MÜSAHİBƏLƏR
20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət böyük dövlət xadimi Heydər Əliyev tərəfindən verildi
- Hikmət müəllim, bu günlərdə 20 Yanvar faciəsinin 27-ci ildönümünü, şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilir. 20 Yanvar hadisəsinin Azərbaycan tarixində yeri və rolu nədən ibarətdir? Ümumiyyətlə, bu faciənin baş verdiyi dövrün ictimai-siyasi xarakteristikasını necə təsvir edərdiniz?
- 1990-cı il yanvar ayının 20-si xalqımızın tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. O zamankı ictimai-siyasi proseslərin inkişafı nəticə etibarilə bir çox xalqların tarixinə faciəli səhifələr bəxş etdi. Ancaq ən ağır fəlakət Azərbaycan xalqının bəxtinə düşdü. Bəs, doğrudanmı, bu faciə qaçılmaz idi? Bu suala konkret cavab vermək üçün həmin dövrün xarakteristikasını və məlum proseslərin mahiyyətini əks etdirən bir sıra məqamlara toxunmaq lazımdır. Əlbəttə, 1989-cu ilin sonu - 1990-cı ilin əvvəllərində keçmiş SSRİ-də və respublikamızda baş verən ictimai-siyasi prosesləri analiz etməklə müəyyən nəticələrə gəlmək mümkündür.
1985-ci ildə Qorbaçovun təşəbbüsü ilə başlayan yenidənqurma 1989-cu ildə elə bir vəziyyətə gəlib çatmışdı ki, o, SSRİ-nin dağılmasını labüdləşdirirdi. Baltikyanı ölkələrdə, Gürcüstanda imperiya ordusunun törətdiyi vəhşiliklər keçmiş müttəfiq respublikaları xalqlarının azadlıq istəyinin, müstəqillik uğrunda apardıqları mübarizənin qarşısını ala bilmədi. Müqəddəratının öz əllərində olmasını istəyən Azərbaycan xalqı da, təbii ki, azadlıq, müstəqillik uğrunda mübarizədə öndə gedənlərdən idi. Xalqımızın müstəqil gələcəyindən vahiməyə düşən imperiya qüvvələri buna qətiyyən razı ola bilməzdilər. Ona görə də bir tərəfdən mənfur qonşuların məkrli niyyətlərinin həyata keçməsinə rəvac verən, şovinist ambisiyalarından əl çəkmək istəməyən qüvvələr, başqa bir tərəfdən nəyin bahasına olursa-olsun, respublikada hakimiyyəti ələ keçirmək, yüksək mənsəbə çatmaq niyyətində olan ayrı-ayrı qruplar ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirməyə çalışırdılar. Beləliklə, durum getdikcə pisləşirdi. Bütün bunlar sovet qoşunlarının bilavasitə iştirakı və əks cəbhəyə yardımları ilə müşahidə edilirdi. Həmin vaxt geniş vüsət almış xalq hərəkatını idarə edənlərin əksəriyyəti alovlu vətənpərvər, böyük millətsevər rollarında olan gələcək vətən xainləri idi. Onlar populist çıxışlarla, imperiyanı hədələməklə "böyük cəsarət" nümayiş etdirərək xalq qəhrəmanı cildinə girməyi bacarmışdılar. Əslində isə, bilavasitə və dolayısı ilə imperiyaya xidmət edən bu şəxslər sovet dövlətinin erməni lobbisinə satılmış yüksək çinli rəhbərlərinin Azərbaycanda mənfur niyyətlərini həyata keçirməsinə zəmin yaratmaqla məşğul idilər. Bu isə emisarların öz planlarını həyata keçirməsini asanlaşdırır, onlara geniş fəaliyyət meydanı açırdı. O dövrdə dövlət aparatında yüksək vəzifələr tutmuş ayrı-ayrı "rəhbər"lərin başı isə kreslo davasına qarışmışdı. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Ə.Vəzirovun fəaliyyətsizliyi, ölkəni idarə edə bilməməsi, kosmopolit şəxsiyyəti, baş verən proseslərin mahiyyətini dərk edə bilməməsi, imperiyaya sədaqəti, əslində, dövlət aparatını iflic vəziyyətinə gətirib çıxarmışdı. Belə mənəvi düşkünlük və şəxsi ambisiyaların hökm sürdüyü dövlət aparatı isə xalqı idarə etmək bacarığından çox-çox uzaq idi. İmperiya ordusunu Azərbaycana yeritmək üçün Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizəsini qan dəryasında boğmaq üçün bir bəhanə lazım idi. Bu bəhanə isə elə hazırlanmalı idi ki, gələcəkdə imperiya beynəlxalq təşkilatlar qarşısında hüquqi cəhətdən özünə bəraət qazandıra bilsin, məsələnin mahiyyəti başqa formada dünya ictimaiyyətinə təqdim edilsin, "vəhşi azərbaycanlı" obrazı yaradılsın, qonşu respublikalar arasında qanlı münaqişə daha da qızışdırılsın. Belə işlərdə çoxillik təcrübəsi olan SSRİ kəşfiyyat orqanı və imperiya siyasətçiləri hazırladıqları ssenarini həyata keçirmək üçün çox da çətinlik çəkmədilər. 1990-cı ilin yanvar ayının əvvəllərində bir neçə günlük fasilələrlə Bakıda süni erməni qırğını törətdilər. Faktları şişirdilmiş və məqsədyönlü formada dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırıldıqdan sonra Azərbaycana "Qırmızı ordu"nun yeridilməsinin zərurət olduğu fikrini yaratdılar. Yanvar ayının 19-da artıq bütün hazırlıq işləri başa çatdırıldı. Emisarlar və milli satqınlar məhz həmin gecə xalqın axın-axın meydanlara, küçələrə çıxmasını təmin etdilər. Faciənin baş verəcəyi haqqında əvvəlcədən məlumatı olan xəyanətkar rəhbərlər xalqı xəbərdar etmədilər. Həmin gün telestudiyanın enerji bloku partladıldı. Fövqəladə vəziyyət rejimi haqqında Sov.İKP MK-nın Baş katibi M.S.Qorbaçovun fərmanı isə qırğından sonra elan edildi. Bütün bunlar təsadüf yox, mənfur bir planın dəqiq hazırlanmış ssenarisi əsasında baş tutdu.
Yanvar ayının 19-dan 20-nə keçən gecə rus-erməni ordu birləşmələri imperiya hərb maşınının ən yüksək texnika ilə təchiz olunmuş halda Bakıya daxil oldular və amansız qırğın törətdilər. Artıq faciə ilə üzbəüz dayandığını başa düşən Azərbaycan xalqı geri çəkilmədi. Bu da bəşər tarixində yeni bir qəhrəmanlıq nümunəsi oldu. Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi.
Böyük bir imperiyanın güc nazirliklərini təmsiledən generalların Bakıda oturub bilavasitə rəhbərlik etdikləri 20 yanvar əməliyyatı barbar bir qırğınla sona çatdı. Ancaq nə bu cəza, nə də ondan sonrakı müsibətlər Azərbaycan xalqının iradəsini qıra bilmədi. Azadlıq uğrunda - müstəqillik yolunda dönmədən mübarizə aparan xalqımız sonunda öz məqsədinə nail oldu.
- 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi barədə nə deyə bilərsiniz?
- Təəssüf ki, 20 yanvar hadisəsinə siyasi qiymət çox gec verildi. 1990-cı ildən sonrakı 3 il müddətində bir neçə siyasi komanda hakimiyyətə gəlsə də, cəsarət edib bu məsələyə siyasi qiymət vermədilər ki, bunu da müxtəlif səbəblərlə izah etmək olar. Əgər bir tərəfdən bu, həmin dövrdə hakimiyyətdə olan qrupların müstəqil olmamaları - xarici dövlətlərin "dirijor çubuğu"nun göstərişi ilə oturub-durmaları ilə əlaqədar idisə, başqa bir tərəfdən törədilmiş cinayətdə bilavasitə iştirakları ilə bağlı idi.
Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu hadisəyə siyasi qiymət verildi. Cinayətkarın adı, ünvanı dəqiqləşdirildi. Hələ qanlı faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn xalqımızın Ümummilli lideri Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi. Daha sonra Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Ümummilli lider Heydər Əliyev bəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Bunlarla yanaşı, Ümummilli lider Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı.
1994-cü il yanvar ayının 5-də Ulu öndər Heydər Əliyevin müvafiq fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim edilən və nəhayət həmin ilin mart ayında tərəfindən təsdiqlənən 20 yanvar faciəsinə siyasi qiymət verən bu sənəd bir daha Azərbaycan xalqının öz haqıqnı tələb edə bilməsini, ona qarşı cinayət törətmiş caniləri mühakimə etməyi bacarmasını sübut etdi.
Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.
- Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərin daim yaddaşlarda qalması, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə - şəhid ailələri, məcburi köçkün və qaçqın ailələrinə qayğı göstərilməsi dövlətin diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsi istisna deyil. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Xalqımız hər il 20 Yanvar faciəsi qurbanlarını yad edir, hadisənin üzərindən artıq 27 il keçməsinə baxmayaraq, SSRİ ordusunun azərbaycanlılara qarşı törətdiyi bu qırğınla bağlı respublikada və ölkədən kənarda geniş tədbirlər, müxtəlif aksiyalar keçirilir. Diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbəri Ramiz Mehdiyevin "20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"nın təsdiq edilməsi haqqında imzaladığı sərəncamda respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub. Bu, bütövlükdə, böyük əhəmiyyət kəsb edir. Belə bir ifadə var: tarixini bilməyənlər onu yenidən yaşamağa məhkumdurlar. Azərbaycan tarixinin şanlıq qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsi ilə bağlı gerçəkliklərin ölkə və dünya ictimaiyyətinə çatdırılması tarixi reallıqların dərk edilməsi və ondan nəticə çıxarılması baxımından böyük önəm kəsb edir.
Onu da qeyd edim ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı ölkədə həyata keçirilən siyasətin mühüm tərkib hissəsini təşkil edir. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi olaraq son illərdə bilavasitə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında mühüm layihələr həyata keçirilib.