YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

İlham Əliyevin Azərbaycanın inkişafına, xalqların həmrəyliyinin güclənməsinə xidmət edən siyasətinin alternativi yoxdur

Müsahibimiz Azərbaycandakı Rus İcmasının rəhbəri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin

- Mixail Yuriyeviç, Azərbaycan əlamətdar hadisə ərəfəsindədir - qarşıdan prezident seçkiləri gəlir. Belə əlamətdar hadisələr ərəfəsində, adətən, keçilmiş yola nəzər salınır. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin rəhbərliyi ilə keçən son 15 il respublikamız üçün hansı uğurlarla yadda qalıb?

- Mənim möhkəm qənaətimə görə, seçkilərə qatılan və ölkə rəhbəri olmağa iddia sərgiləyən hər bir kəsin buna həm də bir mənəvi haqqı çatmalıdır. Bu mənada tam qətiyyətlə deyə bilərəm ki, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev əməlləri, gördüyü işlər sayəsində bu haqqı yüz faiz qazanıb. Son 15 ildə Azərbaycanın uğur salnaməsinə istinadən məndə belə bir mövqe formalaşıb ki, İlham Əliyev prezidentliyə namizədlər arasında ən layiqlisidir və Onun seçkilərdə inamlı qələbə çalacağına heç bir şübhə ola bilməz.

Son 15 ildə dövlətimizin sükanı arxasında dayanan İlham Əliyev praqmatik və xəlqi siyasətçidir. O, heç vaxt pafosla danışmır, populist vədlər vermir, əksinə, dövlətin fəaliyyət istiqamətlərini cəmiyyətdən gələn sosial sifarişlər əsasında müəyyənləşdirir. Bütövlükdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji hədəfi milli maraqları qətiyyətlə qorumaqdan, dövlətin qüdrətini artırmaqdan və onun müstəqilliyini möhkəmləndirməkdən ibarətdir. Belə məqsədyönlü siyasət də, təbii ki, respublikamızı inkişafa istqamətləndirib. Son 15 ildə Azərbaycan sosial-iqtisadi inkişaf parametrlərinə görə dünyada analoqu olamayan uğurlara imza atıb. Ölkədə cəmiyyət həyatının bütün sahələri yenilənib və müasirləşib. Hər bir ölkənin mənzərəsi müqayisələrdə daha qabarıq şəkildə nəzərə çarpır. Son illərdə biz beynəlxalq miqyasda, təəssüf ki, bir sıra mənfi proseslərin - ciddi kataklizmlərin, müharibələrin, daxili çəkişmələrin, hakimiyyət böhranlarının şahidi oluruq. Azərbaycanda isə sabitlik və təhlükəsizlik mühiti tam təmin edilib, respublikanın potensialı, resursları bütünlüklə quruculuğa istiqamətləndirilib. Bunun da sayəsində ölkəmiz müxtəlif istiqamətlərdə böyük uğurlara nail olur. 

Güclü iqtisadiyyat olmadan ölkənin hərtərəfli inkişafından, qarşıda duran vəzifələrin uğurlu həllindən də söhbət açmaq mümkün deyil. Bu mənada son 15 ildə Prezident İlham Əliyevin neft gəlirlərindən səmərəli istifadə etməklə ölkənin iqtisadi müstəqilliyinin təmin edilməsini hədəfləyən siyasətinin önəmini xüsusi qeyd etmək lazımdır. Bəhs olunan dövrdə respublikada neftdənkənar, innovativ əsaslı, elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, Azərbaycan qısa müddətdə Cənubi Qafqaz coğrafiyasında ən güclü iqtisadiyyata malik ölkəyə çevrilib. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri məhz Azərbaycanda qeydə alınıb. Ölkənin qısa müstəqillik tarixində dünya kosmik ailəsinin üzvü olması, müdafiə təyinatlı məhsullar ixrac etməyə başlaması son dərəcə qürurverici haldır.

Bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də Azərbaycan özünü inamlı hiss edir. Prezident İlham Əliyevin siyasi qətiyyəti sayəsində yeni çağırışlara adekvat aparılan fundamental islahatlar, o cümlədən də müxtəlif istiqamətlər üzrə qəbul edilən strateji yol xəritələri milli iqtisadiyyatın xarici mənfi təsirlərə müqavimət gücünü artırıb və perspektiv inkişaf üçün əlverişli zəmin formalaşıb. Təsadüfi deyil ki, Davos İqtisadi Forumu, Dünya Bankı və digər nüfuzlu beynəlxalq qurumlar öz hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyini yüksək dəyərləndiriblər. Davos İqtisadi Forumunun son hesabatında Azərbaycan dünyanın 140 ölkəsi arasında ən rəqabətqabiliyyətli iqtisadiyyata malik 35 ölkə sırasında yer alıb ki, bu da böyük uğurdur.

- Diqqət çəkdiyiniz iqtisadi inkişaf fonunda ölkədə aparılan sosial siyasət barədə hansı fikirləri ifadə etmək mümkündür?

- Azərbaycan sosial dövlətdir. Son 15 ildə Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin ən uğurlu nəticələrindən biri məhz sosial sfera ilə bağlıdır. Dövlət başçısı dəfələrlə bəyan edib ki, respublikamızda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Bu strateji kursa uyğun olaraq ölkənin iqtisadi gücünün artması, maliyyə imkanlarının genişlənməsi Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına, gəlir imkanlarının artırılmasına, hətta ən ucqar kəndlərdə belə əhalinin kommunal rahatlıqlarla təmin edilməsinə yönəldilib. İnsanlar ölkənin dinamik inkişafını bilavasitə yaşadıqları bölgələrdə, şəxsi həyatlarında hiss edirlər.

Bütün ölkə boyu müasir sosial infrastruktur quruculuğu Azərbaycanda reallaşdırılan dərin məzmunlu sosial siyasətin əlamətidir. Ötən 15 ildə bütün ölkə boyu 642 tibb ocağı tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Yeni məktəblərin tikintisinin və yaxud əsaslı şəkildə yenidən qurulmasının intensiv hal alması da ölkəmizdə sosial infrastruktur quruculuğuna yaxşı nümunədir. Son 15 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib.

Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində yoxsulluğun aradan qaldırılması istiqamətində diqqətəlayiq uğurlara imza atıb. BMT tərəfindən qəbul edilən  Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamız yoxsulluğu bir fenomen kimi tamam aradan qaldırmağı hədəfləyib. Bu məqsədlə ölkədə davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Qeyd edək ki, hazırda  Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb.

Yeni iş yerlərinin yaradılması və insanların gəlir imkanlarının artırılması respublikamızda reallaşdırılan dərinməzmunlu sosial siyasətin leytmotivini təşkil edir. Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə xüsusi diqqət və qayğı göstərməsi  öz müsbət nəticəsini verib. Son 15 ildə respublika üzrə 1,9 milyon yeni iş yeri açılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkədə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur.

- Mixail Yuriyeviç, Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri də ölkədəki tolerant mühitdir. Respublikamızda reallaşdırılan multikulturalizm siyasəti barədə nə deyə bilərsiniz?

- Müxtəlif ölkələrdə fərqli etnik-dini mənsubiyyətə malik insanların ciddi təhdidlərlə üzləşdiyi, diskriminasiyaya məruz qaldığı, dözümsüzlük və ksenefobiya  hallarının artdığı indiki dövrdə Azərbaycan dövlətinin və cəmiyyətinin dünyaya təqdim etdiyi nümunə tamam fərqli cəhətlərlə səciyyələnir. Azərbaycanın coğrafi mövqeyi elədir ki, ölkəmiz Asiya ilə Avropa arasında təbii bir körpü rolunu oynayır. Məhz bu coğrafi yerləşmə respublikamızın mədəni müxtəlifliyinin formalaşmasına öz müsbət təsirini göstərib.

Prezident İlham Əliyev Azərbaycan xalqının tarixdən gələn tolerantlıq ənənələrinə söykənən məqsədyönlü multikulturalizm siyasəti həyata keçirir. Ölkəmizdə multikulturalizm dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamları əsasında  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin respublikamızda "Multikulturalizm İli" elan olunması deyilənləri bir daha təsdiqləyir. İndiyədək bircə dəfə də olsun Azərbaycanda yaşayan milli azlıqların hüquqlarını məhdudlaşdıran hər hansı qərar qəbul olunmayıb. Odur ki, ölkə ərazisində yaşayan etnik xalqların nümayəndələrinin cənab İlham Əliyevə böyük rəğbətləri var.

Ölkə daxilində əlverişli tolerantlıq mühitinin təmin olunması ilə yanaşı, Azərbaycan, eyni zamanda, qlobal miqyasda da mültikulturalizm dəyərlərinin möhkəmlənməsinə sanballı töhfələr verir. Məlumdur ki, son illərdə Azərbaycan multikultural dəyərlərin təbliğ olunduğu müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən bir məkana çevrilib. 2010-cu ildə respublikamızın paytaxtında Dünya Dini Liderlərinin Ümumdünya Sammiti keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə startı verilən "Bakı prosesi" mədəniyyətlərarası dialoq üçün geniş bir platformaya çevrilib.  2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu baş tutub. Ötən il dekabrın 21-də Bakıda "İslam Həmrəyliyi İli"nin yekunlarına həsr edilmiş konfrans keçirilib. Azərbaycan həm birinci Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edən bir məkandır.

Bütün bunlar çoxmillətli və çoxkonfessiyalı olan Azərbaycan cəmiyyətində böyük məmnunluq yaradır. Respublikamızın yenilməz gücü də məhz burada yaşayan müxtəlif xalqların həmrəyliyindədir. Azərbaycanlılarla yanaşı, digər etnik və dini mənsubiyyətə malik insanlar ölkədə aparılan siyasəti dəstəkləyirlər. Onlar bundan sonra da respublikanın inkişafına əllərindən gələn köməyi göstərməyə, ərazi bütövlüyümüzün təmin olunmasında fəal iştirak etməyə hazırdırlar.

- Siz uzun illərdir ki, Azərbaycandakı Rus İcmasına rəhbərlik edirsiniz. Sirr deyilsə, rəhbərlik etdiyiniz icmanın üzvləri seçkilərdə namizədlərdən kimi dəstəkləyəcəklər?

- Əvvəlcə onu deyim ki, Rus İcması keçmiş ittifaq dövləti dağılandan sonra Azərbaycanda yaranan ən böyük və nüfuzlu ictimai təşkilatlardan biridir. Azərbaycan rusları inkişaf strategiyası Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunan demokratik, suveren, iqtisadi cəhətdən uğurla inkişaf edən dövlətdə yaşayan və çalışan tamhüquqlu vətəndaşlardır. Biz sevincimizi və kədərimizi birlikdə bölüşmüşük, dövlətimizin ərazi bütövlüyünün müdafiəsində azərbaycanlılarla hər zaman çiyin-çiyinə dayanmışıq və birlikdə dinc həyat qururuq.

Mən vaxtaşırı xarici ölkələrdə səfərlərdə oluram. Bəzən beynəlxalq toplantılar çərçivəsində postsovet ölkələrindən olan həmkarlarımız bizə Azərbaycanda yaşayan ruslara olan münasibət barədə suallar verirlər. Cavabında bildiririk ki, Azərbaycanda indiyədək ruslara qarşı hər hansı bir şəkildə diskriminasiya faktı qeydə alınmayıb. Əksinə, burada ruslara, rus dilinə daim isti münasibət olub. Tam əminliklə deyə bilərəm ki, Azərbaycanda rus millətinin nümayəndələrinə daha çox hörmət olunur, nəinki Rusiyanın özündə. Ölkə ərazisində rusdilli məktəblər fəaliyyət göstərir, rus dilində qəzetlər nəşr olunur, informasiya agentlikləri sərbəst şəkildə fəaliyyətlərini qurublar, ali məktəblərdə rus dilində tədris proqramları mövcuddur, rus millətindən olanlar işə götürülərkən heç bir məhdudiyyətlə rastlaşmırlar.

İnsanlara nə lazımdır - əmin-amanlıq, normal həyat şəraiti, yaxşı gün-güzəran. Prezident İlham Əliyevin apardığı siyasət respublikanın digər vətəndaşları kimi, biz ruslar üçün də bütün bunları təmin edib. Buradan da icma üzvlərinin dövlətə və ölkə rəhbərinə adekvat münasibəti formalaşıb. İcma üzvləri ilə söhbətlərimdə onlar seçkilərdə fəal iştirak edəcəklərini və hazırkı dövlət başçımız, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Söhbətlərimiz zamanı onlar elə belə də deyirlər: İlham Əliyev ölkəmizin firavanlığının, bizim rahat həyatımızın, gələcəyimizin qarantıdır, Onun apardığı siyasətin alternativi yoxdur!