MÜSAHİBƏLƏR
Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı törədilən ən qanlı cinayətlərdən biridir
- Elman müəllim, ermənilər tərəfindən xalqımıza qarşı törədilən Xocalı soyqırımından 25 il ötür. Ötən illər ərzində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər barədə nə deyə bilərsiniz?
- Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı törədilən ən qanlı cinayətlərdən biridir. Ötən illər ərzində soyqırımının dünyada tannıması istiqamətində ardıcıl olaraq tədbirlər görülüb. 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk günlərdən Xocalı soyqırımını gündəmə gətiildi. İlk dəfə Ulu öndərimizin rəhbərliyi ilə Milli Məclisdə 1994-cü ilin fevralın 24-də Xocalı faciəsinə siyasi qiymət verildi. Bundan 3 il sonra Ulu öndər Heydər Əliyevin tapşırığı ilə istintaq materialları əsasında Ali Məhkəmənin hərbi tribunalında iki aydan artıq məhkəmə prosesi getdi. Bu da Xocalı soyqırımına verilən hüquqi qiymət idi. Təbii ki, bütün bunlar Azərbaycan daxilində baş verdi.
Bu mərhələdən sonra isə əsas hədəfimiz Xocalı soyqırımının dünyada tanınması oldu. Qeyd etdiyim kimi bu istiqamətdə indiyə qədər xeyli işlər görülüb. Biz çalışmalıyıq ki, Xocalı soyqırımı dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən özünün huquqi və siyasi qiymətini alsın. Hazırda «Beynəlxalq cinayətlərin qarşısının alınması və bu cinayətləri törədənlərin cəzalandırılması haqqında» qanun layihəsi gündəmdədir. Məqsəd odur ki, təkcə Xocalı soyqırımı deyil, beynəlxalq miqyasda törədilən bu tipli cinayətlərin qarşısının alınsın və cinayətləri törədənlər cəzalandırılsınlar. Belə cinayətkarların içərisində bu gün böyük bir dəstə Ermənistana rəhbərlik edən şəxslərdir. Serj Sarkisyan başda olmaqla Dağlıq Qarabağın separatçı rejiminə rəhbərlik edənlər Xocalı soyqırımını törətmiş insanlardır. Biz bu cinayətkarların cəzalandırılması istiqamətində işimizi aparmalıyıq.
Azərbaycan Prezidenti İlham Əliyev Xocalıda baş verənlər qətliamın dünya miqyasında soyqırımı kimi tanıdılması istiqamətində mühüm işlər görür. Eləcə də, Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban xanım Əliyevanın bu yöndə fəaliyyəti təqdirəlayiqdir. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan «Xocalıya ədalət» kampaniyası böyük effekt verir. Bu kampaniya çərçivəsində hər il dünyanın bir çox dövlətlərində tədbirlər keçirilir, insanlığa qarşı olan bu qətliam beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Bu, əvəzolunmaz fəaliyyətdir. Təbii ki, həyata keçirilən bu sistemli tədbirlər nəticəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıblar.
Amma bu məsələ hansısa qurumun işi deyil. Bu, ümumxalq məsələsidir və hər bir azərbaycanlı Xocalı qətliamının dünyada tanıdılması işində iştirak etməlidir. Bununla da, hər birimiz bu soyqırımın tanıdılması, ermənilərin iç üzünün açılması üçün çalışmalıyıq.
- Prezident İlham Əliyevin Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Sərəncamı bu hadisənin dünya ictimaiyyətinə çatdırılması baxımından nə dərəcədə əhəmiyyət kəsb edir?
- Əlbəttə ki, dövlət başçısının sərəncamının bu baxımdan əhəmiyyəti böyükdür. Sərəncamda da qeyd olunduğu kimi, Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulub, 50 mindən çox insan yaralanıb və əlil olub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb.
Dövlət başçısının sərəncamı əsasında geniş tədbirlər planı hazırlandı. Hazırda tədbirlər planı icra olunmaqdadır. Tədbirlər planında təkcə ölkə daxilində deyil, dünya miqyasında aparılacaq işlər əks olunub. Artıq plana əsasən həm ölkəmizdə həm də müxtəlif ölkələrdə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilir. Məqsədimiz XX əsrin sonunda erməni cinayətkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqrımın yayılması, tanıdılması və bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.
- Xocalının hərbi-strateji baxımdan mövqeyi necə idi?
- Xocalı qədim yaşayış məskənidir. Xocalı başdan-başa türk tarixini özündə əks etdirən müxtəlif abidələrdən iarət idi. Digər tərəfdən bu ərazi coğrafi, hərbi cəhətdən də çox strateji mövqedə idi. Bakıdan Şuşaya, Laçından Ermənistana gedən magistral avtomobil yolu, Bakı-Xankəndi dəmiryolu Xocalıdan keçirdi. Dağlıq Qarabağda yeganə hava limanı da Xocalıda idi. Digər tərəfdən, Xocalı elə bir yerdə yerləşirdi ki, Xocalı ilə Ağdam arasında Əsgəran və onun ətrafında olan 7-8 erməni kəndini Xankəndi və onun ətrafındakı erməni kəndlərindən ayıra bilirdi. İstənilən vaxt biz yolu bağlayanda onları ayıra bilərdik.
Yəni Xocalının çox mühüm hərbi-strateji mövqeyi var idi. Ona görə də, ermnilər etiraf etdilər ki, «qarşımıza məqsəd qoyduq ki, Xocalını ələ keçirməliyik. Çünki bununla, Azərbaycanın qarşısında tab gətirə bilərik». Xocalı bizdə olduğu müddətdə erməni qüvvələrini iki yerə parçalamışdıq: Əsgəran və Xankəndində olan qüvvələr. Əgər Azərbaycan tərəfi ermənilərdən əvvəl əməliyyat keçirərək Əsgərandan yolu açııb, Ağdamdakı və Xocalıdakı hərbi qüvvələrimizi birləşdirə bilsəydi faktiki olaraq Xankəndi bizə təslim olurdu. Çünki yuxarı tərəfdən də Şuşadakı qüvvələrimiz vəziyyətə nəzarət edirdi. Bununla da Qarabağ məsələsi bizim xeyrimizə həll olunardı. Amma ermənilər Azərbaycan hakimiyyətindən tez hərəkətə keçdi və Xocalını işğal etdi.
- Elman müəllim, beynəlxalq təşkilatların, xüsusilə Minsk qrupunun həmsədrlərinin Ermənistanın işğalçılıq siyasətinə olan münasibəti haqda fikirlərinizi bilmək istərdik. Sizcə, bu münasibət işğal faktına adekvatdırmı?
- ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri fəaliyyətlərində ermənipərəst mövqe nümayiş etdirirlər. Əgər belə olmasaydı, onlar işğalçı dövləti çoxdan sülhə məcbur edə bilərdilər. Çünki hər üç dövlət dünyada güclü, böyük dövlətlərdir və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunması onlar tərəfindən qısa müddətdə reallaşdırıla bilər. Çünki işğalçı Ermənistan bu dövlətlərin mövqeyinə qarşı çıxa bilməz.
Bu yaxınlarda Fransa prezidenti Ollandın erməni diasporu ilə görüşündə səsləndirdiyi fikirlər də onların ermənipərəst olduğunu bir daha sübut edir. Ermənilər Fransanı özlərinə ikinci vətən hesab edirlər. Fransua Ollandın fikirləri Ermənistanın maraqlarına xidmət edir. Bir neçə il öncə Sarkozi Fransa prezidenti olarkən demişdi ki, Ermənistan bizim kiçik bacımızdır. Mən də o zaman belə bir fikir söyləmişdim ki, Ermənistan Fransanın əxlaqsız bacısıdır. İndi Fransua Olland ondan biraz da qabağa gedir. Deyirlər ki, erməni mətbuatı Ollandın fikirlərini təhrif edib. Amma o, hər nə deyibsə, ermənilərin mənafeyinə xidmət edir. Beynəlxalq hüquq var, eləcə də . Azərbaycanın BMT-yə qəbul olunarkən ərazisi, əhalisi qeyd olunub. Bütün beynəlxalq qanunlar da əsas verir ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivzsində həll olunmalıdır. Əgər millətlərin öz müqəddəratını müəyyən etməkdən gedirsə, ermənilər Azərbaycan ərazisində dövlət yaradıblar. Əgər Qarabağ erməniləri istəyirsə, gedib Ermənistanda yaşasınlar. Millətlərin öz müqəddəratından danışsaq, onda Fransanın özü bir neçə yerə bölünməlidir. Yəni məsələ bu cür yanaşma kökündən səhfdir.
- Bu günlərdə Dağlıq Qarabağın separatçı rejimi tərəfindən «referendum» keçirildi. Sizcə, bu qanunsuz addım münaqişənin həllinə nə dərəcədə zərbə vurur?
- Təbii ki, Dağlıq Qarabağdakı separatçı rejim oyuncaq qurumdur. Və bu qurumun keçirdiyi «referendumun» heç bir hüquqi qüvvəsi yoxdur. Çünki bu hadisə həm Azərbaycanın qanunlarına, həm də beynəlxalq qanunlara ziddir. Dünyanın heç bir dövləti, təşkilatı separatçıların keçirdiyi «referendum» oyununu tanımadı.
Amma məsələ tək bunda deyil. Beynəlxalq təşkilatlar, dövlətlər, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız bəyanat verməli deyil. Çünki belə hərəkətlər münaqişənin danışıqlar yolu ilə həllinə çox ciddi zərbə vurur. Bununla erməni tərəfi açıq aydın sülh istəmədiklərini göstərir. Ona görə də, beynəlxalq birlik işğalçılara qarşı beynəlxalq hüquq çərçivəsində sərt addımlar atmalıdır. Təəssüf ki, biz bu münasibəti bir çox dövlətlərdən, xüsusilə Qərb dövlətlərindən görmürük. İnsan hüquqlarından, demokratiyadan, qanunun aliliyindən danışan dövlətlər və təşkilatlar işğal və soyqırımı faktına layiq olduğu qiyməti verməlidirlər. Əgər bu olmasa, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz torpaqlarını işğaldan azad edəcək.