YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyev Sumqayıtı Azərbaycanın yeni texnolo­giyalar əsasında inkişaf etmiş güclü bir sənaye mərkəzinə çe­vir­məyi strateji bir məqsəd kimi qarşıya qoyub

Müsahibimiz “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev

- Hörmətli Muxtar müəllim, “Azərikimya”nın SOCAR-ın struktruna veril­məsindən  yeddi il ötdü. Bəlkə söhbətimizin təməlini  o illərə fikrən də olsa ekskurs etməklə qoyaq? Nədən başladınız, nələr dəyişdi bu 7 ildə?

- Bəli, “Azərikimya" düz 7 il bundan öncə - Azərbaycan Respublikası Prezidentinin "Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" 2 aprel 2010-cu il tarixli Sərəncamı ilə SOCAR-ın tabeçiliyinə verilərək, "Azərikimya" İstehsalat Birliyi təsis olunub. Bu təsisatdan dərhal sonra insan amilini həmişə ön planda saxlayan SOCAR rəhbərliyinin göstərişinə əsasən “Azərikimya" İB-nin mövcud müəssisələrinin insanların sağlamlığına, şəhərin ekologiyasına göstərdiyi mənfi təsirlər, vurduğu zərərlər araşdırıldı, nəticələr müzakirə olunaraq zərərli və zəhərli istehsalatların fəaliyyəti dayandırıldı. Uzun illərdən bəri kimyəvi məhsullarla çirklənmiş ərazilər xüsusi proqrama uyğun olaraq təmizləndi və bu ərazilər möhtərəm Prezidentimizin sərəncamına əsasən Sumqayıt Kimya Sənaye Parkının yaradılması məqsədilə iqtisadiyyat nazirliyinə təhvil verildi.

Ötən dövr ərzində SOCAR-ın dəstəyi ilə «Azərikimya»nın texniki bazasının güc­ləndirilməsi, Etilen-polietilen zavodunda məh­sul istehsalının artı­mına yönəldilmiş yenidənqurma, əsaslı təmir və modernləşmə işləri, yeni qurğuların tikilntisi «Azərikimya» İB-də bir canlanmaya və yüksəlişə səbəb ol­muş­dur. Etilen-polietilen zavodunda müasir tipli Azot-oksigen kompleksi, Susoyutma qurğusu, Mütləqləşdirilmiş izopropil spirti sahəsi, Propan-propilen fraksiyasının kükürdlü birləşmələrdən təmizlənməsi və Butan-butilen fraksiyasının hidrogenləşməsi qurğuları tikilərək istifadəyə verilmiş, mərkəzi laboratoriya yenidən qurularaq müasir tələblərə cavab verən cihazlarla təmin edilmişdir.

- Yəqin ki, görülən bu işlər kimyaçıların iş və məişət şəraitinə də təsirsiz qalmayıb?

- Əlbəttə, görülən işlər, həyata keçirilən tədbirlər çətin və mürəkkəb peşə adamları olan kimyaçılarımızın iş və məişət şəraitinin yaxşılaşdırılması, istehsalatda onların əmə­yi­nin və sağlamlığının müha­fizəsi, təhlükəsizliklərinin təmin edilməsi sahəsində ciddi dəyişikliklərə, müsbət dönüşə nail olunmağa vəsilə oldu. Ötən dovr ərzində kimyaçıların iş və əmək şəraiti xeyli yaxşılaşmış, əmək haqları 3 dəfə artırılmış, bütün işçilərlə əmək müqaviləsi imzalanmış, fərdi mühafizə vasitələri ilə təminat 100 faiz olunmuşdur. SOCAR-ın tibbi sığorta və Birliyin sosial proqramı çərçivəsində hər bir kimyaçının tibbi sığorta kartları ilə təmin olunması da onların sağlamlıqlarının qorun­ması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sığorta müqaviləsi və kartları üzrə kimyaçılar respublikanın 40-a yaxın müxtəlif ixtisaslaş­dırıl­mış klinikalarında istənilən vaxt pulsuz, heç bir məhdudiyyət qoyulmadan müalicə olunmaq imkanına malikdirlər.

- Hər halda “Azərikimya” İstehsalat Birliyində yenidənqurma və moderni­zasiya işləri bu sadalananlarla məhdudlaşmır. Bəlkə söhbətimizi perspektiv layihələrlə davam etdirək?

- Oncə onu diqqətə çatdırım ki, Sumqayıtı Azərbaycanın yeni texnolo­giyalar əsasında inkişaf etmiş güclü bir sənaye mərkəzinə çe­vir­məyi strateji bir məqsəd kimi qarşıya qoymuş ölkə rəhbəri bu istiqa­mətdə mühüm, perspektivli layihələrin, tədbirlərin həyata keçirilməsi üçün dövlət dəstə­yini güc­lən­dirməkdə davam edir. Bunun əyani sübutu Azərbaycan kimya səna­yesinin inkişaf strategiyası proqramına uyğun olaraq, yuxarıda da qeyd etdiyim kimi Sumqayıtın sənaye zonasında çox geniş bir ərazidə Kim­ya Sənaye Parkının yaradılmasıdır. Mütərəqqi texnologiyalar əsasında inşa edilən bu Parkın yaradılmasında əsas məqsəd səna­yenin özəl sektorunun, kiçik və or­ta biznesin inki­şa­fına, nəticə etibarilə isə respublikamızda rəqa­bət qabiliy­yətli sənaye məhsulları istehsalına, əhalinin yeni iş yerləri ilə təmin edil­mə­sinə nail olmaq­dır.  

Sumqayıt Kimya Sənaye Parkının 30 hektar ərazisində SOCAR-ın iki qurğusu – polipropilen və yüksək sıxlıqlı polietilen zavodları inşa olunur. 2013-cü ildən təsis edilən və Kimya Sənaye Parkının rezidenti statusunu almış “SOCAR-Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. Hazırda bu qurğuların tikintisi tam sürətlə gedir. Polipropilen layihəsi üzrə işlərin 75 %-i, yüksək sıxlıqlı polietilen layihəsi üzrə isə işlərin 33 %-i icra olunmuşdur. Polipropilen qurğusunun istismara təhvil verilməsi 2018-ci ilin birinci rübünə, Polietilen qurğusunun istismara verilməsi isə 2018-ci ilin son rübünə planlaşdırılır. Ən qabaqcıl texnologiyalar əsasında tikilən qurğularda istehsal olunan polimer məhsullarının təxminən 30 faizi daxili bazar üçün nəzərdə tutulub, bu da ölkə bazarında tələbatin tamamilə təmin edilməsi və bu məhsulların xarici bazardan idxalından asılılığın aradan qaldırılması deməkdir.

Məhz “SOCAR-Polymer” layihəsi çərçivəsində  tikilən Polipropilen və Yüksək sıxlıqlı polietilen qurğularını xammalla təmin etmək zərurəti “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda “EP-300” istehsalatının  modernizasiyası, rekonstruksiyası, yeni qurğularının və köməkçi istehsalatların tikintisinə ehtiyac yaratmışdır. Məlum olduğu kimi, SOCAR və “SOCAR Polymer” MMC arasında xammal təchizatı barədə imzalanmış müqaviləyə əsasən tikilməkdə olan Polipropilen və Yüksək sıxlıqlı polietilen istehsalı qurğuları 2018-ci ildən başlayaraq dayanıqlı olaraq tələb olunan miqdarda və keyfiyyətdə propilen, etilen, hidrogen xammalları və enerjidaşıyıcılarla “Azərikimya” İB-nin “EP-300” qurğusunun məhsul­ları əsasında təmin ediləcəkdir.

 Bu işlərin icrası ilə bağlı İtaliyanın “TECHNİP İTALY S.p.A.” şirkəti ilə müqavilə imzalanmış, 2019-cu ilə qədər davam etdiriləcək yenidənqurma layihələrinin mürəkkəbliyi nəzərə alınaraq, mühəndislik, texniki təchizat, satınalma, tikintiyə nəzarət və s. funksiyasının yerinə yetirilməsi üçün bu sahədə böyük təcrübəyə malik “SOCAR-KBR” Birgə Müəssisəsi Layihənin idarə olunması qismində cəlb olunmuş və “Etilen-Polietilen” zavodunda mövcud istehsalatların modernizasiyası və rekonstruk­siyası, həmçinin yeni istehsalat qurğularının və köməkçi istehsalatların tikintisi ilə bağlı işlərə start verilmişdir.

- Mövcud istehsalatların modernizasiyası və rekonstruk­siyası, yeni isteh­salat qurğularının və köməkçi istehsalatların tikintisi deyəndə əsas etibarilə nələr nəzərdə tutuluar?

- Yuxarıda da qeyd etdiyim kimi, bu layihələrin icrası bir neçə mərhələdə həyata keçiriləcək. İlkin mərhələdə ”EP-300” qurğusunda mövcud propan-propilen fraksiyasının ayrılması bölməsinin yenilənməsi ilə məhsuldarlığın 135 min ton/ildən 190 min ton/ilə yüksəlməsi, Bakı Neft Emalı zavodundan gələn Propan propilen fraksiyası xammalının zərərli qarışıqlardan təmizlənməsi qurğusunun tikintisi, hidrogenin zənginləşdirilməsi qurğusunun tikintisi ilə hidrogenin qatılığının 90 %-dən 99.9 %-ə çatdırılması, “EP-300” istehsalatında pnevmatik idarəetmə sisteminin yeni müasir sistemlə əvəz olunması nəzərdə tutulur. Növbəti mərhələdə “EP-300” qurğusunda 4 yeni soba inşa ediləcək, butan-butilen fraksiyasının tam hidrogenləşdiril­məsi qurğusu tikiləcək, selektiv hidrogen­ləşmə blokunun reaktorları yenisi ilə əvəz olunacaq, kompressorlar rekonstruksiya olunmaqla optimallaşdırılacaq, etilen və propilenin saxlanıl­ması üçün yeni bullet tipli anbar tikiləcək. Son mərhələdə isə nəzarət ölçü cihazları və texniki hava istehsalı qurğusu tikiləcək, “EP-300” istehsalatında yeni rəqəmsal idarəetmə sisteminin tətbiqi başa çatdırılacaq, köməkçi qurğuların və infrastrukturun modernizasiyası – enerji effektivliyinin artırılması, xammal və məhsul anbarlarının genişləndirilməsi, kom­munikasiya xətlərinin təkmilləşdirilməsi işləri həyata keçiriləcəkdir. Əsas hədəf də mövcud istehsalatların moderni­zasiyası, yeni tikiləcək Polipropilen və yüksək sıxlıqlı Polietilen istehsalatlarının tələb olunan miqdarda və keyfiyyətdə xammalla təmin edilməsi, eləcə də EP-300 istehsalatının effektivliyinin artırılmasıdır.

İcrasına start verilən digər bir layihəmiz də var. Bu layihə 16 il bundan öncə Yapon texnologiyası ilə tikilib istifadəyə verilmiş Buxar-generator Kompleksi ilə bağlıdır. Ötən ilin may ayında SOCAR-la Avropanın böyük enerji şirkətlərindən biri olan UNİPER arasında istər Azərbaycanda, istərsə də region ölkələrində enerji sahəsində birgə layihələrin icrası ilə bağlı müştərək müəssisənin “SOCAR-UNIPER” MMC-nin yaradılması haqqında saziş imzalanmış, eyni zamanda Etilen-polietilen zavodunun Buxar və elektrik enerjisi istehsalı sahəsində yeni buxar turbogenerator qurğusunun tikintisi barədə İlkin Layihə Sazişi də imzalanmışdır. Qurğunun inşası Etilen-polietilen zavodunda Buxar Generator Komplek­sinin enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyır. Hazırda bu istiqamətdə də işlərin icrasına start verilmişdir.

-  “Azərikimya” İstehsalat Birliyində kadr problemi öz həllini  necə tapır?

- “Azərikimya”da kadr hazırlığı və işə qəbul məsələsi həmişə prioritet məsələlərdən olmuşdur. “Azərikimya” İB ixtisaslı fəhlə kadrlarına olan tələbatını, əsas etibarilə, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıtdakı Təlim-Tədris Mərkəzində sifariş əsasında müxtəlif ixtisaslar üzrə hazırlanan gənclər hesabına ödəyir. Ali təhsilli kadrlara olan tələbatımız isə respublikamızda fəaliyyət göstərən və kimya sənayəsi üçün kadrlar hazırlayan ali təhsil ocaqlarının məzunları hesabına ödənilir. Biz bir neçə ildir ki, bu ali təhsil ocaqları ilə qarşılıqlı faydalı əməkdaşlıq etməklə, bu universitetlərin tələbələri arasında apardığımız müsahibələr əsasında seçimlər edir, onların Birliyimizin müəssisələrinin müxtəlif istehsalat­larında həm ödənişli, həm də ödənişsiz yay təcrübələrini təşkil edir, növbəti mərhələdə isə onlar tərəfimizdən Türkiyənin “Petkim Petrokimya Holding” şirkətinə praktikaya göndərilirlər. Nəticə etibarilə isə SOCAR-ın İnsan Resursları Departamentində test imtahanlarından keçərək yüksək bal toplayanlar “Azərikimya”ya işə qəbul olunur.  

Kadrlardan söhbət düşmüşkən, bir məqama xüsusilə toxunmaq istəyirəm. Peşəkar kadr hazırlığının kəmiyyət və keyfiyyətcə bazar iqtisadiyatına uyğunlaşması, peşəyönümü fəaliyyətin gücləndirilməsi, orta təhsilin peşəkarlaşması, məşğulluq xidmətlərinin təlim prosesində fəal iştirakının təşkili günümüzün həlli vacib olan problemlərdəndir. Bu gün yüngül və ağır sənayenin, həmçinin kimya sənayesinin mövcud və tikilməkdə olan müəssisələrində ixtisaslı gənc mühəndis kadrlarına ciddi ehtiyac var və bu ehtiyac hiss olunacaq dərəcədədir.

Bu işin təməli orta məktəblərdən qoyulmalıdır və şagirdər ixtisas seçiminə ciddi hazırlaş­dırılma­lıdırlar. Əsas etibarilə mexanika, texnologiya, avtomatika, energetika və bu qəbildən olan digər sahələr üzrə seçimlər edilməlidir. Ali məktəblərimiz tələbələr arasında idarəetmə sisteminin düzgün qurulması, liderliyin müasir konsepsiyası, rəhbərin özünə inamının artırılması, planlaşdırma, özünü qiymətləndirmə, komandada işləmə bacarığı, fəaliyyətin monitorinqi, təşəbbüskarlıq və novatorluq bacarığı, işçi heyətlə ünsiyyətin düzgün qurulması istiqamətində fəaliyyətlə­rini gücləndirməlidirlər. Ali təhsil ocaqları ölkə sənayesinin müxtəlif sahələrin inkişaf etdirilməsi və mühəndislərin peşəkar hazırlığının yüksəldilməsində maraqlı olmalı­dırlar ki, bu məzunların arasından gələcəyin liderləri, yüksək idarəetmə və kollektivlə işləmə qabiliyyətinə malik olan mütəxəssislər yetişə bilsin.

-Respublikamız, xüsusən də kənd təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb edən müəssisələrdən biri də ısasən azot gübrəsi istehsalı üçün nəzərdə tutulmuş Karbamid zavodunun tikintisidir.  Bu layihə ilə bağlı nə demək istərdiniz?

- Sizin də qeyd etdiyiniz kimi, hazırda Sumqayıtda həyata keçirilən böyük layıhələrdən biri də Karbamid zavodunun tikintisidir. Zavodun təməli 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulmuşdur. Layihə üzrə Samsung Engineering Co, Ltd. şirkəti Mühəndislik, Satınalma və Tikinti podratçısı seçilmişdir.  Zavodun tikintisinin bu ilin sonunda yekunlaşması nəzərdə tutulur. Ümumilikdə müəssisənin istismara verilməsi isə gələn ilə planlaşdırılır. Ümumi ərazisi 40 hektara yaxın olan zavod ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən ibarət olacaq. Azot gübrələrinin istehsalı üçün əsas xammal qismində təbii qazdan istifadə ediləcək. İstehsal üçün illik qaz sərfiyyatının gündəlik 1,32 milyon kubmetr, ümumilikdə isə 435 milyon kubmetr olması gözlənilir. Zavod gündəlik 1200 ton ammonyak və 2000 ton karbamid istehsal edəcək. Layihənin icra edilməsi iqtisadiyyatın əsas sektorlarından biri olan kənd təsərrüfatına böyük dəstək verəcək. Zavodda il ərzində təxminən 650-660 min ton karbamid istehsal ediləcək ki, bu da daxili tələbatı tam ödəyəcək. Bununla yanaşı, məhsulun dəmir yolu ilə Türkiyə, habelə Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixracı nəzərdə tutulur. Layihənin “Samsung Engineering” şirkətinin iş həcminə daxil olan hissəsinin təxminən 95 faizi icra edilib. Əsaslı layihələndirmə, mühəndislik və satınalma işləri 100 faiz tamamlanıb, tikinti işlərinin isə təxminən 82 faizi icra edilib. Zavodun qaz, elektrik enerjisi, texniki və içməli su təchizatı, kanalizasiya sistemi, həmçinin telekommunikasiya xətlərinin quraşdırılması, inzibati və digər binaların, o cümlədən emalatxana və anbarların inşası, dəmir yolu və avtomobil yollarının tikintisi üzrə də işlər gedir. Layihənin icrasında təxminən 3200 nəfər çalışır. Zavod işə düşəndən sonra burada 400 nəfərdən artığ mütəxəssisin daimi işlə təmin edilməsi planlaşdırılır.

- “Azərikimya”da istehsal olunan məhsulların ixrac coğrafiyası ilə bağlı nələri söyləmək olar? Tələbat azalmayıb ki?

- Məhsullarımızın ixrac coğrafiyası genişdir. Tələbat nəinki azalmayıb, əksinə bir az da artıb. İxrac üçün əsas hədəf bazarları Türkiyə, Qərbi Avropa, MDB ölkələri, Çin və s. hesab olunur. Türkiyə­nin “Petkim Petrokim­ya Holding” şir­kəti ilə səmərəli əmək­daş­lıq və inteqrasiya əlaqələrinin qurulmasının real nəticə­si olaraq Birliyin istehsal etdiyi kim­yəvi məhsulların xarici bazar­larda, xüsusilə də Avropa ölkə­lərində satış şəbəkəsi hazırda daha da geniş­lən­­mək­dədir. Bu məq­sə­dlə diversifika­siya prinsipi əsas götürü­lə­rək, son dövrlərdə kimya məhsullarımızın dün­ya bazarına ixra­cının əsas istiqamət­lərindən biri kimi Gürcüstanın Ku­levi terminalından, Ba­tu­mi və Poti liman­larından istifadə edilir. Bakı-Tbilisi-Qars dəmir yolu da Birliyimizin neft-kimya məhsullarının Türkiyəyə, oradan da Avropa və dünya baza­rına çıxa­rıl­masında mühüm rol oynayacaq.

- Bəs ekoloji məsələlər “Azərikimya”da öz həllini necə tapır?  

- Təbii ki, həyata keçirilən yenidənqurma və modernizasiya işləri özünü istər-istəməz ekoloji problemlərin həllində əsaslı şəkildə göstərir. Belə ki, “Azərikimya” İB-nin idarə və müəs­sisələrində ekoloji tarazlığı qoruyub saxlamaq, atmosferə, su hövzələrinə, yerin təkinə çirkləndirici maddələrin atılmasını minimuma endirmək məqsədilə mütəmadi olaraq tədbirlər planı hazırlanaraq, səmərəli ekoloji layihələr həyata keçirilir. Müəssisələrdə davamlı ekoloji monitorinqlər aparılır, su, torpaq və atmosfer hava­sından nümunələr götürülərək təhlil olunur, çirklənmə dərəcəsi müəyyənləşdirilərək, müvafiq qabaqlayıcı tədbirlər görülür. Yuxarıda qeyd etdiyim kimi, ətraf mühitin mühafizəsi sahəsində heç bir ekoloji norma, qayda və standartlara  uyğun olmayan, ekoloji və fiziki cəhətdən köhnəlmiş, atmosfer havasını təhlükəli maddələrlə həddən artıq çirkləndirən Səthi aktiv maddələr və “Üzvi-Sintez” zavodlarının fəaliyyəti də məhz həmin səbəblərdən dayandırıldı. Bir şeyi xüsusilə diqqətə çatdırmaq istəyirəm ki,  müasir tələblərə cavab verən yeni istehsal sahələrinin yaratmaqda əsas hədəflərimizdən biri də, məhz yaxın bir neçə ildə, “Azərikimya” İstehsalat Birliyinin bütün istehsalat sahələrinin təhlükəsiz və ekoloji tələblərə uyğun fəaliyyətini təmin etməkdir. Bu istiqamətdə atılan addımlardan, icra olunan layihələrdən biri də gündəlik gücü 2600 m3 olan yeni istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisidir. Bu qurğunun inşa edilməsinin əsas məqsədı Xəzər dənizinə atılan suların maksimal təmizlik həddinin təmin edilməsi və təmizlənmiş suyun irriqasiya məqsədilə istifadə olunmasıdır.

- Söhbətimizin məntiqi yekunu kimi, toxunmaq istədiyiniz bir məsələ varmı?

- Sonda bir məsələni xüsusi olaraq vurğulamaq istəyirəm ki, istər Sumqayıtda istərsə də respublikamızın digər bölgələrində sənaye parklarının yaradılmasında, yeni, müasir müəssisələrin inşa olunmasında əsas məqsədlərdən biri özəl sektorun inkişafının sürətləndirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsidir. Bu, bir faktdır ki, hər hansı bir sahəyə xarici və yerli investorların cəlb edilməsi üçün əsas amillər əlverişli infrastrukturun yaradılması, cəlbedici güzəştlər mexanizmi, mürəkkəb prosedurların sadələşdirilməsi, layihənin maliyyələşdirmə imkanları, ən başlıcası isə dövlət dəstəyidir. Bütün bu deyilənlər Sumqayıt Kimya Sənaye Parkında nəzərə alınıb və Parkın modeli formalaşdırılarkən dünyadakı bir çox uğur qazanmış sənaye parklarının təcrübəsi öyrənilib. Bu parkın ərazisində istehsal müəssisələri ilə bərabər geniş sosial obyektlərin - inzibati binalar, müxtəlif ofislər, biznes inqubatorlar, elektron-kitabxana, təlim-peşə mərkəzi, müasir laboratoriya, emalatxa­nalar, tələbələr üçün yataqxanalar, otel, yeməkxana və s. inşa olunması sənaye sahələrinin, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bərabər ölkəmizin insan amilinə xüsusi önəm verməsinin göstəricisidir. Əminliklə deyə bilərəm ki, bu gün respublikamızın müxtəlif bölgələrində, o cümlədən Sumqayıtda uğurla həyata keçirilən layihələr Azərbay­can sənayesinin böyük texniki nailiyyətlər əldə etməsinə, qeyri-neft sektorunun inkişafına və ölkə­mizin iqtisadi cəhətdən qüdrətlənməsinə öz layiqli töhfəsini verəcəkdir.