YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Xalqımızın növbəti prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəyi şübhəsizdir

Müsahibimiz Milli Məclisin deputatı, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva

- Sevinc xanım, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Siz hazırda ölkəmizdə mövcud olan seçki mühitini necə dəyərləndirirsiniz ?

- Azərbaycanda seçkiqabağı mühit, ictimai-siyasi vəziyyət tam normaldır. Prezident seçkiləri kampaniyası və seçkilərə hazırlıq işləri qanunvericiliyə uyğun olaraq uğurla davam edir. Azərbaycanda azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün hər cür şərait mövcuddur. Ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür və bu, seçkilərin normal keçirilməsi üçün vacib şərtlərdən biridir. Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün zəngin qanunvericilik bazası mövcuddur. Seçki Məcəlləsi, bu sahəni əhatə edən qanun və qərarların mövcudluğu ölkəmizdə beynəlxalq standartlara uyğun seçki qanunvericiliyinin olduğunu təsdiq edir, zərurət yarandıqca seçki qanunvericiliyi təkmilləşdirilir ki, bu da seçkilərin ölkəmizdə daha şəffaf keçirilməsinə xidmət edir. Eləcə də Mərkəzi Seçki Komissiyası, aşağı seçki komissiyaları prezident seçkiləri ilə əlaqədar üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Həmçinin seçki proseslərinin uğurlu təşkili və həyata keçirilməsi üçün maddi-texniki təminat məsələləri yüksək səviyyədə həllini tapıb.

Ölkəmizdə indiyə qədər keçirilən seçkilər demokratik keçirilib. Aprel ayının 11-də keçiriləcək seçkilər də ölkənin demokratik inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan dövlətinin bu seçkilərin də azad və şəffaf keçirilməsi üçün güclü siyasi iradəsi var. Aprelin 11-də ölkə vətəndaşları, seçicilər sərbəst şəkildə seçki məntəqələrinə gəlib istədikləri namizədə səs verəcəklər. Hesab edirəm ki, bu seçkilər Azərbaycanın demokratik inkişaf yolunda növbəti bir nailiyyəti olacaq.

- Seçkilər hər bir ölkənin tarixində yeni bir dövrün, mərhələnin başlanğıcı kimi xarakterizə olunur. Siz necə hesab edirsiniz, növbəti prezident seçkiləri Azərbaycanın tarixində hansı rol oynayacaq?

- Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan hər bir sahədə böyük uğurlar qazanıb. Ötən 15 il ərzində Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasındadır. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın artan iqtisadi imkanları iqtisadiyyatın bütün sahələrinin paralel inkişafına yönəlib, Azərbaycanda insan kapitalının inkişafına böyük investisiyalar qoyulub. Ölkəmizin hər bir guşəsində böyük fabriklər, zavodlar, səhiyyə müəssisələri, idman və sağlamlıq kompleksləri, müxtəlif müəssisələr istifadəyə verilib. Son 15 ildə Azərbaycanın təşəbbüsü və dəstəyi ilə böyük, transmilli iqtisadi, enerji və nəqliyyat layihələri bütün dünya üçün böyük əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töhfələr verir. Eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri, Şimal-Cənub nəqliyyat dəhlizi layihələri bütövlükdə dünya üçün əhəmiyyətlidir. Bu faktor Azərbaycana iqtisadi dividendlər gətirməklə yanaşı, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu da əhəmiyyətli dərəcədə artırır. Azərbaycan 2011-ci ildə 155 dövlətin dəstəyi ilə iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və bu dövrdə dünyada sülh və təhlükəsizliyin təmin olunmasına, insan haqlarının müdafiəsinə mühüm töhfələr verib. Həmçinin Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edib, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Ölkəmizdə "Eurovision", birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları kimi bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəniyyət və idman tədbirləri keçirilib. Təbii ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir. Onu da qeyd etmək istəyirəm ki, ötən 15 ildə ölkəmiz müdafiə qabiliyyətini də xeyli gücləndirib. Bu gün Azərbaycan Ordusu ən güclü ordular sırasındadır. Ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Bunu 2016-cı ilin aprel döyüşləri bir daha təsdiqlədi.

Bütün bunların fonunda prezident seçkilərindən sonra ölkəmizdə inkişaf prosesləri, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin daha da gücləndirilməsi istiqamətində siyasət daha böyük inamla davam etdiriləcək. 

- Sizcə, prezident seçkilərinə beynəlxalq maraq hansı səviyyədədir? Məlum olduğu kimi, seçkiləri xeyli sayda beynəlxalq müşahidəçilər izləyəcək...

- Əlbəttə ki, seçkilər hər bir ölkənin ictimai-siyasi həyatında çox mühüm hadisədir. Seçkilər dövlətlərin demokratik prinsiplərə, dəyərlərə nə qədər sadiq olduğunu isbatlayan çox mühüm faktordur.  Ona görə də seçkilərə beynəlxalq müstəvidə çox yüksək maraq var.

Bilirsiniz ki, Azərbaycanda indiyə qədər keçirilən bütün seçkilərə beynəlxalq maraq çox yüksək olub və hər dəfə xeyli sayda beynəlxalq müşahidə missiyaları ölkəmizdəki seçki prosesini izləyiblər. Doğrudur, bəzi missiyalar məqsədli şəkildə ölkəmizin demokratik imicinə zərbə vurmağa çalışıblar. Amma buna baxmayaraq, sonda xalqımızın iradəsi qarşısında geri çəkiliblər.

Bu mənada, qarşıdan gələn 11 aprel seçkilərinə də beynəlxalq müstəvidə böyük maraq var. Artıq bir sıra beynəlxalq təşkilatlar seçkiləri müşahidə edəcəklərini bəyan ediblər. Həmçinin müvafiq dövlət qurumları, parlament ayrı-ayrı dövlətlərin nümayəndələrini seçkiləri müşahidə    etmək üçün dəvət ediblər.

İnanıram ki, 11 aprel seçkiləri də beynəlxalq standartlara tam uyğun olacaq. Və beynəlxalq müşahidə missiyalarının hesabatlarında bu amil xüsusi vurğulanacaq.

- Sevinc xanım, sizcə, Azərbaycan xalqının seçki əhval-ruhiyyəsi necədir? Xalq növbəti 7 il üçün dövlətin sükanını kimə etibar edəcək?

- Əlbəttə ki, xalqın əhval-ruhiyyəsi çox yüksəkdir. Buna seçicilərlə görüşlərimiz zamanı şahid oluruq. Şübhə yoxdur ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində xalqımız növbəti dəfə cənab İlham Əliyevə yüksək etimad göstərəcək. Hesab edirəm ki, cənab İlham Əliyevin alternativi yoxdur və qarşıdan gələn seçkilərdə parlaq qələbə qazanacaq. Və növbəti 7 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha möhtəşəm nailiyyətlər qazanacaq.

Mən seçiciləri 11 aprel tarixində seçki məntəqələrinə gəlməyə və liderimiz cənab İlham Əliyevə səs verməyə çağırıram. Azərbaycanın xoşbəxt gələcəyi Heydər Əliyev siyasəti və bu siyasəti uğurla davam etdirən cənab İlham Əliyevin adı ilə bağlıdır.