YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ölkəmizin gələcək inkişafı üçün cənab İlham Əliyevə səs verməliyik

Müsahibimiz Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov

Səməd müəllim, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Azərbaycan seçkilərə hansı uğurlarla gedir?

- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Azərbaycanı beynəlxalq miqyasda demokratik ölkə və etibarlı tərəfdaş kimi tanıdıb. İstər regional, istərsə də beynəlxalq əməkdaşlıq kontekstində Azərbaycan çox mühüm tərəfdaş, aparıcı ölkə kimi çıxış edir. Azərbaycanın iştirakı və təşəbbüsü ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr regionun təhlükəsizliyini təmin etməklə yanaşı, yeni əməkdaşlıq platformaları müəyyənləşdirib. Bunun nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır, ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətləri genişlənir və daha da inkişaf edir.

Azərbaycan regionun lider ölkəsi olmaqla yanaşı, həm də davamlı inkişafa malik olan ölkələrdən biridir. Azərbaycanın iqtisadi potensialı mütəmadi olaraq artır, dünya iqtisadiyyatında mövqeyi möhkəmlənir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu reytinq agentlikləri Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, bunun nəticəsində əldə edilən inkişaf göstəricilərini və nailiyyətləri yüksək qiymətləndirirlər.

Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və praqmatik siyasət nəticəsində Azərbaycan həm də beynəlxalq dialoq, əməkdaşlıq məkanına çevrilib. Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənir, ölkəmizə maraq artır. Azərbaycan beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında öz maraqlarının müdafiəsini qətiyyətlə həyata keçirir, ölkəmizin beynəlxalq nüfuzu mütəmadi olaraq artır. Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihənin həyata keçirilməsini təsəvvür etmək belə mümkün deyil. Ona görə də bu gün dünyanın diqqəti Azərbaycandadır, ölkəmizə olan maraq artıb. Ölkəmiz aprelin 11-də keçiriləcək prezident seçkilərinə məhz bu cür müsbət reallıqlar fonunda gedir. Bu reallıqlar isə Azərbaycan xalqının cənab İlham Əliyevi yekdilliklə dəstəkləməsini şərtləndirir. Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin inkişafa, rifaha xidmət edən siyasətini birmənalı şəkildə dəstəkləyir.

- Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır, ölkəmizin beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir. Bunu təmin edən strateji amil isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  praqmatik xarici siyasət kursudur. Bu barədə nə düşünürsünüz?

- Əvvəla qeyd edim ki, Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır. Prezident İlham Əliyevin rəhbərliyi  ilə praqmatik siyasət həyata keçirilir və bu siyasət nəticəsində Azərbaycanın mövqeyi beynəlxalq miqyasda əhəmiyyətli dərəcədə güclənib. Bu siyasətin nəticəsi kimi, Azərbaycan 2011-ci ildə BMT  Təhlükəsizlik Şurasının üzvü seçilib, beynəlxalq təşkilatlarda söz və nüfuz sahibinə çevrilib. Azərbaycan dünyaya inteqrasiyasını intensivləşdirərək xarici əlaqələrini genişləndirib, Şərqlə Qərb arasında körpü rolunu uğurla yerinə yetirir. Əlbəttə ki, bütün bunlar Azərbaycanın müstəqil dövlət olaraq gücünü daha da artırır.

Azərbaycanın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri ikitərəfli və çoxtərəfli əlaqələrin mütəmadi olaraq genişlənməsidir. Azərbaycan ikitərəfli və çoxşaxəli əlaqələrin sırf beynəlxalq hüquq normaları və milli maraqlar əsasında davam və inkişaf etdirilməsinin tərəfdarıdır. Ötən müddət ərzində həyata keçirilən siyasətin, görülən tədbirlərin nəticəsi kimi, Azərbaycanın mövqeyi beynəlxalq müstəvidə nəzərə alınır, ölkəmizlə əməkdaşlıq əlaqələri gücləndirilir. Azərbaycan bütün məsələlərdə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial, qətiyyətli mövqe nümayiş etdirir...

- Yeri gəlmişkən, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti necə qiymətləndirirsiniz?

- Cənab Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini hər zaman ən mötəbər tribunalardan qətiyyətlə ifadə edir. Dövlətimizin başçısı hər zaman bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda güclü siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv fəaliyyət sərgiləyib, öz mövqeyini qəti və konkret surətdə ifadə edib.

Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi və digər istiqamətlərdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də Prezident İlham Əliyevin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi tamamilə aydın və birmənalıdır. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və 7 ətraf rayonu işğaldan azad edilməli, soydaşlarımızın yurd-yuvasına qayıtması və təhlükəsiz həyat şəraiti təmin olunmalıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ problemi heç vaxt gündəmdən çıxarılmayıb. Ən əsası, Dağlıq Qarabağ məsələsini  həll etmək üçün Azərbaycan Prezidenti ardıcıl  siyasət həyata keçirir. Dövlətimizin başçısı Azərbaycanı yenidən qurur, ordumuzu gücləndirir, iqtisadiyyatı inkişaf etdirir.  Yəni bütün bunlar torpaqlarımızın azad olunmasına xidmət edən işlərdir. BMT Təhlükəsizlik Şurasının  qeyri-daimi üzv olmağımız da, Avropa Şurasına sədrlik etməyimiz də Dağlıq Qarabağ münaqişəsinin həllinə xidmət edən məqamlar olub. Hər iki dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi prioritet olub. Bu gün də Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə müvəffəqiyyətlə çatdırılır, hücum diplomatiyası qətiyyətlə davam etdirilir. İnanırıq ki, Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqları azad edəcək – ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq.

- Səməd müəllim, prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərdə iştirak edirsiniz. İnsanların seçki əhval-ruhiyyəsi necədir?

- Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirilən görüşlərdə insanlarda yüksək seçki əhval-ruhiyyəsi hiss edilir. Seçicilər birmənalı şəkildə möhtərəm Prezidentimiz İlham Əliyevi dəstəklədiklərini bildirir, Onun rəhbərliyi ilə həyata keçirilən siyasətin inkişafa, yüksəlişə və tərəqqiyə xidmət etdiyini vurğulayırlar. Görünən odur ki, Azərbaycan xalqının seçimi birmənalı şəkildə cənab İlham Əliyevdir. Ümumiyyətlə, ölkəmizin gələcək inkişafı və inamlı sabahı üçün 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməliyik. Cənab İlham Əliyevə səs verməklə biz Azərbaycanın uğurlu gələcəyinə səs vermiş oluruq.