MÜSAHİBƏLƏR
Bu gün inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın hər bir uğurunun kökündə milli qurtuluşumuzdan başlanan müdrik Heydər Əliyev siyasəti dayanır
- Naqif müəllim, Milli Qurtuluş missiyasının reallıqları, Azərbaycanın tarixində rolu və əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Ağır və mürəkkəb 1991-93-cü illərdə, müstəqilliyimizin hələ kövrək olduğu dövrlərdə yenicə müstəqillik əldə etmiş Azərbaycanı coğrafi-siyasi mövqeyinə görə bir çox dövlətlər öz təsir dairəsinə salmaq istəyirdilər. Üstəlik, ölkə daxilində siyasi gərginlik səngimək bilmir, vəziyyət gündən - günə mürəkkəbləşirdi. Gəncəbasar əraziləri Surət Hüseynovun nəzarətində idi. Əlikram Hümbətov Füzuli bölgəsindəki hərbi hissəni geri çəkərək cənub bölgəsinə aparmışdı. Şimalda sadvalçılar fəallaşaraq, siyasi tələblər irəli sürürdülər. Ön cəbhə isə siyasi çəkişmələr ucbatından ermənilərin üzünə açıq qalmışdı. Bütün bunlar, eyni zamanda, ölkəni bu hala salan AXC-Müsavat iqtidarının səriştəsizliyi az qala o illərdə müstəqilliyimizin əldən getməsinə və Azərbaycan dövlətçiliyinin süqutuna gətirib çıxaracaqdı. Vəziyyətdən çıxış yolu arayan Azərbaycan xalqı haqlı olaraq, nicatı yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü. Xalqın səsinə səs verən ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakiya gəlişi insanların qəlbində böyük inam yaratdı, dövlətçilik və müstəqillik arzularını yenidən alovlandırdı. Azərbaycanı uçurumun astanasına gətirib çıxaran AXC-Müsavat nümayəndələri də kömək üçün Heydər Əliyevə müraciətlər edirdilər. Onlar da dəqiq bilirdilər ki, Azərbaycanı bu ağır vəziyyətdən yalnız Heydər Əliyev dühası xilas edə bilər!
Dahi Heydər Əliyev Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi, əldən getmək üzrə olan müstəqilliyini bərpa etdi, dövləti qurdu və inkişaf etdirdi. Bu gün inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın hər bir uğurunun kökündə milli qurtuluşumuzdan başlanan müdrik Heydər Əliyev siyasəti dayanır.
- Məlum həqiqətdir ki, Gəncə hər dəfə xalqımızın çox çətin sınaqlara çəkildiyi bir məqamda azadlıq mübarizəsinin və mücadiləsinin beşiyi olub.
- Doğrudur, müsəlman Şərqində ilk demokratik Cümhuriyyət olan, “İstiqlal bəyannaməsi” ilə həyata vəsiqə alan, cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti müəyyən dövrdə Gəncədə fəaliyyət göstərib və dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edib.
1993-cü ildə Azərbaycan dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın özünün böyük oğlu Heydər Əliyevə üz tutması və onun Gəncəyə gəlməsi, ölkəyə rəhbərliyə buradakı vəziyyəti öyrəndikdən sonra qərar verməsi də təsadüfi deyildi. Ulu öndər ölkədəki hərc-mərcliyin, itaətsizliyin, Gəncədə başlanmış qardaş qırğınının, hərbi xəyanətin, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünün qarşısını aldı.
Bir məsələni də qeyd etməliyik ki, xüsusən 4 iyun hadisələri ərəfəsində və ondan sonra respublikada hər hansı dövlət vəzifəsinin məsuliyyətini öz üzərinə götürmək hər kəsdən böyük risk, qətiyyət və hünər tələb edirdi. Heydər Əliyev isə Naxçıvandan özü ilə heç nə gətirməmişdi. Nə ordusu var idi, nə silahı. Ulu öndər bütün məsələlərdə görkəmli dövlət xadimi kimi özünün siyasi və idarəçilik təcrübəsinə, xalqın ona olan dərin sevgisinə arxalanırdı. Elə bu amal da Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsində əsas rol oynadı. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış edərək, Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab etdiyini bildirdi:
Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkənin ali qanunvericilik orqanına Sədr seçilməsi, sözün əsl mənasında, siyasi qayıdış idi. Onun xilaskar missiyası ilə gəlişi dövlətçilik tariximizin şanlı səhifəsinə daha bir əlamətdar gün yazdı. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclisi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı gününü 1997-ci il 27 iyun tarixli qərarı ilə rəsmi olaraq, Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi.
- Memarı ümummilli lider Heydər Əliyev olan və xalqın azadlıq mübarizəsinin önündə gedən Yeni Azərbaycan Partiyasının qurtuluş tariximizdə möhtəşəm uğurlarına nəzər salaq.
- 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Partiyanın əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik idi. Partiya iqtidara gələndən sonra bu ideyalar Azərbaycanda reallığa çevrildi, yeni zəfərlərə yol açdı, bu günün qələbələrini şərtləndirdi. 1993-cü ildən başlayaraq ölkədə sabitlik yarandı, vətəndaş müharibəsinə son qoyuldu, inkişaf, sabitlik, quruculuq dövrü başlandı. Son on il ərzində Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə sayılır.
Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycanın tarixi kimi dəyərləndirilir. Dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasını dövlətə, xalqa xidmət prinsipi təşkil edir. Məhz bu xəttə sadiqlik partiyaya xalqın sevgisini günbəgün artırır. Ulu öndər Heydər Əliyevin «Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir» tezisi hər bir dövr üçün aktualdır. Bu gün sıralarında 630 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, qələbələr partiyası olduğunu ölkədə keçirilən seçki proseslərində uğur qazanmaqla bir daha təsdiqləyir. Partiyanın gələcəyinə inam böyükdür. Ulu öndər Heydər Əliyevin «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır» deməsi, partiyanın fəaliyyətinə hər zaman stimul verir, gələcək prioritetlərin müəyyənləşdirilməsində əsaslı rol oynayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu fikrin davamı olaraq bildirir ki, YAP nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır.
Azərbaycanın öncül dəstəsi sayılan və bu gün Gəncənin ictimai-siyasi həyatında mühüm rol oynayan YAP Gəncə şəhər təşkilati da öz sıralarında 31131 nəfəri, 254 ərazi ilk partiya təşkilatını birləşdirir. Partiya üzvlərinin 63,04 faizini qadınlar, 57,77 faizini gənclər təşkil edir. Onlar Gəncənin sosial- iqtisadi və ictimai həyatında özlərini vahid qüvvə kimi göstərirlər. Bu tendensiya şəhər rəhbərliyinin, Gəncə şəhər partiya təşkilatinin səmərəli fəaliyyətinə xüsusi önəm verməsindən, fəal və bacarıqlı gənclərin partiya sıralarında möhkəmlənərək formalaşması, inkişaf etməsi və irəli çəkilməsi amillərindən qaynaqlanır. Biz, YAP Gəncə şəhər təşkilati olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncəyə, xüsusən gənclərə göstərdiyi diqqət və qayğını çox yüksək dəyərləndirir və minnətdarlığımızı bildiririk. Həmçinin Gəncə şəhər rəhbərliyi bizim hər birimizin fəaliyyətinə güclü dəstək verir və geniş imkanlar yaradır. Partiya fəallarına göstərilən etimadı, etibarı doğrultmaq bizim şərəf işimiz və vətəndaşlıq borcumuzdur. Partiya fəallarının əksəriyyəti şəhərdə keçirilən tədbirlərin təşəbbüskarı və təşkilatçılarıdırlar. Bu yaxınlarda bütün gəncəlilər ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyini, 28 May - Respublika Gününü ən layiqli töhfələrlə, nailiyyətlərlə, yüksək səviyyədə qeyd etdilər. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yorulmaz və fədakar fəaliyyəti sayəsində Azərbaycanın bütün regionları kimi, Gəncə də sürətlə inkişaf edir və irəli gedir.
- Naqif müəllim, “Gəncə ulu öndər Heydər Əliyevə məhəbbətin mərkəz şəhəridir” ifadəsini necə səciyyələndirirsiniz?
- Ümummilli lider Heydər Əliyev “Gəncə torpağı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər” ifadəsi ilə həmişə Gəncəyə, gəncəlilərə böyük hörmət bəsləyib. Gəncəlilər də öz müdrik rəhbərinə həmişə sədaqətli və etibarlı olublar.
Dahi Heydər Əliyevin müdrik siyasi kursunun layiqli davamçısı,ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı, şəhər rəhbərliyinin yüksək təşkilatçılığı ilə son 3 ildə Gəncədə aparılan geniş tikinti-bərpa, abadlıq-quruculuq işləri, keçirilən möhtəşəm tədbirlər, şəhərin tarixi zənginliyinin qorunması ilə müasirləşməsi, “möcüzələr diyarı”na çevrilməsi, bütün sferalarda qazanılan uğurlar, xüsusən analoqu olmayan möhtəşəm Heydər Əliyev Mərkəzi, 15 iyun- Milli Qurtuluşumuzun rəmzi olan “Zəfər Tağı”, yaraşıqlı Heydər Əliyev prospekti, füsünkar fəvvarələr, parklar, yaşıllığa bürünmüş, gül-çiçək ətirli bütöv şəhər dünyanın Ən Böyük Azərbaycanlısı Heydər Əliyevin müdrik siyasi kursuna gəncəlilərin hörmət və ehtiramının, sədaqətinin təzahürü olmaqla, ümummilli liderin əziz xatirəsinə ən qiymətli abidədir.
Bu gün dahi Heydər Əliyevin arzuladığı kimi, Azərbaycanın fövqündə ulu Gəncə irəli gedir, çiçəklənir və şöhrətlənir. Gəncə 2016-cı il üçün Avropa Gənclər Paytaxtıdır. Gənclərimiz dünyanın hər yerində Azərbaycanı ləyaqətlə təmsil edir və doğma Vətənin adına şərəf gətirirlər.
Hər birimiz, xüsusən gənclər üçün qürurverici haldır və xoşbəxtik ki, müstəqil Azərbaycanı gördük, azad, firavan ölkədə yaşayırıq. Bizdən əvvəlki nəsillər müstəqillik arzuları, istiqlal eşqi ilə yaşadılar, qurbanlar verdilər, amma onu görə bilmədilər. Cəmiyyətin siyasi fəalları olaraq, bizim müqəddəs borcumuzdur ki, bu müstəqilliyin əbədi və dönməzliyini qoruyaq, möhkəmləndirək, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşək ki, gücümüz, qüdrətimiz daim artsın.