MÜSAHİBƏLƏR
YAP-ın ümumrespublika müşavirəsində prezident seçkilərinə hazırlıqla bağlı qarşıda duran konkret vəzifələr müzakirə edildi
- Siyavuş müəllim, noyabrın 25-də keçirilən Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsinin əhəmiyyəti və orada müzakirə olunan məsələlər barədə nə deyə bilərsiniz?
- Noyabrın 25-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi. Müşavirədə Yeni Azərbaycan Partiyasının ötən 25 ildə keçdiyi inkişaf yolu, əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparıldı. Müşavirədə, həmçinin partiyamızın ölkə həyatında yeri və rolu, 25 illik yubiley ərəfəsində görülən işlər və müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi, partiya sıralarına yeni üzvlərin qəbul olunması və onlar arasında ictimai-siyasi işin aparılması kimi məsələlər müzakirə predmetinə çevrildi.
YAP-ın rayon və şəhər təşkilatları qarşısında konkret vəzifələr qoyuldu, partiyanın yerli strukturlarının nümayəndələrinə müvafiq tövsiyə və tapşırıqlar verildi. Bu vəzifələr rayon və şəhər təşkilatlarının bundan sonra öz fəaliyyətlərini hansı istiqamətlərdə davam etdirmələrinə dair məsələləri əhatə edir. Xüsusilə də, 2018-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı məsələlər ətrafında müzakirələr aparıldı. Məlumdur ki, Yeni Azərbaycan Partiyasının çox zəngin seçki təcrübəsi var və partiyamız bu təcrübəni mütəmadi olaraq təkmilləşdirir. Yeni Azərbaycan Partiyası həmçinin dünya ölkələrinin mütərəqqi seçki təcrübəsini də öyrənir, bu istiqamətdə qabaqcıl təcrübəyə malik olan ölkələrin praktikasından seçki təcrübəsinin təkmilləşdirilməsində istifadə olunur. Həmçinin biz daxil olan müraciətlər əsasında bir çox ölkələrə seçkilər müşahidə etmək üçün nümayəndələr göndəririk və nümayəndələrimizin müşahidələr zamanı öyrəndikləri məsələlər seçik planımızda öz əksini tapır. Parlament və partiya xətti ilə istər Avropa ölkələri və ABŞ-ın, istərsə də postsovet məkanı dövlətlərinin və Asiya ölkələrinin seçki təcrübəsi öyrənilir və milli xüsusiyyətlərimiz nəzərə alınmaqla seçki praktikasında tətbiq olunur. Bu günə qədər ölkəmizdə keçirilən seçkilərdə biz mütərəqqi seçki texnologiyalarından istifadə etmişik və bu, davamlı xarakter daşıyır. Bu baxımdan, biz gələn il ölkəmizdə keçiriləcək prezident seçkilərində mütərəqqi və təkmil seçki təcrübəsindən istifadə edəcəyik.
- 2018-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıqdan bəhs etdiniz. Yeni Azərbaycan Partiyası bu seçkilərə hansı səviyyədə hazırlaşır?
- Müşavirə zamanı partiyamızın 2018-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı məsələlərin müzakirəsi çərçivəsində bu istiqamətdə qarşıda duran vəzifələr konkret şəkildə müəyyən olundu. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası seçkilərə 1 il qalmış öz fəaliyyətini tamamilə seçkiyə yönəldir. Bu müddət ərzində yerlərdə bütün rayon təşkilatlarının konfransları keçirilir, hesabatlar qəbul olunur, rayon təşkilatlarının fəaliyyəti sərf-nəzər edilir. Bütün məsələlər əhatəli təhlil edilir, seçkilərdə əhali qrupları ilə işləyəcək partiya fəallarına treninqlər keçirilir, imza toplayacaq şəxslərin siyahısı hazırlanır, müvafiq tövsiyə və tapşırıqlar verilir. Eyni zamanda, müşahidəçilərin kimliyinin müəyyənləşdirilməsi ilə bağlı seçimlər və təhlillər aparılır. Yəni partiyamız üçün seçkilərə hazırlıq qısa müddəti ehtiva etmir və sistemli xarakter daşıyır.
Yeni Azərbaycan Partiyasının seçkilərdə mühüm qələbələr qazanmasının əsasında duran amillərdən biri məhz mütəşəkkil qaydada və uğurlu seçki kampaniyasının həyata keçirilməsidir. Seçki kampaniyasının uğurlu olmasında, təbii ki, partiyanın rayon və şəhər təşkilatlarının fəaliyyətinin də böyük rolu var. Seçki kampaniyasında yerli strukturlarımız səmərəli fəaliyyət göstərirlər, fəaliyyətlərini ardıcıl şəkildə davam etdirirlər. Müşavirə zamanı müəyyən olunmuş vəzifələrə müvafiq olaraq yerli strukturlarımız qarşıdakı dövrdə də konkret vəzifələr əsasında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylə çalışacaqlar. Gələn ilin yanvar ayından etibarən partiyanın bütün strukturları seçkiyə hazırlıqla bağlı səfərbər olunacaq. Bundan öncə isə cari ilin sonuna qədər qərargahların texniki təchizatının təmin olunması və seçkilərə hazırlıqla bağlı digər işlər həyata keçiriləcək. Bundan başqa, yerli təşkilatlar görəcəkləri işlərlə bağlı müvafiq təkliflər və məlumatları yazılı formada mərkəzi aparata çatdıracaqlar.
Bütün bunların əsasında həm respublika miqyasında, həm də yerli təşkilatlar tərəfindən görüləcək işlərlə bağlı tədbirlər planı və bütövlükdə ümumi seçki planının hazırlanacaq.
- YAP-ın ümumi seçki planında hansısa yeniliklər və dəyişikliklər olacaqmı?
- Yeni Azərbaycan Partiyası seçki prosesini 3 mərhələdə - ilkin, əsas və yekun mərhələlərdə həyata keçirir. İlkin mərhələdə bəhs olunan istiqamətlərdə məlumatlar toplandıqca ümumi seçki planı hazırlanacaq və müəyyən olunmuş qrafik əsasında işlərin aparılması nəzərdə tutulub. Bu işlərin görülməsi üçün partiyamızın kifayət qədər təşkilati imkanları və insan potensialı mövcuddur. Bununla yanaşı, yeni resursların müəyyən olunması da diqqət mərkəzindədir. Məlumdur ki, seçkilərin xarakteri zaman keçdikcə müəyyən dəyişikliklərə uğrayır, daha çox virtual məkanda bu proseslərin həyata keçirilməsi mexanizmləri müəyyənləşdirilir. Eyni zamanda, indiki mərhələdə dünya miqyasında insanları maraqlandıran məsələlərin siyahısı da dəyişir. Məsələn, ABŞ-da sonuncu prezident seçkilərinə istinad edərək deyə bilərik ki, əgər bu ölkədə demokratiya, insan hüquq və azadlıqları birinci dərəcəli məsələ kimi qəbul edilirdisə, indi artıq təhlükəsizlik, ictimai-siyasi sabitlik və sosial rifah kimi məsələlər önə keçib. Bu cür məqamları dərindən, köklü şəkildə öyrəndikdən sonra insanlara gələcək üçün yönəldiləcək mesajlar da məhz bu məsələlər əsasında müəyyən edilməlidir. Bu baxımdan, ərazilərin qiymətləndirilməsi, yerlərdə vəziyyətin müəyyən olunması, problemlərin və görüləcək işlərin nədən ibarət olduğunun dəqiqləşdirilməsi vacib şərtlərdən biridir. Yeni Azərbaycan Partiyası bu mərhələdə bəhs olunan məsələlərlə bağlı işləri davam etdirəcək, qeyd etdiyim məqamlar diqqət mərkəzində olacaq.
- Siyavuş müəllim, YAP seçki prosesinə hazırlıq çərçivəsində digər siyasi partiyalardan mütəşəkkil, ardıcıl və sistemli fəaliyyəti ilə fərqlənir. Bununla bağlı nə söyləmək olar?
- Müəyyən partiyalar var ki, son ana qədər seçkilərdə iştirak etməklə bağlı konkret qərar və düşüncəyə malik olmur. Seçki kampaniyası başlayana qədər seçkilərdə iştirak edib-etməyəcəyini müəyyənləşdirə bilməyən belə partiyalar sonradan cəfəng fikirlərlə çıxış edir, hətta guya qələbə qazandıqlarını, uğur əldə etdiklərini ifadə edirlər. Qərb ölkələrində fəaliyyət göstərən müəyyən təşkilatlar isə ikili standartlara əsaslanaraq absurd bəyanatlar səsləndirir, həmin siyasi partiyaların fikirlərini dəstəkləməyə çalışırlar. Bu isə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Əslində, bu cür partiyalar və təşkilatlar yaxşı başa düşürlər ki, seçkilərə ən azı 1 il öncə mütəşəkkil qaydada, ardıcıl və sistemli şəkildə hazırlaşmaq lazımdır. Əgər hər hansı bir siyasi partiya seçki kampaniyasına start verilənə qədər seçkilərdə iştirak edib-etməyəcəyi barədə qərara malik deyilsə, o, 2 ay müddətində istər təbliğat-təşviqat kampaniyasının aparılması, namizədin irəli sürülməsi, istərsə də imzaların toplanması və digər prosedurlarla bağlı işləri həyata keçirə bilməz. Eləcə də seçkidə iştirak etmək istəyən siyasi partiyalar seçki planını və mövcud resursları dəqiq müəyyən etməli və bilməlidir ki, ərazilərdə konkret vəziyyəti düzgün qiymətləndirmək üçün sistemli iş aparmalıdır. Kifayət qədər seçki təcrübəsinə malik olan ölkələrdə bu reallıq aydın şəkildə bilinir və dərk olunur.
Bu baxımdan, Yeni Azərbaycan Partiyası hər zamankı kimi öz fəaliyyətini məqsədyönlü və ardıcıl şəkildə davam etdirir və seçki prosesinə hazırlıq işlərinə start verib. Yaxın vaxtlarda partiyamızın İdarə Heyətinin və müvafiq strukturların bununla bağlı qərarları olacaq, o cümlədən seçki planı hazırlanaraq yerli təşkilatlara təqdim olunacaq.