YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Milyonlarla insanın amalı budur ki, İlham Əliyev yenə də dövlət başçısı seçilsin və Azərbaycanın inkişafı bundan sonra da davam etsin

Müsahibimiz Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli

- İstərdik ki, söhbətimizin əvvəlində Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 15 ildə ölkəmizin keçdiyi yola qısa nəzər salasınız. Bəhs olunan dövrdə respublikamız hansı uğurlara imza atıb?

- Son 15 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf parametrlərinə görə dünyada analoqu olmayan uğurlara imza atıb. Ölkədə cəmiyyət həyatının bütün sahələri yenilənib və müasirləşib, əhalinin rufah halı müqayisəolunmaz dərəcədə yaxşılaşıb, sabitlik və təhlükəsizlik mühiti tam təmin edilib, respublikanın beynəlxalq nüfuzu artıb.

Respublikanın iqtisadi potensialının gücləndirilməsinə yönələn siyasət yaxşı nəticələr verib. Müqayisələr apardıqda aydın şəkildə görünür ki, son 15 ildə bütün dünyada Azərbaycan kimi sürətlə inkişaf edən ölkələrin sayı çox az olub. Bəhs olunan dövrdə milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib, ölkəyə müxtəlif mənbələrdən 231 milyard dollar həcmində sərmayələr yönəldilib.  

Respublikamız xarici mənfi təsirlər nəticəsində yaranan yeni şəraitdə də iqtisadi inkişafın ardıcıllığını təmin edir ki, bunun da əsasında yeni iqtisadi modelə keçidin uğurla təmin edilməsi amili dayanır. Əslində, Azərbaycanda son 15 ildə müxtəlif istiqamətlər üzrə islahatlar həyata keçirilməsi davamlı səciyyə daşıyıb. Son iki ildə isə islahatlar daha intensiv şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb.

Son 15 ildə müxtəlif istiqamətlərdə dövlət əsaslı vəsait qoyuluşunun böyük həcmlərlə ölçülməsinə baxmayaraq, Azərbaycan paralel şəkildə strateji valyuta ehtiyatlarını artırmağa nail olub. 2004-cü ildə respublikamızın strateji valyuta ehtiyatları cəmi 1,8 milyard dollara bərabər idi. Ötən 15 il ərzində bu göstərici əhəmiyyətli dərəcədə artaraq 44 milyard dollara çatıb. Hazırda Azərbaycanın valyuta ehtiyatları ölkənin ümumi daxili məhsuluna bərabərdir ki, bu da olduqca yaxşı göstəricidir. Öz növbəsində strateji valyuta ehtiyatlarının artması ölkənin iqtisadi müstəqilliyinin təmin olunmasında mühüm rol oynayır.

Bütün bu deyilənlərdən o qənaət hasil olur ki, son 15 ildə Azərbaycan güclü dayaqlara malik ölkəyə çevrilib və özünün iqtisadi müstəqilliyini tam təmin edib.  Öz növbəsində iqtisadi müstəqilliyin təmin edilməsi ölkənin siyasi müstəqilliyini şərtləndirir. İqtisadiyyatı çökən bir ölkə heç vaxt siyasi cəhətdən müstəqil ola bilməz. Belə ölkələr, bir qayda olaraq, başqa dövlətlərin yedəyində getmək məcburiyyətində qalırlar. İşğalçı  Ermənistanın miskin vəziyyəti buna misaldır.

- Hadi müəllim, siz Milli Məclisin Əmək və sosial siyasət komitəsinə rəhbərlik edirsiniz. İstərdik ki, Prezident İlham Əliyevin fəaliyyətində ana xətti təşkil edən sosial siyasət barədə ətraflı məlumat verəsiniz.

- Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun maraqları dayanır. Dövlət başçısının siyasi iradəsi son 15 ildə respublikamızda insanların həyat şəraitinin yaxşılaşmasına, gəlir imkanlarının artırılmasına yönələn konkret addımlarda öz əksini tapıb. Başqa sözlə desək, ölkəmizdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradə və qətiyyət sayəsində davamlı iqtisadi inkişaf, aparılan islahatlar bilavasitə insanların mənafelərinə yönələn dərinməzmunlu sosial siyasətlə tamamlanır. Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmizdə insanların gəlir imkanları getdikcə artır, həmçinin cəmiyyətin bütün təbəqələri dövlət dəstəyindən bəhrələnirlər. Təkcə onu qeyd etmək kifayətdir ki, 2003-cü illə müqayisədə yoxsulluq göstəricisi 44,7%-dən 4,5%-ə enib, əhalinin nominal gəlirləri hər nəfərə bir ildə 8,3% artıb.

Sosial dövlət olan Azərbaycanda Ermənistanın işğalçılıq siyasəti ucbatından doğma ev-eşiyindən didərgin düşən 1 milyondan artıq soydaşımızın sosial problemlərinin həlli, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması da davamlı olaraq diqqət mərkəzində saxlanılır. Təkcə belə bir faktı vurğulamaq kifayətdir  ki,  son 15 ildə qaçqın və  məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 6 milyard manatdan çox vəsait ayrılıb. Müvafiq Dövlət proqramlarına əsasən respublikanın müxtəlif  bölgələrində məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 265 min köçkün yeni mənzillə təmin olunub. 2018-ci ildə daha 20 min köçkünün yeni evlərlə təmin edilməsi nəzərdə tutulub.

- Yeni iş yerlərinin yaradılması da prioritet istiqamət kimi müəyyənləşdirilib.

- Elədir. Ölkə Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində əhalinin məşğulluq, əmək bazarına inteqrasiya imkanları genişlənir.  Dövlət başçısı əmək tutumlu iş yerlərinin yaradılması məqsədilə orta və kiçik sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. 2016-cı ilin əvvəllərindən başlayaraq möhtərəm Prezidentimiz İlham Əliyev bu istiqamətdə çoxlu sayda Fərman və sərəncamlar imzalayıb. Bunun sayəsində də respublikamızda iqtisadi aktivlik artıb, kənd təsərrüfatı, emal sənayesi, turizm, xidmət sektoru inkişaf edərək genişlənib. Həyata keçirilən davamlı və məqsədyönlü tədbirlərin nəticəsi olaraq son 15 ildə ölkədə  200 minə yaxın yeni iş yerləri yaradılıb və işsizlik 5 faizədək aşağı salınıb ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir.

Respublikamızda insanların layiqli iş yerləri ilə təmin edilməsi istiqamətində həyata keçirilən səmərəli tədbirlər sırasında özünüməşğulluq proqramının reallaşdırılmasının önəmini xüsusi qeyd edə bilərik. Bu proqram 7 aprel 2016-cı il tarixli müvafiq Sərəncam əsasında 2017-ci ilin əvvəlindən reallaşdırılır. Proqrama uyğun olaraq aztəminatlı insanlar müvafiq dövlət dəstəyi göstərilməklə layiqli əmək fəaliyyətinə cəlb edilirlər.

Qeyd edək ki, özünüməşğulluq layihəsi çərçivəsində 76 şəhər və rayon üzrə 1172 ailə aktivlərlə təmin edilib.

Ölkə üzrə özünüməşğulluq proqramının əhatə dairəsi getdikcə daha da genişləndiriləcək. Təkcə cari ildə respublika miqyasında öznünüməşğulluq sisteminin daha da genişləndirilməsinə 36 milyon manat vəsait yönəldilməsi nəzərdə tutulub. Beləliklə, ölkədə minlərlə yeni iş yerləri yaradılacaq və ələbaxımlılıqdan özünüməşğulluğa keçidin yeni bir istiqaməti geniş vüsət alacaqdır.

- Son illərdə ölkəmizdə həmçinin pensiya sistemində də ciddi islahatlar aparılıb. Bu barədə də söhbət açmağınızı xahiş edirik.

- Bu, geniş bir söhbətin mövzusudur. Ötən il Milli Məclisdə qəbul etdiyimiz qanunlardan biri də pensiya islahatları ilə bağlı idi. Təkcə bunun sayəsində keçən il 8 minə yaxın ümumi həcmdə pensiyaçıların sayı artıb, pensiyaya çıxıb çalışanların böyük bir qrupuna 20 milyon manata yaxın əlavə vəsait ödənilib. Aparılan islahatların nəticəsi olaraq bu il ötən il üçün pensiyaların təkcə sığorta hissəsi yox, bütöv məbləğ indeksasiya olunub ki, bu da əlavə xeyli vəsaitin ödənilməsi deməkdir.

Azərbaycan Prezidentinin  cari il fevralın 9-da imzaladığı  "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Sərəncamı pensiyaçıların sosial müdafiəsinin daha da  gücləndirilməsi istiqamətində növbəti addımdır. Hesab edirəm ki, Sərəncam bütövlükdə əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin uğurlu davamıdır. Bilirsiniz ki,  ölkəmizdə 2006-cı il yanvarın 1-dən beynəlxalq standartlara uyğun müasir sığorta-pensiya sisteminin tətbiqi ilə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə başlanılıb. Sığorta-pensiya sistemində növbəti islahat tədbiri kimi, "Əmək pensiyaları haqqında" qanuna edilmiş və 2017-ci il iyulun 1-dən tətbiqinə başlanılan mütərəqqi dəyişikliklər bu sistemin tam sığorta prinsipləri üzərində formalaşmaqla uzunmüddətli və etibarlı maliyyə dayanıqlılığına, bazar iqtisadiyyatı şəraitində sosial rifah tələblərinə uyğun layiqli pensiya təminatı imkanlarının artırılmasına xidmət edib. Bu dəyişikliklər həmçinin uzun illər ölkəmizin pensiya qanunvericiliyində mövcud olmuş "əmək pensiyasının baza hissəsi" anlayışının aradan qalxmasına, pensiyaların baza və sığorta hissələrinin birləşdirilərək vahid məbləğ kimi müəyyən edilməsinə səbəb olub. Xatırladım ki, əvvəllər hər ilin əvvəlində əmək pensiyalarının yalnız sığorta hissəsi əvvəlki ilin rəsmi inflyasiya göstəricisi əsasında artırılırdı. Amma cari ildən isə əmək pensiyalarının ümumi məbləğinin ölkə üzrə orta aylıq əməkhaqqının əvvəlki ildəki artım faizinə uyğun indeksləşdirilərək artırılması mexanizminə keçilir. Bu tədbir isə pensiyaçı vətəndaşların sosial maraqlarının daha tam şəkildə təmin olunmasına imkan verir.

Rəsmi məlumatlara əsasən, 1 yanvar 2018-ci il vəziyyətinə görə ölkədə 1 milyon 318 min 434 nəfər əmək pensiyası alır. Dövlət başçısının sözügedən Sərəncamına əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunacaq. Hesab edirəm ki, bu qərar ölkəmizdə uğurlu sosial siyasətin göstəricisidir və bu siyasət davamlı xarakter daşıyır. 

- Hadi müəllim, siz göz önündə son 15 ildə Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində formalaşan müsbət mənzərəsini canlandırdınız. Demək mümkündürmü ki, keçilən uğurlu yol, qazanılan nailiyyətlər aprelin 11-də insanların öz seçimlərini İlham Əliyevlə bağlamaları üçün əsas olacaq?

- Sağlam məntiq hansısa başqa bir variantı istisna edir. Son 15 ildə Prezident İlham Əliyevin apardığı siyasət, milli maraqların keşiyində qətiyyətlə dayanması ölkə vətəndaşlarında Ona münasibətdə böyük inam formalaşdırıb. Ölkədəki uzunmüddətli sabitliyin, inkişafın müəllifi İlham Əliyevdir. Respublikamızda cənab İlham Əliyevin titanik fəaliyyətinin nəticəsi olaraq yaranan müsbət reallıqlar insanlarda qürur hissi və gələcəyə böyük inam yaradır. Azərbaycan xalqı 15 ildir ki, hörmətli Prezidentimiz İlham Əliyevin sayəsində firavanlıq şəraitində yaşayır və öz xoşbəxt gələcəyini qurur. Milyonlarla insanın, seçicilərin amalı budur ki, İlham Əliyev yenə də dövlət başçısı seçilsin və Azərbaycanın inkişafı bundan sonra da davam etsin!

Yerlərdən aldığımız məlumatlarda bildirilir ki, təbliğat-təşviqat kampaniyası zamanı respublikanın hər yerində seçicilər, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevə böyük rəğbətlərini ifadə edirlər və seçki günü tərəddüd etmədən Onun namizədliyini dəstəkləyəcəklərini vurğulayırlar. Bilirsinizmi, bu və ya digər vasitələrlə çox az sayda insanı hansısa namizədin tərəfinə çəkmək mümkündür. YAP-ın namizədi İlham Əliyevə münasibətdə isə söhbət ümumxalq məhəbbətindən gedir.