MÜSAHİBƏLƏR
Azərbaycan dövləti insan hüquqlarının təminatına böyük önəm verir
- Yevda müəllim, bildiyimiz kimi bütün dünyada insan hüquq və azadlıqlarının təminatı ali məqsəd kimi qəbul olunur. Bu baxımdan, Azərbaycanda insan hüquqlarının vəziyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanda insan hüquqlarının təmin olunması dövlətimizin ali prinsiplərindən biridir. Ölkə Konstiutsiyasının böyük hissəsi məhz insan hüquqlarına həsr olunub. Bu amil dövlətimizin insan haqları amilinə nə qədər önəm verdiyinin göstəricisidir. Eyni zamanda, insan hüquqlarını təminatı ilə bağlı Azərbaycanda güclü hüquqi baza formalaşdırılıb. Həyata keçirilən bütün tədbirlər ölkəmizdə hər bir vətəndaşın hüquqlarının müdafiəsinə yönəlib. Azərbaycan hüquqi-dömokratik dövlət olaraq hər zaman insan hüquqlarının təminatına böyük önəm verir.
Qeyd edim ki, Azərbaycanın uğurlu inkişafı ölkəmizdə insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərlə müşayiət olunur. Məlum olduğu kimi, Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Ölkəmiz demokratik inkişaf yoluna Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiya əsasında qədəm qoyub. Ulu öndərimiz demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, həmçinin, dünya birliyinə fəal inteqrasiyanı müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan edib.
Azərbaycanın insan hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində inamla irəliləməsini faktlarla göstərmək olar. Ölkəmizdə söz, mətbuat azadlığı, fikir plüralizmi mövcuddur, mətbuat üzərində senzura yoxdur, vətəndaş cəmiyyəti daim inkişaf edir. Ölkəmizdə bələdiyyələrin, ombudsman institutunun formalaşdırılması, məhkəmə islahatlatları, Seçki Məcəlləsinə və Konstitusiyaya edilən mütərəqqi dəyişikliklər, eləcə də, digər bu kimi addımlar ölkəmizdə hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsini təsdiq edir. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir. Ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində əsaslı addımlar atır.
Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur. Bu istiqamətdə davamlı olaraq islahatlar həyata keçirilir. Həmin islahatlar nəticəsində qanunvericilik təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur. Konstitusiyamızın 12-ci maddəsində də göstərilir ki, insan hüquq və azadlıqlarının təminatı, eyni zamanda, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu ali məqsədin təmini istiqamətində dövlət konkret addımlar atır”.
- Sentyabrın 26-da ölkəmizdə keçirilən referendum nəticəsində Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edildi. Sizcə, insan hüquqlarının təminatının daha da gücləndirilməsi baxımından bu dəyişikliklərin əhəmiyyəti nədən ibarətdir?
- Hesab edirəm ki, referenduma çıxarılmış məsələlər böyük əhəmiyyət kəsb edir. Bu məsələlərin əsasında demokratik dəyərlərin təminatı, insan hüquqlarına verilən yüksək qiymət, sabitlik, təhlükəsizlik, səmərəli və dayanıqlı idarəçilik dayanırdı ki, xalqımız Konstitusiya dəyişikliklərinə səs verdi. Konstitusiya islahatları ilə ölkəmizdə insan hüquqlarının konstitusion əsasları daha da möhkəmləndirilir. Belə ki, əsas qanunun 24-cü maddəsinin birinci hissəsinə belə bir əlavə edilir: «İnsan ləyaqəti qorunur və ona hörmət edilir».
Referendum nəticəsində Konstitusiyanın 15 maddəsinə insan hüquq və azadlıqları ilə bağlı dəyişikliklər edilib. Hansı ki, bu dəyişikliklər bütövlükdə insan haqlarına dair fəsili əhatə edir. Təbii ki, Konstitusiya dəyişiklikləri içərisində sərbəst toplaşmaq, fikir azadlığı, vətəndaşlıq hüququ, azad sahibkarlıq hüquqları ilə bağlı mütərəqqi yeniliklər və dəyişikliklər vardır. Bütün bunlar insan hüquqlarını təminatının daha da gücləndirilməsinə xidmət edir.
- Yevda müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edib. Ölkəmizdə multikultural mühiti, tolerantlığı necə qiymətləndirirsiniz?
- Bəli, Azərbaycanda multikulturalizm dövlət siyasəti elan edilib. Multikultural dəyərlərə belə bir yanaşma həm multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları ilə, həm də müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində Azərbaycanın davamlı inkişaf tələbatları ilə elmi cəhətdən əsaslandırılıb. Azərbaycanın hazırda müstəqil siyasət yeridən nadir ölkələrdən olması, artıq beynəlxalq ictimaiyyət tərəfindən də öz təsdiqini tapıb.
Bu gün dünyada çoxmədəniyyətli ölkə imici qazanmış Azərbaycanda müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürməsi tarixi nailiyyətimizdir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şəraitin təmin edilməsi Azərbaycanı dünya ölkələri üçün tolerantlıq örnəyinə çevirib. Qürurverici haldır ki, bir sıra dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar.
Ölkəmizin multikulturalizm mərkəzinə çevrilməsində Heydər Əliyev Fondunun yorulmaz fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fond hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına öz töhfəsini verməyə çalışır. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı — Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır. Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında iştirakımız, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfenssiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir.
- Ölkəmiz sivilizasiyalar arasında dialoqa həsr olunmuş mötəbər beynəlxalq tədbirlərə də ev sahibliyi edir. Bu tədbirlər ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun göstəricisi hesab oluna bilərmi?
- Son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin sayının artması ölkəmizin dünya mədəniyyətində mühüm rol oynadığının bariz nümunəsidir. Sivilizasiyalar arasında dialoq və bütün dünyada sülhün və tərəqqinin möhkəmlənməsinə daha bir töhfə olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Onu da vurğulayım ki, ölkəmiz son illər ərzində sivilizasiyalar arasında dialoqa həsr olunmuş mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Bu ilin aprel ayında isə paytaxtımız Bakı daha bir nüfuzlu beynəlxalq foruma ev sahibliyi edib. Belə ki, 25-27 aprel tarixlərində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib.
BMT Sivilizasiyalar Alyansı Forumu kifayət qədər ağır idarə olunan, müxtəlif təbəqələri, nümayəndələri, qurumları əhatə edən müzakirə platformasıdır. Bu tədbir artıq dünyanın ən böyük forumu kimi qəbul olunur. Tədbirə 100-dən çox ölkədən qonaqlar iştirak edib. Bununla yanaşı davamlı olaraq Bakı şəhərində keçirilən Beynəlxalq Humanitar forumlarını fakt kimi göstərmək olar. Bilirsiniz ki, bu yaxınlarda növbəti-V Bakı Beynəlxalq Humanitar Forumu keçirildi ki, bu mötəbər tədbirdə yüzlərlə xarici qonaq iştiark etdi. Bu tipli forumlarda iştirak edən qonaqlar dünyada böyük nüfuza sahib olan şəxslərdir.
Bütövlükdə, bu kimi tədbirlər Azərbaycanın dünyadakı mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük töhfəsidir. Multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir.
- Siz həmçinin, Milli Məclisdə Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz. İki ölkə arasında əlaqələrin səviyyəsi haqqında nə deyə bilərsiniz?
- Hər iki ölkə arasında əlaqələr normaldır. Ölkə rəsmilərinin, eləcə də, parlamentarilərinin qarşılıqlı səfərləri bu əlaqələrin inkişafına töhfələr verir. Azərbaycanda antisemitizm yoxdur və bu, İsraildə yüksək qiymətləndirilir.
Xatırladım ki, İsrail Prezidenti Reuven Rivlin BMT-də Xocalı soyqırımı ilə bağlı çıxış edib və ölkəmizin mövqeyini dəstəkləyib. Bu fakt İsrailin ölkəmizə münasibətinin göstəricisidir. Milli Məclisin nümayəndə heyəti fevral ayında bu ölkəyə səfəri zamanı ona bu mövqeyinə görə təşəkkür etdi. Təbii ki, belə faktların sayını artırmaq da olar.
Bütövlükdə, İsrail tərəfi Azərbaycanın multikultural dəyərlərini, ölkəmizin yəhudilərin öz mədəniyyətlərini inkişaf etdirməyə geniş imkan yaratmasını, onlara qarşı dünyanın heç bir yerində olmayan tolerant münasibətin göstərilməsini yüksək qiymətləndirir. Qarşı tərəf Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsində, çoxşaxəli, o cümlədən iqtisadi əlaqələrin inkişafında, Azərbaycanın multikultural dəyərlərinin yayılması sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirir.
Eyni zamanda, Azərbaycan da İsrail ilə əlaqələr böyük önəm verir. Hesab edirəm ki, iki dövlət arasında münasibətlər bundan sonra da uğurla davam edəcək.