YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

YAP yeni dövrün qlobal çağırışlarına uyğun sosial-iqtisadi inkişaf hədəflərinin müəyyənləşdirilməsində ideoloji mayak rolunu oynayır

Müsahibimiz Azərbaycan Respublikasının iqtisadiyyat naziri, YAP Siyasi Şurasının üzvü Şahin Mustafayev

- Şahin müəllim, noyabrin 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 25 ili tamam olur. Müasir müstəqil Azərbaycanın milli tərəqqisində və bütün sahələrdə çoxsaylı uğurların əldə etməsində Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının rolu nədən ibarətdir?

- Bu gün Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın. Məhz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası uzun illər ərzində dövlət quruculuğunun bütün istiqamətləri üzrə inkişafın başlıca dayaqlarını yaratmışdır.

Ötən əsrin son onilliyində Azərbaycan müstəqilliyini yenidən bərpa etməsinə baxmayaraq, müstəqilliyin ilk illərində ölkədə yaranmış siyasi böhran, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğalı və 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi siyasi, sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş və beləliklə ölkə iqtisadiyyatı deqradasiyaya yuvarlanmışdı. Yerli və ittifaq miqyasında olan müəssisələr arasında mövcud əlaqələrin qırılması, ölkənin iqtisadi, siyasi, informasiya blokadasına alınması sosial-iqtisadi tənəzzülü daha da dərinləşdirmiş, bununla da 1990-cı illərin əvvəllərində ÜDM-in, sənaye istehsalının, xarici ticarət dövriyyəsinin həcmi ciddi şəkildə azalmış, inflyasiya idarəolunmaz səviyyəyə çatmışdı. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmış, əhalinin pul gəlirləri azalmışdı. Belə bir şəraitdə dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil milli dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytardı, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Ulu Öndər Heydər Əliyev böyük xilaskar missiyasını yerinə yetirməkə Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, Ümummilli Liderin yenidən hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ümummilli Liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, effektli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı.

Ümummilli Liderimizin strateji inkişaf kursunun yeni mərhələdə Prezident cənab İlham Əliyev tərəfindən qətiyyət və uğurla davam etdirilməsi ölkəmizin milli inkişaf modelini formalaşdırmış, bu modelin yeni qlobal çağırışlara uyğunlaşdırılmaqla tətbiqi bütün sahələrdə əsaslı müsbət dəyişikliklərə, böyük nailiyyətlərə yol açmış, gələcək tərəqqi üçün möhkəm təməl yaratmışdır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Düşünülmüş, qarşılıqlı etimada əsaslanan müstəqil siyasət həyata keçirən, regionun siyasi, iqtisadi və mədəni mərkəzi olan Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. Səsi dünyanın ən mötəbər tribunalarından gələn müstəqil Azərbaycanın üçrəngli bayrağı irimiqyaslı ictimai-siyasi və mədəni tədbirlərdə, nüfuzlu təşkilatlarda əzəmətlə dalğalanır. Ölkəmiz qlobal əhəmiyyətli beynəlxalq tədbirlərin, humanitar forumların, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun, eləcə də I Avropa Oyunlarının, "Formula-1" yarışlarının, İslam Həmrəylik Oyunlarının, "Eurovision" mahnı müsabiqəsi kimi mühüm tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Qazanılan böyük uğurların əsasında isə Ümummilli Liderimizin müəyyənləşdirdiyi ölkəmizin hərtərəfli inkişaf strategiyası, Prezident İlham Əliyevin çevik, Azərbaycanı davamlı tərəqqiyə aparan praqmatik siyasəti dayanır. Bu inkişaf kursuna uyğun olaraq, makroiqtisadi sabitliyin qorunması, innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi, qeyri-neft sektorunun stimullaşdırılması, yüksək əlavə dəyər yaradan və ixraca yönələn məhsul istehsalının genişləndirilməsi, ən başlıcası isə qazanılan naliyyətlərin ölkə vətəndaşının rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsi Azərbaycan iqtisadiyyatının prioritetlərini təşkil edir.

Heç şübhəsiz ki, bu uğurların qazanılmasında Ulu Öndərin yaradıcısı olduğu, yaranma tarixi Azərbaycanın müstəqillik tarixi ilə demək olar ki, üst-üstə düşən Yeni Azərbaycan Partiyasının (YAP) rolu böyükdür. 1992-ci ilin noyabrında obyektiv tarixi zərurətdən yaranmış YAP ilk gündən ümumazərbaycan partiyasına çevrilmiş, xalqa xidmət missiyasını şərəflə yerinə yetirmişdir. Fəaliyyətində müstəqillik, azərbaycançılıq, müasirlik, inkişaf, sosial rifah, iqtisadi və siyasi islahatları əsas götürən YAP Heydər Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisdai inkişafında böyük uğurlara imza atmışdır. Təsadüfi deyildir ki, dahi siyasət korifeyi xalqımız və dövlətimiz qarşısındakı böyük xidmətləri ilə bağlı YAP-ı dünənin, bu günün və gələcəyin partiyası adlandırmışdır.

Ümummilli Liderin siyasi əmanəti olan YAP Möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyi ilə fəaliyyətini daha da təkmilləşdirmiş, ölkənin siyasi həyatında və ümumi inkişafında əsas qüvvəyə, Qafqazın ən güclü siyasi təşkilatına çevrilmişdir. Dövlət başçısının qeyd etdiyi kimi: “2003-cü ildən sonra Azərbaycanın uğurlu inkişafı davam etmişdir. Bu inkişafın təmin edilməsində bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının çox böyük rolu vardır”. Sıralarında ictimaiyyətin bütün təbəqələrini təmsil edən və 700 mindən çox üzvü birləşdirən YAP bu gün Ulu Öndərin işıqlı ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu getdikcə möhkəmləndirir, Azərbaycanın davamlı və dayanıqlı inkişafına önəmli töhfələr verir.

- Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf siyasəti bu gün uğurla davam etdirilir. Heydər Əliyev siyasətini müasir dövrün tələbləri, reallıqları və çağırışlarına müvafiq surətdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkə iqtisadiyyatının dayanıqlılığının qorunub saxlanması baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanın inkişaf etmiş modern dövlətə çevrilməsində sürətli və hərtərəfli inkişafla harmonik olan iqtisadi potensial müstəsna əhəmiyyətə malikdir. Yeni dövrün yeni liderinin- Prezident İlham Əliyevin Ulu Öndərin srtategiyasından qaynaqlanan sosial-iqtisadi siyasəti keyfiyyətcə yeni prioritetləri müəyyən edərək innovasiya əsaslı inkişaf modelinə keçidi şərtləndirmiş, yüksək rəqabət qabiliyyətli və diversifikasiya olunmuş iqtisadiyyatın formalaşmasını sürətləndirmişdir. Azərbaycanda yaradılmış böyük iqtisadi potensial və aparılan məqsədyönlü islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft ixracının stimullaşdırılması, iqtisadi idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlər iqtisadiyyatın davamlı inkişafını təmin edir.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş, başlıca məqsədi uzunmüddətli perspektivdə ölkənin davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə yüksək sosial rifah olan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, məqsədli dövlət proqramları, strategiyalar, konkret tədbirlər planları, kompleks və davamlı iqtisadi islahatlar ölkədə innovativ və bilik iqtisadiyyatının formalaşması, ixracın diversifikasiyası, idxaldan asılılığın maksimum dərəcədə azaldılması, biznes mühitinin əlverişliliyinin artırılması, investisiyaların cəlbi və digər istiqamətlərdə mühüm işlərin həyata keçirilməsinə hüquqi və iqtisadi zəmin yaratmışdır. Ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə dövlət başçısının 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" təsdiq edilmişdir. Bu mühüm sənəd kənd təsərrüfatından tutmuş sənayeyə qədər bütün sahələri, həmçinin insan kapitalının inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması kimi əsas istiqamətləri əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti, YAP sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çevik iqtisadi siyasət regional və qlobal səviyyədə mürəkkəb siyasi və iqtisadi proseslərin davam etdiyi hazırkı şəraitdə belə, ölkə iqtisadiyyatının dayanıqlılığını qoruyub saxlamışdır. Görülən sistemli və qabaqlayıcı tədbirlərin nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı 2008-ci ildə başlayan və sonrakı dövrlərdə də davam edən qlobal iqtisadi böhranı kifayət qədər hazırlıqlı qarşılamış, böhran dövründə investisiya risklərinin yüksək olmasına, qonşu ölkələrdəki devalvasiya dalğasının təsirlərinə baxmayaraq, Azərbaycanda rasional makroiqtisadi siyasət həyata keçirilmiş, yaradılmış valyuta ehtiyatları maliyyə risklərinin qabaqlayıcı rejimdə idarə edilməsində əhəmiyyətli rol oynamışdır.
Statistik göstəricilər də Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlılığını bir daha təsdiq edir: Belə ki, strateji valyuta ehtiyatları 2003-cü ilə nisbətən 26,2 dəfə artaraq bu ilin sentyabr ayının sonuna 42 mlrd. ABŞ dolları səviyyəsinə çatmışdır. 2004-2016-cı illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə artmışdır. Bu dövrdə sənaye real ifadədə 3,8 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,6 dəfə, tikinti 3,4 dəfə, ticarət 3,9 dəfə, turizm 14,2 dəfə, nəqliyyat 2,6 dəfə, rabitə 10,6 dəfə artmışdır. Ölkə iqtisadiyyatına 2004-2017-ci illərdə 225 mlrd ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri son 14 ildə dinamik olaraq artmış, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olmuşdur.

Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da mütəmadi olaraq əksini tapır. Təsadüfi deyildir ki, ölkəmiz dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşmışdır. Ümumiyyətlə, Azərbaycan "Qlobal rəqabət qabiliyyəti" hesabatları üzrə 2005-ci ildən 2017-cı ilədək 69-cu yerdən 34 pillə irəliləyərək 35-ci yerə yüksəlmiş və 2009-cu ildən indiyədək MDB-də liderliyini qoruyub saxlayır. Qeyd edək ki, "G20"yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalırlar.

Əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığın inkişafı istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Belə ki, ölkələrin biznes mühitini qiymətləndirən və ən mühüm hesabatlardan olan "Doing Business 2018" hesabatında 8 pillə irəliləyən Azərbaycan 190 ölkə arasında 57-ci mövqeyə yüksəlmiş, Avropa və Mərkəzi Asiyada 4 və daha çox islahat aparan 3 ölkədən biri olmuşdur. Bu gösrəriciyə Azərbaycanda həyata keçirilən davamlı islahatlar və sosial-iqtisadi sahədə həyata keçirilən siyasət nəticəsində nail olunub.    

Azərbaycandakı siyasi sabitlik, əlverişli işgüzar mühit ölkəmizə marağı daha da artırmışdır. Şübhəsiz ki, burada etibarlı tərəfdaş amili xüsusi rol oynayır. Beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir.

Son illərdə reallaşdırılan ən mühüm layihələrdən olan, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən, Prezident İlham Əliyevin "XXI əsrin layihəsi" adlandırdığı "Cənub qaz dəhlizi" layihəsi isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir. Bu ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllifi olduğu Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın tranzit imkanlarının reallaşması üçün iri layihələr də reallaşdırılıb. Bu istiqamətdə Beynəlxalq Dəniz Limanının və Gəmiqayırma Zavodunun tikintisi, TRASECA, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri çərçivəsində görülən işlər, bu yaxınlarda istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xüsusilə vurğulanmalıdır. Prezident İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə görə "Dəmir İpək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu quru xətlə birbaşa Avropaya çıxış imkanı yaradır.

İqtisadi inkişafda mühüm əhəmiyyət kəsb edən infrastuktunun yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, Azərbaycanda 6 beynəlxalq hava limanı inşa olunmuş, minlərlə kilometr müasir yollar çəkilmiş, körpülər və tunellər tikilmiş, 1700-dən artıq yaşayış məntəqəsi təbii qazla təmin edilmış, 736,4 min nəfəri əhatə edən 434 yaşayış məntəqəsində modul tipli sutəmizləyicisi quraşdırılmış, mərkəzləşdirilmiş içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfədən çox artaraq 4,5 mln. nəfəri ötmüşdür. Dəmir yolu nəqliyyat sistemi inkişaf etdirilmiş, infrastrukturu yenilənmiş, Azərbaycanın ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətliliyi yüksəlmiş, tranzit daşımalarının həcmi əhəmiyyətli dərəcədə artmışdır.

Bakı Metropoliteninin inkişaf strategiyasına uyğun olaraq, yeni stansiyalar istifadəyə verilmiş, stansiyaların sayı 25-ə çatdırılmışdır. Təkcə son 14 il ərzində ümumi gücü 2300 MVt-dən artıq olan 26 yeni elektrik stansiyası istismara verilmiş, 10 min kilometrdən artıq elektrik verilişi xətləri, xeyli sayda yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur.

- Ölkəmizdə sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər iqtisadiyyatın şaxələndirilməsinə necə təsir göstərir?

- Ölkəmizdə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də sənayeləşmə və qeyri-neft sənayesinin inkişafıdır. Təsadüfi deyil ki, sənayenin inkişafına xüsusi önəm verən dövlət başçısı tərəfindən 2014-cü il Azərbaycanda "Sənaye ili" elan edilmiş, "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" qəbul olunmuşdur. Müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi nəticəsində son illər ölkədə sənayeləşmə templəri yüksəlmiş, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənməklə yanaşı, yeni sənaye sahələri yaradılmış, bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlmişdir. İlk süni peykin orbitə buraxılması ilə kosmik sənayenin əsası qoyulmuş, "Azərspace" və "Azersky" telekommunikasiya peykləri orbitə buraxılmış, Azərbaycan dünya kosmos ailəsinin üzvünə çevrilmişdir. Bu yaxınlarda "Azərspace-2" peykinin orbitə buraxılması nəzərdə tutulur. Müdafiə sənayemiz artıq ordumuzu müasir silahlarla təchiz edir və onun məhsulları beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir və inkişaf etmiş xarici ölkələrə satılır. Alternativ və bərpa olunan enerji sahəsində bir sıra müəssisələrin işə düşməsi ilə Bakı şəhərinin müxtəlif ərazilərinin işıqlandırılmasında qeyri-ənənəvi vasitələrdən, o cümlədən günəş panellərindən və külək generatorlarından istifadə olunmağa başlanmışdır. Müasir texnologiyalar əsasında Gəmiqayırma zavodu yaradılmış və bununla da daha bir yeni sənaye sahəsinin əsası qoyulmuşdur. Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına və ətraf mühitə mənfi təsirlərin azaldılmasına xidmət etməklə yanaşı, həm də tullantıları enerjiyə çevirir. Azərbaycan üçün ənənəvi olmayan bu zavod istehsalat gücünə görə Şərqi Avropada və MDB məkanında ən iri bu tipli müəssisədir və Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir.

Bununla yanaşı, sənaye və yüksək texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində ciddi addımlar atılmış, kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları - Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı sənaye parkları, 3 Yüksək Texnologiyalar Parkı yaradılmışdır. Bu ilin sentyabrında Azərbaycanda ilk sənaye məhəlləsi - Neftçala Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə istifadəyə verilmışdır. Masallı Sənaye Məhəlləsində hazırda sürətlə tikinti işləri aparılır və bu işlər 2017-ci ilin sonunda başa çatdırılacaqdır. Hacıqabul Sənaye Məhəlləsinin təşkili istiqamətində işlər davam etdirilir. Dövlət başçısının tapşırığına əsasən, ölkəmizin digər regionlarında da sənaye məhəllələrinin yaradılması istiqamətində araşdırmalar aparılır.

Qeyri-ənənəvi sənaye sahələri ilə yanaşı, ənənəvi sənaye sahələrinin inkişafına da böyük diqqət göstərilir. Məsələn, ölkədə xalçaçılıq sahəsini inkişaf etdirmək  məqsədilə yaradılmış “Azərxalça” ASC-nin xalça istehsalı müəssisələrinin yaradılması işləri davam etdirilir. Belə ki, Füzuli rayonunun Horadiz qəsəbəsində və Şəmkir rayonunda bu müəssisələr artıq istifadəyə verilmiş, 6 rayonda emalatxanalar istismara tam hazır vəziyyətə gətirilmiş, digər 2 rayonda isə işlər cari ilin sonunadək yekunlaşacaqdır. Növbəti illərdə belə müəssisələrin sayının 30-a çatdırılacağı planlaşdırılır. Xalçaçılığın xammal bazasının yaradılması üçün Sumqayıtda  Yunəyirici Boyaq fabrikinin tikintisinə bu ilin sonunda başlanılması, 5 rayonda yun və boyaq maddələri tədarükü məntəqələrinin yaradılması nəzərdə tutulur. Bütün bunlar isə, idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, ixrac potensialını genişləndirəcəkdir.

Beləliklə, YAP yaradıcısı Heydər Əliyevin müəllifi olduğu sənayeləşmə siyasətinin   Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi sənayedə də əsaslı dönüşə səbəb olmuş, bu sahənin ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilməsini, innovativ və rəqabətqabiliyyətli məhsul istehsalının genişlənməsini və bir sıra məhsullar üzrə idxalın əvəz olunmasını təmin etmişdir.

- Kənd təsərrüfatı sahəsində və regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticələri nədən ibarətdir?

- Ümummilli Liderimizin kənd təsərrüfatı sahəsində əsasını qoyduğu islahatlar kursunun uğurlu davamı aqrar-sənaye kompleksinin sürətli inkişafına təkan vermişdir. Aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, bu sahədə infrastrukturun yaxşılaşdırılması, dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarları, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələrin reallaşdırılması, həyata keçirilən meliorativ tədbirlər, aqrotexniki xidmət işlərinin yerinə yetirilməsinin keyfiyyətini yüksəltmək üçün "Aqrolizinq" ASC-nin yaradılması, 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi və s. bu sahənin inkişafına təkan vermişdir.

Aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas hədəflərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda 26 rayon üzrə 40 aqroparkın, o cümlədən 14 müasir cins heyvandarlıq kompleksinin və 26 iri bitkiçilik təsərrüfatlarının yaradılması təşviq olunur. Artıq Xaçmaz, Şəmkir və Cəlilabad rayonlarında aqroparklarda 1-ci mərhələ üzrə işlər başa çatdırılmışdır. 14 aqroparkın isə təşkili işlərinə başlanmışdır. Ümumi dəyəri 270 milyon manat olan 12 aqroparkın yaradılmasına 86.4 milyon manat güzəştli kredit verilmişdir. Aqroparkların yaradılması quşçuluq və heyvandarlığın xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ərzaq məhsullarının idxalının maksimum endirilməsinə və kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsinə imkan yaradacaqdır.

Son illərdə 20 rayonun ərazisində 44 min hektar sahədə 32 iri fermer təsərrüfatı yaradılmışdır. İnvestisiya dəyəri 193 milyon manat olan bu iri fermer təsərrüfatlarının yaradılmasına 70,5 milyon manat güzəştli kredit verilmişdir. Bu təsərrüfatlarda müasir aqrotexniki xidmətlər tətbiq olunmaqla yüksək məhsuldarlıq əldə olunur ki, bu, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsində xüsusilə əhəmiyyətlidir.

Dövlət başçısı tərəfindən ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın, baramaçılığın, ipəkçiliyin, tütünçülüyün, çəltikçiliyin, çayçılığın, fındıqçılığın, sitrus meyvəçiliyinin inkişafı istiqamətində imzalanmış sərəncamlar, keçirilmiş müşavirələr, həmçinin istehsalçılara subsidiyaların verilməsi, sahəvi dövlət proqramları ixrac potensialının artırılmasına və məşğulluq səviyyəsinin yüksəlməsinə mühüm təkan vermişdir.

Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş regionların inkişafı siyasəti uğurla davam etdirilir. Bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. İndiyədək bu sahədə 3 dövlət proqramı qəbul olunmuş və onlardan ikisi artıq uğurla icra edilmişdir. Hazırda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı"nın icrası davam etdirilir. Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.

2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər və rayonların simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır.

Ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 2004-2017-ci ilin ötən dövrü ərzində 1,43 milyonu daimi olmaqla, 1,9 milyondan artıq yeni iş yeri yaradılmışdır. Daimi iş yerlərinin 67,5 faizi regionların payına düşür.

Dövlət başçısının müvafiq sərəncamları ilə qəbul edilmiş Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası paytaxtın hər bir rayon və qəsəbəsinin inkişafının təmin edilməsi, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması sahəsində mühüm rol oynamış, müxtəlif sahələri əhatə edən konkret tədbirlər uğurla icra olunmuşdur.

Prezident İlham Əliyevin dediyi kimi: "Azərbaycanın hər bir yerində quruculuq-abadlıq işləri aparılır, regionların sosial-iqtisadi inkişafı proqramı icra edilir. Əlbəttə, bu proqram həm yeni iş yerlərinin açılmasına xidmət edir, eyni zamanda, bölgələrin sosial problemlərinin aradan qaldırılmasına kömək göstərir".

- Biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı sahəsində görülən işlər barədə nə deyə bilərsiniz?

- Müstəqil Azərbaycanın inkişaf strategiyasında biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" kursuna uyğun olaraq, bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirilmiş, qanunvericilik bazası təkmilləşdirilmiş, inzibati prosedurlar sadələşdirilmiş, vergi yükü azaldılmış, sahibkarlığa sistemli dövlət dəstəyi tədbirləri həyata keçirilmişdir.

Azərbaycan İnvestisiya Şirkəti, Sahibkarlığa Kömək Milli Fondu, "Aqrolizinq" ASC vasitəsilə özəl sektora göstərilən dəstək, AZPROMO, Bakı Biznes Tədris Mərkəzi və s. mexanizmlər vasitəsilə göstərilən məsləhət xidmətləri sahibkarlığın inkişafı baxımdan əhəmiyyətlidir. Təkcə son 14 ildə layihələrinin ümumi dəyəri 4 milyard manatdan çox olan 34 mindən çox sahibkara 2 milyard manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 154 minə yaxın yeni iş yerinin açılması imkanı yaratmışdır. Verilmiş güzəştli kreditlərin 1 milyard manatı büdcə, 1 milyard manatı geri qaytarılan vəsaitlərdir. Güzəştli kreditlərin 70%-i aqrar sektorun, 30%-i müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilmişdir. Verilmiş kreditlərin 75.4%-i regionların, 24.6%-i isə Bakı qəsəbələrinin payına düşür.

Özəl bölmənin inkişafında əhəmiyyətli mexanizmlərdən olan "Aqrolizinq" ASC vasitəsilə 2004-cü ildən kənd təsərrüfatı texnikası lizinqə verilir, pestisidlər, texnoloji avadanlıqlar, tinglər, toxumlar, cins damazlıq heyvanlar güzəştli şərtlərlə istehsalçılara çatdırılır, aqrotexniki xidmətlər göstərilir.

Sahibkarlıq fəaliyyətinə başlayanların dəstəklənməsi üçün Xaçmazda və Yevlaxda yerləşən regional inkişaf mərkəzlərində biznes inkubatorlar yaradılmışdır. Lazımi şərait və avadanlıqlarla, eləcə də tədris materialları ilə təmin olunmuş biznes inkubatorlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə biznesin sirləri öyrədilir. Hazırda mövcud biznes inkubatorların inkişaf etdirilməsi və yenilərinin yaradılması imkanları araşdırılır.
Dövlət başçısının yeni qlobal çağırışların nəzərə alındığı iqtisadi islahatlar paketinə uyğun olaraq, 2015-ci il noyabr ayının 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılmış, sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə apelyasiya şuraları yaradılmış, ixracın və investisiyaların təşviqi mexanizmləri formalaşdırılmış, dövlət satınalmalarında yerli mallar üçün güzəştlər müəyyən olunmuş, gömrük prosedurları sadələşdirilmiş, tələb olunan sənədlərin sayı azaldılmış və konkretləşdirilmiş, idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlər (yaşıl dəhliz, elektron bəyanetmə və s.) tətbiq edilmiş, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı üçün subsidiyalar müəyyənləşdirilmişdir. Lisenziya və icazələr sahəsində aparılmış islahatlara əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin, eləcə də icazələrin sayı əhəmiyyətli dərəcədə azaldılmış, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar və yeni verilən lisenziyalar müddətsiz lisenziya ilə əvəz olumuşdur. İnvestisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə sahibkarlara investisiya təşviqi sənədlərinin verilməsinə başlanmışdır. İndiyədək 194 sahibkarlıq subyektinə 213 investisiya təşviqi sənədi təqdim edilmişdir. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 1,8 milyard manat investisiya yatırılacağı, 13 mindən çox yeni iş yerinin açılacağı gözlənilir. Eyni zamanda, bu investisiya təşviqi sənədləri əsasında texnikanın, texnoloji avadanlıq və qurğuların güzəştli şərtlərlə idxalı üçün 165 sahibkarlıq subyektinə 1037 təsdiqedici sənəd təqdim edilmişdir. Təsdiqedici sənədlər əsasında sahibkarlıq subyektləri tərəfindən əldə olunan ümumi güzəştin dəyəri 44 milyon ABŞ dollarından çoxdur.

İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin əlaqələndirilməsi, müvafiq sahənin inkişafı ilə bağlı təkliflərin hazırlanması məqsədilə Meyvə və Tərəvəz, Arıçılar, Fındıq, Nar, Xurma, Tütün, Şərab, Tekstil İstehsalçıları və İxracatçıları, Tikinti Materialları, Mebel və Qablaşdırma Sənayesi, Sahibkar Qadınlar assosiasiyaları, İxracatçılar Klubu yaradılmışdır.

Görülmüş işlər nəticəsində Azərbaycanda güclü özəl sektor formalaşmış, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılmış, özəl bölmənin payı ÜDM-də 80%-i, məşğulluqda 75%-i, dövlət qeydiyyatına alınmış sahibkarlıq subyektlərinin sayı isə 880 mini ötmüşdür.

- Şahin müəllim, bütövlükdə ötən illər ərzində iqtisadiyyatın müxtəlif sahələrində əldə olunan uğurların ölkəmizin dayanıqlı inkişafı baxımından əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Dövlət başçısının Azərbaycanın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə, Azərbaycanı mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirmişdir. Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilmiş, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilmişdir. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici əlaqələri daha da genişlənmiş, müstəqil siyasət həyata keçirən ölkəmizin dünyada nüfuzu daha da artmış, ixracın coğrafiyası genişlənmişdir. Dövlət başçısının qeyd etdiyi kimi: "...ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək".

Azərbaycanın əlaqələrinin inkişafında yüksək səviyyəli xarici səfərlər, aparılan danışıqlar, imzalanmış sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan səmərəli əməkdaşlıq xüsusi vurğulanmalıdır. Bütün bunların nəticəsidir ki, Azərbaycanın BMT və onun qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da genişlənmişdir.
Azərbaycanın xarici ticarətinin coğrafiyası genişlənmiş, onun əmtəə strukturu təkmilləşmişdir. Hazırda Azərbaycan 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparır.

Siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirmişdir. Bu günədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 48 saziş imzalanmışdır. Ümumilikdə, 1995-2016-cı illərdə ölkə iqtisadiyyatına 233,4 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub ki, bunun da 116,4 mlrd. ABŞ dolları xarici investisiyalardır.

Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı eyni zamanda investisiya ixracatçısına çevirmişdir. Ölkəmiz Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmdə investisiya yatırmışdır. Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı yüksəlmiş, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında özəl şirkətlərimiz aktiv fəaliyyət göstərməyə başlamışdır. Bununla yanaşı, Yaxın Şərq, ABŞ və Asiya ölkələri ilə də əməkdaşlığımız genişlənir və bu regionlarla iqtisadi əlaqələrin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yeni bazarlara çıxışın təmin edilməsi ilə bağlı reallaşdırılan tədbirlər çərçivəsində Qazaxıstanın Aktau şəhərində kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəz yaradılmışdır.

İxracın genişləndirilməsi, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının zənginləşdirilməsi istiqamətində dövlət başçısının "Made in Azerbaijan" brendinin xarici bazarlarda genişmiqyaslı təşviqinə dair 5 oktyabr 2016-cı il tarixli fərmanı mühüm əhəmiyyət kəsb edir. Fərmana uyğun olaraq, potensial ixrac ölkələrinə ixrac missiyaları təşkil edilir, ölkəmizin beynəlxalq əhəmiyyətli sərgilərdə "Made in Azerbaijan" vahid ölkə stendi ilə iştirakı təmin olunur, Azərbaycan məhsulları xarici KİV-də reklam edilir, ixrac təşviqinin geri ödənilməsi mexanizmi tətbiq edilir.

Azərbaycan məhsullarının ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi məqsədilə artıq Belarusda Azərbaycan Ticarət Evi fəaliyyətə başlamışdır. Bununla yanaşı, Rusiya, Ukrayna və digər ölkələrdə də ticarət evlərinin yaradılması işləri aparılır.
Bununla yanaşı, Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə Azərbaycanın ticarət nümayəndələri təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinın "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır" strateji xəttinə uyğun olaraq, əhalinin sağlamlığının qorunması, təhsilin səviyyəsinin yüksəldilməsi, səmərəli məşğulluğunun təmin edilməsi və s. istiqamətlərdə kompleks tədbirlər davam etdirilir, bu sahəyə yönəldilən vəsaitlərin həcmi ildən-ilə artırılır. Həyata keçirilmiş sosialyönümlü siyasətin nəticəsi olaraq, orta aylıq əmək haqqı 2003-cü ildəki 77,4 manatdan 2016-cı ildə 499,8 manatadək yüksəlmişdir. Bu dövrdə əhalinin nominal gəlirləri 7,9 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəkinə nisbətən 8 dəfəyədək, işsizlik səviyyəsi isə 5%-dək azalmışdır.
Təsadüfi deyildir ki, ötən müddət ərzində uğurlu sosial siyasət həyata keçirən Azərbaycan 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilmiş, 2015-ci ildə Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi nailiyyətlərə görə "Cənub-Cənub" mükafatına layiq görülmüşdür.

Son illərdə 3000-dən çox orta məktəbdə, 300-dən çox məktəbəqədər təhsil müəssisəsində və 600-dən çox səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmişdir. Regionlarda 40-dan artıq olimpiya idman kompleksi inşa olunmuşdur.

İnsan kapitalının inkişafı məqsədilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində minlərlə Azərbaycan gənci dünyanın nüfuzlu ali təhsil müəssislərində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almışlar.

Həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri də əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsinə, o cümlədən əlillərə, müharibə veteranlarına, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqətin göstərilməsidir. Bu dövrdə əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilmiş, 5000-dən çox əlil və şəhid ailəsi mənzillə təmin olunmuşdur.

Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə 24 illik fasilədən sonra qayıdan sakinlər üçün 1-ci mərhələdə 50 fərdi yaşayış evi, məktəb, məscid binası istifadəyə verilmiş, infrastruktur işləri və kommunal tədbirlər həyata keçirilmişdir. Bununla da, Cocuq Mərcanlı Azərbaycan torpaqlarının təcavüzkar Ermənistan tərəfindən işğal olunması nəticəsində öz yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına qayıtdığı ilk yaşayış məskəni kimi tarixə düşmüşdür.

Ümumiyyətlə, son 14 il ərzində məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlarla qəsəbə salınmış, 37 min ailə mənzillə təmin olunmuşdur.
Bütün bu layihələrin reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan layihələr Azərbaycanda sosial sahənin inkişafına mühüm töhfələr vermiş, minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar yaratmışdır. Ölkə miqyasında, həmçinin çoxsaylı xarici dövlətlərdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial layihələr həm də Azərbaycanın dünyada nüfuzunun artmasında xüsusi əhəmiyyətə malikdir.

Dövlət başçısının tapşırığı ilə böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələri bazarında tənzimlənmə aparılmış, dövlət qeydiyyatına alınmış on mindən artıq dərman vasitəsinin qiymətləri təsdiq edilmiş, icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı pilot layihəyə start verilmişdir.

Ölkəmizdə əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması, habelə kommunal xidmətlərlə təminatı səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədilə mənzil-kommunal sahəsində köklü islahatlar aparılmış, sahənin bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi, yaşayış sahəsinin əldə olunması imkanlarının genişləndirilməsi, kommunal xidmətlər sahəsində keyfiyyətin və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu baxımdan, 2009-cu ilin 1 oktyabrdan qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi müvafiq sahədə əsas hüquqi baza rolunu oynamaqla, sahənin inkişafında mühüm əhəmiyyət kəsb edir. Əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə tələbatın ödənilməsi məqsədi ilə ipoteka kreditləşməsi sistemi yaradılmışdır. Kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, "ASAN xidmət" təcrübəsinin digər xidmət sahələrində tətbiq edilməsi məqsədi ilə "ASAN kommunal" mərkəzləri yaradılmış və bu sahədə vətəndaş məmnunluğu təmin olunmuşdur.

Yuxarıda qeyd edildiyi kimi, ötən illər ərzində iqtisadiyyatın müxtəlif sahələrində ciddi uğurlar əldə olunub. Bu nailiyyətlərin qazanılmasında 25-illik yubileyini qeyd edən YAP-ın ideoloji dəstəyi, rəhbər tutduğu milli inkişaf konsepsiyası, partiya üzvlərinin ölkəmizin siyasi-iqtisadi həyatında fəal iştirakı xüsusilə qeyd edilməlidir. YAP milli intibah və hərtərəfli inkişaf ideyalarının əsas ifadəçisi olan siyasi təşkilat kimi yeni dövrün qlobal çağırışlarına uyğun sosial-iqtisadi inkişaf oriyentirlərinin və hədəflərinin müəyyənləşdirilməsində də daim ideoloji mayak rolunu oynayır.

Beləliklə, qeyd edilənlər bir daha göstərir ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev böyük fədakarlıqla və qətiyyətlə YAP-ın qurucusu Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir, regionda söz sahibi olan ölkəmizin dünyada nüfuzu daha da artır. Dövlət başçısının "Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam etdirək" strateji xətti qarşıdakı illərdə də Azərbaycanın dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradır.

Əminik ki, malik olduğu potensial, xalqın inamı, ideyalarının mükəmməlliyi sayəsində Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın inkişafı və çiçəklənməsində daim fəal iştirak edəcəkdir.