YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Xalq ən böyük sərvətlərimizdən biri olan sabitliyə və inkişaf səs verəcək

Müsahibimiz «Hilal» İctimai Birliyinin sədri Arzuman Abdulkərimov

 

- Arzuman müəllim, bildiyimiz kimi bu gün Azərbaycanda xeyli sayda qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. İstərdik ki, öncə, rəhbərlik etdiyiniz «Hilal» İctimai Birliyinin fəaliyyəti haqqında məlumat verəsiniz...

- «Hilal» İctimai Birliyi qısa müddətdir fəaliyyətə başlamasına baxmayaraq, bir sıra uğurlara imza atıb. Təşkilat yarandığı gündən çalışırq ki, xarici ölkələrdə fəal iş aparmağa üstünlük verək. Çünki bununla da Azərbaycan həqiqətlərinin dünya ölkələrində yayılması işinə töhfə vermiş oluruq.

Xüsusilə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ifşa olunması  ilə əlaqədar tədbirlərə üstünlük verilir.  

Məsələn, ötən ilin dekabr ayında Fransanın paytaxtı  Paris şəhərində “Balzak” kinoteatrında Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə təşkil olunmuş “XXI əsrdə qaçqın və girov məsələsi : Azərbaycan nümunəsində” adlı konfrans keçirdik. Konfrans Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə həsr edilmişdi. Konfransı açan vəkil Alen Tremolyer Dağlıq Qarabağ münaqişəsinə, onun nəticələrinə, Azərbaycanın ərazi bütövlüyünə diqqəti çəkib, cəbhə xəttində erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilən mülki şəxslərdən, öz doğma torpaqlarında girov götürülmüş azərbaycanlılardan danışdı.

Sonra rejissor Maksim Mardukayevin “Qarabağ, səni tərk etmirəm” (“Karabagh, je ne te quitte pas”) adlı 50 dəqiqəlik sənədli filmi nümayiş olundu. Azərbaycanlı qaçqınların və məcburi köçkünlərin həyatına həsr olunmuş film doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərimizin köhnə qatar deposunda sığınacaq tapmalarından, çətinliklərlə üzləşmələrindən və bütün bunlara baxmayaraq, doğma evlərinə qayıtmaq həsrəti ilə yaşamalarından bəhs edir.

Tədbirdə həmçinin  Robert Şuman İnstitutunun vitse-prezidenti Florans Qabey və “Paris Match” jurnalının əməkdaşı, jurnalist-reportyor Jil Trişard Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, onların hüquqlarını müdafiə edən beynəlxalq hüquqi sənədlərdən, bu insanlara dəyən sağalmaz yaralardan və mənəvi zərbələrdən söz açıblar, qaçqınlıq həyatına məruz qalan insanların keçirdiyi daxili sarsıntılardan danışdılar.

Robert Şuman İnstitutunun vitse-prezidenti Florans Qabey tədbirdə dedi ki, AŞPA-nın tədbirlərinin birində bu məsələ haqqında danışacaq. O həqiqətən sözünə əməl etdi və bu qurumun tədbirində ermənilər tərəfindən girov götürülmüş hər iki azərbaycanlının öz torpağında girov götürülməsinin yolverilməz olduğunu vurğuladı.

Əslində, biz çoxdan idi ki, belə bir tədbirin təşkili haqqında düşünürdük. Çünki Fransa ATƏT-in Minsk qrupunun həmsədridir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul olan bir ölkədə belə tədbirlərin təşkili çox vacibdir. Həmin tədbirə daha çox Fransa ictimaiyyətinin nümayəndələri qatılmışdı.  Həmin tədbirdən bir gün sonra isə Ermənistanın Fransadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirdik.

Biz Avropada olanda müşahidə edirik ki, təmsada olduğumuz insanlar ölkəmizə qarşı isti münasibətdədirlər. Onlar  Azərbaycana gəlmək istəyirlər. Doğrudur, Avropada bəzi qurumlar var ki, ölkəmizə qarşı ikili standartlarla yanaşırlar. Amma zamanla bu yanaşma dəyişməkdədir, çünki Avropa cəmiyyətləri ölkəmizi tanıdıqca bizə münasibətləri müsbət mənada dəyişir. Məsələn, Fransada Azərbaycanın Birinci-vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti, onun Avropada gördüyü humanitar-xeyriyyə tədbirləri, Azərbaycanın mədəniyyətinin tanıtımı  Fransa cəmiyyətinə çox yaxşı tanışdır.

Düşünürəm ki,  Azərbaycana kənardan baxış daha yaxşı görünür. Biz yaxın vaxtlarda Fransanın bir sıra tanınmış ictimai xadımlərini ölkəmizə dəvət etməyi nəzərdə tuturuq.

Fransadakı tədbirdən sonra eyni məsələ ilə bağlı Rusiyanın paytaxtı Moskva şəhərində də tədbir keçirdik və bu tədbir də böyük maraqla qarşılandı. Qeyd etdiyim kimi, bu tədbirləri keçirməkdə məqsəd Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır. Bu gün Azərbaycan dövləti, şəxsən cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu istiqamətdə çox işlər görürlər. Amma bu prosesdə ictimaiyyət, o cümlədən QHT sektoru da yaxından iştirak etməlidir.

Onu da qeyd edim ki, «Hilal» İctimai Birliyi ölkəmizdə ictimai-sosial  proseslərdə də fəal iştirak edir. Fəaliyyətimizdə şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə qayğı da əsas yerlərdən birini tutur.  

- Hazırda Azərbaycanda QHT sektoru sürətlə inkişaf edir. Bu inkişafda dövlətin dəstəyi nə dərəcədə rol oynayır?

- Azərbaycanda QHT sektoru inkişaf yolundadır. Dövlətimiz bütün sahələrdə olduğu kimi bu sahəyə də böyük diqqət göstərir. Bilirsiniz ki, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyət göstərir və bu qurumun vasitəsilə üçüncü sektorun fəaliyyətinə güclü dəstək göstərilir.

Dövlət büdcəsindən QHT-lərin qrant layihələrinin maliyyələşdirilməsi böyük həcmdə vəsait ayrılır və Şuranın vasitəsilə layihələr maliyyələşdirilir.  Bizim təşkilatımız da qrant müsabiqələrinin qalibləri sırasında olub. Ümumiyyətlə, Şuranın maliyyələşdirdiyi layihələr aktual mövzuları əhatə edir. Şura ölkəmizdə fəaliyyət göstərən QHT-lərlə sıx əməkdaşlıq edir. Bu onu göstərir ki, dövlət vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirir. QHT layihələrinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi də bu diqqətin nümunəsidir. Hesab edirəm ki, ötən dövrdə QHT-lər öz fəaliyyətini xeyli dərəcədə təkmilləşdiriblər. Təbii ki, burada dövlət-QHT münasibətlərinin inkişafı özünün müsbət təsirini göstərir. QHT-lərin təqdim etdiyi layihələrdə vətənpərvərlik mövzuları, milli maraqların qorunması, ictimai aktuallıq kəsb edən mövzular üstünlük təşkil edir.

Bu faktor həmçinin, QHT-lərin xarici donorlardan asılılığın qarşısını almağa kömək edir. Bu asılılıq heç də yaxşı hal deyil. Çünki xarici donorların arasında  destruktiv fəaliyyət göstiərənlər də var. Ona görə də, dövlətimizin üçüncü sektora göstərdiyi diqqət və qayğı çox yüksək qiymətə layiqdir. Öz növbəsində, üçüncü sektor dövlətin onlara göstərdiyi etimadı doğrultmalı və fəaliyyətlərində yalnız milli və dövlət maraqlarını rəhbər tutmalıdırlar.

- Aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. «Hilal» İctimai Birliyi seçki prosesini müşahidə edəcəkmi?

- «Hilal» İctimai Birliyi QHT olaraq 11 apreldə keçiriləcək prezident seçkiləri kampaniyasını müşahidə edir. Bu günə qədər olan vəziyyəti yüksək qiymətləndiririk. Seçki qabağı mühit normaldır, bütün seçki hərəkətləri qanunvericiliyə uyğun və şəffaf şəkildə aparılır. Müşahidə missiyamız seçki günü də bir çox seçki məntəqələrində səsvermə prosesini izləyəcək və yekun rəyini ictimaiyyətə, yerli və xarici mediaya açıqlayacaq.

Mən hesab edirəm ki, Azərbaycanın seçki qanunvericiliyi dünyada ən demokratik sayılan Avropa ölkələrinin seçki qanunvericiliyindən üstündür. Məsələn, heç bir ölkədə namizədlər üçün televiziyalarda ödənişsiz efir vaxtı yoxdur. Avropa ölkələrində namizədlər yalnız öz seçki fondundan təbliğat məqsədilə vəsait ayrıraraq müxtəlif KİV-lərdə öz təşviqat prosesini həyata keçirirlər. Amma Azərbaycanda isə bütün namizədlərə bərabər şərait yaradılıb.

Qeyd etdiyim kimi, hazırda seçki kampaniyası qanunvericiliyə uyğun qaydada davam edir.  Seçim isə Azərbaycan xalqınındır və xalqımız aprelin 11-də öz sözünü deyəcək.

Bir məsələni də deyim ki, biz seçki prosesini izləyərkən bəzi müxalifət partiyalarının seçkilərdə iştirak etməmələrinin səbəblərini də araşdırmışıq. Araşdırmalar həmin partiyaların yanaşmalarının qeyri-obyektiv olduğunu göstərir. Məsələn, bəzi müxaliflər prezident seçkilərinin aprel ayında keçirilməsi haqqında qərarı əsas gətirərək indiki vaxtda seçkilərə hazır olmadıqlarını iddia edirlər. Amma bütün dünyada praktika belədir ki, siyasi partiyalar hər zaman seçkilərə hazır olmalıdır. Onların payız aylarına hazırlaşmaları barədə fikirləri əsaslı deyil. Bir qrup müxalifət partiyaları mitinqlər keçirirlər, amma həmin mitinqlərə ictimai maraq yoxdur. Amma hakimiyyətin prezidentliyə namizədinin təbliğat kampaniyası çərçivəsində bölgələrdə keçirilən mitinqlərdə iştirak edənlər sayı müxalifətin Bakıda keçirdiyi mitinqlərin iştirakçılarının sayından dəfələrlə çoxdur.

- Arzuman müəllim, sizcə, bu seçkilərdə hansı namizəd daha şanslıdır?

- Hesab edirəm ki, Azərbaycan vətəndaşları ən layiqli namizədə səs verəcəklər.  Bu gün ən böyük sərvətlərimizdən biri ölkəmizdə mövcud olan sabitlikdir. Ötən illər ərzində Azərbaycan hər bir sahədə böyük inkişaf yolu keçib, nailiyyətlər qazanıb. Düşünürəm ki, aprelin 11-də xalqımız sabitliyə və inkişaf səs verəcək.

Müşahidələrimiz əsasında deyə bilərəm ki, bu seçkilərin favoriti Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevdir.

Məlumat üçün bildirim ki, «Hilal» İctimai Birliyi olaraq biz aprelin əvvəlində prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin İstanbul şəhərində orada yaşayan azərbaycanlıların iştirakı ilə cənab İlham Əliyevə dəstək aksiyasının keçirilməsini nəzərdə tuturuq.