MÜSAHİBƏLƏR
Yeni Referendum Aktı dövlət müstəqilliyinin daha da inkişaf etdirilməsinə təminat verir
- İsa müəllim, Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər hansı zərurətdən yaranmışdır?
- Azərbaycan cəmiyyəti ölkəmizin Konstitusiyasına dair Referendum Aktını zamanın sifarişi kimi qəbul etmişdir. Çünki Azərbaycanda müstəqil dövlətçiliyin sürətlə və hərtərəfli şəkildə inkişaf etməsi, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, eyni zamanda, dünya birliyində gedən müasir proseslər dövlət idarəetməsi istiqamətində və cəmiyyət həyatında daim yeni islahatları meydana çıxarır. Azərbaycan müstəqillik dövründə cəmiyyətin inkişafından doğan, zamanın sifarişi kimi meydana çıxan çağırışların işığında məqsədyönlü şəkildə keçirilən ardıcıl və geniş miqyaslı islahatların sayəsində irəli gedərək, bugünkü yüksək inkişaf mərhələsinə gəlib çatmışdır. Daha dəqiq desək, inkişafın hər yeni mərhələsi növbəti islahatlara tələbatları doğurmuş və həmin islahatların həyata keçirilməsi də öz növbəsində böyük inkişafa təkan vermişdir. Hazırda ölkəmizdə bundan sonrakı dövrün daha dinamik yüksəlişini təmin etmək, dövlət müstəqilliyini möhkəmləndirmək, siyasi sistemi təkmilləşdirmək üçün zaman növbəti islahatların sifarişini irəli sürür. Möhtərəm Prezidentimiz İlham Əliyevin «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktının layihəsini geniş miqyasda cəmiyyətin müzakirəsinə təqdim etməsi respublikamızda bundan sonrakı tarixi epoxada daha möhkəm dövlətçiliyə və cəmiyyət həyatında yeni inkişafa malik olmaq zərurətindən irəli gəlmişdir. Dövlət başçısı tərəfindən irəli sürülmüş düşünülmüş dəyişikliklər Azərbaycanda müstəqil dövlətçiliyin 25 ili ərzində əldə olunmuş nailiyyətlərin inkişaf etdirilərək daha da möhkəmləndirilməsinə, bütün sahələr üzrə mühüm nailiyyətlərin və yeniləşmələrin əldə edilməsinə yol açır. Əslində təklif edilən dəyişikliklər respublikamızda dövlət müstəqilliyinin 25 il ərzində keçilmiş inkişaf yolunun dərslərindən çıxarılan mühüm nəticələrdir. Müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilərək möhkəmləndirilməsində ölkəmizin hər bir vətəndaşı maraqlı olduğu üçün Konstitusiyaya təklif edilən dəyişikliklər bütövlükdə xalqımızın milli maraqlarını və dövlətçilik ideallarını ifadə edir. Ölkə Prezidenti İlham Əliyevin irəli sürdüyü «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktının layihəsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun qərarında deyildiyi kimi, təklif olunan dəyişikliklər ölkəmizin ümumxalq səsverməsi ilə qəbul olunmuş Baş Qanunnaməsinin – Konstitusiyamızın tələblərinə və prinsiplərinə tamamilə uyğundur. Bu, eyni zamanda, tarixə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə daxil olmuş Konstitusiyamızın cəmiyyətdə baş verən proseslərə açıq olduğunu və mövcud reallıqlardan doğan dəyişikliklərlə zənginləşdiyini bir daha nümayiş etdirir.
- Referendum Aktında insan hüquqlarının müdafiəsi ilə əlaqədar müddəalara münasibətinizi bilmək istərdik…
- Təəssüf ki, insan hüquqları məsələsinə bir çox Qərb siyasi dairələrində ikili standartlar mövcuddur. Bəzi beynəlxalq qurumlar üçün insan hüquqları məsələsindən təzyiq və təsir mexanizmi kimi istifadə olunur. «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktının layihəsində insan hüquqları və azadlıqlarının təmin edilməsi istiqamətində irəli sürülən təkliflər isə ilk növbədə ölkəmizdə demokratik dəyərlərin, vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsinə şərait yaradacaq. Bu istiqamətdə indiyədək Azərbaycan cəmiyyətində daim islahatlar həyata keçirilmiş, ciddi bir inkişaf səviyyəsinə nail olunmuşdur. Azərbaycan cəmiyyətinin yeni inkişaf mərhələsinin tələbatı kimi meydana çıxan dəyişikliklərin əsasən insan hüquqlarının, vətəndaşların şərəf və ləyaqətlərinin müdafiəsinə aid olması geniş mənada müstəqil Azərbaycan dövlətinin mənbəyi olan xalqın mənafelərinin möhkəmləndirilməsinə şərait yaradır.
- İsa müəllim, son illərin dünya təcrübəsi göstərdi ki, bir çox ölkələr ordu quruculuğu məsələsinə yenidən baxır. Referendum Aktında ölkəmizdə ordunun idarə olunması ilə əlaqədar irəli sürülən müddəaları necə şərh edərdiniz?
- Əlbəttə, möhkəm və güclü orduya malik olmaq dövlət üçün çox əhəmiyyətli məsələdir. Dövlətçilikdə xüsusi çəkiyə malik olan, ölkənin müdafiəsini və təhlükəsizliyini təmin edən Silahlı Qüvvələrin idarə olunmasına dair Referendum Aktında təklif edilən dəyişikliklər bu ciddi və məsuliyyətli sahədə vahid komandanlıq sisteminin formalaşdırılması üçün zəruridir. Azərbaycan ordusunun və ölkəmizdə mövcud olan başqa silahlı birləşmələrin hamısının vahid qaydada Ali Baş Komandana tabe olması, eyni mərkəzdən idarə olunması, hər şeydən əvvəl, dövlət idarəçiliyinin bir daha möhkəmləndirilməsi deməkdir. Bu, eyni zamanda, ordu quruculuğu sahəsində növbəti islahatdır. Heç şübhəsiz, Referendum Aktının tələbinə uyğun olaraq təklif olunan dəyişiklik əsasında «başqa silahlı birləşmələr», yəni Azərbaycan Respublikasının Milli Ordusu ilə yanaşı, ayrı-ayrı nazirliklərin tabeliklərində olan sahələr üzrə ordu birləşmələri də tabeçilik və idarəetmənin möhkəmləndirilməsi üzrə öz fəaliyyətlərini daha da təkmilləşdirəcək. İllərdən bəri davam edən müharibə şəraitində olan Azərbaycan üçün ordu quruculuğunda belə bir islahat son dərəcə əhəmiyyətlidir. Bundan başqa, son vaxtların dünya hadisələrinin təcrübəsi də müxtəlif nazirliklərin tabeliyində fəaliyyət göstərən ordu birləşmələrinin dövlət başçısının - Ali Baş Komandanın əmr və göstərişlərinə tabe edilməsinin zəruri olmasının əhəmiyyətini bir daha təsdiq edir.
- Referendum Aktında ölkəmizdə Prezident üsuli-idarəsinin formalaşdırılması haqqında təklifləri necə qiymətləndirirsiniz?
- Əslində Azərbaycanda dövlət idarəçiliyi baxımından Prezident üsuli-idarəsi yolu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Baş Nazirinin və Milli Məclisin fəaliyyətinin təkminləşdirilməsinə dair Referendum Aktı layihəsində əksini tapmış dəyişikliklər öz məntiqi etibarilə Konstitusiyada edilməsi nəzərdə tutulan yeniləşmələrlə tamamilə uyğundur. Zəruri hallarda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar Konstitusiyaya daxil edilməsi nəzərdə tutulan dəyişikliklər ölkəmizdə cəmiyyət həyatında baş verən proseslərdə hüquqi dövlət quruculuğunun təmin edilməsinə şərait yaradan müddəalardır. Nazirlər Kabinetində və Milli Məclisin təşkilindəki yeniliklər geniş mənada dövlət idarəçiliyinin də yeniləşdirilməsi tələbini meydana çıxarır. Bunlar dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən, Azərbaycan Respublikasında ölkədə möhkəm sabitliyi və hərtərəfli böyük inkişafı təmin etmək mənasında özünü tam da isbat etmiş Prezident üsul-idarəsinin daha da möhkəmləndirilməsinə, hakimiyyətin ayrı-ayrı qollarının işinə dövlət rəhbərliyinin gücləndirilməsinə zərurət yaradır. Bu, Prezidentlik institutunun, hakimiyyətin müxtəlif qollarının dövlət və xalq qarşısında məsuliyyətinin daha da artırılmasına təsiri və nəzarətini genişləndirməyə imkan yaradacaq. Nəticədə müstəqil dövlətçilik geniş işlək mexanizmi və möhkəm nəzarət imkanları olan bir sistemə çevriləcək. Bu, yeni, genişləndirililmiş dövlət idarəçilik sistemi təbii olaraq həmin böyük spektrdə idarəetməni məqsədyönlü şəkildə təmin etmək üçün Prezident üsul-idarəsində də yeni strukturların yaradılması zərurətini meydana qoyur. «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktında Konstitusiyanın 103, 105, 106, 108, 110-cu maddələrində ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq öz əksini tapmış vitse-prezidentlik istitutuna dair müddəalar tamamilə yenidir və nəticə etibarilə Prezident İdarəetməsi İnstitutunun daha da inkişaf etdirilməsinə xidmət edir. Prezident hakimiyyətinə əsaslanan idarəetmə sistemində Referendum Aktının müddəalarına əsasən Birinci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin müəyyənləşdirilməsi qəbul olunmuş idarəçilik sisteminin normal fəaliyyətinin təmin edilməsinə öz töhfəsini verəcək. Fikrimizcə, vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda həm də artıq inkişaf etmiş müstəqil bir dövlətin formalaşdığını göstərən əhəmiyyətli bir faktdır. Məhz inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin və yeniləşmiş Azərbaycan cəmiyyətinin bütün istiqamətlər üzrə daha da irəli getməsi üçün ölkə Prezidentinin tabeçiliyində vitse-prezidentlərin fəaliyyət göstərməsi dövlət rəhbərinin həyata keçirdiyi geniş miqyaslı islahatların, dövlət başçısının rəhbərliyi ilə icra olunan möhtəşəm proqramların yerinə yetirilməsinə icra məsuliyyətini artırar, beynəlxalq əməkdaşlıq sahəsindəki çoxcəhətli fəaliyyətə təkan verə bilər. Bu mənada vitse-prezidentlik institutunun yaradılmasına dair Referendum Aktının təklif olunan müddəalarının qəbul edilməsi ölkəmizdə Konstitusiya islahatları səviyyəsində də ciddi bir addımdır. Dövlət idarəetmə sistemində ilk dəfə olaraq vitse-prezidentlik strukturunun formalaşdırılması Prezident İlham Əliyevin adı ilə bağlı olan tarixi xidmətdir. Nəinki müstəqillik dövründə, hətta Azərbaycan dövlətçiliyinin bütün tarixi ərzində vitse-prezident formatında yeni səlahiyyətlər ilk dəfədir ki, tətbiq olunur. Vitse-prezidentlik ölkə Prezidentinin hakim komandasının yeni strukturu kimi dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə öz töhfələrini verəcək.
- Seçkilərdə iştirak etmək üçün yaş həddinə aid yeni maddələrə baxışınız necədir?
- Fikrimcə, bu da zamanın irəli sürdüyü tələbatdır. Artıq Azərbaycanda möhkəm dövlətçilik prinsipləri formalaşmışdır. Eyni zamanda, ölkəmizdə azərbaycançılıq idealları üstündə köklənmiş yeni gənc nəsil formalaşmışdır. Referendum Aktında seçilmək hüququ ilə əlaqədar müəyyən edilən 18 yaş həddi Azərbaycanda uğurla həyata keçirilməkdə olan gənclər hərəkatının idealları ilə tam səsləşir. Möhtərəm Prezidentimiz İlham Əliyevin müstəqil dövlətimizin daha da inkişaf etdirilməsi istiqamətində gəncliyin qarşısında açdığı geniş meydan ölkəmizin yeni nəslinin istedadlı, bacarıqlı, hərtərəfli hazırlığa malik nümayəndələrinin cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmışdır. Artıq respublikamızda gənclər müasir cəmiyyətin böyük qurucularına çevrilmişlər. Ona görə də seçilmək hüququ üzrə mövcud məhdudiyyətlərin aradan qaldırılması müstəqil Azərbaycan dövlətinin yeni nəslinin cəmiyyətin inkişafında daha yaxından və məsuliyyətlə iştirak etmələrinə yol açacaq. Bu, həm də müasir gənc nəsli ölkə miqyaslı böyük sınaqlara səfərbər etmək üçün də əhəmiyyətli addımdır. Hesab edirəm ki, dünyada özünün yüksək intellektual potensialı və dərin mənəvi dəyərləri ilə fərqlənən Azərbaycan xalqının yeni nəsilləri üçün müəyyən edilən 18 yaş həddində seçilmək hüququ xalqımızın, xüsusən yeni nəslin istedadını və qabiliyyətlərini üzə çıxarmaq baxımından da əhəmiyyətli olacaq.
- İsa müəllim, ölkə Prezidentinin seçilməsi müddəti haqqındakı müddəalar xalqımıza nəyi vəd edir?
- Birmənalı şəkildə bildirmək istəyirəm ki, Azərbaycanda müstəqillik dövründə qazanılmış uğurlar dövlət idarə etməsindəki sabit və davamlı proseslərlə əlaqədardır. Dünya xəritəsində rənglərin dəyişməsi təəssüf ki, bir çox hallarda aldadıcı, yalançı rəngli «inqilabların» nəticəsində yaranıb və nəticədə həmin ölkələrin xalqları dərin təəssüf və peşmançılıq hissindən başqa heç nə əldə edə bilməyiblər. Bu mənada Referendum Aktında Azərbaycan Respublikasının Prezidentinin fəaliyyət dövrünün 5 il əvəzinə 7 il müddətində nəzərdə tutulmasına dair dəyişikliklər də, fikrimcə, respublikamızda müasir inkişafın real məntiqindən doğan təbii haldır. Azərbaycanda bütün sahələr üzrə daxili iqtisadi inkişafın ilkin mühüm problemləri əsaslı şəkildə həll edilmiş, yüksək həyat səviyyəsi formalaşdırılmışdır. Bundan sonra qarşıda duran əsas vəzifələrdən biri, gələcək yeni inkişaf naminə ölkə və beynəlxalq miqyaslı davamlı proqramları həyata keçirməkdən, dövlətlərarası möhtəşəm layihələrin icrasına nail olmaqdan ibarətdir. Artıq ölkəmizdə ötən illər ərzində həmin istiqamətdə uğurlu təcrübələr əldə olunmuş, bir çox nəhəng transmilli layihələrin həyata keçirilməsi başa çatdırılmışdır. O da hər kəsə yaxşı məlumdur ki, Azərbaycan hazırda Şimal-Cənub, «Şahdəniz-2», TANAP, Bakı-Tbilisi-Qars kimi yeni tarixi epoxanın ölkələrarası iri miqyaslı layihələrinə rəhbərlik edir. Ölkəmiz bir çox beynəlxalq səviyyəli böyük proqramların əsas icraçıları sırasında mühüm yer tutur. Regionda sülhün və siyasi sabitliyin, iqtisadi inkişafın möhkəmlənməsinə böyük töhfələr vermiş bu layihələr Azərbaycanı inkişafın hazırkı yüksək mərhələsinə çatdırmaqda mühüm rol oynamışdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Azərbaycanın ölkədaxili sürətli və hərtərəfli inkişafında tarixi hadisəyə çevrilmişdir. Belə böyük proqramların həyata keçirilməsi baxımından vaxt, zaman amili də çox mühüm faktordur. Bütün bu proseslər hazırda yeni mərhələyə qədəm qoyur. İlk növbədə ölkəmiz, həm də region, ümumiyyətlə dünya üçün əhəmiyyətli olan bu möhtəşəm proqramların həyata keçirilməsi baxımından təklif edilən 7 illik Prezidentlik müddəti daha geniş perspektivlər vəd edir. Davamlı islahatlar nəticəsində görüləcək işlər, reallaşdırılacaq böyük layihələr Azərbaycanın daha da irəli getməsinə, problemlərinin uğurlu həllinə imkan yaradacaq. Bu mənada ölkəmizin və xalqımızın, o cümlədən regionun inkişafı üçün 7 illik dövlət rəhbərliyinin təmin edilməsi daha məqsədəuyğundur. Bu, daha böyük inkişafın daha möhkəm təminatıdır.
İkincisi, Azərbaycan xalqı ölkə Prezidenti İlham Əliyevin respublikamızda sülhün və sabitliyin, hərtərəfli dinamik inkişafın, xöşbəxt gələcəyin böyük qarantı olduğuna ürəkdən, dərindən, möhkəm inam bəsləyir. Geniş ümumxalq etimadı qazanmış dövlət başçısı İlham Əliyevin beynəlxalq aləmdə qazandığı böyük nüfuzla xalqımız fəxr edir. Azərbaycan xalqı müstəqil Azərbaycan dövlətinin beynəlxalq nüfuzun qorunub saxlanılmasında, daha da inkişaf etdirilərək möhkəmləndirilməsində maraqlıdır. Xalqımız bu inamı hər zaman ifadə edir ki, həm ölkə, həm də beynəlxalq miqyasda əldə olunmuş mühüm siyasi-iqtisadi, mədəni-mənəvi inkişafın uğurla yeni zirvələrə doğru addımlamasında ölkə Prezidenti İlham Əliyev böyük təcrübəyə və möhkəm siyasi iradəyə sahibdir.
- Yeni Referendum Aktının təbliğatının hansı formada həyata keçirilməsini faydalı hesab edirsiniz?
- Bütövlükdə «Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında» Referendum Aktı müstəqil Azərbaycanda dövlət idarəçilik mexanizminin, siyasi sitemin daha da genişləndirilməsi və möhkəmləndirilməsi yolu ilə müstəqilliyimizin inkişafına və ümumiyyətlə, yeni inkişafa təminat verir. Bütün bunlara görə yeni tarixi epoxada Konstitusiyamıza dəyişiklik edilməsi nəzərdə tutulmuş müddəaların, ümumiyyətlə, yeni Referendum Aktının irəli sürdüyü islahatların mahiyyətini xalqımıza çatdırmaq, bu müddəaları Azərbaycan cəmiyyətinin dinamik inkişaf templəri və gələcək perspektivləri ilə birlikdə təbliğ etmək hər bir ziyalının ən mühüm və şərəfli vəzifəsi, borcudur. Dövlət müstəqilliyimizin 25 ili ərzində qazanılmış böyük nailiyyətlər, dünya ictimaiyyətinin gözü qarşısında baş vermiş mühüm dəyişikliklər Referendum Aktının həyata keçirilməsinə tam təminat verir.