MÜSAHİBƏLƏR
Referendum Aktı layihəsi qloballaşan dünyada gedən davamlı proseslərin fonunda zərurətdən irəli gələn çağırışdır
- Bəhruz müəllim, artıq ölkəmizdə referendumla bağlı ümumxalq səsverməsinə sayılacaq günlər qalıb. Siz, Konstitusiyamıza ediləcək əlavə və dəyişiklikləri zəruri edən səbəblər barədə hansı fikirlərinizi bölüşə bilərdiniz?
- Çox doğru bir fikirdir ki, 26 sentyabr tarixində baş tutacaq ümumxalq səsverməsi Referendum Aktı layihəsi, ilk növbədə, zərurətdən doğan bir addımdır və bu təşəbbüsün reallaşdırılması xalqımızın, dövlətimizin daha güclü inkişafına hesablanmış əhəmiyyətli addımdır. Dünya inkişaf edir, proseslər bir-birini sürətlə əvəzləyir. Belə bir ərəfədə Azərbaycan da dünya birliyinin bir parçası kimi inkişaf edir və bu faktor növbəti tələbləri, dövrün zəruri sifarişlərini önə sürür. Eyni zamanda, qeyd etmək olar ki, dövlətin idarə edilməsi hərəkətdə olan bir prosesdir və zaman keçdikcə, bunun təkmilləşməsinə, müasirləşməsinə, modernləşməsinə ehtiyac duyulur. Bu da qloballaşan dünyada gedən davamlı proseslərin fonunda ehtiyacdan irəli gələn zəruri çağırışdır.
Xüsusilə, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə reallaşdırılan düşünülmüş, məqsədyönlü və müstəqil siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə aparıcı dövlətlər sırasında öz mövqeyini möhkəmləndirməyə nail olub. Əlbəttə ki, istər iqtisadiyyatda, istər sosial siyasətdə, istərsə də digər sahələrdə qazanılan uğurlar xalqımızın rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynayıb. Məhz Referendum Aktı layihəsi çərçivəsində Konstitusiyamızda ediləcək əlavə və dəyişikliklər inkişafın növbəti mərhələsinə keçid imkanı yaradır. Bu imkandan istifadə etmək isə günümüzün tələbinə çevrilib. Çünki davamlı islahatlar aparılmasa, əldə edilən inkişaf tərəqqi edən dünya ilə ayaqlaşa bilməz. Bu, həm də bir aksiomadır. Ona görə də Konstitusiyaya təklif edilən əlavələr və dəyişikliklər özündə sosial, siyasi, iqtisadi, hüquqi sahələrdə, o cümlədən idarəetmədə kompleks islahatları özündə kifayət qədər ehtiva edir, islahatlar nəticəsində əldə ediləcək növbəti nailiyyətləri səciyyələndirir.
Bu baxımdan, bir daha vurğulamaq yerinə düşərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sosial-iqtisadi inkişafın bütün göstəriciləri üzrə dinamik inkişafa nail olunub. Çünki daha öncəki qanunlarımızda da inkişafın sürətli mərhələsini təmin edən müddəalar yer almışdır. Yəni hazırkı müddəalar Ali Qanunda da öz əksini tapıb, indi isə bu qanunları təkmilləşdirmək zərurəti yaranıb. Məsələn, sonuncu referendum ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklərə əsasən, 12-ci maddənin I bəndində "Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi" dövlətin ali məqsədləri içərisində göstərilib. İndi isə Konstitusiyaya edilməsi təklif edilən bir sıra əlavə və dəyişikliklər həmçinin, sosial məzmunu da buraya əlavə edib. Ona görə də hesab edirəm ki, biz hazırda zamanın tələblərindən doğan çox mühüm bir mərhələni yaşayırıq. Bu səbəbdən, demək mümkündür ki, 26 sentyabr referendum günü Azərbaycanın inkişaf səhifəsinə növbəti tarixi hadisə kimi yazılacaq.
- Sizcə, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər Azərbaycanın demokratik inkişafı və siyasi baxımından hansı faktorları ehtiva edir?
- Təbii ki, islahatlar digər sahələrlə yanaşı, demokratik inkişafa da öz töhfələrini verəcək. Düzdür, ötən illər ərzində ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu istiqamətində çoxlu sayda böyük uğurlar əldə edib. Lakin biz bu nəhəng uğurlarla kifayətlənməməli, daha böyük nailiyyətlərə imza atmalıyıq. Çünki dövlət quruculuğu prosesi ilə vətəndaş cəmiyyəti institutlarının inkişafı paralellik təşkil etməlidir, eyni zamanda, xalqımız da buna layiqdir.
Həmçinin, qeyd etmək istərdim ki, hər bir inkişaf mərhələsində əsas töhfəverici qüvvə kimi, ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası (YAP) daim öndə olub. Partiyanın yarandığı dövrdən etibarən başlatdığı mübarizə yolu, məhz özündə Azərbaycanın müstəqillik istiqamətini, həmçinin demokratikləşməsi meyarlarını əks etdirib. 1993-cü ildən başlayaraq, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strateji hədəflər və inkişaf xətti bu gün Onun layiqli davamçısı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev cənabları tərəfindən davam etdirilir. Ona görə də qeyd edə bilərik ki, hər bir inkişaf amili arxasında Yeni Azərbaycan Partiyasının ideoloji prinsipləri dayanır. Bu prinsiplərin nəticəsidir ki, əldə edilmiş nailiyyətlər bütün sahələri əhatə edir. Əbəs yerə deyil ki, ötən illər ərzində dövlətimiz tərəfindən aparılan mütərəqqi islahatların nəticəsi olaraq, Azərbaycanda söz və vicdan azadlığı, çoxpartiyalılıq, fikir plüralizmi və s. mühit formalaşıb. Ölkə rəhbərliyinin məqsədyönlü fəaliyyəti Azərbaycan xalqında dövlətin gücünə və gələcəyinə inam hissi, milli təfəkkürdə düşüncə və dönməz ideoloji xətt, azərbaycançılıq ideyası əsasında isə müstəqil dövlətçilik təsəvvürləri formalaşdırıb. Nəticədə Azərbaycan istər regionda, istərsə də beynəlxalq aləmdə siyasi çəkisinə görə sayılıb-seçilən, müstəqil siyasət yürüdən dövlətə çevrilib ki, bu amil nəticəsində ölkəmiz daha yüksək zirvələri fəth etmək imkanını qazanıb. Beləliklə də, Konstitusiya islahatlarının reallaşdırılması sözügedən prosesə stimul verməklə ölkəmizin demokratik imicinin möhkəmlənməsində önəmli rol oynayacaq.
- Bəhruz müəllim, ümumxalq səsverməsinə çıxarılan məsələlərdə digər müddəalarla yanaşı, milli təhlükəsizliklə də bağlı bir sıra məqamlar yer alıb. Necə fikirləşirsiniz, əlavə dəyişikliklər bu istiqamətdə hansı özəllikləri ilə seçiləcək?
- Hər birimizə aydındır ki, əgər dövlətin təhlükəsizliyi təmin olunmasa, onun inkişaf mərhələsi məhdudlaşır. Ona görə də dövlətçiliyin əsas təməl prinsiplərindən biri də məhz bu sferanı əhatə edir. Əbəs yerə deyil ki, Referendum Aktının layihəsində də bu məsələlər öz əksini tapıb. Belə ki, 58-ci maddənin IV hissəsinin birinci cümləsinin "Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır" redaksiyada verilməsi təklif edilib. Ona görə də bu və digər nümunələr islahatlar sırasında bilavasitə təhlükəsizliyin təmin olunmasına istiqamət alır.
Bütün bu kimi faktorları incələyərkən, təhlilini apararkən, məhz belə nəticəyə gəlməyə zəmin yaradır ki, inkişafımızın sürətli və dinamikliyi üçün hər bir Azərbaycan vətəndaşı milli təhlükəsizliyin təminatında iştirak etməli, daim dövlətçilik maraqlarının müdafiəsində fəallıq göstərməlidir. Ümumiyyətlə, tarixin bütün dövrlərində xalqımız müdrik qərarlara imza atmağı bacardığı kimi, bu dəfə də belə olacaq. Əminəm ki, 26 sentyabrda keçiriləcək referendum da müvəffəqiyyətlə nəticələnəcək, dövlətimiz, ölkəmiz, millətimiz və hər bir vətəndaşımız üçün xeyirli olacaqdır.
- Diqqətçəkici məsələlərdən biri də birinci vitse-prezident və vitse-prezident vəzifələrinin yaradılması ilə əlaqədardır. Sizcə, idarəçilik praktikasında təklif edilən həmin vəzifələrin təsis edilməsi hansı yenilikləri gətirəcək?
- Biz bilirik ki, dünyanın ən aparıcı dövlətlərində 1-ci vitse-prezident və vitse-prezident institutları mövcuddur. Azərbaycan da inkişaf və tərəqqi edən ölkə kimi dünyanın siyasi mühitində modern ölkələr sırasında yer aldığına görə, bu institut da yeniliklər etməlidir. Bu institut Respublikada modern bir mexanizm olaraq, çevik idarəetmə sisteminin formalaşmasına xidmət edəcəkdir. Sözügedən təklif isə instisional baza olaraq, bilavasitə dövlətimizin və idarəçilik formatının yeni - daha çevik idarəetmə xüsusiyyətlərini formalaşdıracaq. Xüsusilə, hazırda dünyada cərəyan edən qlobal təhlükələrdən qorunmaq üçün bu dəyişikliklər çox vacibdir.
Beləliklə, inanırıq ki, təklif olunan dəyişiklərdə nəzərdə tutulan bu vəzifələrin təsis edilməsi ölkəmizin müasir və modernləşmiş siyasi sistemində olduqca münbit təsirlərini göstərəcək.
- Bu arada, təkliflər əsasında yaş məhdudiyyətinin aradan qaldırılması ilə bağlı da fikirlərinizi öyrənmək istərdik...
- Təbii ki, daha bir əhəmiyyətli məqam Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə iştirakı ilə bağlı dəyişiklərdir. 85-ci maddənin I hissəsində "yaşı 25-dən aşağı olmayan" sözləri "seçkilərdə iştirak etmək hüququna malik olan" sözləri ilə əvəz edilməsi, həmçinin 100-cü maddədən "Yaşı otuz beşdən aşağı olmayan" sözləri çıxarılması təklif olunur. Bu isə belə qənaətə gəlməyə imkan yaradır ki, yeni müddəalarda seçkili orqanlarda və idarəetmədə təmsil olunmaq üçün yaş məhdudiyyəti, ümumiyyətlə aradan qaldırılır. Yəni bu zərurət, həm də ondan irəli gəlir ki, hazırda ölkəmizdə yürüdülən uğurlu gənclər siyasəti, o cümlədən, gənclərimizə olan dövlət qayğısı sayəsində yeni, intellektual, daha böyük və müasir dünyaya bağlı olan gənc nəsil yetişib. Belə olan təqdirdə onların potensialından, gücündən, ideyalarından milli və dövlət maraqları üçün istifadə etmək vacib amildir. Bu, həm də müasir dövrümüzün aparıcı tələblərindəndir. Hesab edirəm ki, belə milli potensialdan səmərəli istifadə üçün hüquqi bazanın yenilənməsinə həqiqətən də ehtiyac duyulurdu. Mövcud təkliflərdə sözügedən faktorun önə çəkilməsi isə yalnız müsbət qiymətləndirilə bilinər.
- Siz, səlahiyyətli nümayəndə qismində bölgələrdə olursunuz və xalqla təmas qurmusunuz, ümuymiyyətlə, mövcud durumu necə qiymətləndirərdiniz?
- Bəli, biz demək olar ki, Azərbaycanın bütün bölgələrində seçicilərlə görüşlər keçiririk. Görüşlərdən sonra bir daha əmin olduq ki, xalqımız bu təşəbbüsü bəyənir və dəstəkləyir. O cümlədən, vətəndaşlar Referendum Aktının layihəsi ilə bağlı müddəaları oxuyub və əlavə və dəyişikliklərdəki təkliflər barədə tam məlumatlıdırlar. Onu da deyə bilərəm ki, bölgələrdə sakinlərlə keçirilən görüşlər, xalqın proseslərdəki siyasi fəallığı, onların dəyişikliklərlə bağlı kifayət qədər məlumatlı olmaları bu mənzərəni tamamilə təsdiqləyir. Çünki xalqımız Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursu daim dəstəklədiklərini bildirir, bizimlə söhbətlərində bunu dönə-dönə vurğulayırlar. Biz sentyabrın 26-da bu əminliyin və növbəti qələbələrə doğru atılacaq imzaların növbəti dəfə şahidləri olacağıq. Xalq dinamik inkişafa, davamlı tərəqqiyə "HƏ" deməklə yanaşı, bu inkişafda lokomotiv rolunda çıxış edir və bunu ümumxalq səsverməsi günündə Vətənə, dövlətə sevgisi ilə sübuta yetirəcəkdir.