MÜSAHİBƏLƏR
Bu gün yaşadığımız güclü Azərbaycan həm də illər öncə ortaya qoyulmuş müdrik, uzaqgörən yanaşmanın və cəmiyyətin inkişafını şərtləndirən Konstitusiyanın nəticəsidir
- Vüsal müəllim, məlum olduğu kimi 12 noyabr tarixi hər il ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, sivil cəmiyyətin formalaşmasında milli Konstitusiyanın rolunu necə dəyərləndirirsiniz?
- Konstitusiya hər bir cəmiyyətin hansı idarəçilik formasını, insan hüquq və azadlıqlarına yanaşmasını, dövlətin müxtəlif sahələrdə, iqtisadi və sosial inkişafda, beynəlxalq münasibətlərdə rəhbər tutduğu başlanğıc prinsipləri bəyan etdiyi ana qanundur. Hər bir dövlətin konstitusiyası onun milli məqsədlərini müəyyən edir, onları əks etdirir. Bir qayda olaraq, konstitusiyaların məqsədləri, məramları qısa olaraq onların preambulalarında öz əksini tapır. Bizim konstitusiyamızın da məqsədlərini aydın şəkildə konstitusiyamızın preambulasında görmək olar. Azərbaycan Respublikasının ən yüksək hüquqi qüvvəyə malik olan Ana Qanununda dövlətçiliyin möhkəmləndirilməsi və sivil cəmiyyətin formalaşması xalqın niyyəti kimi bəyan edilmişdir. Yəni, konstitusiyamızın hər bir müddəası bu niyyətlərin reallaşdırılmasına xidmət edir.
Konstitusiyanın məzmunu, keyfiyyəti, ictimaiyyətin maraqları ilə uzlaşma səviyyəsi ilə dövlətin gücü və davamlı inkişafı arasında birbaşa əlaqə mövcuddur. Azərbaycan dövlətinin də bu günkü gücündə, beynəlxalq nüfuzunda, sosial-iqtisadi inkişaf səviyyəsində Konstitusiyanın rolu çox əhəmiyyətlidir. Bu gün yaşadığımız güclü Azərbaycan həm də illər öncə ortaya qoyulmuş müdrik, uzaqgörən yanaşmanın və cəmiyyətin inkişafını şərtləndirən Konstitusiyanın nəticəsidir. Konstitusiyamız nəinki sivil cəmiyyətin möhkəmlənməsi və inkişafı üçün tam çərçivəni müəyyən edir, həm də onun formalaşmasında hüquqi əsas kimi çıxış edir. Dövlətin hüquqi və demokratik təsisat kimi formalaşması üçün eyni qaydada fəal vətəndaş iştirakçılığı zəruridir. Vətəndaş iştirakçılığı isə məhz konstitusiyanın müəyyən etdiyi hüquq və azadlıqlar vasitəsilə tanınır və həyata keçirilir. Nəticədə, sivil cəmiyyətin formalaşması prosesi öz başlanğıcını məhz konstitusiyanın müddəalarından götürür.
- Konstitusiyanın dövlətimizin inkişafında olan rolundan danışarkən onun ilkin olaraq hansı şərtlər daxilində hazırlanması və hansı proseslərə məruz qalması qeyd edilməlidir. Bu barədə nə deyə bilərsiniz?
- Müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası çox mürəkkəb bir tarixi dövrdə və gərgin proseslərin getdiyi bir zamanda qəbul edilmişdir. Belə bir şəraitdə həm həmin dövr üçün cəmiyyətin ehtiyac və tələblərinə uyğun, eyni zamanda dövlətin gələcək inkişafı üçün çərçivəni müəyyən edən Konstitusiya sənədinin qəbul edilməsi Azərbaycanın dövlətçilik tarixi üçün əhəmiyyətli hadisə idi və Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin gələcəyinə baxışının ifadəsi idi. Dövlətin inkişafında Konstitusiyanın rolunu dəyərləndirmək üçün Ümummilli lider Heydər Əliyev Konstitusiyanın hazırlanmasını həyata keçirmək üçün onun Sərəncamı ilə yaradılan komissiyanın iclasında olan nitqindən bir neçə tövsiyəsini xatırlatmaq istərdim. O qeyd etmişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun”.
Həqiqətən, Azərbaycan dövlətinin sonrakı inkişafı sübüt etmişdir ki, Azərbaycan Konstitusiyası bu baxışı özündə əks etdirmiş və bütün istiqamətlərdə olan dinamik inkişafı və insan hüquq və azadlıqlarının qorunmasını prioritet olaraq müəyyən etməklə zəruri çərçivəni təmin etmişdir. 12 Noyabr Konstitusiya Gününün xüsusi əhəmiyyəti həm də bununla bağlıdır.
- Azərbaycan Respublikası Konstitusiyasının səciyyəvi xüsusiyyətləri nədən ibarətdir?
- Konstitusiyalar hüquq sisteminin baza normalarını müəyyən edir və bütün hüquq sistemi Konstitusiya normalarının müəyyən etdiyi qaydalar ətrafında genişlənir. Azərbaycan Respublikasını dövlət kimi xarakterizə edən baza norması Konstitusiyamızın 7-ci maddəsinin I hissəsində təsbit olunub: “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”. Biz bu normaları qısa olaraq açıqladığımız halda artıq Konstitusiyamızın səciyyəvi xüsusiyyətlərini də aydınlaşdırmış olacağıq.
Konstitusiyamızın qəbul edilməsində əsas məqsədlərdən biri ali qanun səviyyəsində demokratik quruluşa təminat verməkdir. Demokratik quruluş xalqın iradəsi ilə müəyyən edilən və insan hüquq və azadlıqlarına zidd olmayan quruluş modelidir. Yəni, xalq öz nümayəndələrini- prezident, millət vəkilləri və bələdiyyə üzvlərini dövri olaraq seçərək dövlət və yerli özünüidarəetməni həyata keçirir. Xalq seçdiyi nümayəndələrinin fəaliyyətinə hər dəfə növbəti seçkidə qiymət verir, başqa sözlə, seçkilər vasitəsilə onların fəaliyyətini təftiş etmiş olur. Konstitusiyamızda bu prinsiplər ətraflı olaraq təsbit olunmuş və qorunmuşdur.
Konstitusiyamızda, həmçinin, hüquqi dövlət modeli əsas götürülüb. Hüquqi dövlət qanunun aliliyinin qorunduğu, yəni heç bir şəxsin, qurum və ya quruluşun qanundan üstün olmadığı və qanun qarşısında hər kəsin bərabər olduğu, insan hüquq və azadlıqlarının qorunduğu, hakimiyyətin bölünməsi prinsipinin qorunub-saxlanıldığı dövlətdir. Konstitusiya mətninə diqqət yetirdikdə dövlət hakimiyyətinin qanunverici, icra və məhkəmə hakimiyyətləri arasında bölündüyünü və bir hakimiyyət qolunun digərinə təsir imkanlarının qarşısını almaq üçün “qırmızı xətlər” olduğunu anlayırıq.
Azərbaycanın dünyəvi dövlət olması dinin dövlətdən ayrılması, hüquqi olaraq bütün dini etiqadlara bərabər yanaşmanın olması, təhsilin və ümumiyyətlə, bütün dövlət və bələdiyyə idarəçilik sisteminin dünyəvi xarakter daşıması deməkdir. Konstitusiyada belə bir normanın mövcudluğu əslində cəmiyyətin yaşayış xüsusiyyətlərindən irəli gəlir. Azərbaycanda tarixən bütün dinlərə qarşı tolerantlıq qorunub saxlanılıb və bütün dinlərə hörmətlə yanaşılıb. Bu səbəbdəndir ki, bu gün ölkəmiz multikultiralizm və tolerantlığın ən yaxşı nümunəsi kimi təqdim edilir. Konstitusiya da bu mənada cəmiyyətin tələbinə cavab olaraq dünyəvi respublika modelini mənimsəyib.
Müqayisəli konstitusionalizm mövqeyindən yanaşsaq təbii ki, Konstitusiyamızın insan hüquq və azadlıqlarına olan müsbət yanaşması, iqtisadi münasibətlərin təmini və sair müddəları üzrə səciyyəvi xüsusiyyətləri çoxdur.
- Bildiyimiz kimi, ölkəmizin Konstitusiyasının müddəalarının böyük hissəsi insan hüquq və azadlıqlarının təminatı ilə bağlıdır. Bu baxımdan dünya ölkələrinin Əsas Qanunları ilə müqayisədə milli Konstitusiyamızın üstünlükləri nədən ibarətdir?
- Konstitusiyamızda “əsas insan və vətəndaş hüquqları və azadlıqları” fəsli 24-71. maddələrini əhatə etməklə 48 maddədə müəyyən edilmişdir. Bu da insan hüquqları məsələsinin Azərbaycanın ali qanununda həcmcə və əslində, mahiyyətcə ən böyük yeri tutması deməkdir. Üstəlik, insan hüquq və azadlıqları ilə bağlı maddələr təkcə Konstitusiyanın III fəsli ilə məhdudlaşmır. Məsələn, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə fərdi şikayət vermə məsələsi Konstitusiyanın VII fəslində tənzimlənib. Hər referendumla da Konstitusiyamıza insan hüquqları ilə bağlı əhəmiyyətli əlavə və dəyişikliklər edilir. Bu proses də təbii qəbul olunmalıdır, çünki bütün dünyada insan hüquqları ilə bağlı standartlar daim dəyişir və təkmilləşir. Konstitusiyamızın da bu standartların gerisində qalmaması üçün dövri olaraq təkmilləşdirilməlidir.
Konstitusiyamızda insan hüquqları və azadlıqları ilə bağlı maddələrə baxsaq görərik ki, təsbit olunan maddələr bu gün Avropada və ümumiyyətlə, dünyada ən əsas insan hüquqları instrumentləri sayılan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Avropa İnsan Hüquqları Konvensiyasının ruhuna tam uyğundur. Əlbəttə ki, adı çəkilən sənədlərə də baxsaq, insan hüquq və azadlıqlarının sərhədsiz olmadığını görərik. Konstitusiyamızda da bu tələbə uyğun olaraq yalnız və yalnız ictimai mənafelər və təhlükəsizlik məqsədləri üçün insan hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulmuşdur.
Konstitusiyamızda insan hüquqları ilə bağlı digər mühüm məsələ “əsas insan və vətəndaş hüquqları və azadlıqları” fəslinin həcmi ilə “vətəndaşların əsas vəzifələri” fəslinin həcmi arasındakı nisbətdir. Konstitusiyamızda vətəndaşların 48 hüququna qarşılıq sadəcə 9 vəzifə təsbit olunmuşdur. Bu sadə hesabın özü belə Konstitusiyanın ruhunu aydınlaşdırmağa kömək edə bilər. Konstitusiya mümkün olduğu dərəcədə insan hüquqlarını üstün tutur. Bu mövqe əslində Konstitusiyada qanunlarla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranması halında beynəlxalq müqavilələrin üstün tutulması məsələsində də üzə çıxır. Belə ki, Azərbaycan Respublikası 18 əsas beynəlxalq insan hüquqları konvensiyasının 15-ini ratifikasiya edib. Xatırladaq ki, Azərbaycan bu göstərici ilə dünya dövlətləri arasında 1-ci kateqoriyada qərar tutub.
- Vüsal müəllim, 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasına bugünədək ümumxalq səsverməsi (referendum) nəticəsində bir neçə dəfə əlavə və dəyişikliklər edilib. Sizcə, Əsas Qanuna dəyişiklikləri zəruri edən amillər nədir və bu dəyişikliklər hansı hədəflərə, məqsədlərə xidmət etmişdir?
- Bütün konstitusiyalar müəyyən bir tarixdə qəbul olunur və zaman keçdikcə dövrün tələblərinə cavab verməkdə çətinlik çəkə bilər. Aydındır ki, konstitusiyada bəzi normalar dəyişmədikcə hüquq sistemində və dövlət idarəçiliyində önəmli dəyişikliklərin edilməsi çox mümkün deyil. Konstitusiyalar sosial, iqtsadi, siyasi və hüquqi dinamikaya uyğunlaşdırılmalıdır. Əks halda konstitusiya öz əhəmiyyətini itirər, cəmiyyətin inkşafına xidmət etmək əvəzinə onu ləngidən alətə çevrilər. Azərbaycan Respublikası Konstitusiyasında dəyişiklik etməyin tək yolu kimi referendum göstərilir.
Bu günə qədər Konstitusiyamıza üç dəfə ümumxalq səsverməsi (referendum) vasitəsilə əlavə və dəyişikliklər edilmişdir. İlk referendum 2002-ci il 24 avqust tarixində baş tutmuş və bir sıra mütərəqqi yeniliklər əlavə edilmişdir. Nümunə üçün həmin referendumla vətəndaşlara insan hüquqlarının pozulması ilə bağlı Konstitusiya Məhkəməsinə fərdi müraciət etmək hüququ verildi və məhkəmə hakimiyyətinin dövlət idarəetməsində rolu və gücü artırıldı. Bu referendumda qəbul edilən əlavə və dəyişikliklərin, təbii ki, Avropa Şurasına və Avropa İnsan Hüquqları Konvensiyasına üzv olmaqla da əlaqəsi var idi. Bu da referendumun əsasən insan hüquqları standartlarının daha da yüksəldilməsi üçün keçirildiyini göstərirdi.
İkinci referendum 2009-cu il 19 martda keçirildi. Təbii ki, 2009-cu ildə keçirilən referendumun Konstitusiyamızı ölkəmizdə və dünyada gedən inkşaf proseslərinə adaptasiyası baxımından bir çox xidmətləri olmuşdur. Ancaq mən, xüsusilə, bir dəyişikliyi- seçki hüququ olan 40 min vətəndaşa qanunvericilik təşəbbüsü hüququ verilməsini qeyd etmək istərdim. Bu dəyişikliklə Azərbaycanda vətəndaşlar təkcə nümayəndələri vasitəsilə dolayı deyil, həm də birbaşa qanun yaratma prosesinin subyektinə çevrilmişdirlər. Vətəndaşların birbaşa qanun təklifi verə bilməsi dünyada ümumqəbul olunmuş praktika deyil. Bu məsələ əslində öncəki suallarınızla da əlaqəlidir. Təxmin edirəm ki, vətəndaşların qanunvericilik təşəbbüsü hüququ gələcəkdə əksər dövlətlərin Konstitusiyasında öz əksini tapacaq. Vətəndaşlara belə hüququn verilməsi birləşmək hüququ və ümumiyyətlə, vətəndaş cəmiyyətinin formalaşması üçün təşviqdir. Aydındır ki, vətəndaşlar qanunvericilik orqanının üzvlərini seçməklə və onların vasitəsilə də dolayısı ilə qanunvericilik hüququnun subyektinə çevrilirlər. Ancaq bu prosesdə birbaşa iştirak daha yüksək səviyyəli insan hüququnun təmin olunması deməkdir, həm də daha öncə toxunduğumuz demokratik dövlət modelinin təkmilləşməsidir.
Konstitusiyamıza əlavə və dəyişiklik edilməsi ilə bağlı sonuncu dəfə referendum 2016-cı il 26 sentyabr tarixində keçirilmişdir. Bu referendum nəticəsində də təklif edilən dəyişikliklərin əksəriyyəti Konstitusiyanın insan və vətəndaş hüquqları və azadlıqları ilə bağlı olan fəslinə edilmişdir. Bu ümumi dəyişikliklərin təqribən 60%-dən artıq hissəsini təşkil etmişdir. Sonuncu referendum qısa müddət keçməsi və bununla bağlı mətbuatda və eynilə partiyamızın internet səhifəsindən fikirlərimin yer alması baxımından təkrarçılığa yol vermək istəmirəm.
Ümumi olaraq qeyd etmək istəyirəm ki, 12 Noyabr Konstitusiya Günü Azərbaycan xalqı üçün çox dəyərlidir. 1995-ci il 12 noyabr tarixində Azərbaycan xalqı təkcə Konstitusiya layihəsinə deyil, bütövlükdə bu günkü demokratik, hüquqi, güclü Azərbaycan dövlətinə səs vermişdir.