YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Özəl sektorun nümayəndələri və sahibkarlar Azərbaycanın inkişafı naminə cənab İlham Əliyevə səs verəcəklər

Müsahibimiz "Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədov

- Aqibət müəllim,  aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi mühit demokratiklik və şəffaflığı ilə xarakterizə olunur. Eyni zamanda, Azərbaycan bu seçkilərə də sabitlik, tərəqqi və yüksəliş fonunda gedir. Bu haqda nə söyləyə bilərsiniz?

- Azərbaycan bütün seçkilərdə özünün demokratik dəyərlərə sadiqliyini nümayiş etdirib. Ölkəmizdə seçkilər hər zaman şəffaf və demokratik şəraitdə baş tutur, bunu təmin edən əsas amil isə dövlətin güclü və qəti siyasi iradəsidir. Müxtəlif ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanın seçki təcrübəsini yüksək qiymətləndirir, müsbət fikir və rəylər ifadə edirlər.

Azərbaycanın bu seçkilərə də sabitlik, tərəqqi və yüksəliş fonunda getməsi məsələsinə gəlincə, ölkəmizin iqtisadi inkişaf göstəriciləri olduqca pozitivdir və müxtəlif beynəlxalq reytinq institutları, araşdırma mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin artmasını təmin edib. Həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib.  İqtisadiyyatın diversifikasiyasına nail olmaq üçün həyata keçirilən tədbirlər və əldə edilən nailiyyətlər yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib.

Dünyada maliyyə-iqtisadi böhranın olduğu şəraitdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib, nəzərdə tutulan bütün proqramlar, o cümlədən infrastruktur layihələri müvəffəqiyyətlə icra olunub.

- Siz infrastruktur layihələrinin reallaşdırılmasından bəhs etdiniz. Məlumdur ki, respublikanın bütün bölgələrində yeni yollar çəkilib və yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, infrastruktur daha da yaxşılaşdırılıb. Bu istiqamətdə görülən işləri necə qiymətləndirirsiniz? 

- Qeyd etdiyiniz kimi, infrastruktur quruculuğunun miqyası olduqca genişdir,  bütün ölkəni əhatə edir. Ölkəboyu yeni yollar çəkilir və yenidənqurma işlər aparılır, körpülər və yol qovşaqları inşa olunur. Ötən müddət ərzində ölkəmizdə müxtəlif sahələri əhatə edən infrastruktur layihələrinin uğurla reallaşdırılması təkcə paytaxt Bakının deyil, eyni zamanda, respublikamızın bölgələrində də inkişaf göstəricilərinin qeydə alınmasını şərtləndirib. Yol infrastrukturunun yenilənməsi yönündə davam etdirilən işlər də bu baxımdan böyük əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıdakı dövrdə bütün kənd yollarının təmirinə nail olmaqla bağlı ciddi vəzifə müəyyən olunub. Eyni zamanda, respublika rayonlarını əhatə edən avtomobil yollarının tikintisi, yenidən qurulması ilə bağlı işlər davamlı xarakterə malikdir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bu məsələyə toxunaraq deyib ki, avtomobil yollarının tikintisi infrastruktur layihələri arasında önəmli yer tutan sahədir. Dövlətimizi başçısı infrastruktur layihələrini  həm iqtisadi, həm sosial sahə kimi xarakterizə edib. Həqiqətən də elədir, çünki bu, insanların rahatlığına xidmət edir. Bu, həmçinin turizm imkanlarının artırılmasına və sənaye istehsalının genişləndirilməsinə töhfə verir. Son 14 il ərzində on min kilometrdən artıq avtomobil yollarının çəkilməsi, yüzlərlə körpü keçidlərinin, yol qovşaqlarının tikilməsi bu sahədə görülən işlərin miqyası və əhəmiyyətini göstərir. Ən əsası, bu proses davamlı xarakter daşıyır. Dövlətimizin başçısının müvafiq sərəncamlarına uyğun olaraq bölgələrdə respublika əhəmiyyətli, kəndlərarası, qəsəbələrarası avtomobil yolu, eləcə də körpü və yeraltı piyada keçidlərinin layihələri üzrə tikinti və yenidənqurma işləri uğurla davam etdirilir.

- Bəs rəhbərlik etdiyiniz "Gəncə Körpü Tikinti-2" ASC-nin ölkəmizdə yol infrastrukturunun yenilənməsi və inkişafı ilə bağlı fəaliyyəti, bu prosesə töhfələri barədə nə söyləyə bilərsiniz?

- Əvvəla qeyd edim ki, "Gəncə Körpü Tikinti-2" ASC 1975-ci ildə 2 saylı Körpü Tikinti İdarəsi kimi yaradılmışdır. 2001-ci ildən Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir. Müəssisənin 43 illik istehsalat təcrübəsi vardır.  ASC respublika ərazisində körpü keçidlərinin, yolötürücülərinin, yeraltı keçidlərin, suötürücü boruların və avtomobil yollarının, eləcə də digər süni qurğuların tikintisi ilə məşğul olan müəssisələrdən biridir. Bundan başqa, şəhər yollarında və avtomobil magistrallarında abadlıq işlərini, müxtəlif tikinti obyektlərində monolit və yığma dəmir-beton konstruksiyalarının tikinti-quraşdırma işlərini də həyata keçirir. Müəssisə rəhbərliyinin başlıca məqsədi elmi-texniki tərəqqinin son nailiyyətlərindən istifadə edərək infrastruktur quruculuğuna töhfə verməkdir. Bu zamana qədər “Gəncə Körpü Tikinti-2” ASC tərəfindən xeyli sayda mühüm əhəmiyyətə malik körpü və yol keçidləri inşa olunub, respublika və beynəlxalq əhəmiyyətli avtomobil yolları çəkilib. Böyük “İpək Yolu” layihəsinin tikintisində, ölkənin ən böyük infrastruktur layihələrindən biri olan  Oğuz-Qəbələ- Bakı su xəttinin çəkilişində “Gəncə Körpü Tikinti-2” АSC yaxından iştirak edib. Bundan başqa, Bakı şəhərində Babək prospekti ilə Mikayıl Əliyev və Məhəmməd Hadi küçələrinin kəsişməsində uzunluğu 2 km-dən artıq olan yolqovşağı kompleksi, Bakı şəhərində Ziya Bünyadov ilə Atatürk prospektlərinin kəsişməsində yolötürücüsü, Bakı şəhərində Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yolötürücüsü, Bakı şəhərində Koroğlu dairəsi H.Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun yenidənqurulması işləri üzrə Suraxanı və Sabunçu rayonu ərazilərində körpü keçidləri son illər ASC-nin inşa etdiyi obyektlərin bir qismidir. Bu işlər Azərbaycanın müxtəlif  bölgələrində də müvəffəqiyyətlə davam etdirilib. Gədəbəy rayonu İsalı kəndində 180 şagird yerlik tam orta məktəb binası, Gəncə şəhərində “İmamzadə” Dini  Коmpleksinin yenidənqurulması və ətrafında abadlıq işləri, Gəncə şəhər Təhsil İdarəsinin yeni inzibati binasının və Gəncə şəhər 2 saylı, 240 yerlik uşaq bağçasının tikintisi son illər kollektivimizin inşa etdiyi obyektlərin bir qismidir.

Əlbəttə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq iqtisadiyyatın liberallığının, əlverişli biznes mühitinin və rəqabət qabiliyyətliliyin təmin olunması hər bir qurumun ölkənin inkişafına xidmət edən layihələrini uğurla yerinə yetirməsinə imkan yaradır. Bu isə həm sahibkarlığın inkişafını təmin edir, həm də iqtisadi inkişaf göstəricilərinin artmasını şərtləndirir.

- Aqibət müəllim, dövlət başçısı tərəfindən sahibkarlara və bütövlükdə özəl sektor təmsilçilərinə yüksək diqqət və qayğının göstərilməsi özünü seçkilərin nəticələrində necə göstərəcək?

- Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrin inkişafını hər zaman diqqət mərkəzində saxlayır. İqtisadiyyatın inkişafına və əhalinin həyat şəraitinin yaxşılaşmasına xidmət edən layihələr məhz möhtərəm dövlət başçısı İlham Əliyevin iradəsi əsasında reallaşdırılır. Cənab İlham Əliyev əlverişli biznes mühitinin formalaşmasına, özəl sektorun və sahibkarlığın inkişafına xidmət edən mühüm qərarlar qəbul edir. Bu isə Azərbaycanın gələcək inkişaf naminə qarşıya qoyulan strateji əhəmiyyətli hədəflərə çatmağa imkan verir.

Bütün bunları nəzərə alaraq birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən özəl sektorun inkişafına böyük diqqət və qayğının göstərilməsi, bu istiqamətdə ardıcıl islahatların həyata keçirilməsi iş adamları – biznes sektorunun nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Sahibkarlar və özəl sektorun digər nümayəndələri bu diqqət və qayğının, ölkəmizin inkişafının davamlı olmasını istəyir. Bu səbəbdən inanıram ki, aprelin 11-də Azərbaycan xalqının alternativsiz lideri İlham Əliyevə səs verəcəklər. Bu seçim Azərbaycanın gələcək inkişafını təmin etməklə yanaşı, ölkəmizin iqtisadi qüdrətinin artmasını və inkişaf yolunda yeni zirvələr fəth etməsinə səbəb olacaq.