MÜSAHİBƏLƏR
Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması dünyada unikal bir hadisədir
- Sahibə xanım, bildiyimiz kimi, 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan olunub. Artıq bu ilin 7 ayı geridə qalıb və ölkəmiz ötən dövrdə çox mühüm tədbirlərə ev sahibliyi edib. Ümumiyyətlə, siz Azərbaycanın multikulturalizm modelini necə qiymətləndirirsiniz və dünyada baş verən hadisələr fonunda ölkəmizdəki tolerantlıq mühiti haqda nə deyə bilərsiniz?
- Əlbəttə, 2016-cı ilin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən Azərbaycanda "Multikulturalizm ili" elan olunması dünyada unikal bir hadisə olmaqla, ölkəmizin dünyada sülh və təhlükəsizliyin, mədəniyyətlər və dinlər arasında barışın təmin olunmasına, çoxmədəniyyətliliyin qorunması və tolerantlığın möhkəmlənməsinə nə qədər əhəmiyyət verdiyini, bu istiqamətdə üzərinə götürdüyü məsuliyyətli missiyanın yerinə yetirilməsinə sadiqliyini göstərir. Azərbaycanın tarixən tolerantlığın hökm sürdüyü, müxtəlif dinlərin və millətlərin birgə yaşadığı, sülh və qardaşlıq şəraitində xalqımızın ümumi mənafeyi naminə birgə çalışdığı bir ölkə olaraq hazırda bütün dünya ictimaiyyətini narahat edən diskrminasiya hallarının, milli, dini ayrı-seçkiliyin aradan qaldırılmasında oynadığı rol və həyata keçirdiyi işlər kifayət qədər böyükdür. Bunu qətiyyən bir azərbaycanlı təəssübkeşliyi ilə söylənmiş fikir olaraq qəbul etməyin. Azərbaycana gələn, ölkəmizlə, xalqımızın milli–mənəvi keyfiyyətləri ilə, Azərbaycanda yaşayan millətlərin, icmaların nümayəndələrinin fikirləri ilə tanış olan istənilən şəxs bu reallığı görür, Azərbaycanın zəngin tolerantlıq və multikulturalizm ənənələrinin dünya üçün örnək olması gerçəkliyini ifadə edir. Biz yaxın və uzaq coğrafiyalarda baş verən hadisələri görürük, çox da uzaq olmayan tarixin acı dərsləri yaddaşlardan silinməyib. Ona görə də, sizin sualınıza cavab olaraq qeyd etmək istəyirəm ki, sabitlik olmayan yerdə, insanlar arasında sülh və xoşgörünün olmadığı yerdə inkişafdan danışmaq mümkün deyil. Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq bəyan edib ki, çoxmillətlilik, çoxmədəniyyətlilik, çoxkonfessiyalılıq bizim sərvətimizdir. Çünki məhz bu dəyərlər, bu üstün keyfiyyətlər, çox qədim və möhkəm əsaslara söykənən multikulturalizm mühiti, ölkəmizdəki sülh və sabitlik Azərbaycanın bütün istiqamətlərdə inkişafının əsasında dayanır.
- Təkcə bu il ərzində ölkəmizdə keçirilən beynəlxalq tədbirlər özü də bu məsələdə ölkəmizin rolunun nə qədər əhəmiyyətli olduğunu göstərir...
- Bəli, Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər də bu məsələlərdə ölkəmizin nə qədər qərarlı olduğunun sübutudur. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilir. Bir müddət öncə Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirildi. Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır. Azərbaycan həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, Azərbaycan ötən il ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etdi, gələn il isə İslam Həmrəyliyi Oyunlarını təşkil edəcək. Bax, budur Azərbaycan multikulturalizminin üstünlükləri. Hesab edirəm ki, bu faktların özü belə Azərbaycanın multikulturalizm modelinin dünya üçün nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləyir. Bu gün dünyada baş verən hadisələr, müharibələr, hər gün daha da genişlənməkdə olan və hazırda bütün dünya xalqlarını və ölkələrini təhdid edən terror dalğası, miqrant və qaçqın problemi fonunda Azərbaycanın multikulturalizm modelinin nə qədər əhəmiyyətli olduğunu bir daha dərk etmiş oluruq.
- Sahibə xanım, miqrant problemindən söz düşmüşkən, siz həm də AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədrisiniz. Son dövrlərdə isə miqrant böhranı Avropa üçün çox ciddi problemlərə gətirib çıxarıb. Qərbin bu böhrandan çıxış üçün gördüyü tədbirləri yetərli hesab etmək olarmı və ümumiyyətlə, bu problemin həllini nədə görürsünüz?
- Əlbəttə, bu gün Avropanın üzləşdiyi ciddi böhranlardan biri məhz qeyd etdiyiniz kimi, miqrat axını ilə bağlıdır. Bir sıra siyasətçilər, xüsusilə, Qərb siyasətçiləri miqrant axınını "qoca qitə"də yüksək həyat şərtləri, miqrantların öz ölkəsində mövcud olan iqtisadi və siyasi çətinliklərlə əlaqələndirməyə çalışsalar da, problemin getdikcə daha geniş vüsət almasının səbəbləri başqadır və bu gün əksəriyyət bu humanitar böhranın yaranmasının dəqiq səbəblərini çox gözəl anlayır. Postsovet məkanı, Şimali Afrika və Yaxın Şərq ölkələrində uzun müddət mövcud olmuş sabit siyasi sistemlər "ərəb baharı", "zanbaq inqilabı" kimi adlarla kamuflyaj olunmuş zorakı üsullarla devrilib, yerli iqtisadiyyat dağıdılıb, dövlətlərin ərazi bütövlüyü pozulub. Yaxın və Orta Şərqi xaosa sürükləyən "Ərəb baharı", vətəndaş müharibələrinin yaratdığı dözülməz və təhlükəli mühit, o cümlədən Suriyada davam edən döyüşlər, "İŞİD" terror qruplaşmasının vəhşilikləri insanları öz ölkələrini, doğma vətənlərini tərk etmək məcburiyyətində qoyur, bundan başqa çıxış yolu qalmır. Ona görə də, biz əgər bu gün miqrant böhranından, Avropada qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin həllindən danışırıqsa, o zaman, ilk növbədə, hazırkı mürəkkəb vəziyyəti yaradan səbəbləri düzgün təhlil etmək lazımdır. Yəni nəticəni deyil, səbəbi aradan qaldırmaq lazımdır. Açığı, hazırkı geosiyasi şəraiti, dünya nizamında özünü göstərən ciddi çatışmazlıqları nəzərə alsaq, bunun elə də asan iş olmadığını görərik. Problem ondadır ki, ədalət anlayışının, dünya nizamının pozulması indiki mürəkkəb vəziyyətə gətirib çıxarıb və təəssüf ki, hazırkı situasiya bəzi mərkəzlərə sərf etdiyindən onlar vəziyyətin düzəlməsində elə də maraqlı deyillər. Amma mənzərə nə qədər qaranlıq olsa da, Avropanın özündə də mütərəqqi siyasətçilər, öz xalqlarının gələcəyini düşünən sağlam düşüncəli siyasətçilər problemin aradan qaldırılması üçün səy göstərir, çalışırlar. Bununla bağlı müxtəlif tədbirlər görülür, ciddi maliyyə vəsaitləri ayrılır, yardımlar edilir. AŞPA-nın özündə də bu məsələ ilə bağlı müzakirələr aparılıb, müxtəlif təşəbbüslər irəli sürülüb. AŞPA təmsilçiləri müxtəlif ölkələrdəki qaçqın və məcburi köçkün düşərgələrinə baş çəkir, oradakı sakinlərlə görüşür, onların problemləri ilə maraqlanır, hökumət təmsilçiləri ilə bu insanların problemlərinin həlli haqqında fikir mübadiləsi aparır, müəyyən təkliflər, tövsiyələr verilir. Yeri gəlmişkən, mən AŞPA nümayəndə heyətinin tərkibində комитя сядри кими bu ilin iyun ayında Yunanıstandakı qaçqın düşərgəsində olmuşam. Orada da miqrantların şəraiti digərlərindən elə də ciddi fərqlənmir. Oradakı insanların yeganə gözləntiləri sülh və sabitlik içərisində yaşaya biləcəkləri bir şəraitin yaradılmasıdır.
Qeyd etməliyəm ki, qaçqınların, məcburi köçkünlərin problemlərinin həllində Azərbaycanın gördüyü tədbirlər, qəbul etdiyi qərarlar kifayət qədər yüksək qiymətləndirilir. Sirr deyil ki, Ermənistan dövlətinin işğalı nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Atəşkəsin imzalanmasından 22 ildən artıq vaxt keçir və hələ də işğal faktı aradan qalxmayıb. Bu isə o deməkdir ki, bu bir milyondan artıq insan hələ də öz doğma yurd-yuvalarından didərgindirlər. Buna baxmayaraq, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox böyük işlər görüb və dövlət büdcəsindən bu məsələlərin həlli ilə bağlı böyük vəsaitlər ayrılıb. Bu gün də bu istiqamətdə işlər davam etdirilir, qaçqın və məcburi köçkünlər üçün böyük güzəştlər tətbiq olunur, onlar dövlət hesabına mənzillərlə təmin olunur, yardımlar edilir və s.
- Yeri gəlmişkən, AŞPA-nın qadınlara qarşı zorakılıqla mübarizə üzrə Baş məruzəçisi və "Zorakılıqdan azad qadın" parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi, həmçinin, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini kimi ölkəmizdə həyata keçirilən gender siyasətini necə qiymətləndirirsiniz?
- Tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan uğurlu gender siyasəti həyata keçirən, kişi və qadınlar arasında real bərabər imkanların təmin olunması istiqamətində ardıcıl siyasət yürüdən və konkret nəticələrə nail olan dövlətlərdəndir. Burada hökumət tərəfindən atılan addımlarla yanaşı, mili adət-ənənələr, Azərbaycan qadınının cəmiyyət həyatındakı fəal rolu, dəyərlərin yaşadılması kimi müsbət keyfiyyətlər mühüm rol oynayır. Azərbaycan qadını özünə olan etimadı doğruldur, eyni zamanda, dövlət də qadınların potensialından düzgün faydalanılmasını prioritet kimi qəbul edir. Bu məsələlərlə əlaqədar xüsusi Dövlət Proqramı qəbul olunub, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsi fəaliyyət göstərir, zəngin qanunvericilik bazası mövcuddur, Azərbaycan bu istiqamətdə beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir, beynəlxalq konvensiyalara qoşulub. Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək, hər cür ayrı-seçkiliyin qarşısını almağa imkan verir, bu istiqamətdə atılan addımlar qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib.
Bəli, bu gün bütün beynəlxalq sənədlərdə, insan haqları haqqında hüquqi aktlarda gender bərabərliyi əsas prioritetlərdən biri kimi qəbul olunsa da, hətta bəzi inkişaf etmiş ölkələrdə də biz bu bərabərliyin pozulduğunu, hüquqi normativ aktlarda olan bu imkanların reallıqda əksini tapmadığını görürük. Bu da nəticə etibarilə qadınların hüquqlarının məhdudlaşdırılmasında, zorakılığa məruz qalmasında, qadınların insan alverinin qubanına çevrilməsində, hətta ən ali yaşamaq hüququndan belə məhrum olunmasında özünü göstərir. Ona görə də bir çox beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası bu problemlərin həllinin daim gündəmdə saxlanılması, milli hökumətlərlə məsləhətləşmələr şəraitində əməli addımların atılması istiqamətində davamlı iş aparır. Mən qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə Baş məruzəçisi və "Zorakılıqdan azad qadın" parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi kimi AŞPA-nın bununla bağlı həyata keçirdiyi tədbirlərdə birbaşa iştirak edirəm və bu məsələnin qurumun fəaliyyətində çox əhəmiyyətli bir yer tutduğunu deyə bilərəm. Ümid edirəm ki, qadınlara vəd edilən hüquqi bərabərlik real həyatda da öz əksini istisnasız tapacaq.