MÜSAHİBƏLƏR
Müasir mətbuatımız öz tarixinə əsaslanır, bununla bərabər inkişaf və tərəqqi edir
- Bəhruz müəllim, Azərbaycan milli mətbuatı artıq özünün 142-ci ildönümünü qeyd etdi. Ümumiyyətlə, mətbuat tariximizin keçdiyi yol və fəaliyyəti barədə düşüncə və fikirləriniz bizim üçün də çox maraqlı olardı...
- İlk növbədə, ölkəmizdə fəaliyyət göstərən bütün media təmsilçilərini Milli Mətbuatımızın yaranmasının 142-ci ildönümü münasibəti ilə ürəkdən təbrik edirəm, fəaliyyətlərində uğurlar və davamlı nailiyyətlər arzulayıram.
Bildiyimiz kimi, 1875-ci il iyulun 22-də böyük maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin misilsiz səyləri ilə işıq üzü görmüş ilk milli qəzetimiz olan “Əkinçi” adlı nəşri xalqa söz və qələmlə xidmət göstərməyin mükəmməl nümunəsini yaratdı və bununla da milli tariximizə öz töhfəsini vermiş oldu. Bu baxımdan, qeyd etmək istərdim ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Müasir zamanımızda da sözügedən amil əhəmiyyətli mövqeyini qoruyub-saxlamaqdaqdır. Lakin hazırkı səviyyəsinə gələnə qədər əlbəttə ki, mətbuatımız keçməkeşli yollar keçərək bir çox tarixi hadisələrə sinə gərib, çətinliklərdən keçib. Müasir mətbuatımız da məhz öz tarixinə əsaslanır, bununla bərabər inkişaf və tərəqqi edir.
Beləliklə, Azərbaycanda söz azadlığının təmin olunması, plüralizmin inkişafı istiqamətində dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir. Bu sahədə qanun qəbul olunub, müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilib. Prezident İlham Əliyev mediaya xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, Azərbaycan mətbuatının inkişafına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, Fond ötən dövr ərzində mediaya dəstək verilməsi sahəsində mühüm işlər görüb.
Mən bir daha Azərbaycan Milli Mətbuatının 142-ci ildönümü münasibəti ilə bütün mətbuat işçilərini, qələm həmkarlarımı səmimi qəlbdən təbrik edir, peşə fəaliyyətlərində davamlı uğurlar və müvəffəqiyyətlər arzulayıram.
- Azərbaycan mətbuatının inkişaf yolunu tutmasında Ulu Öndər Heydər Əliyevin rolu danılmazdır. Sizcə, Onun mətbuata diqqət və qayğısı daha müasir və inkişaflı mətbuatın yaranmasına hansı stimulları verib?
- Çox doğru qeyd etdiniz ki, mətbuatımızın inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi tarixi töhfələri var. Bu baxımdan, əbəs yerə deyil ki, sözügedən amil Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirib. Ümummilli Liderimiz milli mətbuatımızın iş prinsipini və tarixini şərh edərkən bu tarixi kəlamlarını vurğulayıb: “Şərəfli tarixə və zəngin ənənələrə malik milli mətbuatımız Azərbaycan ictimai fikrinin inkişafında, xalqımızın milli-mənəvi təkamülündə mühüm rol oynamışdır. Milli azadlıq hərəkatının daim ön sıralarında getmiş Azərbaycan jurnalistikası cəmiyyət qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi və həlli işinə əhəmiyyətli töhfələr vermişdir”.
Onu da qeyd etmək yerinə düşərdi ki, sovet hakimiyyəti illərində dövlətin ideoloji tələbləri söz azadlığına, mətbuatın demokratik prinsiplərlə inkişafına imkan vermirdi. Hələ o zamanlar bu maneələri aşa bilən yeganə güc Heydər Əliyev idi. 1969-cu ildə hakimiyyətə gələn dahi rəhbər mətbuatımızın inkişafına səbəb ola bilən və biləcək bütün baryerləri aradan qaldırdı, həyatımızın digər sahələri ilə yanaşı, mətbuatımız da hərtərəfli inkişaf yoluna qədəm qoydu, vətəndaşların maarifləndirilməsində ideoloji vasitəyə çevrildi. Məsələn, hələ sovet hakimiyyəti vaxtlarında rüşvətxorluq və korrupsiya ilə mübarizədə, vəzifəli şəxslərin ifşa edilməsində Heydər Əliyev mətbuatın üzərinə müəyyən tapşırıqlar qoyaraq, bununla ictimai nəzarəti gücləndirməyə müvəffəq olmuşdu. Təsəvvürünüzə gətirin, SSRİ-nin ən həssas vaxtlarında, Azərbaycanda fəaliyyət göstərən dövlət mətbuatlarında senzuraların tətbiq edildiyi zamanda belə, demokratik işartılar görünməyə başlamışdı. Bu fakt heç bir başqa ittifaq respublikalarında yox idi.
Ulu Öndərimizin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən zəngin qanunvericilik bazası yaradıldı, mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirildi, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyuldu, 1998-ci ildə Azərbaycanda ilk dəfə olaraq senzura ləğv edildi. O da əbəs yerə deyil ki, Ulu Öndər Heydər Əliyev bir neçə dəfə Azərbaycan mətbuatının dostu olaraq seçilmişdi. Bu, Onun mediaya, jurnalistlərə verdiyi qiymətinin nəticəsi idi.
1993-cü ildən ötən dövr ərzində ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı 50-yə yaxın qanun, fərman və sərəncamın qəbul olunması milli mətbuatın inkişafına göstərilən diqqətin nəticəsidir. 1999-cu il dekabrın 7-də “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu mətbuatın hüquqi bazasının zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sonrakı dövrdə də davam etdirildi, “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olundu. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkəti, sürətlə inkişaf edən internet resursları cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar. Ulu Öndərimiz bununla bağlı növbəti tarixi fikirlərini irəli sürmüşdü: “Hər bir kütləvi informasiya vasitəsi milli dövlət quruculuğu prosesində, vətəndaş cəmiyyətinin qurulmasında, milli və bəşəri dəyərlərin bərqərar edilməsində, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsində səmərəli surətdə iştirak etməli, həyatın güzgüsü kimi həqiqət carçısı olmalıdır. İnsanları yüksək ideallar, humanist vətəndaş və demokratik cəmiyyət uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”. Bütün bunlar dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi idi ki, bu olmasaydı, milli mətbuatımız hazırkı tərəqqisinə nail ola bilməzdi.
- Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan mətbuatı üçün hansı yeniliklərə və nailiyyətlərə əsaslar yaradıb?
- Təbii ki, Ümummilli Liderimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişafına ciddi diqqət yetirir. Ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin olunması, tam sərbəst şəraitdə yüzlərlə qəzet və jurnalın nəşri mətbu fəaliyyətin maneəsiz həyata keçirilməsinə yaradılmış şəraitin, mətbuata dövlət qayğısının bariz nümunəsidir. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da dövlət başçısının bu sahədə atdığı uğurlu addımların məntiqi davamıdır. 2005, 2010 və 2015-ci illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130, 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi, bir qrup jurnalistin mənzillə təmin olunması jurnalistlərin əməyinə verilən yüksək qiymətin göstəricisidir. Onu da vurğulamaq yerinə düşərdi ki, mənzil şəraitləri pis olan, yaxud da ümumiyyətlə mənzilləri olmayan media işçilərinin ən müasir standartlara cavab verən mənzillərlə təmin olunması artıq ənənə şəklini alıb. Şəhərin ən görkəmli yerində müasir binalar bu gün hər kəsə göz oxşayır. Birinci binada 156, ikinci binada isə 255 mənzilin jurnalistlərə verilməsi dünyada analoqu olmayan bir hadisədir. İkinci binanın açılışında və mənzillərin təhvil verilməsi mərasimində cənab Prezidentimiz 3-cü binanın tikiləcəyini, hətta ənənənin növbəti illərdə davamlı xarakter alacağını xüsusilə vurğuladı. Əlbəttə, bu analoqu olmayan addımların atılması ölkə jurnalistlərinə öz əməklərində daha həssas, daha fəal olmalarına zəmin yaradır. O cümlədən, dövlət hər zaman mətbuatın yanında olduğunu vurğulayır. Məhz bu baxımdan, mətbuatımızın 142-ci ildönümündə ölkə başçımız növbəti dəfə Azərbaycan Jurnalistlərinin Dostu nominasiyasına layiq görüldü. Bu münasibətlə mən də redaksiya heyətimiz adından cənab Prezidentimizi ürkəkdən təbrik edirəm.
- Bəhruz müəllim, rəhbəri olduğunuz “SƏS” qəzeti də ölkə mətbuatında özünəməxsus yerini tutmaqla yanaşı, öz uğurlu rolunu oynamaqdadır. Bu qəzetin milli mətbuatımızda qoyduğu tarixi imzası ilə bağlı hansı fikirlərinizi bölüşərdiniz?
- Bəli, “SƏS” qəzeti müstəqil Azərbaycan mətbuatının ilk qaranquşlarından biridir. “Səs” ictimai-siyasi qəzet kimi 1990-cı ilin noyabrında "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-dən dərcinə başlanıb. Yəni qəzetin tarixi Azərbaycanın müstəqillik tarixindən bir neçə ay əvvələ təsadüf edir. Qəzet Ulu Öndər Heydər Əliyevin ideyalarının cəmiyyətə çatdırılması kimi müqəddəs missiyanı yerinə yetirib, bu qəzetin ətrafında Ulu Öndəri sevənlər cəmləşib. Bütün zamanlardakı fəaliyyəti dövründə qəzetimiz sağlam ideyanın cəmiyyətə çatdırılması missiyasını şərəflə yerinə yetirib. O dövrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi, Onun ideyalarının cəmiyyətə çatdırılması istiqamətində böyük, hətta deyərdim ki, əvəzolunmaz işlər görüb. Həmin dövrlərdə ziyalıların Ümummilli Liderə müraciəti, Ulu Öndərin isə ziyalılara cavabı məhz “SƏS” qəzetində dərc olunurdu. Bu xidmətin nəticəsidir ki, Heydər Əliyev Öz çıxışlarında hər zaman vurğulayardı ki, “SƏS” qəzeti Onun üçün çox əziz qəzetdir. O, qəzetin xidmətlərini xüsusi qiymətləndirir, əmin olduğunu bildirirdi ki, qəzet daim inkişaf edəcək, modernləşəcək. O cümlədən, “SƏS” qəzeti həm də o qəzetlərdəndir ki, müxalif qəzet kimi fəaliyyətə başlayıb. O dövrlərdə dəfələrlə hücumlara, təzyiqlərə məruz qalıb. Amma qəzet öz yolundan, öz mövqeyindən dönməyib. “Səs” qəzeti iqtidara müxalif olub. İndiki müxalifət qəzetlərindən fərqli olaraq, dövlətə və xalqa müxalif mövqedə dayanmayıb. Bir növ qəzet o dövrdə müxalif mətbuatın ənənəsini yaradıb. Sonradan “Səs” qəzeti iqtidar yönümlü qəzetlərə bir mayak, məktəb rolunu oynayıb.
Eyni zamanda, ölkədə mövcud olan söz və ifadə azadlığı şəraitində çoxsaylı internet portallarının, saytlarının olması da sağlam rəqabətə imkan yaradır. Bu gün “SƏS” qəzetinin balansında SİA-nın da öz xətti, öz yeri var. Mən deyə bilmərəm ki, SİA ölkənin bir nömrəli agentliyidir. Bu, təkəbbür, yersiz, subyektiv fikir olar. Ancaq hesab edirəm ki, SİA və SƏS TV kifayət qədər auditoriyanı ətrafında cəmləyə bilib, özünün oxucu auditoriyası var. SİA və SƏS TV bu gün müasir tələblərə və mətbuatın qarşısında duran vəzifələrə cavab verir.