YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Konstitusiyaya ediləcək dəyişikliklər dövlətçiliyimizin möhkəmlənməsinə, sosial-iqtisadi inkişafın davamlılığına və demokratik idarəçiliyin daha da təkmilləşməsinə əhəmiyyətli töhfələr verəcəkdir

Müsahibimiz Milli Məclisin deputatı, “Yeni Azərbaycan” Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi Bəxtiyar Sadıqov

- Bəxtiyar müəllim, Azərbaycanda Konstitusiya islahatları ilə bağlı keçiriləcək referendumu zəruri edən səbəblər hansılardır?

- Bu gün dünyada çox mürəkkəb, ziddiyyətli proseslər baş verir və bu gərginlik getdikcə artır. Çox təəssüf ki, bu proseslər həm bəşəriyyət, həm yeni müstəqillik qazanmış dövlətlər, eyni zamanda həm iqtisadi cəhətdən o qədər də güclü olmayan ölkələr, həm də zəngin təbiətə malik respublikalar üçün yaxşı heç nə vəd etmir!

Azərbaycan bu gün dünya birliyində özünəməxsus yer tutur. Müstəqilliyimizin cəmi 25 yaşı var. Lakin müstəqillik dövrünün hamısı dövlət quruculuğunun möhkəmləndirilməsi, iqtisadiyyatın gücləndirilməsi məsələlərinə sərf olunmayıb. Müstəqilliyin ilk illərində ölkəmizdə xaos, anarxiya baş alıb gedirdi və hətta Azərbaycanın bir dövlət kimi mövcudluğu belə böyük təhlükə qarşısında qalmışdı. Yalnız ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra həm müstəqilliyimiz qorundu, həm  Azərbaycanda sabitlik yarandı, həm də müharibə bölgəsində atəşkəs təmin olundu. Həmin dövrdə ölkəmizdə siyasi,  iqtisadi böhranla yanaşı, hakimiyyət uğrunda müxtəlif qrupların çəkişməsi, hətta silahlı müxalifət də mövcud idi. Dövlətin böyük enerjisi, dövlət quruculuğunun böyük bir mərhələsi bu təhlükələrin aradan qaldırılmasına, ölkədə sabitliyin yaranmasına sərf olundu.

Ulu öndər Heydər Əliyevin yeni neft strategiyası sayəsində “Əsrin müqaviləsi” imzalandı. Bu, təkcə Azərbaycanın iqtisadi yüksəlişi deyil, eyni zamanda dünyanın aparıcı dövlətlərinin maraqlarının Azərbaycana yönəlməsi idi. Həmçinin bu, ölkəmizin təhlükəsizliyi baxımından çox vacib bir bağlaşma idi. Neft amili Azərbaycan iqtisadiyyatı üçün lokomotiv rolunu oynadı və iqtisadiyyat inkişaf etdi. Azərbaycan gərgin durumdan çıxaraq dünyanın bərabərhüquqlu üzvünə çevrildi. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyevin yürütdüyü tarazlaşdırılmış, balanslı siyasət nəticəsində isə bu gün Azərbaycan dünyada söz sahibinə çevrilib. BMT Təhlükəsizlik Şurasının üzvü kimi onun iclaslarına rəhbərlik etmiş bir dövlətdir. Ölkəmiz iqtisadi cəhətdən güclənərək Cənubi Qafqazın modern dövləti, Avropanın enerji təchizatında çox önəmli etibarlı tərəfdaşdır və Xəzərin karbohidrogen ehtiyatları ilə Avropanı təmin edir. Eyni zamanda, mədəniyyət, idman sahəsində də böyük uğurlara imza atır.  Azərbaycan dünyada həm də tolerantlıq nümunəsidir.  

Bu gün Azərbaycanı dünyaya tanıdan, inkişaf etdirən cənab İlham Əliyev çox uzaqgörən, təcrübəli, müasir düşüncəli dövlət başçılarından biridir. Prezidentimiz Azərbaycanı daha da inkişaf etdirmək, ölkəmizi təhdidlərdən və təhlükələrdən qorumaq üçün nə etmək lazım olduğunu daha yaxşı bilən müdrik liderdir. Son dövrlərdə baş verən hadisələrə nəzər salsaq görərik ki, bir tərəfdən “rəngli inqilab”lar, “ərəb baharı”, eyni zamanda neftin qiymətinin siyasi amillər baxımından endirilməsi, Azərbaycanın qonşularında, eləcə də Gürcüstanda, Ukraynada baş verən proseslər daim ayıq-sayıq olmağı tələb edir. Digər tərəfdən Rusiya ilə Türkiyə arasında soyuq münasibətin yaranması və Azərbaycanın da iştirakı ilə əlaqələrin yenidən bərpa olunması, birgə fəaliyyətə keçid artıq regionda geoiqtisadi və geosiyasi proseslərin daha da dərinləşdiyini göstərir. Eyni zamanda, bu gün Azərbaycan transmilli layihələr həyata keçirir. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizi yaradır. Azərbaycan qlobal əməkdaşlığa yeni format təklif edir, dünyaya öz töhfələrini verir və regionda əsas logistika mərkəzinə çevrilir. Həmçinin  Azərbaycan-Rusiya-İran münasibətlərində yeni mərhələ başlayır. Bunun təşəbbüskarı da, bu əlaqələri möhkəmləndirən də, məhz Azərbaycan Prezidentidir! 

Bütün bunların hamısı göstərir ki, Prezident İlham Əliyev bir tərəfdən Azərbaycanı dünyaya tanıdırsa, digər tərəfdən ölkəmizi təhdidlərdən, bəlalardan qoruyur. Məhz sabahın etibarlı təminatı üçün qabaqlayıcı tədbirlərin də həyata keçirilməsi vacib şərtlərdən biridir. Bir məsələni də vurğulayım ki, rəsmi dövlət nəşri olan  “Azərbaycan” qəzeti həm də Milli Məclisin orqanıdır və parlamentin iclaslarında gündəliyə daxil edilən məsələlərə nəzər saldıqda görürük ki, həmin sənədlərin bir qismi beynəlxalq konvensiyaların imzalanması, böyük bir hissəsi qanunlara əlavə və dəyişikliklər olur. Bu, o deməkdir ki, müstəqil Azərbaycanın hərtərəfli inkişafının təmin edilməsi üçün möhkəm qanunvericilik bazası mövcuddur və bu gün ölkəmiz o qədər sürətlə inkişaf edir ki, artıq 10 il öncə qəbul olunmuş qanunların dövrün tələbi ilə yenilənməsinə ehtiyac yaranır. Milli Məclis də bu əlavə və dəyişiklikləri uğurla həyata keçirir. Azərbaycanın inkişafının təminatçısı da məhz bu yeniləşmə prosesləridir.

Belə bir məqamda bütün bu proseslərin mərkəzində duran, onları düzgün idarə etməyi bacaran dövlət başçısı hesab edir ki, artıq tək qanunlarda dəyişikliklər etməklə kifayətlənmək olmur, Əsas Qanunumuzda da müəyyən dəyişikliklərin edilməsi labüddür. Çünki bu, zamanın, dünyada baş verən proseslərin tələbidir. Biz onlara adekvat cavab verib, bəzi məsələləri qabaqlamaq üçün hökmən addımlar atmalıyıq. Bu da qanun çərçivəsində olmalıdır. Qanunlarımızda dəyişiklik edirik, ancaq həmin qanunlara müəyyən həddə qədər dəyişiklik etmək mümkündür. Bu səbəbdən də Əsas Qanunda da dəyişikliyin edilməsi zərurəti yaranır.

Hesab edirəm ki, sentyabrın 26-da keçiriləcək referendum əvvəlki referendumlar kimi həyatın zəruri tələblərindən irəli gəlir. Bu dəyişikliklər Azərbaycanın inkişafına, insan hüquq və azadlıqlarının daha etibarlı təminatına, demokratik proseslərin dərinləşməsinə, dövlətimizin siyasi nüfuzunun artmasına xidmət edəcək dəyişikliklərdir. Ona görə də əminəm ki, Azərbaycan xalqı bu dəyişikliklərə  dəstək verəcəkdir.

- Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin qəbul olunması dövlət quruculuğunda hansı proseslərlə əlamətdar olacaq?

- Prezident İlham Əliyev 26 iyul 2016-cı ildə “Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən referendum sentyabrın 26-da keçiriləcək. Onu da deyim ki, iyulun 18-də Referendum Aktı layihəsinə Konstitusiya Məhkəməsində baxılaraq ona müsbət rəy verilmişdir. Əsas Qanunun 29 maddəsində dəyişiklik nəzərdə tutulur. Konstitusiyanın 23 maddəsinə dəyişiklik və 6 yeni maddənin əlavə edilməsi təklif edilir. Nəzərdə tutulan 23 dəyişikliyin 16-sı, yəni 3/4-ü insan hüquq və azadlıqlarının qorunması ilə bağlıdır. Azərbaycan Konstitusiyası dünyada ən mütərəqqi, insan hüquq və azadlıqlarına hörmət edən və onu təmin edən konstitusiyalardan biridir. Dünyanın heç bir konstitusiyasında 47-yə yaxın maddənin insan hüquq və vətəndaş azadlıqlarının təminatına həsr olunmayıb. Azərbaycanda hüquq və azadlıqlar sferasının genişlənməsi və qorunması mexanizminin təkmilləşdirilməsi daxili siyasətin prioritetlərindən biridir. Ona görə də bu məsələ Referendum Aktı layihəsində diqqəti cəlb edən ən mühüm məsələlərdən biridir.

Nəzərdə tutulan dəyişiklikləri 4 qrupda ümumiləşdirmək olar. Bunlar insan hüquq və azadlıqlarının qorunması mexanizminin, siyasi idarəçilik təsisatlarının fəaliyyətinin, habelə dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin imzalanması rejiminin təkmilləşdirilməsi, eləcə də insan hüquq və azadlıqlarının qorunmasında bələdiyyələrin məsuliyyətinin artırılmasıdır.

Təklif olunan dəyişikliklərdən biri Konstitusiyanın 9-cu maddəsinin I hissəsidir.  Mövcud maddədə göstərilir ki Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Amma indi yeni təklif olunan 9-cu maddənin birinci hissəsində bu söz birləşməsi ayrılır. Yəni burada artıq iki cümlə yaranır. Qeyd olunur ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradır. Onun ardınca isə Silahlı Qüvvələrin Azərbaycan Ordusundan və başqa silahlı qüvvələrdən ibarət olması qeyd olunur. Yəni Azərbaycanın Silahlı Qüvvələri dedikdə həm də başqa silahlı birləşmələr də nəzərdə tutulacaq.

Hazırda müharibə şəraitində yaşayırıq və hər an müharibənin bərpası təhlükəsi var. Azərbaycan öz ordusunu daim gücləndirir, müasir hərbi texnika, silah-sursatlar alınır. Hərbi qulluqçuların peşə vərdişləri yüksəldilir. Ordumuzun bütün şəxsi heyəti mənəvi cəhətdən mətinləşdirilir. Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan bir qarış torpağını belə heç kimə güzəştə getməyəcək, ölkəmizin ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək! Bu ilin aprel ayında cəbhədə baş verən erməni təxribatı və bu təxribatın qarşısının alınmasında öz gücünü göstərən Azərbaycan Ordusu dövlət başçısının söylədiyi fikirləri bir daha sübut etdi. Hər kəs Azərbaycan Ordusunun qüdrətini gördü. Hər an istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan ordumuz var.

Ancaq bu da sirr deyil ki, bəzən bir sıra radikal qruplar gizlində silahlanır, fərdi maraqları naminə ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Azərbaycan dövləti məhz bu cür halların qarşısını almaq üçün daim mübarizə aparır və qanunlarda müəyyən dəyişikliklər edir. Əsas Qanuna təklif olunan dəyişiklikdə də bu məsələlər yer alır və bir daha təsdiq edir ki, Azərbaycanda mövcud olan bütün silahlı birləşmələr Ali Baş Komandana tabedir, özbaşına hər hansı bir silahlı birləşmə yaratmaq qeyri-qanunidir və qanunun gücü ilə onun qarşısı dərhal alınacaqdır. Hesab edirəm ki, bu dəyişiklik də müasir dövrün tələbindən irəli gəlir.

Təklif olunan yeni bir maddədə göstərilir ki, “insan ləyaqəti qorunur və ona hörmət edilir”. Əvvəlki referendumda da şəxsi həyatın mühafizəsi ilə bağlı Konstitusiyaya dəyişikliklər edilib. Dəyişiklikdə qeyd edilirdi ki, Azərbaycan vətəndaşının digər demokratik hüquqları ilə yanaşı, onun şəxsi həyatının toxunulmazlığı da qanunla müdafiə olunur. Bizim üçün önəmli məqamdır ki, bundan öncə keçirilən 2 referendumun hər birində insan ləyaqətinin, şəxsiyyətinin qorunmasına xüsusi diqqət yetirilib. Düşünürəm ki, bu bütün Azərbaycan vətəndaşlarının mənafeyinə xidmət edir.

Bu gün dövlət demokratik prinsiplərin bərqərar olunmasına şərait yaradır, eyni zamanda öz vətəndaşının ləyaqət hüququnu da yüksək tutur. Bəzən həm çap mətbuatında, həm də internet mediasında özlərinin fərdi maraqları naminə insanların şərəf və ləyaqəti təhqir edilir, onlara şər-böhtan atılır. Dövlət mətbuat və söz azadlığını qoruyur və sözün həqiqi mənasında ölkəmizdə azad söz, azad fikir mövcuddur. Amma dövlət təkcə mətbuat-söz azadlığının yox, həm də vətəndaşının şərəf və ləyaqətinin qorunmasının təminatçısıdır. Bu mənada bir jurnalist kimi belə bir maddənin Konstitusiyamıza əlavə olunmasını, nəzərdə tutulan dəyişikliklər sırasına daxil edilməsini alqışlayıram.     

- Qeyd etdiniz ki, nəzərdə tutulan dəyişikliklərin bir qrupu siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi məsələsidir. Bu proses nəticə etibarı ilə hansı dəyişikliklərə rəvac verəcək?

- Öncə onu deyim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev çox gərgin, çox sıx qrafiklə işləyir. Təkcə bu ilin son 7 ayını götürsək, görərik ki, dövlət başçısı 7 beynəlxalq toplantıda iştirak edib, 10 ölkəyə 13 dəfə səfər edərək 59 görüş keçirib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə qatılıb və Azərbaycana gələn qonaqlarla rəsmi qəbullar keçirib. Eyni zamanda, regionlara səfərlər edib, yeni obyektlərin açılış mərasimlərinə qatılıb. Bu tədbirlərə hazırlaşmaq, çıxış etmək, müqavilələr bağlamaq həqiqətən çox vaxt aparan ağır bir prosedurdur. Cənab İlham Əliyev bu işlərin hamısını Azərbaycanın uğurları, parlaq gələcəyi naminə həyata keçirir! Hesab edirəm ki, bu gərgin iş qrafiki bir insanın çiynində olmalı deyil! Dövlətlərarası elə müqavilələr olur ki, həmin sənədlərin yalnız cənab Prezident tərəfindən imzalaması vacib şərt hesab olunmur. Həmin sənədlərin imzalanması üçün dövlət başçısı bir neçə günlük səfərə getməli, işdən ayrılmalı olur və yaxud digər vacib işləri təxirə salıb həmin müqavilələrin imzalanması mərasiminə qatılır. Ona görə də hesab edirəm ki, yeni vitse-prezidentlik institutunun təsis olunması vacib şərtlərdən biridir. Dövlətlərarası və hökumətlərarası yeni müqavilələrinin bağlanması kimi səlahiyyətlər vitse-prezidentlərə və digər rəsmilərə həvalə edilə bilər. Bu da ümumi işin xeyrinə olan bir məsələdir.

İndiyə qədər Azərbaycan Respublikası Prezidenti səlahiyyətlərini icra edə bilmədikdə onun səlahiyyətlərinin icrası baş nazirə keçirdi. Baş nazir 3 ay müddətinə yeni seçkiləri təyin edirdi. Baş nazir bu səlahiyyətləri icra edə bilmədikdə isə Milli Məclisin Sədri bu vəzifəni yerinə yetirirdi. Milli Məclis Sədri isə yerinə yetirə bilmədikdə bu səlahiyyət parlament tərəfindən müəyyən edilmiş şəxsə həvalə olunurdu. Yeni layihəyə əsasən artıq prezident səlahiyyətlərini icra edə bilmədikdə onun səlahiyyətlərini birinci vitse-prezident həyata keçirir və ardı ilə proses davam edir. Artıq birinci vitse-prezident 3 ay müddətində deyil, 60 gün ərzində yeni seçkilərin keçirilməsini təyin edir.

Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Hesab edirəm ki, dünya təcrübəsində olan bu demokratik ənənənin bizim Konstitusiyamızda da əks olunması müsbət haldır. Düşünürəm ki, bütün bunlar çevik və səmərəli siyasət aparmağa, ölkənin siyasi nüfuzunu və iqtisadi-hərbi qüdrətini daim artırmağa, iqtisadi, siyasi səhnədə olduğu kimi, idarəetmədə də islahatlar keçirməyə imkan yaradacaqdır. Bu dəyişikliklər hazırlanan zaman dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmış, Azərbaycanın özünəməxsus inkişaf yolunun vacib prinsipləri qorunmuş, siyasi idarəçilik təsisatlarının təkmilləşdirilməsi diqqətdə saxlanılmışdır.

İnanıram ki, xalqımız buna da öz müsbət rəyini bildirəcək və yeni dəyişiklik Prezidentimizin Azərbaycanın maraqları naminə daha səmərəli, daha yüksək səviyyədə fəaliyyət göstərməsinə imkan yaradacaq.

- “Yeni Azərbaycan” Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi kimi YAP-ın referendum öncəsi təbliğat fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanın qarşısında duran ən mühüm vəzifələr dayanıqlı inkişafı qoruyub saxlamaq, xalqın rifahını durmadan yüksəltmək, ərazi bütövlüyünü bərpa etmək, dövrün mühüm çağırışlarına hazır olmaq və vaxtında cavab verməkdir.

Referendumun hazırlanması və keçirilməsi müəyyən müddət, zəhmət və prosedur qaydalarına əməl edilməsini tələb edən prosesdir. Yeni Azərbaycan Partiyası bu sahədə zəngin təcrübəyə malikdir. Müstəqillik dövründə 6 prezident, 5 parlament, 4 bələdiyyə seçkisi keçirilib. 1995-ci ildə Əsas Qanunun qəbul edilməsindən sonra isə budəfəki referendum da daxil olmaqla 3-cü ümumxalq səsverməsi keçiriləcək. Bu proseslərdə YAP həm zəngin təcrübə toplayıb, həm də sınaqlardan çıxmış çox təkmil, beynəlxalq təşkilatlar tərəfindən müsbət rəy almış Seçki Məcəlləmiz var. Buna uyğun olaraq addımlar atılır.

Partiyamız öz sıralarında 700 minə qədər insanı birləşdirir və referendumla bağlı MSK tərəfindən təsdiq edilmiş “Yeni Azərbaycan” Təşviqat Qrupu yaradılıb. Təşviqat qrupunda səlahiyyətli nümayəndələr, vəkillər var. Mən də bu qrupda səlahiyyətli nümayəndə kimi təmsil olunuram və göstərilən etimada görə partiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Artıq bununla bağlı kifayət qədər işlər həyata keçirilib və partiyamızın ciddi iş qrafiki var. Biz yerlərdə olub insanlarla görüşlər keçiririk. Hər birimiz bu görüşlərə çox böyük məsuliyyətlə, diqqətlə yanaşırıq. Məqsədimiz odur ki, bu dəyişikliklər səsvermə hüququ olan hər bir Azərbaycan vətəndaşına tam dolğunluğu ilə çatdırılsın. Hər bir ölkə vətəndaşı bilsin ki, referendum yolu ilə Əsas Qanunumuza olacaq bu dəyişikliklər mahiyyət etibarilə dövlətçiliyimizin möhkəmləndirilməsinə, ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsinə, siyasi nüfuzunun yüksəlməsinə, Ordumuzun daha da güclənməsinə, dövlətimizin qarşısında duran çox mühüm problemlərin həllinə yönəlik bir dəstəkdir. Konstitusiyaya nəzərdə tutulan bu dəyişikliklər digər qanunlarımızda da müvafiq əlavə və dəyişikliklərin edilməsini zərurətə çevirəcək. Bu, hüququ dövlət olaraq fəaliyyətimizin təkmilləşməsinə, Azərbaycanda demokratiyanın inkişafına xidmət edən amillərdir. Əminəm ki, keçirəcəyimiz görüşlərdə insanları maraqlandıran bütün məqamlara aydınlıq gətirəcəyik və izah edəcəyik ki, səsvermə günü məntəqələrə gələrək Əsas Qanunda ediləcək zəruri dəyişikliklərə müsbət münasibət bildirsinlər.

Son olaraq onu deyim ki, dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev Azərbaycan xalqının etimad göstərdiyi rəhbər və dünyada tanınmış bir siyasi xadimdir. Vətəndaşlarımızın rifahının yüksəlməsinə, dünya siyasi arenasında layiqli yerini tutmasına öz töhfəsini vermiş cənab İlham Əliyev müstəqil Azərbaycanın daha da güclənməsi üçün bütün imkanlardan istifadə edir. Azərbaycan xalqı öz rəhbərinə birmənalı inanır və bu referendum da dövlət başçısının təşəbbüsü ilə keçirilir. Əgər cənab İlham Əliyev hansısa məsələni gündəmə gətiribsə, demək, bu, yalnız xalqın mənafeyinə xidmət edir! İnanıram ki, bütün bu məsələlərdə daim dövlət başçısına dəstək olan xalqımız bu dəfə də dünyanın ən nüfuzlu liderlərindən olan cənab İlham Əliyevin təşəbbüsünə müsbət münasibət bildirəcəkdir! Referendum uğurla keçəcək və hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirəcəkdir! Beləliklə, ölkə ictimaiyyəti növbəti dövrdə Azərbaycanın bütün təhlükələrdən qorunması, inkişafı, qarşıya qoyulan vəzifələrin uğurla icrası üçün öz töhfəsini vermiş olacaqdır!