YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Heydər Əliyev siyasəti Azərbaycanın parlaq gələcəyinin əsasını təşkil edir

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov

- Eldar müəllim, hazırda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü respublikamızın bütün guşələrində böyük təntənə ilə qeyd olunur. Ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında xidmətləri haqqında nə deyə bilərsiniz?

- Xalqın inamlı çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli liderimiz Heydər Əliyev çox ağır və çətin iqtisadi-sosial və ictimai-siyasi vəziyyətdə olan müstəqil Azərbaycan Respublikasını qısa müddət ərzində dünya xəritəsindən silinmək təhlükəsindən xilas etmiş, onu böyük gələcəyi olan bir dövlətə çevirmişdir.  Heydər Əliyevin müdrikliyi, qətiyyəti, dövlət idarəçiliyi sahəsində zəngin təcrübəsi   sayəsində ölkəmizdə siyasi sabitlik bərpa olundu, bazar iqtisadiyyatına keçidi təmin etmək üçün iqtisadi islahatlar başlandı. O, yaranmış gərgin vəziyyətdən  çıxmağın və inkişaf etmiş ölkələrin cərgəsinə qoşulmağın yeganə və düzgün yolunun iqtisadi islahatlardan keçdiyini çox düzgün müəyyən etmişdir. Bununla əlaqədar, 1994-cü il avqustun 18-də “Kənd təsərrüfatında 1994-cü ilin birinci yarısının yekunlarına və islahatların keçirilməsi vəziyyətinə həsr olunmuş” müşavirədəki nitqində demişdir: “...Kənd təsərrüfatında istənilən səviyyəyə qalxmaq üçün, dünyanın inkişaf etmiş ölkələrinin bu sahədəki nailiyyətlərinə çatmaq üçün biz kənd təsərrüfatında da iqtisadi tədbirlər görməliyik. Yəni iqtisadi islahatlar keçirməli, kənd təsərrüfatının idarə olunmasını, mülkiyyət formasını dəyişdirməliyik. Bu, ümumən iqtisadiyyatda, o cümlədən kənd təsərrüfatında strateji yolumuzdur. Biz bu yolla getməliyik, bundan ötrü daha ciddi tədbirlər görməliyik”.

Heydər Əliyev istər birinci və istərsə də ikinci dəfə ölkəyə rəhbərlik etdiyi dövrlərdə ölkədə kənd təsərrüfatının inkişafına çox ciddi diqqət və qayğı ilə yanaşmış, bu sahənin inkişaf etdirilməsini həmişə önə çəkmişdir. Ulu Öndərimiz həmin müşavirədə qeyd etmişdir ki, “Ermənistan Respublikasının təcavüzü nəticəsində biz müharibə aparırıq. Müharibə gedən bir ölkədə kənd təsərrüfatına çox böyük ehtiyac var. Çünki ərzaq məhsullarının əsas mənbəyi kənd təsərrüfatıdır. Ona görə də bu sahəyə xüsusi diqqət verilməlidir”. Bu vəzifələrin yerinə yetirilməsi isə ölkənin maliyyə ehtiyatlarının mövcudluğu ilə birbaşa əlaqədardır. Bu mənada 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” iqtisadi islahatların həyata keçirilməsində mühüm rol oynamaqla yanaşı, formalaşmaqda olan yeni ictimai şəraitdə ölkəmizin sosial-iqtisadi inkişafının təməlini qoydu.

Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə ölkənin müstəqilliyinin açarı olan ərzaq təhlükəsizliyinin təmin edilməsi, azad sahibkarlığın bərqərar olması və əhalinin maddi rifah halının yaxşılaşması üçün MDB məkanında analoqu olmayan və sosial ədalət prinsipinə əsaslanan torpaq islahatı həyata keçirildi.  

Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə həyata keçirilən bu  və digər tədbirlər nəticəsində müstəqilliyin ilk üç ilində daha da dərinləşmiş iqtisadi tənəzzülün qarşısı alındı və 1996-cı ildən başlayaraq iqtisadiyyatın bir çox sahələrində inkişaf başladı.

- Ulu öndər Heydər Əliyevin müəyyənləşdiriyi inkişaf strategiyası bu gün uğurla davam etdirilir. Bu barədə fikirlərinizi bilmək istərdik...

- 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev Ulu öndərin ölkəmizin hərtərəfli inkişafı üçün başladığı siyasəti və irəli sürdüyü ideyaları keçən dövr ərzində uğurla davam etdirmiş və Azərbaycanı dünya miqyasında müstəqil siyasət aparan, özünün enerji təhlükəsizliyini təmin etməklə bir çox ölkələrin bu sahədə təhlükəsizliyinə töhfə verən və siyasi sabitliyə malik demokratik bir ölkə kimi tanıtmışdır. 1993-2015-ci illərdə ölkə iqtisadiyyatının inkişafı üçün əsas kapitala bütün mənbələrdən 184,1 milyard manat investisiya yatırılmışdır. Bu vəsaitin 143,6 milyard manatı bilavasitə inşaat işlərinin aparılmasına yönəldilmiş və onun 55,1 faizi istehsal təyinatlı obyektlərin tikintisinə sərf edilmişdir.

Bunun nəticəsidir ki, məhsul istehsalı durmadan artır və 2015-ci ildə 54,4 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 1995-ci ilin göstəricisindən 6,4 dəfə çoxdur. Bu illər ərzində  milli iqtisadiyyatın bazar prinsipləri əsasında qurulması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət, regionların və ayrı-ayrı iqtisadi və sosial sahələrin inkişafına dair dövlət proqramlarının uğurla icra olunması və müntəzəm olaraq aparılan zəruri islahatlar sayəsində ölkə əhalisinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Belə ki, 1995-ci ilə nisbətən 2015-ci ildə əhalinin real gəlirləri 9,8 dəfə artaraq adambaşına 4380 manat təşkil etmiş, əhalinin orta aylıq əmək haqqı 37,4 dəfə artaraq 467 manat olmuşdur. Əhalinin sosial rifah halının yaxşılaşması yoxsulluğun azalmasına müsbət təsir göstərmiş və müqayisə olunan müddətdə yoxsulluq səviyyəsi 49 faizdən 4,9 faizə enmişdir. Həmin dövrdə məşğul əhalinin sayında da kəskin artım müşahidə olunmuş və işsizlik səviyyəsi 2015-ci ildə 5 faiz təşkil etmişdir.

- Eldar müəllim, sizcə, bu nailiyyətlərin əsasında hansı amillər dayanır?

- Belə uğurlu nəticələrin əldə edilməsi isə hər şeydən əvvəl ölkəmizdə düşünülmüş və gələcəyə istiqamətlənmiş neft strategiyası əsasında dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, yeni və müasir texnika və texnologiyalarla təchiz olunmuş müəssisələrin işə salınaraq çoxsaylı iş yerlərinin açılması ilə bağlıdır.

İqtisadiyyatın bazar prinsipləri əsasında inkişafının əsasını təşkil edən xüsusi mülkiyyətin bərqərar olması üçün iqtisadi islahatlara başlanması ölkənin sosial-iqtisadi inkişafı üçün geniş imkanlar yaratdı. “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsi nəticəsində ilbəil artan maliyyə ehtiyatları bu imkanlardan daha səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsini zəruri edirdi. Prezident İlham Əliyev cənablarının təşəbbüsü ilə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun və onun əsas sahələrindən biri olan aqrar sektorun  inkişafı prioritet istiqamət kimi önə çəkildi.

Qeyri-neft sektorunun və onun tərkib hissəsi olan aqrar sektorun inkişafı isə regionların sosial-iqtisadi inkişafından asılı olduğuna görə bu sahəyə diqqətin artırılması ölkədə formalaşan iqtisadi strategiyanın  əsasını təşkil edirdi. Bu istiqamətdə sərf olunacaq dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək üçün yeganə düzgün siyasi və iqtisadi qərar həmin vəsaitin  dövlət proqramları əsasında xərclənməsi idi. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları prezidentliyinin ilk ilində 2004-cü il 11 fevral tarixli Fərmanla “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı (2004-2008-ci illər) təsdiq etmişdir.

Regionların sosial-iqtisadi inkişafına dair ilk dəfə qəbul edilmiş bu Dövlət Proqramı çox uğurla həyata keçirilmiş, ölkə ərazisində sosial-iqtisadi inkişafın təmin edilməsi üçün ilk növbədə daha çox ehtiyac duyulan infrastruktur obyektlərinin yaradılması və digər tədbirlərin həyata keçirilməsi təmin edilmişdir. 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində ölkəyə böyük valyuta axınının başlaması Proqramda nəzərdə tutulan bütün tədbirlərin vaxtında yerinə yetirilməsinə imkan verdi və Azərbaycan Respublikası dünyada analoqu olmayan 30-35 faiz illik iqtisadi artıma nail oldu. Bu illərdə iqtisadi artım əsasən neft amili ilə bağlı idi və bu amil ölkənin gələcək inkişafının təmin edilməsi üçün möhkəm maliyyə imkanı formalaşdırdı.

Ölkədə yaranmış maliyyə imkanından səmərəli istifadəni təmin etmək, qeyri-neft sektorunun və infrastrukturun inkişafı üçün möhkəm təməl qoymaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti 2009-cu il 14 aprel tarixdə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na dair Fərman imzaladı və həmin proqram da uğurla yerinə yetirildi. 

Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş bu proqramların icrasına 10 il ərzində 50,7 milyard manat, o cümlədən birinci Proqrama 16 milyard, ikinci Proqrama isə 34,7 milyard manat vəsait yönəldilmişdir. Bundan əlavə, regionların sosial-iqtisadi inkişafına dair proqramlarda nəzərdə tutulmayan məsələlərin həllinə  Prezidentin müvafiq sərəncamları ilə Ehtiyat Fondundan 737,4 milyon manat vəsait ayrılmışdır. Bu vəsaitlər hesabına son 10 ildə regionlarda 500-dən çox sənaye müəssisəsi, 2708 məktəb binası, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyektləri tikilmiş və ya əsaslı təmir edilmişdir. Proqramlar çərçivəsində regionlarda mənzil tikintisi, respublika və yerli əhəmiyyətli yolların çəkilməsi, yenidən qurulması və təmiri, yeni körpü və yol ayrıclarının tikilməsi və təmiri, poçt və rabitə şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi, habelə digər infrastruktur sahələrində böyük həcmdə işlər görülmüşdür.

Regionların sosial-iqtisadi inkişafına dair proqramların ölkə iqtisadiyyatında  gələcək illərdə də davamlı artımın əldə olunmasında mühüm rolu nəzərə alınaraq  2014-cü il 27 fevral tarixli Fərmanla “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqramın həyata keçirilməsi perspektivdə ümumi daxili məhsulun artımının əsasən qeyri-neft sektorun inkişafı hesabına əldə olunmasına imkan verəcəkdir. Bu da ölkəmizdə sosial-iqtisadi inkişafı təmin etmək üçün mövcud maliyyə ehtiyatlarının Dövlət Proqramları üzrə xərclənməsinin daha səmərəli iqtisadi model olduğunu təsdiq edir.

Əldə edilən neft gəlirlərinin iqtisadiyyatın real sektoruna və infrastruktur layihələrinə istiqamətləndirilməsi ölkəmizdə iqtisadiyyatın bütün sahələrinin balanslaşdırılmış inkişafını təmin etmişdir. Belə ki, 1995-ci ilə nisbətən 2015-ci ildə ümumi daxili məhsul istehsalı sənayedə 4,8 dəfə, kənd təsərrüfatında 2,4 dəfə, tikintidə 69,3 dəfə, nəqliyyat xidmətləri sektorunda 4,2 dəfə, rabitədə 28,8 dəfə, ticarət sektorunda 9,4 dəfə artmışdır. Ümumi daxili məhsulun belə sürətli artımı ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiya olunmasına da müsbət təsir göstərmişdir. Əgər 1993-cü ildə cəmi 60 xarici ölkə ilə ticarət əlaqəsi qurulmuşdusa, 2015-ci ildə 165 xarici dövlətlə idxal-ixrac əməliyyatı aparılmış və xarici ticarət dövriyyəsinin səviyyəsi 15,3 dəfə artaraq keçən il 20,6 milyard ABŞ dolları təşkil etmişdir.

- Hazırda ölkəmizdə iqtisadi islahatların yeni mərhələsi həyata keçirilir. Burada aqrar sahənin inkişafı da xüsusi diqqət mərkəzindədir. Bu sahənin inkişafı yönündə atılan addımlar perspektiv üçün nələr vəd edir?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev ideyalarına sadiq qalaraq aqrar bölməni iqtisadiyyatın qeyri-neft sektorunun prioritet istiqaməti elan edib və bu sahədə islahatların daimi xarakter alması və getdikcə dərinləşməsi üçün konkret tədbirlər görür. Prezidentin imzaladığı sənədlərə əsasən, kənd təsərrüfatı məhsul istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına, buğda, çəltik, pambıq və tütün səpininə, sortlu toxum və tinglərin istehsalına və satışına, mineral gübrələrin güzəştli şərtlərlə satışına, mal-qaranın cins tərkibinin yaxşılaşmasına, yerli at cinslərinin damazlıq özəyinin qorunmasına, müasir kənd təsərrüfatı texnikalarının və texnoloji avadanlıqların alınaraq istehsalçılara güzəştli şərtlərlə lizinqə verilməsinə,  habelə aqrar sahibkarları güzəştli kreditlərlə təmin etməyə və bu kimi digər tədbirlərə hər il dövlət büdcəsindən yüz milyonlarla vəsait yönəldilir. Bunun nəticəsidir ki, ötən on ildə ölkəmizdə bütün növ kənd təsərrüfatı məhsulları istehsalı xeyli artmışdır. O cümlədən taxıl istehsalı 41,0 faiz, şəkər çuğunduru 5,0 dəfə, ət 50,8 faiz, süd 53,7 faiz və yumurta istehsalı 77,8 faiz çoxalmışdır.

Bu vəsait hesabına respublikamızda 39 quşçuluq müəssisəsi, 16 cins heyvandarlıq kompleksi, 7 süd və 7 ət istehsalı müəssisəsi açılmış, 28 intensiv bağçılıq təsərrüfatı, 30 müasir istixana kompleksi və 15 meyvə-tərəvəz emalı müəssisəsi yaradılmışdır. Bu tədbirlər nəticəsində aqrar sektorun yeni texnika və texnologiyalara, qabaqcıl təcrübəyə və elmi nailiyyətlərə əsaslanan innovativ inkişafı üçün möhkəm təməl qoyulmuşdur.

İnnovasiya elmi-texniki tərəqqinin yeni texnologiyada və məhsulda öz əksini tapması kimi anlaşıldığına və dərin islahatlar strategiyasının əsasını təşkil etdiyinə görə dünyanın qabaqcıl ölkələrində kənd təsərrüfatında istehsal olunan məhsulun daha çox elm tutumlu olması istiqamətində inkişaf edir. Ona görə də Azərbaycan Respublikasında da aqrar-sənaye kompleksinin innovasiyalı inkişafı qarşıda duran əsas vəzifədir və onun həll olunması istiqamətində işlər aparılır.

Kənd təsərrüfatında innovasiyaların yayılması təsərrüfat subyektləri tərəfindən informasiyaların qavranılması vəziyyətindən asılıdır. Hazırda aqrar islahatların aparılması nəticəsində ölkəmizdə 851 mindən çox ailə (3 milyon 500 min nəfər) torpaq payı alaraq kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olur. İxtisas təhsili olmayan çoxsaylı istehsalçıların kənd təsərrüfatı istehsalının təşkili, marketinq, biznes planlaşdırması, təsərrüfatın maliyyə və istehsal vasitələri ilə təminatı, yeni texnika və texnologiyalar, innovasiyalı məhsullar və bir çox digər məsələlər barədə informasiyalar almağa və müvafiq biliklərə yiyələnməyə böyük ehtiyacı vardır. Bu ehtiyacı ödəmək üçün kənd təsərrüfatında informasiya-məsləhət xidmətinin genişləndirilməsi və onun müasir tələblər səviyyəsində təşkili qarşıda duran əsas vəzifələrdən biri  hesab edilir.

Müasir dövrdə iqtisadiyyatın qeyri-neft sənaye sektorunun inkişafında sənaye və texnologiyalar parklarının yaradılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Gəncə Sənaye Parkı,  Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Sumqayıt və Mingəçevir Yüksək Texnologiyalar Parkı, Neftçala Sənaye Məhəlləsinin yaradılması qərara alınmış və onlardan bir çoxu artıq fəaliyyət göstərir.

Biz qətiyyətlə inanırıq ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sistem xarakterli islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanmış “Strateji yol xəritəsi"nin icrası nəticəsində yaxın vaxtlarda ölkəmizdə formalaşmış iqtisadi islahatlar və inkişafın Azərbaycan modeli mahiyyət etibarı ilə daha da inkişaf etdiriləcək və respublikamız daxili və xarici investorlar üçün ən cəlbedici ölkələrdən birinə çevrilməklə ölkə əhalisinin daha firavan yaşaması təmin ediləcəkdir. Beləliklə, Heydər Əliyev siyasəti Azərbaycanın parlaq gələcəyinin əsasını təşkil edir.