YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Dövlət uşaq siyasəti uğurla davam edir

Müsahibimiz Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

- Hicran xanım, bugünlərdə Bakı şəhərində Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirildi. Ümumiyyətlə, bu forumların əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik.  Azərbaycan Uşaqlarının Ümumrespublika Forumlarının keçirilməsi hansı zərurətdən yarandı?

- Mən bu sualın cavabını Ümummilli liderimiz Heydər Əliyevin uşaqlar haqqında fikirləri ilə başlamaq istəyirəm.   Ümummilli lider Heydər Əliyev deyib: «Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, evladları  var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl  əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik  içində yaşayan Azərbaycanın böyük binasını qurursunuz».  Bəli, bu gün onlar uşaqdır, gəncdir. Amma bir neçə ildən sonra bu nəsil dövlətimizi idarə edən, onun sağlamlığının, asayişinin, mədəniyyətinin keşiyində dayanan, ölkəmizi daha da inkişaf etdirən savadlı, müasirgörüşlü, rəqabətədayanıqlı mütəxəssislər, həkimlər, müəllimlər, mühəndislər, diplomatlar və digər sahələrin aparıcı şəxsləridir. Bu baxımdan  gənc nəslin vətənpərvərlik,  tariximizə,  milli köklərə bağlılıq, böyüklərə  yüksək  ehtiram və mənəvi  zənginlik  duyğuları  ilə tərbiyə olunması, onların şəxsiyyət və  vətəndaş kimi  formalaşması üçün  ailə də,  dövlət də  məsuliyyət  daşıyır.

Bizim üçün çox vacibdir ki, uşaqlarımızın ictimai fəallığı artsın və dövlət siyasətinin həyata  keçirilməsində aktiv iştirak edə bilsinlər. Qeyd etmək lazımdır ki, bu sahədə görülən işlər öz müsbət nəticəsini verir. Artıq uşaqlarımız dövlət rəsmilərinə onları maraqlandıran suallarla müraciət edir, həmçinin, sərbəst şəkildə hökumətə öz hüquqları ilə bağlı istək və arzularını çatdırır,  mühüm məsələlərə münasibətlərini bildirirlər. Azərbaycanın bütün  regionlarında bizim dəstəyimizə çevrilən uşaqlardan ibarət güclü Liderlər  Komandası  formalaşıb. 8 il bundan əvvəl ilk Uşaq Forumu keçiriləndə, biz fikirləşirdik ki, bu tədbir nə qədər özünü təsdiq edə biləcək, cəmiyyətdə hansı rezonans doğuracaqdır.   Amma  uşaqlar  çox cəsarətlə dünyada  sülhə, əmin-amanlığa, ədalətə nail olmaq üçün öz gücünü, inamını nümayiş etdirərək, arzularını dilə gətirdi, dünyaya çağırış etdilər.  Onlar  sübut etdilər ki, əsl dostluq qarşısında bütün baryerlər gücsüzdür. İsti və mehriban insani münasibət nə siyasi,  dini, mədəni mənsubiyyətdən, nə də sağlamlıq imkanlarından, sosial vəziyyətdən asılı deyil. Əsas məsələ həqiqi dostluqdur. Bu gün isə bizim artıq IV Forumu keçirməyimiz uşaqlarımızın cəmiyyətimizdə gedən proseslərə aktiv münasibətinin, məsələlərə kreativ, müasir yanaşmalarının  göstəricisidir.  Bu ilki Forumda ölkənin bütün bölgələrini təmsil edən üç yüz səksən uşaq iştirak etmişdir.  Forumdan Foruma iştirakçıların sayı artır, digər ölkələrdən bizə qoşulurlar. Bu il Türkiyədən və Bolqarıstandan həm yüksək səviyyəli rəhbər işçilər, həm də gənc nümayəndə heyəti iştirak edir. Bütün bunlar  Forumun  səviyyəsinin daha da artdığını, beynəlxalq nüfuz qazandığını sübut edir.

Azərbaycan Uşaqlarının Ümumrespublika Forumlarının maraqlı tarixi var. Bildiyiniz kimi,  Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2008-ci il tarixli, 103 saylı Sərəncamı ilə 2009-cu il “Uşaq ili” elan olunmuşdur. Elə həmin il - “Uşaq ili” çərçivəsində 17-18 dekabr tarixlərində Azərbaycanda ilk dəfə Azərbaycan Uşaqlarının I Ümumrespublika Forumu keçirilmişdir. Azərbaycan Uşaqlarının Ümumrespublika Forumları uşaq hüquqlarının qorunması və təbliği, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericilikdə, proqram və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirlərinin nəzərə alınması və onların maraqlarının qorunması; uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaratmaq; dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də, kütləvi informasiya vasitələrinin diqqətinin uşaqların hüquq və azadlıqlarının qorunması və təmin edilməsinin zəruriliyinə cəlb edilməsi məqsədilə keçirilir.

Forumlarda Azərbaycanın bütün şəhər və rayonlarından intellektual səviyyəsi yüksək olan, fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, liderlik keyfiyyətlərinə məxsus 6-18 yaş arası uşaqlar iştirak edirlər. Xüsusi qayğıya ehtiyacı olan,  sağlamlıq imkanları məhdud olan, qaçqın və məcburi köçkün ailələrindən olan, digər millətlərdən olan, valideyin himayəsindən məhrum olmuş uşaqların Forumlarda təmsilçiliyinə xüsusi önəm verilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və NUR Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən 17-18 dekabr 2009-cu il tarixində təşkil edilən I Forum Azərbaycanda “Uşaq İli”nin yekunlarına həsr olunmuşdur. 56 rayon və şəhərdən 250 uşağın iştirak etdiyi Forumda ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın təbrik məktubu oxunmuşdur. I Forum zamanı 2009-cu ilin “Uşaq İli” elan olunmasının vacibliyi və əhəmiyyəti vurğulanmış, uşaqların müdafiəsi və inkişafına dair qazanılan ən yaxşı təcrübələr, qarşıya çıxan maneələr, mövcud problemlər və zəruri tədbirlər nəzərdən keçirilmişdir. Tədbirin sonunda Forum iştirakçılarının cənab Prezident İlham Əliyevə müraciəti və yekun Bəyannamə qəbul olunmuşdur.

16 noyabr 2011-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,  Heydər Əliyev Fondu və BMT Uşaq Fondunun ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə II Forum keçirilmişdir. Respublikanın 85 rayon və şəhərindən 350 uşağın iştirak etdiyi Forumda Prezident İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubu oxunmuşdur. Forumda Prezident İlham Əliyev və ölkəmizin Birinci xanımı Mehriban Əliyeva "Uşaqların dostu" seçilmişdilər.  Forum çərçivəsində uşaqlar Forumdan irəli gələn və uşaqların üzərinə düşən vəzifələrin həlli, eləcə də, Forumdan sonrakı dövrdə uşaqların bir- biriləri ilə əlaqələrinin saxlanılması məqsədilə Əlaqələndirmə Şurası yaradılmış, həmçinin Bəyannamə qəbul olunmuşdur. Eyni zamanda, texnologiyanın imkanlarından istifadə edilərək müxtəlif rayonlardan olan uşaqlarla canlı bağlantılar yaradılmış, onlar da prosesə cəlb edilmişdir. Bununla da, daha çox uşağın Forumun işinə cəlb olunması baş tutmuşdur.

17 noyabr 2014-cü il tarixində  keçirilən III Forumda Azərbaycanın bütün şəhər və rayonlarından 350-dən çox uşaq iştirak etmişdir. Forum zamanı uşaqlarla hökumət nümayəndələrinin birbaşa dialoqu baş tutmuşdur. İştirakçılar hökumət üzvlərinə onları maraqlandıran sualları verərək cavab almaq imkanı əldə etmiş, öz təklif və fikirlərini irəli sürmüş, fikir mübadiləsi aparmışlar. III Forumun yekununda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara ünvanlanmış Bəyanat, Forumun Bəyannaməsi və ölkə başçısına Müraciət qəbul edilmişdir.

- Ölkəmizdə keçirilən uşaq forumlarının əsas xüsusiyyəti və fərqləndirici cəhətləri nədən ibarətdir?

- Keçirilən forumların əsas xüsusiyyəti və fərqləndirici cəhəti ondan ibarətdir ki, onu bütünlüklə uşaqlar idarə edir. Qeyd etmək lazımdır ki, Forumda müxtəlif mövzular ətrafında müzakirələr aparılır və yekunda uşaqların fikir və təkliflərini əhatə edən sənədlər qəbul olunur. Ümumiyyətlə, uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından Uşaq Forumları olduqca böyük əhəmiyyətə malikdir. Uşaq Forumlarının keçirilməsi  həm də ona görə də əhəmiyyətlidir ki, Forumlararası müddətdə keçirilən görüşlər, fikir mübadilələri zamanı uşaqlar  müxtəlif sahələrdə öz fikirlərini, təkliflərini bölüşə bilir və dövlət qurumlarının vacib məsələlərin həllində daşıdığı məsuliyyətin nə qədər ağır olduğunu hiss edirlər.  

Ölkəmizdə uşaq məsələlərinə dövlət  tərəfindən həmişə diqqət  yetirilir.  Onların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Biz müstəqilliyimizi çox mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə əldə etmişik. Və belə bir çətinliyə baxmayaraq, dövlətimiz üçün insan, o cümlədən, uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Müasir Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyev uşaqlara daim qayğı və diqqət göstərirdi. Azərbaycanlı körpələrin sağlamlığı, onların yaxşı təhsil və təlim - tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar  kimi böyüməsi Ümummilli liderin daim diqqətində olmuşdur. Müstəqilliyimizi qurduğumuz ən çətin illərdə belə,  dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi prioritet olub. Elə, ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır. Bu milli qanunvericilikdə təkmilləşdirmə işinin aparılmasına, yeni mexanizmlərin yaradılmasına və uşaqlara qarşı zorakılıqla mübarizəyə ünvanlanan ümumi prinsiplərin formalaşdırılmasına təkan vermişdi.   Həmçinin, Azərbaycan Hökuməti  bu sənəddən beynəlxaq tribuna kimi istifadə edərək, ilk dəfə  Ermənistanın ərazimizə təcavüz etməsi, üç yüz mindən artıq qaçqın və məcburi köçkün düşmüş uşaqlar haqqında  məlumatları dünya ictimaiyyətinə çatdırmışdır.  Qeyd edim ki, bu hərbi münaqişə zamanı 175 uşaq qətlə yetirilmiş,  yaralanan uşaqların sayı isə yüzlərlədir.  Dövlətimiz münaqişə müddətində  214 uşağın əsir və girovluqdan azad edilməsinə nail olmuşdur, 66 uşaq itkin dümüş, 29 uşaq  isə hələ də girovluqdadır. Əfsuslar olsun ki,  1994-cü ildə  atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam etmiş və bu dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olmuşdur. Onlardan 14-ü həlak olmuş, 20-si  isə yaralanmışdır.

- Hicran xanım, ötən Forumlardan sonra hansı nəticələr əldə edilib?

- Foruma münasibət çox ciddidir. Və dövlət hər bir vətəndaşın istər uşaq, istərsə də böyük olsun fikrinə, arzusuna diqqətlə yanaşır. Qısaca olaraq əldə edilən bəzi uğurları sizin nəzərinizə çatdırmaq istərdim. İlk növbədə ölkədə uşaqlar üçün bütün imkan yaradılmışdır.  Cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edir ki, “elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar”. Və bu arzu öz real həlini tapır. Son illər ərzində rayonlarda və bölgələrdə  üç mindən çox orta məktəb,  altı yüzdən çox xəstəxana, tibb məntəqələri, əllidən çox  olimpiya  və  onlarla gənclər mərkəzi tikilib istifadəyə verilmişdir.  Biz iqtisadi əlaqələri dağılmış ölkədən güclü, davamlı inkişaf edən ölkəyə çevrilmişik.  Bu yüksəliş  təkcə iqtisadi, qaz və energetika sahəsində deyil, elm, idman, mədəniyyət, sosial və digər sahələrdə baş vermişdir. İki telekommunikasiya peykimiz orbitə çıxarılıb. Artıq  Azərbaycan  Avrasiya qitəsində nəqliyyat mərkəzlərinin birinə çevrilməkdədir.  Əlbəttə, bir məsələni unutmaq olmaz ki, bütün bu uğurlar təkcə Ermənistanla davam edən müharibə və onun  törətdiyi ağır fəsadların deyil,  həm də bizə qarşı aparılan riyakar və ədalətsiz siyasətin fonunda   həyata keçirilir.

“Gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə indiki şəraitdə dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar ortaya atılır”. Cənab Prezidentin bu fikirləri uşaq hüquqlarının müdafiəsi sahəsində prioritetləri müəyyən edir. Müvafiq  sahələrdə görülmüş işlər sırasında ilk olaraq qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi çox vacibdir. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan vermişdir.  Nikah  yaşı 17-dən 18-ə  qaldırılmış,  erkən  nikahların  qarşısının alınması məqsədiilə qanunvericilikdə valideyn məsuliyyəti  müəyyənləşdirilmişdir. Valideyn məsuliyyətinin artırılması üçün  Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələrinə, o cümlədən, “Uşaq hüquqları” haqqında Qanuna dəyişikliklərin edilməsi  haqqında Qanunlar qəbul edilmişdir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin  humanistləşdirilməsi və alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi  barədə  2017-ci ildə ölkə başçısının Sərəncamı olmuşdur. Bu sənəd eyni zamanda, yuvenal ədliyyə sisteminin formalaşmasına da imkan yarada bilər.  Bu, bizə nə verəcək, ilk növbədə qanuna zidd hərəkət etmiş uşağa cinayətkar damğasının vurulmasının qarşısını alacaq. Biz onları özümüzdən uzaqlaşdırsaq, onlar daha da aqressivləşər, qatı cinayətkara çevrilə bilərlər.  Bu sahədə çoxlu qanun və dəyişikliklərin qəbul  olunmasını nəzərə alaraq, onların implementasiyası ilə bağlı hakimlər, vəkillər  üçün xüsusi  təlimlər keçirilir.  Və artıq müsbət nəticələrə nail olmuşuq.  Uşaq hüquqları  haqqında  Konvensiya  üzrə  2015-ci ildə  3506,  2016-cı ildə isə 4654 məhkəmə qərarı çıxarılıb. Əlbəttə ki, bu sahədə gələcək hədəflərin müəyyən edilməsi də vacib məsələlərdəndir.  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək,  uşaqların bütün sahələrdə  imkanlarının daha da genişləndirilməsi, hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır. Uşaq Strategiyası rəy  üçün Nazirlər Kabinetinə  təqdim olunmuşdur. Uşaq Məcəlləsi ilə bağlı ilkin hazırlıq prosesi aparılır.

Hazırda ölkədə iki milyon altı yüz minə yaxın uşaq var. Dövlət tərəfindən mütəmadi olaraq qaçqın və  məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilinin inkişafına, hüquqlarının müdafiəsinə, uşaq  iştirakçılığına  yönəlmiş tədbirlər keçirilir. Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olmuşdur.  Xüsusilə də "Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq" devizini irəli sürən Mehriban xanım  uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir. "Yeniləşən Azərbaycana yeni məktəb" çərçivəsində yüzlərlə təhsil ocaqları tikilib istifadəyə verilmişdir. Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması" layihəsi çərçivəsində 100-ədək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. Kimsəsiz, yetim, fiziki sağlamlığında problemi olan uşaqların sosial-psixoloji reabilitasiyası üçün resurs mərkəzinin yaradılması, bu uşaqların  məşğulluğunun təmin edilməsi, eləcə də müxtəlif peşələrin öyrədilməsi, "Təhsilə dəstək" və "İnklüziv təhsil" proqramlarının həyata keçirilməsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. Lakin Mehriban xanımın sözləri ilə desək "Ən müasir internat məktəbi və ən yaxşı uşaq evi ailəni əvəz edə bilməz", buna görə də, ailələrimiz  çox möhkəm, milli, mənəvi dayaqlar əsasında qurulmalı, ailənin, övladların və cəmiyyətin qarşısında hər kəs öz məsuliyyətini dərk etməlidir.

Qeyd edim ki, uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmişdir. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin  Fərmanı ilə təsdiq edilmiş  “Uşaq hüquqlarının həyata  keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən, dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinq aparılmışdır. Hazırlanmış tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrində şərait standartlara uyğunlaşdırılmış, mütəxəssislər üçün yeni təlimlər keçirilmişdir. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılmış, artıq məlumatlar daxil edilir. Bunun nəticəsində biz uşaq problemlərinin dəqiq statistikasını biləcəyik ki, bu da həmin sahədə daha effektiv preventiv tədbirlərin həyata keçirilməsinə səbəb  olacaq. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır. Monitorinq qrupları eyni zamanda, zərərçəkmiş uşaqlarla  profilaktik işi təşkil edir, onlara lazımi psixoloji və hüquqi yardımlar göstərir.

- Bəs ölkəmizdə uşaqların sağlam həyat tərzinin təmin olunması üçün nə kimi addımlar atılır?

- Vacib məsələlərdən biri də uşaqların sağlam həyat tərzi keçirmələridir. Azərbaycanda idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Gənc nəsil, uşaqlar, yeniyetmələr idman bölmələrinə gedirlər və idmanla məşğul olurlar. Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi sahəsində də mühüm tədbirlər görülmüş, həm bilik yarışları, olimpiadalar keçirilmiş, sağlamlıq imkanları məhdud, valideyin himayəsindən məhrum, cəbhəyanı bölgələrimizdə yaşayan uşaqlar üçün  düşərgələr təşkil olunur. Ölkə başçısı  İlham Əliyevin tapşırığı ilə həyata keçirilən  “Ölkəmizi tanıyaq” layihəsi nəticəsində  şagirdlər ölkəmizin müxtəlif şəhər və rayonlarının zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edir, yeni dostlar qazanırlar. Komitəmizin regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri  icmada risk qrupuna aid olan ailə, qadın və uşaqlara dəstək göstərir. Təkcə, 2016-cı ildə Mərkəzlərin nəzdində olan xidmətlərdən ümumilikdə  4351 uşaq  istifadə etmişdir. Eyni zamanda, növbəti il BMT-nin  müvafiq Komitəsi qarşısında  Uşaq Hüquqları üzrə  ölkə hesabatı veriləcək, bununla bağlı ciddi hazırlıq işləri aparılır. Biz bir sıra ölkələrin aidiyyatı dövlət orqanları, eləcə də beynəlxalq təşkilatlarla  tərəfdaşıq.  Qeyd etmək istərdim ki,  uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı, erkən nikah, təhsildən yayınma hallarının qarşısının alınması və digər layihələr həm milli qanunvericiliyin  güclənməsində,  həm də maarifləndirici işlərin reallaşmasında xüsusi əhəmiyyətə malikdir.

- Azərbaycan hökuməti uşaq hüquqlarının müdafiəsi ilə bağlı BMT-nin Uşaq Fondu ilə hansı səviyyədə əməkdaşlıq edir?

- Bizim  əsas tərəfdaşlarımızdan biri BMT-nin Uşaq Fondudur. 25 ilə yaxındır  əməkdaşlıq çərçivəsində  biz  uşaq  hüquqlarının  müdafiəsi  ilə bağlı  bir sıra aktual layihələr keçirmişik, ölkə  üzrə proqramları qəbul edib, yerinə yetirmişik. Azərbaycanda  BMT Uşaq Fondunun  fəaliyyətə başlamasını  Ümummilli  lider   Heydər Əliyev yaxından dəstəkləyirdi.  O,  təşkilatın Azərbaycandakı fəaliyyətini  yüksək  qiymətləndirərək  bu əməkdaşlığa  böyük  ehtiyac  olduğunu vurğulayaraq  demişdir ki: ”Biz  istəyirik ki, BMT-nin Uşaq Fondu  ilə Azərbaycanın əməkdaşlığı  daha da  geniş  olsun.  Çünki  buna  böyük  ehtiyac vardır.”  Bu gün isə  ölkə başçısı İlham Əliyev tərəfindən  bu əməkdaşlığın  daha da gücləndirilməsinə xüsusi  diqqət  yetirilir.  Uşaq Fondunun təşəbbüsləri Hökumət tərəfindən daim dəstəklənir. Bu isə, həm qanunvericilik bazasının təkmilləşdirilməsində, həm də maarifləndirmə işlərinin aparılmasında öz töfhəsini  verir. Avropa Şurası Parlament Assambleyasının müvafiq Komitəsinin valideyn məsuliyyəti, uşaqların sosial müdafiəsi və təhsilləri ilə bağlı tövsiyələri  tərcümə olunaraq,  müvafiq  dövlət qurumlarına təqdim edilib. Artıq iki ildir ki,  ölkəmizdə 22 noyabr uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi üzrə Avropa günü qeyd olunur və “hər beş uşaqdan biri” kampaniyaları keçirilir. 2016-2021–ci illəri əhatə edən Uşaq Strategiyasının hazırlanmasında əlli azərbaycanlı uşağın fikri öyrənilib və  çox sevindirici haldır ki, onların təklifi həmin sənəddə öz əksini tapacaq. Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair  2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında”  Avropa Şurası Konvensiyasının ratifikasiya edilməsi üçün tədbir görülməsi nəzərdə tutulub.

 - Hicran xanım, Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu nə kimi səciyyəvi xüsusiyyətləri ilə əlamətdardır?

- Ötən Forumlarda olduğu kimi, IV Ümumrespublika Uşaq Forumu da gərgin hazırlıq prosesi keçdi. Biz müşahidə etdik ki, bu il daha çox uşağın həvəs göstərərək, Forumda iştirak etmək istəyi yarandı. Bu hadisə həm də əvvəlki Forumlardakı uşaqların aktivliyinin və bu gün cəmiyyətdə tutduğu mövqeyin təsirindən irəli gəlir. Forumda iştirak etmək istəyən uşaqların seçilmələri məqsədilə  bu  ilin əvvəlindən regional görüşlər təşkil olunmağa başlanmış və seçim turları keçirilmişdir. Seçilmiş uşaqların Forumda aktivliyini təmin etmək, müzakirəyə çıxarılacaq mövzulara dair onların biliklərini və problemə yanaşma tərzini təkmilləşdirmək məqsədilə il ərzində uşaqların iştirakı ilə uşaq hüquqlarının ayrı-ayrı sahələri üzrə tədbir, təlim və görüşlər təşkil olunmuşdur. Foruma hazırlıq prosesində uşaqlar üçün ən yadda qalan hadisələrdən biri isə rəsmilərlə birbaşa görüşlərin təşkili olmuşdur. İlk tədbir uşaqların təşəbbüsü ilə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Milli Məclisdə vitse-spiker Bahar Muradovanın  iştirakı ilə baş tutmuşdur. Təhsil naziri Mikayıl Cabbarovla da görüş təşkil olunmuşdur. Görüşdə uşaqların Azərbaycanda təhsilin inkişafı, təhsil sahəsində aparılan islahatlar, əldə olunan nailiyyətlər, gələcək ixtisas seçimləri və digər aidiyyəti mövzularla bağlı uşaqların suallarını cavablandırmışdır. Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə uşaqların görüşü olmuşdur. İKT sektorundakı ən son yeniliklər, yüksək texnologiyalar və ölkəmizin kosmik sənayesi barədə söz açan nazir uşaqları “Azərkosmos”un Peyk İdarəetmə Mərkəzinə dəvət etmişdir. Nazir uşaqların start-uplar, internet resursları, internet təhlükəsizliyi, “Elektron hökumət”,  informasiya texnologiyaları və s. barədə suallarını cavablandırmışdır.    Növbəti görüş isə Gənclər və İdman naziri Azad Rəhimovla təşkil olunmuşdur. Nazir gənclər siyasəti sahəsində həyata keçirilən layihələr haqqında, son illərdə ölkəmizin idmanda əldə etdiyi nailiyyətlərindən və sağlam həyat tərzi barədə geniş məlumat verib və  uşaqları  maraqlandıran sualları cavablandırıb.

Sonda bir daha Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində  bütün görüşlərin nəticələri  müzakirə edilərək, ümumi təkliflər hazırlanıb. Görüşlərdən başqa Foruma hazırlıq məqsədilə Komitə BMT-nin Uşaq Fondu ilə birgə iyul ayında Şamaxı rayonunda Yay məktəbi təşkil etmişdir. Yay məktəbində Azərbaycanın müxtəlif bölgələrindən Foruma nümayəndə olaraq seçilmiş uşaqlar iştirak etmişdir. Yay məktəbi zamanı uşaqlara uşaq hüquqları, internet təhlükəsizliyi, uşaqların şəxsiyyət kimi yetişməsində ailə və cəmiyyətin rolu, asudə vaxtın səmərəli təşkili, ətraf mühitin qorunması və sağlam həyat tərzi, uşaqlarda liderlik keyfiyyətlərinin artırılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması mövzularında təlimlər keçirilmiş, qrup işləri, həmçinin uşaqlarla aktiv müzakirələr aparılmışdır.

IV Forum çox səmərəli və gərgin şəraitdə keçdi. Qruplarda bir-birindən aktual məsələlərdən bəhs edən təqdimatlar oldu, ətraflı müzakirələr aparıldı. Qeyd edim ki, uşaqlarla bərabər, dövlət təşkilatlarının məsul şəxsləri, ictimai xadimlər, tanınmış ziyalılar da həvəslə iştirak edirdilər. Uşaqlarımızın  bu tədbirdən gözləntilərini və gələcəyə baxışlarını, arzularını bilmək və eşitmək bizim üçün vacibdir, əhəmiyyətlidir. Düşünürəm ki, bu Forumda da irəli sürülən bütün təkliflər reallaşacaq, öz həllini tapacaqdır.

Artıq altmış bir ildir ki, dünyada 20 noyabr  Ümumdünya  Uşaqlar  Günü  bütün dünya ölkələrində bayram kimi qeyd olunur. Uşaqların sağlam və xoşbəxt  böyüməsi  hər zaman olduğu kimi, bu gün də aktualdır. Lakin müasir dövrdə, xüsusilə də hərbi münaqişələr, kataklizmlər, terrorizm və zorakı ekstremizmin fonunda  bu  məsələ  özünü daha qabarıq şəkildə  göstərir.  Uşaqlar  aldıqları sevgini, şəfqəti, gözəl tərbiyəni, eləcə də zorakılığı və aqressiyanı böyüyəndə daha kəskin formada cəmiyyətə qaytarırlar. Nəticədə qazanan da, itirən də cəmiyyət olur.  Buna görə də onların normal inkişafını təmin  etmək  və cəmiyyətə yararlı vətəndaş böyütmək hamımızın borcudur. 

Sonda isə sözüm yenə uşaqlaradır: Cəsarətli olun!  Hər şey sizin gücünüzdən, biliyinizdən asılıdır. Əsas odur ki, inadla irəli gedəsiniz. Bir olmağınız, mehribançılığınız, dostluğunuz isə  ən xoş arzu və niyyətləri həyata keçirməkdə sizə mütləq kömək edəcəkdir.