MÜSAHİBƏLƏR
Ümummilli Heydər Əliyevin əsasını qoyduğu iqtisadi islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafı üçün etibarlı zəmin yaradıb
-Ağalar müəllim, məlum olduğu kimi, Azərbaycanın iqtisadi inkişaf strategiyasının əsası məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi siyasətin Azərbaycanın davamlı inkişafı çərçivəsində əhəmiyyəti və nəticələri barədə nə deyə bilərsiniz?
-Müasir müstəqil Azərbaycan dövləti hazırkı mərhələyə asan yolla çatmayıb. Müstəqillik əldə etdikdən sonra çoxsaylı siyasi, iqtisadi, təhlükəsizlik problemləri ilə üzləşən Azərbaycan ötən müddət ərzində həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə mühüm nailiyyətlər qazanıb, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi inkişaf siyasətinin uğurla davam etdirilməsi sayəsində Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin qurucusu - memarı, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edərkən Onun əsasını qoyduğu iqtisadi inkişaf strategiyasının əsaslarına xüsusi diqqət yetirmək lazımdır.
Məlum olduğu kimi, SSRİ-nin tərkibində olan Azərbaycan 1969-cu ilədək ciddi tənəzzül meyilləri ilə qarşı-qarşıya idi. Bu tənəzzülün əsasında ayrı-ayrı sahə və sektorlarda idarəetmənin düzgün təşkil edilməməsi, o cümlədən mövcud potensialdan səmərəli istifadə edilməməsi səbəbləri dururdu. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu. Məhz bu tarixdən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən strateji əsas oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı, maşınqayırma, metallurgiya və digər sahələrdə də əhəmiyyətli irəliləyişlər qeydə alındı. Həyata keçirilən institusional islahatlar sayəsində kənd təsərrüfatı, təhsil və səhiyyə sektorlarında, eləcə də neft sənayesində böyük inkişaf tempi əldə edildi. Beləliklə, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi.
Ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi 13 il ərzində (1969-1982) respublikamızın regionları da daxil olmaqla bütün şəhərlərində də ciddi tarixi inkişaf baş verdi. Bu inkişaf ölkənin həm iqtisadi, həm də sosial-mədəni sferasını əhatə edirdi. Bütövlükdə, Bakı şəhərinin milliləşməsi, paytaxtımızda onlarla sənaye müəssisəsinin yaradılması, mikrorayonların və yeni qəsəbələrin salınması, kəndlərimizin abadlaşdırılması, gənclərin işlə təmin edilməsi və kadr kimi ixtisaslaşdırılması və s. kimi məsələlər Heydər Əliyev hakimiyyətinin əsas xüsusiyyətləri idi. Bütövlükdə, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dönəm inkişaf göstəriciləri ilə tarixə daxil oldu.
- Bəs Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə həyata keçirilən iqtisadi islahatların ölkəmizin ümumi inkişafı kontekstində əhəmiyyətini necə qiymətləndirirsiniz?
-1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən kompleks islahatlar nəticəsində müstəqil Azərbaycanın iqtisadi inkişafı təmin olundu. İqtisadiyyatın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və sahibkarlıq sinfi formalaşdı. Bunlarla yanaşı, neft-qaz sektorunda həyata keçirilən genişmiqyaslı işlər iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.
Bunlarla yanaşı, iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi, yeni iqtisadi qanunların hazırlanması ilə bağlı bir sıra ciddi addımlar atıldı. 1993-1997-ci illərdə "Sahibkarlıq fəaliyyəti haqqında", "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Maliyyə sənaye qrupları haqqında" qanunlar qüvvəyə mindi. Bununla yanaşı, qanunvericilik bazasının genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı bir sıra işlər görüldü. Həmin illərdə xarici investorların ölkəyə axınını sürətləndirmək, onlara iş fəaliyyəti üçün əlverişli şərait yaratmaq, xarici ticarəti sərbəstləşdirmək, sahibkarlığı inkişaf etdirmək üçün bir sıra qanunlar qəbul edildi, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə uyğunlaşdırılmasını təmin edən qanunvericilik bazası yaradıldı.
Bütövlükdə, iqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə artaraq 4,6 trilyon manata (köhnə manatla) çatdı. Beləliklə, tam əminliklə demək olar ki, həyata keçirilən islahatlar sayəsində Azərbaycan iqtisadiyyatı inkişaf və yüksəliş yoluna qədəm qoydu. Qeyd edim ki, 1995-2003-cü illər ərzində respublikamızda ümumi daxili məhsul 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 23,3 faiz, kənd təsərrüfatı istehsalı 53,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə artdı. Bəhs olunan dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard dollar həcmində sərmayə yönəldildi.
-Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası hazırda yeni dövrün çağırışlarına müvafiq olaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Yeni şəraitdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar və əldə edilən nailiyyətlərin önəmi ilə bağlı fikirlərinizi bilmək istərdik...
Yeni şəraitdə aparılan islahatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edir. Hazırda ölkəmizdə xarici mənfi təsirlər nəticəsində yaranan yeni şəraitdə çağırışları önləmək və bundan sonra da inkişafın ardıcıllığını təmin etmək məqsədilə yeni nəsil iqtisadi islahatlar həyata keçirilir. Prezident İlham Əliyev ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunda inklüzivliyin daha da artırılması, daxili istehsalın qorunması, sahibkarların vergi yükünün azaldılması yolu ilə vergi bazasının genişləndirilməsi, gömrük nəzarətinin sadələşdirilməsi və şəffaflığın təmin olunması, istehsal imkanlarının genişləndirilməsi, investisiya qoyuluşunun, ixracın təşviq edilməsi, “Made in Azerbaijan” brendinin yaradılması və sosial sfera da daxil olmaqla digər sahələri əhatə edən Fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının müvafiq Fərmanına əsasən milli iqtisadiyyat perspektivi və onun 11 əsas sektoru üzrə strateji yol xəritələri təsdiqlənib. Aparılan islahatlar indiki şəraitdə Azərbaycanın müqavimət gücünü artıran və ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açan fundamental faktorlar qismində çıxış edir.
Ümummilli liderin əsasını qoyduğu islahatlar kursu, Prezident İlham Əliyevin iqtisadi inkişafın dinamikliyinə nail olmaq üçün güclü siyasi iradə nümayiş etdirməsi Azərbaycanı iqtisadi cəhətdən müstəqil dövlətə çevirib.
Azərbaycan yaradılan möhkəm bazaya əsaslanaraq ölkədə liberal, rəqabətədavamlı, ixrac tutumu böyük olan diversifikasiya edilmiş iqtisadiyyat quruculuğu ilə bağlı yeni hədəflər müəyyənləşdirib. Digər tərəfdən, Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür. Hazırkı reallıqlar onu göstərir ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində qarşıdakı dövrdə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək.
-Şübhəsiz ki, Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafının davamlı xarakter almasını təmin edir, bu isə gələcəyə optimist baxmağa imkan verir...
-Bəli, Ümummilli liderimizin əsasını qoyduğu siyasətin müsbət nəticələri bu gün özünü bütün sahələrdə göstərir, eləcə də gələcəyə inamla baxmağa əsas yaradır. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu strateji kursun nəticəsi kimi, Azərbaycan dünyaya spesifik milli inkişaf modeli təqdim edə bilib və ölkəmizin çoxşaxəli tərəqqisi beynəlxalq miqyasda təqdirəlayiq hal kimi qiymətləndirilib. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atıb.
Nəticə etibarilə, Ümummilli Heydər Əliyevin əsasını qoyduğu iqtisadi islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafı üçün etibarlı zəmin yaradıb. Hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının başlıca məqsədi Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsidir. Həyata keçirilən strateji kursun uğurlu nəticələri isə deməyə əsas verir ki, Azərbaycan gələcəyə əmin addımlarla irəliləyir.