YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Xalq inkişaf və sabitlik naminə cənab İlham Əliyevə səs verir

Müsahibimiz Milli Məclisin deputatı Elman Nəsirov

- Elman müəllim, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi mühiti necə qiymətləndirirsiniz?

- Azərbaycan çox mühüm bir siyasi kampaniya – prezident seçkiləri ərəfəsindədir. Seçkiöncəsi mühit sabitdir, bütün seçicilərə bərabər şərait və imkanlar yaradılıb. Təbliğat-təşviqat mərhələsi çərçivəsində keçirdiyimiz görüşlərdə yüksək seçici fəallığı müşahidə edilir və seçicilər Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevi dəstəklədiklərini birmənalı şəkildə ifadə edirlər.

Ümummilli lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə cənab İlham Əliyev haqqında bildirirdi ki, “mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ötən zaman bu inam və ümidin özünü doğrultduğunu göstərdi. Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan sürətli inkişaf yolu keçdi, beynəlxalq mövqeyi möhkəmləndi, Cənubi Qafqazın lider ölkəsinə çevrildi. Bütün bu nailiyyətlər Prezident İlham Əliyevə ümumxalq məhəbbətinin formalaşmasını təmin etdi. Əlbəttə, bu ümumxalq məhəbbətinin əsasında dayanan 3 başlıca amili xüsusi olaraq qeyd etmək lazımdır. Bunlardan birincisi, Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsidir. İkincisi, ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyin və etibarlı təhlükəsizlik mühitinin yaradılmasıdır. Bu gün regional və beynəlxalq miqyasda gərginliklər, müharibələr, qanlı toqquşmalar baş verdiyi halda, Azərbaycan sabit və təhlükəsiz ölkə olması ilə diqqəti cəlb edir. Üçüncüsü isə, sabitlik və təhlükəsizliyin də əsasında dayanan amil olan dinamik iqtisadi inkişafdır. Məlumdur ki, Azərbaycan son 15 ildə dinamik inkişaf yolu keçib, iqtisadiyyat 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Kənd təsərrüfatı məhsulu istehsalında 1,7, qeyri-neft ixracında isə 4,1 dəfə artım olub. Strateji valyuta ehtiyatlarımız 1,8 milyarddan 44 milyarda yüksəlib, ölkəmizə 231 milyard həcmində sərmayə qoyulub. Bəhs olunan dövr ərzində infrastruktur quruculuğunun uğurla davam etdirilib, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər səmərəli nəticələr verib. Respublika üzrə 2500 meqavat gücündə 30 yeni elektrik stansiyası tikilib. Eyni zamanda, 2004-cü ildən bəri respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib. Respublika ərazisində qazlaşdırma sahəsində aparılan genişmiqyaslı işlər nəticəsində ölkəmizdə əhalinin qazla təchizatı 93 faizə çatdırılıb. Əhalinin içməli su ilə təminatı 26 faizdən 67 faizə çatdırılıb, şəhərlərdə bu göstərici 81, regionlarda isə 43 faizdir.

Bütün bu göstəricilər Azərbaycanın tərəqqisini, ötən müddət ərzində keçdiyi dinamik inkişaf yolunu əyani surətdə nümayiş etdirir. Azərbaycan xalqı bütün bu uğurları yüksək qiymətləndirir. Ona görə də xalqımızın mütləq əksəriyyəti cənab İlham Əliyevi yekdilliklə dəstəkləyir.

- Ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  praqmatik xarici siyasət kursunun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənib, ölkəmizdə dünyada etibarlı tərəfdaş kimi tanınır. Bu barədə nə deyə bilərsiniz?

- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs - həm daxili, həm də xarici siyasət müstəqilliyi ilə fərqlənir. Azərbaycanın iqtisadi müstəqilliyi onun siyasi müstəqilliyini şərtləndirir. Ölkəmiz heç bir dövlətdən, beynəlxalq təşkilatdan, eləcə də maliyyə qurumundan asılı deyil, müstəqil daxili və xarici siyasət həyata keçirir. Buna görə də Azərbaycan dövlətinə və Prezidentinə dünya miqyasında yüksək etimad və etibar mövcuddur. Azərbaycan bütün prinsipial məsələlərlə bağlı öz səsini ucaldır, ədalətli mövqe nümayiş etdirir, beynəlxalq sülh və təhlükəsizliyə mühüm töhfələr verir. Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini, nüfuzunun artmasını göstərən ən mühüm faktlardan biri ölkəmizin 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli xarici siyasət nəticəsində ölkəmiz ikitərəfli münasibətlərini uğurla inkişaf etdirir. İkitərəfli formatda əlaqələrimiz olan dövlətlərlə bizim üçtərəfli, dördtərəfli münasibətlərimiz də yaranır, onun coğrafiyası genişlənir və bu formatın çox böyük perspektivi var.

Uğurlu daxili və xarici siyasət həmçinin Azərbaycanın beynəlxalq reytinqinin artmasını şərtləndirib. Təsadüfi deyil ki, Davos İqtisadi Forumu və digər nüfuzlu beynəlxalq qurumlar öz hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyini yüksək dəyərləndirirlər. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda 12 indikatordan doqquz indikator üzrə mövqeyini yaxşılaşdıran ölkəmiz reytinq cədvəlində daha iki pillə irəliləyərək 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Digər tərəfdən, Azərbaycan Dünya İqtisadi Forumunun ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr sırasında üçüncü yeri tutub. Bütün bunlar Azərbaycanın inkişafının, uğurlu daxili və xarici siyasət kursunun, dünya iqtisadiyyatına uğurla inteqrasiya etməsinin nəticəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli təşkil edir. Azərbaycanın Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində mövqeyi möhkəmlənib, hərbi, siyasi və diplomatik üstünlüyü təmin olunub. Siyasi üstünlüyümüz ondan ibarətdir ki, heç bir dövlət və beynəlxalq təşkilat Ermənistanın işğalçılıq siyasətini qəbul etmir, bütün dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın qeyri-konstruktiv mövqeyi və cəhdləri heç bir nəticə vermir. Diplomatik üstünlüyümüzü göstərən ən mühüm faktlardan biri isə qondarma DQR-də keçirilən qanunsuz referendumun heç bir dövlət tərəfindən tanınmaması, Dağlıq Qarabağın tarixi və hüquqi nöqteyi-nəzərdən Azərbaycanın ərazisi olmasının nümayiş etdirilməsi oldu. 2016-cı ilin aprel döyüşləri isə Azərbaycanın hərbi üstünlüyünü nümayiş etdirdi. Bu döyüşlər, həmçinin Azərbaycan əsgərinin döyüş və vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu göstərdi. Aprel döyüşlərindən sonra Serj Sarkisyan 3 absurd ilkin şərtlər irəli sürdü və danışıqlara getməyəcəyini bəyan etdi. Lakin Azərbaycanın siyasi və diplomatik üstünlüyünün fonunda 2017-ci ilin oktyabr ayında Sarkisyan ilkin şərt irəli sürmədən Cenevredə danışıqlara gəldi.

Bütün bunlar onu göstərir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli siyasət həyata keçirir, prinsipial mövqe nümayiş etdirir. Bu isə işğal altında olan torpaqlarımızın azad ediləcəyinə dair əminlik yaradır. Çünki xalq öz Prezidentini, Onun həyata keçirdiyi siyasəti dəstəkləyir və xalq-hakimiyyət birliyinin olduğu yerdə qələbə labüddür! 

- Elman müəllim, prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərdə iştirak edirsiniz. İnsanların seçki əhval-ruhiyyəsi necədir?

- Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Göyçay və Kürdəmirdə seçicilərlə görüşlərlər iştirak edirik. Görüşlərdə insanlarda yüksək seçki əhval-ruhiyyəsi hiss edilir. Seçicilər yekdilliklə cənab İlham Əliyevi dəstəklədiklərini bildirirlər. Seçicilər Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə edilən nailiyyətləri yüksək qiymətləndirirlər. Onlar inkişaf və tərəqqinin davamlı olması, yeni nailiyyətlərin əldə edilməsi üçün cənab İlham Əliyevə səs verəcəklərini bildirirlər. Həqiqətən də, xalq inkişaf və sabitlik üçün öz Prezidentinə - cənab İlham Əliyevə səs verməlidir.