MÜSAHİBƏLƏR
Cənab İlham Əliyev bütövlükdə xalqımızın, cəmiyyətimizin seçimidir
- Mehdi müəllim, qarşıdan prezident seçkiləri gəlir. Ölkəmizdə həyata keçirilən sosial siyasət hər zaman yüksək dəyərləndirilir. Eləcə də, həyata keçirilən sosial siyasət əlillərin, şəhid ailələrinin, müharibə veteranlarının da sosial rifahının yüksəlişinə zəmin yaradıb. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- 11 aprel prezident seçkiləri olduqca mühüm bir siyasi hadisədir. Ümumiyyətlə, Azərbaycanda keçirilən bütün seçkilər seçici fəallığı ilə seçilib. Təbii ki, bu da xalqımızın görülən işlərə, aparılan siyasətə verdiyi qiymətdən irəli gəlir. Birmənalı şəkildə qeyd olunmalıdır ki, Azərbaycan seçicisi əsası Ulu öndərimiz tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətini bəyənir, qiymətləndirir.
İnkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərməkdədir. Həyata keçirilmiş tədbirlər respublikada əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması üçün əsaslı zəmin yaradıb. Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Ümumilikdə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Müharibə şəraiti davam etsə də, Azərbaycan qüdrətli dövlətə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxili və xarici siyasət kursu nəticəsində Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasına qoşulub. Hələ müharibə şəraitində yaşaya-yaşaya Azərbaycanın hərbi büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsindən dəfələrlə artıqdır. Təkcə bu fakt hər şeyi deyir və əlavə statistik məlumatların göstərilməsinə ehtiyac yaranmır.
Bu gün müstəqil Azərbaycan mürahibə nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən, mürahibədə şəhid olan və fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət ayırır, onlara Prezident təqaüdü verilir. Azərbaycanda artıq çadır şəhərcikləri yoxdur və məcburi köçkünlər artıq çadırda yaşamır. Fiziki sağlamlığını itirən müharibə əlilləri üçün hər cür lazımi şərait yaradılır. Hər keçən gün qanunlara edilən mütərəqqi dəyişikliklərlə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə şəhid olanların ailə üzvüləri, fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin Böyük Vətən müharibəsi əlilləri, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, müharibə əlillərinə avtomobillər verilir, hər iki statusa malik olanların övladları ali təhsil müəssisələrində dövlət hesabına təhsil alır. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir. Bir fakta diqqət çəkmək istəyirəm ki, Prezident İlham Əliyevin müharibə əlillərinə, şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı proqramı çərçivəsində ötən il bu təbəqələrdən olan 315 nəfərə mənzillər təqdim edilib. Bu evlərin 148-i yeni inşa olunmuş binalardan mənzillər olub, 167 nəfərə isə fərdi yaşayış evi verilib. Bununla da indiyədək mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı 6 mindən çoxdur. Eləcə də, Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi hər il əlilliyi olan şəxslərin protez-ortopedik məmulatlarla və rebilitasiya vasitələri ilə təmin olunmasını diqqətdə saxlayır. Bundan başqa, möhtərəm Prezidentimiz bu ilin martın 13-də «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» Sərəncam imzalayıb. Bütün bunlar dövlətimizin əlilliyi olan şəxslərə, eləcə də şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan xəbər verir.
- Qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin xalqımız tərəfindən dəstəklənməsinin əsasında hansı amillər dayanır?
- Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütövlükdə xalqımızın, cəmiyyətimizin seçimidir. Azərbaycan xalqı həyata keçirilən daxili və xarici siyasəti görür, dəyərləndirir. Bu gün xarici siyasət kursumuzun əsasını Dağlıq Qarabağın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmini təşkil edir. Bunun nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycan mütləq üstünlük əldə edib. Möhtərəm Prezidentmizin apardığı hücum diplomatiyası siyasəti Azərbaycan həqiqətlərinin yüksək tribunalardan səslənməsinə, beynəlxalq aləm tərəfindən dəstəklənməsinə yol açıb. Demək olar ki, bütün beynəlxalq təşkilatlar qəbul etdikləri qətnamələrdə Ermənistanın işğalçı ölkə olduğunu xüsusilə vurğulayır və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. Azərbaycan hüquqi müstəvidə mühüm üstünlüklərə malikdir. Eləcə də, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində də böyük bir yol qət edib. 2016-cı ilin aprelində işğalçı Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlara verilən cavab, işğal altında olan bir sıra ərazilərimizin azad edilməsi, Lələtəpəyə Azərbaycan bayrağının sancılması Azərbaycan Ordusunun gücünü həm düşmən ölkəyə, həm də bütün dünyaya göstərdi. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. 2016-cı ilin aprel döyüşləri bu faktı düşmən ölkəyə əyani şəkildə nümayiş etdirdi. Azərbaycan bu gün regionun ən nizami və texniki cəhətdən təchiz olunmuş ordusu sayılır. Bütün bu üstünlüklərisə məhz Prezidentimizin yürütdüyü dövlət siyasətinin uğurlu nəticələridir.
- Ölkəmizdə keçirilən seçkilər hər zaman şəffaf, azad və demokratik şəraitdə baş tutub. Seçicilərimiz ölkə Prezidentinin siyasi kursunu dəstəkləyir. Necə düşünürsünüz, cənab İlham Əliyevə inam və sevgi bu seçkinin də nəticələrində özünü göstərəcəkmi?
-Azərbaycan seçicisinin, Azərbaycan vətəndaşının seçimi birmənalı şəkildə inkişaf vəs abitlikdir. Ölkəmizin inkişafının və sabitliyinin əsas təminatçısı isə Prezident İlham Əliyevdir. Bu ilin fevralında bizim təşkilatımız da seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəklədiyimizi bəyan etdi. Təbii ki, bu dəstəyin arxasında illərdir əlillərə, şəhid ailələrinə, müharibə veterenlarına göstərilən diqqət və qayğı dayanır. Bu gün hər bir vətəndaşımız dərk edir ki, Azərbaycanın indiyə qədər əldə etdiyi və bundan sonra da əldə edəcəyi nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyev siyasi kursu və bu siyasi kursu uğurla davam etdirən cənab İlham Əliyev dayanır. İnanırıq ki, Prezident İlham Əliyev qarşıdakı illərdə iqtisadi, siyasi və sosial sahələrin daha da yüksək səviyyədə inkişafını təmin edəcək, vətəndaşlarımızın rifah halının daha da yüksəldilməsinə şərait yaradacaq. Ən əsası isə hər birimiz Ali Baş Komandan İlhamƏliyevin Qarabağın işğaldan azad edilməsi üçün həyata keçirdyi siyasi kursu dəstəkləyirik. Mən bütün seçicilərimizi aprelin 11-də fəal olmağa, seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verməyə çağırıram.