YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan idmançılarının seçimi İlham Əliyevdir

Müsahibimiz Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev

- Azərbaycan çox mühüm bir siyasi hadisə - prezident seçkiləri ərəfəsindədir. Ötən dövrə baxdıqda məlum olur ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişafın əhatə etdiyi istiqamətlərdən biri idman sahəsidir. İdmanın inkişafı istiqamətində görülən işləri və əldə edilən nəticələri necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev idmanın inkişafına xüsusi diqqət və qayğı göstərir. Buna görə də ölkəmiz son illərdə idmanın inkişafı istiqamətində mühüm uğurlar qazanıb, idmançılarımız isə Azərbaycanı beynəlxalq idman yarışlarında layiqli şəkildə təmsil ediblər. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını şərtləndirib, idmanın kütləviliyi təmin edilib.

İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları uğurlar sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Başqa sözlə, idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur. Birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa müvəffəq oldular. IV İslam Həmrəyliyi Oyunlarında isə idmançılarımız 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Bütün bunlar Azərbaycanda idmana dövlət qayğısının müsbət nəticələrini və idmanın inkişaf səviyyəsini əyani göstərir.

- Cənab İlham Əliyev idmançılara xüsusi diqqət və qayğı göstərməsi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. İdman ictimaiyyətinin nümayəndəsi olaraq siz də bu diqqət və qayğını öz üzərində hiss edən şəxslərdən biri kimi nə deyə bilərsiniz?

- Qeyd etdiyim kimi, respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Cənab İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri kimi Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, idmançıların sosial-məişət məsələlərinin həllinin daim diqqət mərkəzində saxlanılması gənclər arasında idmana böyük maraq oyadıb. İdmançıların xüsusi diqqət və qayğı ilə əhatə olunması idmanın inkişafını stimullaşdırmaqla yanaşı, bu sahədə qarşıya qoyulan bütün hədəflərə çatmağa imkan verir.

Biz idman ictimaiyyətinin nümayəndələri olaraq həmişə dövlətimizin və şəxsən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək diqqət və qayğısını hiss etmişik. Bu diqqət və qayğı bizim üçün əlavə stimul yaradıb. Hər zaman çalırışıq ki, dövlətimizin başçısının inam və etimadını doğruldaq. Həmişə möhtərəm Prezidentimizin yüksək diqqət və qayğısına layiq olmağa çalışırıq.  

- Bütün bu uğurların fonunda əminliklə demək olarmı ki, idman ictimaiyyətinin seçimi məhz cənab İlham Əliyevdir?

- Möhtərəm Prezidentimiz idmançıların böyük dostu və hamisidir. İdman ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirləri, görülən işləri yüksək qiymətləndirirlər. Eyni zamanda, bu sahədə əldə edilən nailiyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də təqdir olunur. Bu, təsadüfi deyil, çünki Azərbaycanda çoxsaylı idman yarışları, o cümlədən Avropa və Dünya çempionatları, olimpiya və qeyri-olimpiya idman növləri üzrə çempionatlar keçirilir. Azərbaycan sülh, dostluq və əməkdaşlıq dəyərlərini özündə ehtiva edən Olimpiya hərəkatının təşviqinə böyük dəyər verir. Avropa Oyunlarının standartlarını müəyyənləşdirən, IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edən Azərbaycan tolerantlığı, sivilizasiyalararası dialoqu təşviq etməklə yanaşı, Şərq ilə Qərb arasında körpü rolu oynadığını nümayiş etdirir.

Bütün bu uğurlar Azərbaycanda idmanın inkişafına göstərilən qayğının sayəsində əldə olunur, paralel surətdə Azərbaycan beynəlxalq Olimpiya hərəkatına da öz töhfəsini verir. Bütün bu reallıqlar və nailiyyətlərin fonunda əminliklə deyə bilərik ki, idman ictimaiyyətinin seçimi bəllidir: Azərbaycanın idman ictimaiyyəti cənab İlham Əliyevi dəstəkləyir!