MÜSAHİBƏLƏR
Azərbaycanda gənclər cəmiyyətin fəal üzvüdür, ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər
- Seymur müəllim, bu gün Azərbaycan gəncliyi cəmiyyət həyatında fəal iştirak edir. Hazırda ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin gənclərin inkişafında rolu və əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
- Ümumiyyətlə, hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinə hər zaman qayğı ilə yanaşırdı. Öz növbəsində, Azərbaycan gəncliyi də Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirir.
Bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.
Bilirsiniz ki, Azərbaycanda gəncliyin inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir.
Dövlət başçısının Sərəncamı ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramı təsdiq edilərək həyata keçirildi. Eləcə də, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu bir daha təsdiqlədi.
Bununla yanaşı, ölkə Prezidenti tərəfindən Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də əhəmiyyətli addımlardandır. Xüsusilə qeyd etmək istəyirəm ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da gənclər üçün böyük perspektivlər açır. Təbii ki, bütün bunlarda məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Hesab edirəm ki, gənclər öz fəaliyyəti ilə dövlətin göstərdiyi etimadı doğrultmalıdırlar.
- Yeni Azərbaycan Partiyası gənclərin inkişafı üçün nə kimi addımlar atır? Partiyanın bu istiqamətdəki siyasəti hansı nəticələr verməkdədir?
- Bildiyiniz kimi Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsidir. Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən 24 ildə şərəfli bir yol keçib, ümumxalq partiyasına çevrilməyi bacarıb. Bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyamız daha da inkişaf edir, güclənir. Təsadüfi deyil ki, hazırda YAP Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir.
Təqdirəlayiq haldır ki, Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir. Həyata keçirilən bir çox layihələr, gənclərin tədbirlərinə dəstək verilməsi, onlar üçün geniş imkanların yaradılması buna əyani sübutdur. Təbii ki , partiyamızda gənclərin öz bilik və bacarıqlarının üzə çıxarılması üçün geniş imkanlar yaradılıb. Partiya rəhbərliyi intellektual, fəal gənclərin bir çox təşəbbüslərini dəstəkləyir və onların cəmiyyət həyatında daha aktiv iştirak etməsi hərtərəfli dəstək göstərir. Bütün bunlara görə, Azərbaycan gəncliyinin mütləq əksəriyyəti öz siyasi talelərini YAP-la bağlayırlar. Hazırda partiyada gənlərin sayı 250 min nəfərdən çoxdur. Bu gün partiyamızın üzvlərinin sayı 700 min nəfərə yaxındır və yeni qoşulanların əksəriyyəti də məhz gənclərdir.
- Qeyd etdiyiniz kimi YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Bu mənada YAP Gənclər Birliyi öz fəaliyyətini necə qurur?
- YAP Gənclər Birliyi bu gün də istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Partiyanın rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında Azərbaycan gəncləri arasında vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ olunur. YAP həm də gənclərin seçkilərdə və digər ölkə əhəmiyyətli proseslərdə fəal iştirakını təmin etmək üçün seçkiqabağı dövrlərdə çoxsaylı tədbirlər keçirir. Eyni zamanda, təşkilatın bir sıra nüfuzlu dövlətlərin hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməsi Azərbaycan gənclərinin beynəlxalq aləmə inteqrasiyası baxımından çox önəmli faktordur. Bütün bunlar isə perspektiv baxımından böyük uğurlar vəd edir. Bu gün gənclər layiqli vətəndaşlar kimi yetişirlər və bu da gələcəyə nikbinliklə baxmağa tam əsas verir.
- Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi bu il ərzində hansı layihələr həyata keçirir?
- Təşkilatımız çoxsaylı layihələr həyata keçirir. Bu layihələr ən müxtəlif sahələri əhatə edir. Nümunə olaraq mən bir neçəsinin adını çəkə bilərəm. Məsələn, «Qüsursuz gələcək», «Sosial təhlükəsizlik», «Siyasi debat», «Azərbaycanın Memarı», «Gəncsən öz biznesinə başla», «Milli – Mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi», «Fərdi Özünüinkişaf» və digər layihələrin adını çəkmək mümkündür. Yəni layihələr ardıcıl xarakter daşıyır və bu gün də davam edir. YAP Gənclər Birliyinin Ofisi sağlam, intellektual gənclərin evidir və onlar üçün qapımız hər zaman açıqdır. Biz bu gənclərin təqdim etdikləri aktual, ictimai maraq kəs edən layihələrini təqdim etmələrinə lazımi şərait yaradırıq. Təbii ki, bütün bunlar partiyamızın rəhbərliyinin dəstəyi ilə baş tutur. Gənclərimizə göstərilən güclü dəstəyə görə partiyamızın rəhbərliyinə təşəkkür edirəm. Onu da qeyd edim ki, YAP Gənclər Birliyinin fəalları öz layihələri Azərbaycan Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinə də təqdim edir və həmin layihələrin bir çoxu dəstək qazanır.
Bununla yanaşı, YAP Gənclər Birliyi ölkəmizdə əlamətdar günlər, tarixi hadisələrlə bağlı ardıcıl olaraq tədbirlər reallaşdırır. Eləcə də, təşkilatımızın beynəlxalq əlaqələri inkişaf edir. Bu il ərzində gənclərimiz bir sıra ölkələrdə səfərdə olub, həmçinin, gənclərlə bağlı beynəlxalq tədbirlərdə iştirak ediblər. Bütövlükdə, biz öz fəaliyyətimizlə partiya rəhbərliyinin etimadın ılayiqincə doğrultmağa çalışırıq.
- Seymur müəllim, bildiyimiz kimi 2016-cı il dövlət başçısı tərəfindən Azərbaycanda «Multikulturalizm ili» elan olunub. Bu ilin ötən dövründə «Multikulturalizm ili» çərçivəsində ölkəmizdə bir çox tədbirlər keçirilib.Sizcə, multikulturalizmin, tolerantlığın təbliği istiqamətində Azərbaycan gənclərinin rolu nədən ibarətdir?
- Azərbaycan dünyada multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi nümunəsi ilə tanınıb. Çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrinə malik Azərbaycan xalqı bu fenomeni öz həyat tərzinə çevirməyi bacarıb. Multikulturalizm həm də Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi çoxdan öz təsdiqini tapıb.
Hazırda Azərbaycanda mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi ölkəmizin xarici imicini formalaşdırır və eyni zamanda, bir vizit kartı rolunu oynayır. Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasət nəticəsində Azərbaycan yüksək mədəniyyətə malik olan və tolerant dövlət kimi dünyada tanınır. Hər il Azərbaycanın müxtəlif humanitar sahələrdə təşkil etdiyi beynəlxalq toplantılar, konfranslar, tədbirlər bunun daha bir sübutudur.
Bir sözlə, Azərbaycan bu sahədə dünyaya örnək bir dövlət kimi özünü təsdiqləyə bilib. Azərbaycan hazırda burada yaşayan bütün xalqların, bütün səmavi dinlərə tapınanların azad yaşadığı bir dövlətdir. Bütün bunlara rəğmən qürur hissi ilə deyə bilərik ki, bəli, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib.
Çox sevindirici haldır ki, bu gün Azərbaycan gəncliyi öz milli-mənəvi dəyərlərinə, vətəninə, dövlətinə bağlı bir toplum kimi formalaşır. Əlbəttə, bu sahəyə dövlətimizin böyük diqqəti də əsas rol oynayır. Dəyərlərimizin təbliği sahəsində gənclərimiz bir sıra tədbirlər, layihələr həyata keçirirlər və ya onlara təşəbbüs göstərirlər. Əlbəttə, gələcək nəslin düzgün formalaşması dünyada qloballaşma prosesi getdiyi bir zamanda hərdən çətinləşir. Çünki müxtəlif maraqlara xidmət edən cərəyanlar hər zaman gənclərdən başlayırlar. Ancaq xüsusi vurğulamaq istərdim ki, bu gün Azərbaycan gəncliyi öz milli mənəvi dəyərlərinə, vətəninə, millətinə sadiqdir, dövlətçilik naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşib.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi də hər zaman milli-mənəvi dəyərlərin təbliğinə öz töhfəsini verməyə çalışır. Belə ki, bu il ərzində müxtəlif bölgələrdə təşkilatımız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə gənclərlə görüşlər keçirib, müxtəlif müzakirələr aparıb. Bu tədbirlərin əsas məqsədi həm gənclərimizin düzgün tərbiyələnməsi, maariflənməsi, eyni zamanda, Azərbaycanda mövcud olan multikultural dəyərlərin, tolerantlığın təbliğ edilməsidir. Gənclərə həm dini, həm mədəni sahələrdə aparılan işlər haqqında geniş məlumatlar verilir. Əlbəttə, multikultural dəyərlərin təbliği ilə yanaşı, bu gün gənclərimiz vətənpərvər ruhda tərbiyə olunur. Gənclərimizin gələcəkdə də bu istiqamətdə formalaşması əminəm ki, uğurla davam etdiriləcəkdir.
Azərbaycanda gənclər cəmiyyətin fəal üzvüdür və ictimai proseslərdə yaxından iştirak edirlər. Çox sevindirici haldır ki, bu gün gənclərimiz tolerantlıq ruhunda böyüyürlər. Təkcə ölkəmizdə deyil, həmçinin bir sıra beynəlxalq tədbirlərdə gənclərimiz uğurla təmsil olunaraq tolerantlıq və multikultural dəyərlərin təbliğ edilməsində böyük rola malikdirlər.
Multikulturalizm biliklərinin gənclərə ötürülməsi, hər kəsdə multikultural mədəniyyətin formalaşdırılması üçün bu işə kompleks pedaqoji təsirlərlə yanaşılmalıdır. Belə ki, bu proses uşaqların yaş səviyyəsinə, anlama imkanlarına uyğun olaraq uşaq bağçasından başlayaraq, ümumtəhsil məktəbində və peşə-ixtisas təhsili ocaqlarında sistemli olaraq davam etdirilməlidir. Eyni zamanda, multikulturalizm bilgiləri və təcrübi reallığı tərbiyəvi amilləri ilə də mədəni-intellektual insanın formalaşmasına təsir edir.
Çoxmillətli Azərbaycan artıq dünyanın nəzərində, gözündə nümunəvi bir dövlətdir. Əlbəttə, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib və bununla xalqımız da, dövlətimiz də qürur duyur.