digər nümayəndələri kimi sahibkarlar da bu siyasətin davamlı olmasını istəyir, cənab İlham Əliyevi dəstəklədiyini birmənalı şəkildə ifadə edirlər. Düşünürəm ki, cənab İlham Əliyevə səs vermək inkişafı, rifahı, yüksəlişi və tərəqqini seçməkdir. Azərbaycan sahibkarlarının seçimi məhz cənab İlham Əliyev olacaq!