YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Uğurlu siyasət Azərbaycanın inkişafının əsasını təşkil edir

Müsahibimiz Milli Məclisin deputatı Tahir Rzayev

- Tahir müəllim, hazırda ölkəmizdə islahatların yeni mərhələsi həyata keçirilir. Sizcə, bu islahatlar perspektiv üçün nə vəd edir?

- Son bir neçə ildir ki, dünya özünün ən çətin və ağır günlərini yaşayır. Bir çox ölkələrdə qarşıdurmalar, müharibələr, terror aktları, iqtisadi-siyasi böhranlar insanları sınağa çəkir. Bu da itkilərə, çətinliklərə, sərhədlərin pozulmasına yol açır. Xüsusilə, dünya iqtsadi böhranı təbii şəraitindən, tutduğu mövqedən, böyük və kiçikliyindən asılı olmayaraq hər bir dövlətə müəyyən dərəcədə təsir göstərir. Ancaq reallıqların düzgün qiymətləndirilməsi, ölçülüb-biçilən iqtisadi siyasət, ölkələrarası əməkdaşlığın genişləndirilməsi, görülən ardıcıl tədbirlər və həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda bu böhranın təsirlərini azaltmaq mümkün olub. Qlobal səviyyədə cərəyan edən mürəkkəb siyasi, iqtisadi, proseslərin mənfi təsirlərinə bir çox ölkələr tab gətirə bilmədiyi halda sevindirici haldır ki, ölkəmizdə böhranın təsirləri ciddi çətinliklər yaratmayıb, ölkə iqtisadiyyatı dayanıqlı inkişaf tempini qoruyub saxlayıb. Beləliklə, uğurlu siyasət Azərbaycanın inkişafının əsasını təşkil edir.

- Azərbaycanda qeyri-neft sektorunun inkişafı xüsusi diqqət mərkəzindədir. Bu istiqmətdə həyata keçirilən tədbirlərin əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş sosial-iqtisadi inkişaf strategiyası, ilk növbədə qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlər yeni müəssisələrin yaradılması və işə salınması, reallıaşdırılan islahatlar, iri şəhərlərlə yanaşı regionlarda da genişmiqyaslı infrastrukturun yaradılması, iqtisadiyyatın şaxələndirilməsi, yerli istehsalın təşviqi, sahibkarlara, iş adamlarına göstərilən diqqət və qayğı Azərbaycan iqtisadiyyatının dayanıqlığını möhkəmləndirməklə yanaşı həm də iqtisadi fəallığın yüksəldiliməsinə, insanların kənd və qəsəbələrdə qalıb işləməsinə imkan verib.

2015-ci ildə dünyada  siyasi, iqtisadi, maliyyə, hərbi və humanitar böhranın dərinləşməsi ilə yanaşı neftin qiymətinin 4 dəfəyə qədər aşağı düşməsi nəticəsində dövlət gəlirləri kəskin azalsa da, ancaq makroiqtisadi sabitlik qorunub saxlanıldı. İnfilyasiya normallaşdırıldı və iqtisadi inkişaf davam etdirildi. Bu gün qeyri-neft sektorunun ümumidaxili məhsulda payı 70 faizə çatıb. Sənaye istehsalı 2,4 faiz artıb, ölkəyə 20 milyard dollara yaxın sərmayə qoyulub. Pensiyaçıların təqaüdü, sosial müavinətlər, dövlət qulluqçularının əməkhaqları artıb ki, bu da yaxşı nəticələrdir.

- Tahir müəllim, son illər Azərbaycanın bölgələri dinamik inkişaf etməkdədir. Bu inkişaf prosesində həyata keçirilən dövlət proqramlarının əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, dünya təsərrüfat sisteminə inteqrasiyasına nail olmaqla ölkənin dinamik sosial-iqtisaldi inkişafının davamlılığını təmin etmək, sahibkarlığa, biznes mühitinin yaxşılaşmasına diqqəti artırmaq, qeyri-neft sektorunun dəstəklənməsi üçün regionlara sərmayə qoyulmasını stimullaşdırmaq dövlət başçısının qarşıya qoyduğu əsas vəzifələrdəndir və bu vəzifələrin həyata keçirilməsi üçün təsirli tədbirlər görülür.

Bu ilin əvvələrindən başlayaraq Azərbaycan Prezidentinin imzaladığı bir neçə fərman və sərəncamlarla təsdiq olunan vergi və gömrük güzəştləri, lisenziyların sayının azaldılması, göstərilən müəyyən  xidmətlərin elektronlaşdırılması, aqrar sahədə olan bəzi problemlərin aradan qaldırılması və bu sahəyə diqqətin artırılması üçün görülən əməli tədbirlər ölkədə və bilavasitə regionlarda iş və həyat şəraitinin yaxşılaşmasına yönəlib. «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın ikinci ilinin yekunlarına həsr olunmuş konfransda cənab Prezident İlham Əliyev kənd təsərrüfatı sahəsində prioritet istiqamətləri qeyd edərək insanların ərzaq məhsullarına olan tələbatın ödənilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması üçün aqrar sektorun duramdan inkişaf etdirilməsinin zəruriliyini nəzərə çatdırıb. Çünki Azərbaycanda qeyri-neft sektoru sənayesi, xüsusilə kənd təsərrüfatı iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindəndir. Keçən il bu sahədə 8,4 faiz artım müşahidə edilsə də, potensial daha böyükdür. Aqrar sahənin inkişafı digər tərəfdən regionların sürətli tərəqqisi, külli sayda yeni iş yerlərinin açılması, insanların kəndə bağlanması, ərzaq bolluğunun yaradılması, maddi rifah halının yaxşılaşdırılması baxımından çox vacibdir.

Pambıqçılığın, baramaçılığın, üzümçülüyün, tütünçülüyün, heyvandarlığın müasir dövrün tələblərinə və yeni texnoloji proseslərə uyğun inkişaf etdirilməsi və istiqamətləndirilməsi regionların sosial-iqtisadi yüksəlişinə imkan yaratmaqla bərabər həm də mənəvi sosial təkamüldür, sağlam ailə və mənalı həyat deməkdir.

- Bəs millət vəkili seçildiyiniz Ağcabədi rayonunun sosial-iqtisadi inkişafı haqqında nə deyə bilərsiniz?

- Təmsil olunduğum Ağcabədi rayonunda son illər görülən işlər regionların sosial-iqtisadi inkişafının qyimətləndirilməsi baxımından bir nümunə ola bilər. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün rayon öz görkəmini tamamilə dəyişib, Ağcabədi şəhəri isə müasir abad şəhərə çevrilib. Dövlət başçısı son 8 ildə 4 dəfə Ağcabədiyə səfər etmişdir ki, bu səfərlərin hər biri rayonun inkişafı üçün böyük əhəmiyyətə malikdir. Bu dövr ərzində rayonda 40-a yaxın məktəb, sutkalıq istehsal gücü 250 ton olan «Atena» müəssisəsi, sutkalıq istehsal gücü  20 ton olan digər süd məhsulları zavodu, Şahmat məktəbi, Mərkəzi Xəstəxana, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi, Heydər Əliyev parkı, məcburi köçkünlər üçün 556 mənzilli 10 ədəd beşmərtəbəli bina, ət-soyuducu kombinatı, taxıl terminalı, yun emalı fabriki, bir neçə müasir uşaq baxçası, YAP rayon təşkilatının inzibati binası, yanğından mühafizə şöbəsi, kənd təsərrüfatı idarəsinin binası, onlarla ictimai iaşə-məişət obyektləri, Gənclər Mərkəzi tikilib istifadəyə verilib. Həmçinin, 100 kilometrə yaxın kənd yolları, küçələr asfaltlaşdırılıb, təmir edilib. Kəndlərin əksəriyyəti abadlaşdırılıb, yol və işıq problemləri demək olar ki, aradan qaldırılıb, su təminatının yaxşılaşdırılması üçün müəyyən tədbirlər göürülüb. Rayonda minlərlə yeni iş yerləri açılıb, sahibkarlara milyonlarla manat kredit verilib. Bu gün rayon rayonda quruculuq və abadlıq işləri, kənd təsərrüfatı işləri öz ahəngi ilə davam edir. Yeni Bayraq Muzeyi istifadəyə hazırdır, şəhidlər xiyabanı təmirdən çıxıb. Hindarx qəsəbəsi görkəmini tamamilə dəyişib, abadlaşıb.

Onu da deyim ki, gətirilən bu nümunələr rayonda görülən işlərin hamısı deyil  və bu faktlar bir rayonun timsalında regionların son dərəcə inkişaf etdiyinə, insanların həyat şəraitinin gündən günə yaxşılaşmasına sübutdur. Əlbəttə, ölkə Prezidenti İlham Əliyevin gərgin zəhməti, düşünülmüş siyasəti sayəsində bu nailiyyətlər bundan sonra da artacaq və Azərbaycan öz artan sosial-iqtisadi inkişafı, hərbi qüdrəti, mədəni-mənəvi dəyərləri ilə hər bir vətəndaşın qürur, şərəf və ləyaqət mənbəyinə çevriləcək.