MÜSAHİBƏLƏR
Bu gün Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır
- Xəzər müəllim, bu gün idmanın inkişafı dövlətimizin xüsusi diqqət mərkəzindədir. Azərbaycanda idman sahəsinə göstərilən diqqətin nəticəsi olaraq əldə olunan nailiyyətlər barədə fikirlərinizi bilmək istərdik...
- Azərbaycanda idmanın inkişafı, onun bütün ölkə boyunca kütləviliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. İdmanla bağlı dövlət siyasəti Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra formalaşıb. Bilirsiniz ki, həmin dövrə qədər bizim əksər idman bazalarımız, idman qurğuları köhnəlmişdi və bu bazalarda idmanla məşğul olumaq üçün normal şərait yox idi. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkə idmanının vəziyyəti ilə maraqlanmağa başladı və bu sahənin inkişafı üçün mühüm qərarlar verdi. Heydər Əliyevin idmanla bağlı verdiyi ilk qərarlar sırasında Azərbaycandan gedən idmançıların və məşqçilərin geri qayıtması və öz bayrağımız altında idman yarışlarında iştirak etmələri ilə bağlı idi. Bu yöndə də müsbət nəticələr əldə olundu. Olimpiya hərəkatında isə ilk uğurumuz 1996-cı ildə baş verdi. 1996-cı ildə yığma komandamız Atlanta Yay Olimpiya Oyunlarında iştirak etdi və həmin oyunlarda bir idmançımız gümüş medal qazandı.
1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycanda idmanın sürətli inkişafı başladı. İlk olaraq idman infrastrukturu yenidən quruldu. Hazırda Bakıda və bölgələrdə 45-ə yaxın olimpiya bazaları tikilib istifadəyə verilib. Bu, idmanın inkişafı prosesində əsas bünövrələrdən biridir. Eyni zamanda, idmançıların stimullaşdırılması məsələsi daim diqqət mərkəzindədir. Bilirsiniz ki, dövlət tərəfindən nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanın bayrağını ucaldan idmançıların təltif olunması, onların məişət vəziyyətinin yaxşılaşdırılması və ictimai həyatda layiqli yer tutması üçün mühüm addımlar atılır.
Bütövlükdə, bu gün Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır. Təsadüfi deyil ki, Azərbaycan çox mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Bu tədbirlərin zirvələrindən biri isə mən deyərdim ki, 2015-ci ildə keçirilən Birinci Avropa Oyunları idi. Bilirsiniz ki, Birinci Avropa Oyunları ilə bağlı qərar veriləndə bizim cəmi 2,5 il vaxtımız var idi. Hansı ki, belə tədbirlərə başqa dövlətlər 4-5 sərf edirlər. Yəni, qarşımızda çox məsuliyyətli vəzifə dayanırdı. Qısa müddətdə ölkəmizdə xeyli sayda idman bazaları tikilib istifadəyə verildi. Azərbaycan bu ağır və şərəfli yükün altiına girdi və alnıaçıq çıxdı. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan bu mötəbər beynəlxalq idman tədbirinə yüksək səviyyədə ev sahibliyi etdi. Təbii ki, bütün görülən işlər Milli OLimpiya Komitəsinin prezidenti, dövlət başçısı İlham Əliyevin birbaşa diqqətində idi. İlk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməklə Azərbaycan özünü dünyada ən güclü idman dövləti kimi tanıtdı.
- Beynəlxalq idman yarışlarının yüksək səviyyədə keçirilməsi üçün idman infrastrukturunun vəziyyəti necədir?
- Hazırda ölkəmizdə hər bir idman növündə olan yarışlar keçirilir və bunun üçün bütün imkanlar var. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Beynəlxalq təcrübədən bəllidir ki, müəyyən bir sektorun inkişafı o sahənin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması və intellektual, yenilikçi kadr potensialının yetişdirilməsindən asılıdır. Bu məsələnin Azərbaycan təcrübəsinə gəldikdə tərəddüdsüz qeyd etmək olar ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi respublikamızda idmanın inkişafını təmin edib. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb.
- May ayında Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Sizcə, bu oyunların əhəmiyyəti nədən ibarətdir?
- Ümumiyyətlə, beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsi haqqında qərarlar təsadüfən verilmir. Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi bundan sonra da müxtəlif tədbirləri Azərbaycana verməyə qərarlıdır. Bu qərarların ciddi əsasları var. Azərbaycanda təhlükəsizliyin, sabitliyin tam təmin olunması və əminaman ölkə olmağımız burada mühüm rol oynayır. Bu mənada IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi xüsusi qeyd edilməlidir. Oyunların açılış və bağlanış mərasimləri çox möhtəşəm oldu, burada bizim tariximiz, mədəniyyətimiz əks etdirildi. Eyni zamanda, oyunlar çərçivəsində ölkəmizə gələn qonaqlar müasir Azərbaycanın mənzərəsi ilə tanış oldular.
Eləcə də, idmançılar üçün çox gözəl şərait yaradılmışdı. Bildiyim qədər dünyada belə təcrübə yoxdur ki, Bakıdakı kimi olimpiya kəndi tikilib istifadəyə verilsin. Başqa ölkələrdə belədir ki, olimpiya iştirakçılarının qalma yerləri müxtəlif ali məktəblərin bazalarında, yataqxanalarında reallaşır. Amma ölkəmizdə isə iştirakçılar üçün tam şərait yaradıldı.
Bütövlükdə İslam Həmrəyliyi Oyunları çox əhəmiyyətlidir. Həmrəylik sözünün mənası da böyükdür. 50-dən çox dövlətin həmrəy olub bu yarışlarda iştirak etməsi Azərbaycanın nüfuzunun birbaşa göstəricisidir. Çünki bütün müsəlman aləmi Azərbaycanda birləşərək öz həmrəyliklərini göstərdilər. Ölkəmizdə gələn oyunların iştirakçıları, eləcə də digər qonaqlar yüksək təəssüratlarla ayrıldılar. Azərbaycan bu oyunlar vasitəsilə özünün tarixini, mədəniyyətini və turizm potensialını da nümayiş etdirdi. Bu səbəbdəndir ki, oyunlara tamaşa etmək üçün Bakıya gələn insanlar yenə də Azərbaycana qayıdacaqlarını deyirdilər.
- Bir neçə gün öncə Bakıda «Formula-1» Azərbaycan Qran-Prisi keçirildi. Bu barədə təəssüratlarınız necədir?
- Ümumiyyətlə, «Formula-1» hər bir ölkədə baş tuta bilən yarış deyil. Yəni bu yarış hansısa ölkədə bir dəfə keçirilirsə, 4 il də ardıcıl olaraq keçirilməlidir. Bu şərtdir. «Formula-1» populyar bir idman növüdür. Azərbaycan ikinci ildir ki, bu yarışa ev sahibliyi etdi. Yarışın lazımi səviyyədə keçirilməsi üçün bütün imkanlar yaradılmışdı. Eyni zamanda, bu yarış dünyanın bir çox ölkələrində birbaşa translasiya olunurdu və bunun nəticəsində on milyonlarla insan «Formula-1»i birbaşa izləmək imkanı əldə etdi. Həmçinin, xeyli sayda əcnəbi bu yarışları izləmək üçün Bakıya gəlmişdi. Yəni, belə tədbirlərin keçirlməsi ölkəmizə turist axınını da gücləndirir.
- Xəzər müəllim, Azərbaycan idmançılarının da beynəlxalq yarışlarda göstəriciləri ildən ilə yüksəlir. Bu faktı hansı aillərlə izah edərdiniz?
- Prezident İlham Əliyevin məqsədi Azərbaycanda idmanın kütləviliyini təmin etməkdir. Sevindirici haldır ki, bu istiqamətdə yüksək nəticələr əldə olunub. Əgər idmanda kütləvilik təmin olunmursa, ciddi uğura nail olmaq mümkün deyil. İdmanın kütləviliyi hər bir cəmiyyətdə sağlam nəslin yetişməsində mühüm rol oynayır.
Bu gün bölgələrin əksəriyyətində olimpiya idman kompleksləri və digər idman qurğuları fəaliyyət göstərir. Gənclər bu komplekslərdən səmərəli istifadə edirlər. Biz müharibə şəraitində yaşayan dövlətik, gənc nəsl nə qədər sağlam olsa, torpaqlarımızı daha güclü qoruyacaq. Çox müsbət haldır ki, belə bir nəsl yetişib. Bütövlükdə, görülən işlər nəticəsində ölkəmizdə peşəkar idmançılar və idman mütəxəssisləri yetişir. Bu da kütləviliyin mühüm amillərindən biridir.
Nəzərə alsaq ki, idmanla peşəkar səviyyədə məşğul olan insanların əksəriyyəti gənclərdir, o zaman belə bir qənaətə gələrik ki, idmana qayğı, idmanın kütləviliyi həm də gənclərin inkişaf etdirilməsi sahəsində görülən işdir. Bu baxımdan, ölkəmizdə gənclərin inkişafına həsr olunan dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi də prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarirfləndirici təbliğatın aparılması, onların idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır. Əsas məqsəd gənclərin sağlamlığının qorunması və buna xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin keçirilməsidir. Unutmayaq ki, sağlam gənclik həm də sağlam gələcək deməkdir. Ölkə rəhbərliyinin qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha onu deməyə əsas verir ki, Azərbaycanda idmanın inkişafı gələcək illərdə də yüksək səviyyədə təmin olunacaq.
- Bəs idmanın inkişafı ilə bağlı mövcud qanunvericilik bazasını necə qiymətləndirirsiniz?
- Bu gün bütün idman təşkilatları öz fəaliyyətlərini qanunauyğun şəkildə qurublar. Gənclərin idmana, yarışlara cəlb olunması müvafiq federasiyaların vasitəsilə həyata keçirilir. Digər tərəfdən, hər bir istiqamət kimi idmanın inkişafı da ölkə qanunları çərçivəsində tənzimlənir, başqa sözlə, bu sahədə də təkmil qanunvericilik bazası formalaşdırılıb. Bu gün ölkəmizdə idman təkcə yeniyetmə və gənclər arasında deyil, həm də yaşlılar, əlillər, məktəbəqədər, ibtidai məktəb səviyyəsində də inkişaf etdirilir. “Bədən tərbiyəsi və idman haqqında” Qanun ölkəmizdə idmanın həm yüksək səviyyədə inkişafını, həm də bu inkişafın sistematikliyini təmin edir. Qanunda da göstərilir ki, bu istiqamətdə dövlət siyasətinin məqsədi bədən tərbiyəsi və idmanın hüquqi bazasını, həmçinin, yüksək dərəcəli idmançıların hazırlanması üçün bədən tərbiyəsi-idman təşkilatlarını, uşaq idman müəssisələri sistemini yaratmaqdan ibarətdir. Yəni bu sahədə nailiyyət əldə olunması üçün bütün imkanlar yaradılır. O cümlədən, bu gün bütün idman təşkilatları üçün bərabər imkanlar yaradılıb və bütün idman sahələri inkişaf etdirilir.
- Xəzər müəllim, bir sıra idman mütəxəssisləri hesab edirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarını da keçirmək iqtidarındadır. Siz necə düşünürsünüz?
- Yay Olimpiya Oyunları dünyanın əsas idman yarışıdır. Əlbəttə ki, Yay Olimpiya Oyunları Avropa və İslam Həmrəyiliyi oyunlarından fərqlidir və miqyası baxımından daha böyükdür. Çünki burada dünyanın bütün dövlətləri iştirak edir. Eləcə də, bu yarışlarda idman növlərinin sayı da çoxdur. Amma biz bu yarışları da keçirməyə qadirik. Ona görə də, Azərbaycan öz namizədliyini təqdim edir. Ölkəmizin Yay Olimpiya Oyunları kimi planetin bir nömrəli idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Çox sevincli hal olardı ki, Yay Olimpiya Oyunları da Azərbaycanda keçirilsin. Çünki müsəlman ölkələrində Yay Olimpiya Oyunları keçirilməyib. Bu baxımdan, biz ilk müsəlman dövləti ola bilərik.
Təbii ki, bu oyunların keçirilməsində bəzi amillər var və bütün məsələlər Olimpiya Xartiyasına uyğun olmalıdır. Belə bir şəraiti ölkəmizdə yaratmışıq. Əgər Azərbaycana etimad göstərilsə, biz bu şərəfli yükün altından da uğurla çıxa bilərik.
- Siz həmçinin, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədrisiniz. Necə hesab edirsiniz, idman yarışlarında ədalət prinsipinə tam əməl olunurmu?
- Azərbaycanda idman yarışları ədalət prinsipi ilə keçirilir. Hər bir idman federasiyasının nizamnaməsi, strukturu, eləcə də hakimlik strukturu var. Hər bir yarışın ədalətli qələbələrlə başa vurulması əsas amilərdən biridir. Böyük fəxarətlə deyə bilərəm ki, Prezident İlham Əliyev Ümumdünya Ədalətli Oyunlar Komissiyası tərəfindən, Birinci vitse-prezident Mehriban xanım Əliyeva isə Avropa Ədalətli Oyunlar Komissiyası tərəfindən yüksək mükafatlara layiq görülüblər. Təbii ki, bu mükafatlar ölkəmizdə idman tədbirlərinin yüksək səviyyədə keçirilməsi və ədalətli şəkildə baş tutmasına görə verilib. Biz bundan qürur duyuruq. Çünki beynəlxalq müstəvidə də Azərbaycanda idmanla bağlı görülən işlərə layiqli qiymət verilir.