YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə yazılıb

Müsahibimiz «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov

- Arif müəllim,  bu günlər Azərbaycan xalqı 15 İyun Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd etməkdədir. Sizcə, məlum iyun hadisələrini dövlətçilik tariximizdə dönüş nöqtəsi hesab etmək olarmı?

- Hazırda ölkənin hər yerində xalqımız Ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıtdığı günü-15 iyunu bayram edir. Bu da səbəbsiz deyil. Ümummilli liderimiz Heydər Əliyev məhz iyirmi bir  il əvvəl iyunun 15-də yenidən siyasi rəhbərliyə qayıdışı ilə uçuruma yuvarlanmaqda olan ölkəmizi bir çox bəlalardan xilas etdi. Ona görə də, xalqımız bu bayraamı böyük təntənə ilə qeyd edir. 15 İyun Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə yazılıb. 
Bu əlamətdar gündə tarixə qısa ekskurs etmək zərurəti var. Qayıdış ərəfəsi ölkə idarəolunmaz bir həddə çatmışdı. Xatırlayırsınızsa, o vaxt respublikanın bir qrup ziyalısı Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə müraciət etdi. Müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılması və partiyaya Heydər Əliyevin sədrlik etməsi arzuları ifadə olunurdu. Əvvəlcə buna razılıq verməyən Ulu öndər Heydər Əliyev sonralar insanların çoxsaylı xahişlərini müsbət cavablandırdı. Nəhayət, 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. 

Böyük şəxsiyyətlərin həyat yolları da özlərinə oxşayır. Yəni onlar heç kəsin keçmədiyi yollarla getməyə üstünlük verir və istəklərinə çatırlar. Bu mənada XX əsrin ən böyük simalarından biri, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının dahi oğlu Heydər Əlirza oğlu Əliyevin həyatı da mübarizələrdən, xalqına, dövlətinə xidmətdən keçdiyi üçün həmin zirvələrə qalxan daim yüksəlişli dağ yollarına bənzəyir. Bu yolları isə zirvəyə qədər ancaq böyük ürək sahibləri, böyük şəxsiyyətlər, böyük zəka və gələcəyi görmək qabiliyyətinə malik olan insanlar - sərkərdələr, dahilər qalxa bilər. Çünki onlar həmin ucalığın fəth olunması yollarını əvvəlcədən müəyyənləşdirməyə qadir olan şəxsiyyətlərdirlər.

- Sizcə, 1993-cü ilin iyun hadisələri hansı səbəblərdən baş verdi?

- Ümummilli lider Heydər Əlirza oğlunun siyasi rəhbərliyə ikinci qayıdışı bizim yaxın keçmişimizdir. Biz hamımız o günlərin şahidiyik. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. 

Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də də  Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
Sonrakı hadisələri sadalamağa ehtiyac yoxdur. Onun yenidən siyasi hakimiyyətə qayıdışı ərəfəsində ölkənin bütün sütunları laxlamışdı. Vəziyyət çətin olsa da, ondan çıxış yolu da vardı. Bu da böyük öndər Heydər Əliyevin siyasi iradəsi, çoxillik səriştəsi, idarəetmə bacarığı idi. Xalq da bunu bildiyindən bu sonuncu ümiddən möhkəm yapışmış, Onu təkidlə siyasi olimpə gətirmişdi. Heydər Əliyevin qayıdışı ilə ölkənin həyatında yeni bir ab-hava yarandı. 

Bütün bunlar asanlıqla başa gəlmirdi. Ölkədə normal iş və yaşayış atmosferi bərqərar olana kimi Ümummilli liderimiz gecəli-gündüzlü çalışdı. Həm ölkəmiz dünyanın siyasi mənzərəsində öz yerini müəyyən etdi, həm Azərbaycan bir çox beynəlxalq təşkilatların, o cümlədən, Avropa Şurasının tam hüquqlu üzvü oldu, həm də ölkənin iqtisadi həyatı dirçəlməyə başladı. Xarici iqtisadi sərmayələrin ölkəyə axını məhz o böyük şəxsiyyətin yaratdığı stabillik sayəsində mümkün oldu. Əsrin ən böyük layihələrindən olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əsası da məhz o böyük şəxsiyyətin iştirakı ilə qoyulmuşdu. 
Dünya siyasətində öz çəkisi ilə seçilən Ümummilli lider iqtisadiyyatın dirçəldilməsinə xüsusi önəm verirdi. O, həmişə bildirirdi ki, iqtisadiyyatı güclü olmayan dövlət öz yerini müəyyən edə bilməz. İqtisadiyyatın bütün sahələri kimi dəmir yolunda da bu illər ərzində bir çox nəhəng işlərin görülməsi məhz onun qayğısı və nəzarəti sayəsində mümkün olmuşdu. 1996-cı ildən üzü bəri dəmir yolunda aparılan islahatların birbaşa səbəbkarı Heydər Əliyev olmuşdu. Təbiidir ki, indi ölkəmizin hər yerində 15 İyun- Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilməkdə davam edir. Respublika polad magistralının kollektivləri hər il olduğu kimi bu dəfə də Milli Qurtuluş Günü tədbirlərini yüksək səviyyədə qeyd edirlər. Dəmiryolçular bu böyük şəxsiyyətin hakimiyyətdə olduğu illər ərzində polad magistralın inkişafı üçün gördüyü iri miqyaslı işləri yaxşı xatırlayırlar. 

Bəli, böyük siyasətçi Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə yenidən qayıtması tarixi bir şans idi. Biz hamımız yaxın tarixin həm müşahidəçiləri, həm də iştirakçılarıyıq. Bu hadisələr bizim gözümüzün qarşısında baş verib. Ümummilli liderimiz Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtmaqla, əslində, ölkəmizi sürükləndiyi uçurumdan xilas etdi. Bir tərəfdən xarici düşmənlə üz-üzə qalan ölkəmiz, eyni zamanda daxildəki səriştəsiz rəhbərlərin ucbatından biganəlik burulğanına yuvarlanmışdı.

Artıq bunlar arxada qalıb. Ölkəmiz bu illər ərzində bir çox daxili və xarici siyasət sahəsində uğurlar əldə edib. Onun alternativi olmayan siyasəti bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir.  

- Arif müəllim, bu gün ölkəmizdə bütün sahələr dinamik inkişaf yolundadır. Bu mənada dəmir yolunun inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik. Bu sahənin inkişafının təməlində hansı amillər dayanır? 

- Azərbaycan Dəmir Yolunun inkişafının ən sürətli və parlaq dövrü Ulu öndər Heydər  Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri əhatə edir. 1969-cu ildə ilk dəfə Respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa sürətli təkan verildi.

1969-2003-cü illəri Azərbaycan Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.

Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişi bütün ölkədə, ilk növbədə, sənaye kompleksinin sürətli inkişafının başlanğıcı oldu ki, bu da öz növbəsində respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da aparıcı rol oynayırdı. Onun dəmir yoluna verdiyi böyük əhəmiyyət, onun inkişafına göstərdiyi şəxsi himayə, qısa zamanda öz bəhrəsini göstərdi.

4 yanvar 1998-ci ildə Dübəndi terminalının və stansiyasının açılış mərasimində, 6 dekabr 1998-ci ildə çadır şəhərciklərində məskunlaşmış qaçqınlar və məcburi köçkünlər üçün konteynerlərdən hazırlanmış evlərə, səhiyyə, məişət xidməti obyektlərinə, sinif otaqlarına baxmaq üçün Keşlə stansiyasında olan Ulu öndər  dəmiryolçuların əməyini yüksək dəyərləndirmişdir. 

Ölkəmizin beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesinin təməl prinsipləri Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 6 iyul 2010-cu ildə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında” Sərəncam imzaladı. Hazırda Sərəncamdan irəli gələn vəzifələrin icra olunması istiqamətində gərgin iş gedir.

Ölkə polad magistralının çoxminlik kollektivi öz iş sahələrində vicdanlı və məhsuldar əmək nümayiş etdirməklə həm iqtisadiyyatın dirçəlməsinə, həm də əhalinin sosial rifahının yüksəlməsinə layiqli töhfələr bəxş edirlər. Təsadüfi deyil ki, bu ilin beş ayı ərzində də  dəmir yolunun bütün iqtisadi göstəriciləri yerinə yetirilmişdir. 

Dəmir yolu Heydər Əliyevin təşəbbüsü ilə dirçəldilən qədim İpək Yolu marşrutu ilə keçən Qərb-Şərq nəqliyyat dəhlizinin ahəngdar işləməsini təmin etməklə bu gün “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşması proqramında da yaxından iştirak edir. Önəmli haldır ki, ölkə başçısı İlham Əliyev tərəfindən dəstəklənən Bakı-Tbilisi-Qars yeni  dəmir yolu bağlantısının reallaşması isə həm qardaş Türkiyə ilə dəmir yolu əlaqələrinin yaranmasına, həm də ölkə iqtisadiyyatının daha da dirçəlməsinə müsbət təsir göstərəcəkdir.

Ölkəmizdə, iqtisadiyyatın qan damarı sayılan dəmir yolunda baş verən yeniliklərin təməli məhz Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdtdığı gün-1993-cü il 15 iyunda – Milli Qurtuluş Günündə qoyulmuşdur.